Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 28-də Belarusa rəsmi səfərə gəlib. Minsk Milli Aeroportunda Azərbaycan Prezidentinin rəsmi qarşılanma mərasimi olub.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı hava limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Milli geyimli qızlar dövlətimizin başçısına duz-çörək və gül dəstəsi təqdim etdilər. Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşıladı. Azərbaycanın və Belarusun dövlət himnləri səsləndi. Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verdi. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçdi. Belarusun dövlət və hökumət nümayəndələri Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri Belarus Prezidenti Aleksandr Lukaşenkoya təqdim olundu.
Prezident İlham Əliyevin və Aleksandr Lukaşenkonun təkbətək görüşü olub
Avqustun 28-də Minskdəki "Zaslavl" iqamətgahında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun təkbətək görüşü olmuşdur. Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi və humanitar sahələrdə inkişafından məmnunluq ifadə olundu. Azərbaycan Prezidenti İlham Əliyevin Belarusa rəsmi səfərinin əməkdaşlığımızın daha da möhkəmləndirilməsi baxımından önəmi qeyd edildi. Əməkdaşlığımızın bundan sonra da genişlənməsinə əminlik bildirildi.
Azərbaycan və Belarus prezidentlərinin geniş tərkibdə görüşü
0Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olmuşdur.
Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Prezidenti İlham Əliyevi ölkəsində bir daha salamlayaraq, ötən görüşlərdən keçən müddətdə ikitərəfli münasibətlərin daha da genişlənərək, strateji əməkdaşlıq xarakteri aldığını bildirdi və bu məsələdə dövlətimizin başçısının xidmətlərini yüksək dəyərləndirdi:
-Biz layihələr, müqavilələr, əməkdaşlığın konkret istiqamətləri barədə razılığa gəlmişik. Biz buna dəqiq əməl edir və ən yüksək səviyyədə nəzarət edirik. Biz münasibətlərimizin, həm Minskdə, həm də Bakıda keçirdiyimiz yüksək səviyyədə görüşlərimizin dinamikasına ciddi riayət edirik. Biz İlham Heydər oğlu ilə razılığa gəlmişik ki, bundan sonra da müvafiq qaydada hərəkət edək və biz, cənab Prezident, Sizin gözəl ölkənizə səfər etmək dəvətinizi məmnuniyyətlə qəbul edirik. Biz gələn il nümayəndə heyətimizlə səfər edəcəyik. Bu gün yeni razılaşmalar olacaq və biz onları ciddi nəzarətdə saxlayacağıq.
Bu gün əməkdaşlığın demək olar ki, bütün sahələrdə inkişaf etdiyini deyən Belarus Prezidenti bunu ölkələrimiz arasında siyasi dialoq çərçivəsində fikir ayrılığının olmadığı ilə əsaslandırdı. Aleksandr Lukaşenko beynəlxalq təşkilatlar çərçivəsində konstruktiv əməkdaşlığı hər iki ölkənin siyasətinin ilk növbədə iqtisadiyyatın inkişafına və xalqın rifahının yaxşılaşdırılmasına istiqamətləndiyini vurğuladı. Belarus Prezidenti ticari-iqtisadi və xüsusilə də enerji sahəsində əməkdaşlığın arzulanan səviyyədə olduğunu qeyd etdi:
-Belarus xalqı onun enerji təhlükəsizliyinin təminatında dəstəyə görə Azərbaycana səmimi minnətdardır. Ötən ilin göstəricilərinə görə, Belarus və Azərbaycan xarici ticarət sahəsində diqqətəlayiq səviyyəyə çatıb və biz daha irəli getməliyik. Bu sahədə intensivliyi itirməmək vacibdir. İlk növbədə, mən adi ticarətdən nəhəng birgə layihələrin gerçəkləşməsinə, investisiya və elmi-texniki əməkdaşlığın inkişafına keçməyi nəzərdə tuturam.
Aleksandr Lukaşenko onu da dedi ki, bu gün Belarusda logistika, ticarət, ictimai iaşə sahələrində Azərbaycanın bir sıra investisiya layihələri uğurla həyata keçirilir. "Belarus Azərbaycan şirkətlərinə ən əlverişli şərait yaratmağa hazırdır", - deyən Lukaşenko energetika sahəsində əməkdaşlığı perspektiv istiqamət kimi dəyərləndirdi. Bildirdi ki, Belarus şirkətləri neftçıxarma sahəsində servis xidməti göstərmək, geofizika və qazma avadanlığı ilə təchiz etmək istiqamətində Azərbaycanla əməkdaşlığa hazırdır. Belarus Prezidenti qeyd etdi ki, ikitərəfli münasibətlərdə humanitar sahələr, o cümlədən təhsil, səhiyyə sahələri xüsusi əhəmiyyət kəsb edir.
Yüksək qonaqpərvərliyə və Belarusa səfərə dəvətə görə minnətdarlığını bildirən Azərbaycan Prezidenti İlham Əliyev bu səfərinin iki ölkə arasında əlaqələrin daha da genişlənməsinə xidmət edəcəyini vurğulayıb:
-Bir daha demək istəyirəm ki, münasibətlərimiz çox yüksək səviyyəli dinamikliyi, konkretliyi, aydınlığı ilə fərqlənir. Ən başlıcası odur ki, qəbul edilən qərarların həyata keçirilməsi mexanizmi yüksək keyfiyyətə çatdırılıb. Razılaşdırdığımız bütün məsələlərin nəticəsini konkret işlərdə görürük. Yeni və mövcud istehsal sahələri inkişaf etdirilir, yeni təşəbbüslər, ideyalar irəli sürülür və qarşılıqlı əməkdaşlıq sahələri tədricən genişlənir. Nümayəndə heyətimizin tərkibinə baxdıqda belə qənaətə gəlmək olar ki, əməkdaşlığımız çoxşaxəlidir. Bu gün demək olar ki, Azərbaycan hökuməti üzvlərinin üçdəbiri Belarusdadır. Bu, bizim ölkənizə olan marağın və həyata keçirmək istədiyimiz layihələrin göstəricisidir. Siz qeyd etdiyiniz kimi, biz beynəlxalq təşkilatlarda da sıx əməkdaşlıq edirik. Fürsətdən istifadə edərək, BMT Təhlükəsizlik Şurasında namizədliyimiz səsverməyə çıxarılarkən bizi dəstəklədiyinizə görə şəxsən Sizə və ölkənizə minnətdarlığımı bildirmək istəyirəm. Biz bu dəstəyə ümid edirdik və bu dəstəyi aldıq. Bu gün Azərbaycan BMT Təhlükəsizlik Şurasının fəal üzvüdür və bu təşkilatda ədalət və beynəlxalq hüquq idealları uğrunda çıxış edir.
Əməkdaşlığın əsas istiqamətinin ikitərəfli formatda olduğunu deyən Azərbaycan Prezidenti siyasi, iqtisadi, energetika sahələrində əlaqələrin yüksək səviyyəsini vurğuladı. Prezident İlham Əliyev qarşılıqlı əlaqələrin uğurlu mexanizminin formalaşdırıldığını və bunun da xalqlarımızın rifahına xidmət etdiyini dedi. Belarus şirkətlərinin Azərbaycandakı fəaliyyətinə toxunan Prezident İlham Əliyev qeyd etdi ki, birgə istehsal edilən məhsulların digər ölkələrin bazarlarına çıxışı perspektivləri vardır. Prezident İlham Əliyev onu da bildirdi ki, ölkələrimiz arasında mal dövriyyəsi təkcə enerji deyil, digər sahələrdə də genişləndirilməlidir. Azərbaycan dövlətinin başçısı ölkəmizin investisiya imkanları barədə də danışaraq dedi:
-Bütövlükdə Azərbaycan son zamanlar ölkənin hüdudlarından kənarda investisiya layihələrində fəal iştirak edir. Əlbəttə ki, bizim üçün Belarus dost ölkədir. Biz Sizin ölkənizdə də prioritet olan bütün istiqamətlərdə investisiya layihələrində iştirak etmək istərdik. Humanitar sahədə əməkdaşlığımız da uğurla inkişaf edir. Belarusun Azərbaycanda və Azərbaycanın Belarusda mədəniyyət günlərinin keçirilməsi, Sizinlə ilk görüşümüzdə gəldiyimiz razılığa əsasən Sizin ali məktəblərdə bizim tələbələrimizin təhsil alması nəzərdə tutulur. Bu da reallıqdır. Yəni, biz hər yerdə nəticə görürük və mən düşünürəm ki, münasibətlərimizin fərqləndirici cəhəti odur ki, təşəbbüslərimizin və sözlərimizin arxasında konkret işlər durur. Hələ elə bir məsələ olmayıb ki, biz razılığa gələk və həmin məsələ həll olunmasın. Mən buraya hərbi-texniki sahədə əməkdaşlığı əlavə edə bilərəm. Əməkdaşlığımızın yeni elementi olan bu sahə də artıq öz dinamikasına çatıb. Bu istiqamətdə əməkdaşlıq böyük perspektivə malikdir. Düşünürəm ki, bu əməkdaşlığın yeni formaları - məhz birgə tədqiqatlar, Azərbaycanın müəyyən mühəndis tədqiqatlarında iştirakı, birgə istehsal gələcəkdə münasibətlərimizin gündəliyinin bir hissəsi olacaqdır. Belarus ilə əməkdaşlığın Azərbaycan üçün maraq kəsb etdiyini deyən Prezident İlham Əliyev bu səfərin əlaqələrin inkişafına yeni impuls verəcəyinə əminliyini bildirdi.
Azərbaycan-Belarus sənədlərinin imzalanıb
Xüsusi müxbirimiz xəbər verir ki, avqustun 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü başa çatdıqdan sonra Azərbaycan-Belarus sənədlərinin imzalanması mərasimi olmuşdur.
"Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında lizinq fəaliyyətinin genişləndirilməsi, əlverişli hüquqi-iqtisadi şəraitin yaradılması haqqında Saziş"i Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Belarusun iqtisadiyyat naziri Nikolay Snopkov imzaladılar. "Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında odlu silahların, döyüş sursatlarının, partlayıcı maddələrin və partlayıcı qurğuların qanunsuz hazırlanması və dövriyyəsi ilə mübarizədə əməkdaşlıq haqqında Saziş"i Azərbaycanın daxili işlər naziri Ramil Usubov və Belarusun daxili işlər naziri İqor Şuneviç imzaladılar.
"Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılmasına (yuyulmasına) və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə əməkdaşlığa dair Saziş"i Azərbaycanın daxili işlər naziri Ramil Usubov və Belarusun daxili işlər naziri İqor Şuneviç imzaladılar.
"Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında mədəni sərvətlərin talanması ilə mübarizə və onların geri qaytarılmasının təmin edilməsi sahəsində əməkdaşlıq haqında Saziş"i Azərbaycanın daxili işlər naziri Ramil Usubov və Belarusun daxili işlər naziri İqor Şuneviç imzaladılar.
"Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Belarus Respublikası Ədliyyə Nazirliyi arasında məhkəmə ekspertizası sahəsində əməkdaşlıq haqqında Saziş"i Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov və Belarusun ədliyyə naziri Oleq Slijevski imzaladılar.
"Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Belarus Respublikası Səhiyyə Nazirliyi arasında dərman vasitələrinin keyfiyyətinə nəzarət və qeydiyyatdan keçirilməsi sahəsində əməkdaşlıq haqında Saziş"i Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev və Belarusun səhiyyə naziri Vasili Jarko imzaladılar. "Naxçıvan Şəhər İcra Hakimiyyəti (Azərbaycan Respublikası) və Brest Şəhər İcra Komitəsi (Belarus Respublikası) arasında iqtisadi-ticarət və humanitar-mədəni sahələrdə əməkdaşlıq haqqında Saziş"i Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov və Brest Şəhər İcra Komitəsinin sədri Aleksandr Palışenkov imzaladılar.
Prezident İlham Əliyevə Belarusun "Xalqlar dostluğu" ordeni təqdim olunub
Avqustun 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Belarus Respublikasının yüksək dövlət mükafatı - "Xalqlar dostluğu" ordeninin təqdim edilməsi mərasimi olub. Ordeni dövlətimizin başçısına Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko təqdim etmişdir.