PDF Oxu

Siyasət

  • 69

Belarus- Azərbaycan münasibətləri yeni mərhələdə

Belarus- Azərbaycan münasibətləri yeni mərhələdə

Azərbaycanla Belarus arasında bütün dövrlərdə formalaşmış normal əməkdaşlıq mühiti son illərdə dinamizm və inteqrasiya baxımından geniş xarakter alıb. Hər iki ölkə siyasi-iqtisadi, humanitar sahələrdə səmimi dostluq əlaqələrinin əsaslı təməllərini qoyub. Bu illər ərzində əməkdaşlığın hüdudlarının genişlənməsi dövlətlərarası münasibətlərin formatını MDB çərçivəsindən kənara çıxararaq, ikitərəfli əlaqələrin dərinləşməsinə möhkəm baza yaradıb. Bunun nəticəsidir ki, ölkələr arasında ticarət dövriyyəsi son üç ildə əhəmiyyətli dərəcədə artmaqdadır. Son illərdə keçirilən biznes-forumlar bu əlaqələrin inkişafına impuls verməkdədir.

Tarixən iki xalq arasında sıx münasibətlər mövcuddur, siyasi, iqtisadi, humanitar, təhsil və digər sahələrdə Azərbaycan-Belarus münasibətləri yüksələn xətlə inkişaf edir. Ən əsası isə ölkə prezidentləri arasında xoş münasibətlərin hər iki ölkə arasındakı əlaqələrin daha da dərinləşməsinə təkan verib. Azərbaycan Prezidenti İlham Əliyevin belaruslu həmkarı Aleksandar Lukaşenko ilə görüşü zamanı müzakirə olunan strateji məsələlər ikitərəfli münasibətlərin inkişafında yeni mərhələ açıb, sosial dialoqun daha da güclənməsinə impuls verib.

Belarus-Azərbaycan əlaqələrinin mövcud vəziyyətini yüksək qiymətləndirmək olar. Dövlətlərarası münasibətlərin daha da dərinləşdirilməsi üçün geniş imkanlar mövcuddur. İkitərəfli əlaqələrin dinamizminə hökumət səviyyəsində qarşılıqlı təmaslarla yanaşı, hər iki ölkənin müvafiq qurumları arasında əldə olunmuş razılaşmalar da mühüm təsir göstərməkdədir. Dövlət İnvestisiya Şirkəti və AZPROMO ilə Belarusun Sənaye və Ticarət Palatası tərəfindən təşkil olunan biznes-forumlar, ikitərəfli əməkdaşlığın inkişafı ilə bağlı sahibkarlar arasında görüşlərin keçirilməsi münasibətlərin daha da intensiv xarakter almasına səbəb olub. Məsələn, ötən ilin may ayında Minsk şəhərində keçirilən Belarus-Azərbaycan biznes-forumu zamanı tərəflər iqtisadiyyatın müxtəlif sahələrinə aid fikir mübadiləsi aparıblar və yeni layihələr barədə anlaşma əldə olunub.

Hər iki tərəf münasibətlərin uğurlu və dinamik xarakterini dəfələrlə qeyd ediblər. Parlamentlərarası münasibətlər sabitliyi, əlaqələrin müntəzəmliyi ilə fərqlənir və müqavilə əsasında qurulur. Hər iki ölkənin parlamentində əməkdaşlıq üzrə işçi qrupu yaradılıb, deputatlar seçkilərin, referendumların keçirilməsi zamanı müşahidələrdə, beynəlxalq konfranslarda və parlament xarakterli digər tədbirlərdə iştirak edirlər. Profilli komissiyalar səviyyəsində daha sıx əlaqələrin qurulmasında da yaxşı perspektivlər var. Əməkdaşlığımızın gündəliyi kifayət qədər zəngindir, intensiv dialoq gedir.

Yeri gəlmişkən, bir neçə ildir ki, Belarus şirkətlərinin bir neçəsi birgə istehsal imkanları yaratmaqla ölkəmizin daxili bazarında aparıcı yer tutmağa başlayıb. Kənd təsərrüfatı texnikasının istehsalında zəngin təcrübəyə malik Belarus hökuməti 4 ilə yaxındır ki, Gəncə Avtomobil Zavodunda traktorların istehsalında ölkəmizlə birgə layihə həyata keçirir. Bundan başqa, neçə ildir ki, aqrar sahənin inkişafı üçün Belarusun aqrar kompleksinə məxsus kimyəvi maddələrin, aqrotexniki vasitələrin, yem və preparatların respublikamıza gətirilməsi həyata keçirilir. Təbii ki, bu faktorlar ölkələrarası ticarət dövriyyəsinin artmasına səbəb olub.

Belarus və Azərbaycan aktiv dövlətlərarası dialoq hesabına ticari-iqtisadi əməkdaşlıq sahəsində bir sıra konkret layihələrin praktikada reallaşdırılmağa nail olub. Bir neçə il əvvəl tərəflərin birgə mal mübadiləsinin həcmi 100 milyon dollar təşkil edirdisə, hazırda bu rəqəm 500 milyon dollara yaxınlaşmaqdadır. Ötən il ərzində Belarusdan Azərbaycana idxal olunan məhsulların həcmi 22 faiz, respublikamızdan bu ölkəyə idxal olunan məhsulların həcmi isə 90 faiz artıb. 2011-ci ildə isə Belarusdan Azərbaycana idxal olan məhsulların həcminin 15 faiz, Azərbaycandan Belarusa idxal olunan məhsulların həcminin 1,5 dəfə artması proqnozlaşdırılır. Hər iki tərəfin hədəfi ticarət dövriyyəsinin yaxın vaxtlarda 700-800 milyon dollara çatdırmaqdan ibarətdir. Hər iki ölkə prezidentlərinin imzaladıqları 2015-ci ilədək sosial-iqtisadi əməkdaşlıq haqqında dövlətlərarası müqaviləyə əsasən, iqtisadi-ticari əlaqələrin bir neçə dəfə yüksəldilməsi nəzərdə tutulur.

Belarusun Sənaye və Ticarət Palatasının nümayəndələri isə Azərbaycanla kənd təsərrüfatının, maşınqayırmanın, sənayenin və xidmət sektorlarının digər sahələrində birgə layihələrin reallaşmasında maraqlı olduğunu bildirirlər. Bu ölkənin tanınmış müəsissələrinin rəhbərləri ötən il ölkəmizdə olarkən Bakıda böyük kameralı soyuducuların, məişət texnikalarının istehalı üçün zavodların tikintisini təklif ediblər. Ümumiyyətlə, Belarus Azərbaycanın sənaye potensialının imkanlarını yüksək dəyərləndirir və ölkəmizdə nəhəng sənaye kompleksinin yaradılmasını təklif edir. Belarus kimya, maşınqayırma, metallurgiya, kənd təsərrüfatı və sənayenin digər sahələri üzrə yüksək inkişaf göstəricilərinə malikdir. Maşınqayırma və məişət texnologiyalarının istehsalında böyük inkişafa malik olan bu ölkənin məhsulları MDB məkanına ixrac olunmaqdadır.

Belarus keçmiş ittifaqın yeganə ölkəsidir ki, bazar iqtisadiyyatı prinsipləri ilə yanaşı, kolxoz, sovxoz, kooperativ təsərrüfatlarını qoruyub saxlamaqla yüksək iqtisadi inkişafı təmin edə bilib. Bu ölkənin aqrar-sənaye kompleksi və yeyinti sektoru dövlətin mülkiyyətində qalmaqdadır. Bu sistem bir çoxlarının fikirləşdiyinin əksinə olaraq, vətəndaşlar arasında mülkiyyət hüquqlarının pozulması hallarına səbəb olmur, hökumət öz vətəndaşlarına sosial bərabərlik prizmasından yanaşaraq, istehsal və mənfəət faktorunun birbaşa əhalinin sosial rifahına xidmət etməsinə çalışır. Buna görədir ki, bu gün belaruslular özəl mülkiyyətdən daha çox kollektiv təsərrüfata üstünlük verdiklərini bildirirlər.

Rəsmi Minsk iki ölkə arasında biznes layihələrinin sayının artırılması üçün bu ayın sonunda Belarus iş adamlarından ibarət nümayəndə heyətinin ölkəmizə səfərini planlaşdırır. Səfər çərçivəsində biznes-forumun keçirilməsi də nəzərdə tutulur. Nümayəndə heyətində iş adamları, aqrar sektor nümayəndələri ilə bərabər, hökumət üzvlərinin də təmsil olunacağı istisna olunmur. Biznes-forumda Azərbaycanın AZPROMO təşkilatı ilə Belarusun Sənaye və Ticarət Palatası arasında əməkdaşlığa dair memorandumun imzalanması da gözlənilir. Bundan başqa, aprel-may aylarında Azərbaycan-Belarus hökumətlərarası komissiyasının iclasının keçirilməsi də nəzərdə tutulur.

"Səs" Analitik Qrupu

Digər xəbərlər