Bu gün Azərbaycanın bütün regionları inkişaf edir. Regionların sosial-iqtisadi inkişafının yaxşılaşdırılması istiqamətində dövlət başçısı İlham Əliyevin atdığı mütərəqqi addımlar əhalinin maddi-rihaf halını xeyli yaxşılaşdırmış, yoxulluğun səviyyəsi aşağı düşmüşdür. Əhalinin həyat şəraitinin yaxşılaşdırılması Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü çoxşaxəli iqtisadi siyasətin prioritet istiqamətləri kimi diqqəti cəlb edir. Azərbaycanın bütün regionlarında aqrar sahənin keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyması da iqtisadi inkişafın yüksək olmasından xəbər verir. Ölkəmizin bazar iqtisadiyyatı sisteminə transformasiyası ilk əvvəl aqrar sahədən başlamış, kənd təsərrüfatında 90-cı illərin əvvəllərində özünü qabarıq büruzə verən tənəzzül meyilləri dayandırılmış, iqtisadi artıma və inkişafa nail olunmuşdur.
Regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət başçısının məqsədyönlü addımları, onu deməyə əsas verir ki, bu mütərəqqi siyasət illər öncəki qazanılan uğurların davamıdır. Xüsusilə, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda regionların inkişafı ilə yanaşı, sahibkarlığın inkişafına da xüsusi önəmin verilməsi də aparılan düzgün siyasətin məntiqi nəticəsidir. Həmin proqrama əsasən, sahibkarlığın inkişafı ölkə iqtisadiyyatının diversifikasiyası baxımından həyata keçirilən dövlət siyasətinin aparıcı istiqamətlərindən birini təşkil edir. Bu siyasət iqtisadiyyatın bütün sahələrində, xüsusilə, prioritet inkişaf sahələrində işgüzar fəaliyyət üçün normativ-hüquqi, təşkilati və maliyyə təminatı səviyyəsinin yüksəldilməsinə də yönəldilir. Dövlət Proqramında, həmçinin, davamlı iqtisadi inkişafın təmin edilməsi baxımından kiçik və orta sahibkarlığın dünya iqtisadiyyatına inteqrasiyasının sürətləndirilməsi, ixrac potensialının artırılmasında və cəmiyyətin sosial problemlərinin həllində onların rolunun gücləndirilməsi nəzərdə tutulur. Dövlət başçımızın 2008-ci il 25 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı", 2007-ci il 23 yanvar tarixli "Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında" və 2008-ci il 21 avqust tarixli "Kənd təsərrüfatı məhsulları istehsalçılarının toxum, gübrə və damazlıq heyvanları ilə təmin edilməsinə əlavə dəstək verilməsi barədə" sərəncamları aqrar sahədə mövcud problemlərin aradan qaldırılmasına yönəlmiş addımlar kimi qiymətləndirilir. Əhalinin rifah halının yaxşılaşdırılması ölkə vətəndaşlarının dövlət başçısına xüsusi minnətdarlıq və təşəkkürü ilə təzahür olunur. Regionlarda sahibkarlar üçün mövcud şəraitin yaradılması, bu sahədə problemlərin aradan qaldırılması və ehtiyacların ödənilməsi də, onu deməyə əsas verir ki, bu regionların dinamik inkişafı Azərbaycan dövlətinin yürütdüyü siyasətin əsas qayəsidir.
Regionlarda aqrar sahənin inkişafı iqtisadi uğurların nəticəsidir
Regionlarda mütamadi olaraq dövlət proqramlarının icra olunması, əhalinin yaşayış şəraitinin və maddi-rifah halının yaxşılaşdırılması istiqamətində əldə olunan uğurlar statistik göstəricilərdə də aydın görünür. Aqrar sahədəki vəziyyətə statistik göstəricilərin fonunda diqqət yetirək, görərik ki, bu il iyun ayının 22-nə kimi 373,7 min hektar sahədə yazlıq bitkilərin əkini aparılaraq, 31,7 min hektar sahədə dənli və dənli-paxlalılar, 35,8 min hektar sahədə dən üçün qarğıdalı, 78 min hektar sahədə tərəvəz, 66 min hektar sahədə kartof, 29,1 min hektar sahədə pambıq, 30 min hektar sahədə bostan bitkiləri, 3,6 min hektar sahədə şəkər çuğunduru, 10,7 min hektarda dən üçün günəbaxan, 1530 hektar sahədə tütün və s. əkilmişdir. Ötən illə müqayisədə yazlıq bitkilərin əkin sahəsi 23,6 min hektar azalmış, eyni zamanda, dənli və paxlalıların əkin sahəsi 2 min hektar, dən üçün qarğıdalının əkin sahəsi 2,2 min hektar, kartofun əkin sahəsi 841 hektar, tütünün əkin sahəsi 95 hektar artmışdır.
Babək Hacıyev