Ramil Səfərovun vətənə dönüşü Prezident İlham Əliyevin bu yöndə gördüyü işlərin nəticəsidir
Dünən Azərbaycan Ordusunun zabiti, 8 ildir Macarıstanda məhkum həyatı yaşayan Ramil Səfərovun Azərbaycana gətirilməsi xəbəri bütün ölkədə böyük əks-sədaya və sevincə səbəb oldu. Nəhayət ki, Azərbaycan dövlətinin və ölkə başçısının bu məsələ ilə bağlı gördüyü işlər öz nəticəsini verdi. Azərbaycana gələr-gəlməz Ramil Səfərovun əfv olunması barədə Prezident İlham Əliyevin müvafiq Sərəncamı Cənab Prezidentin Səfərovlar ailəsinə daha bir töhfəsi oldu.
BAŞ LEYTENANT RAMİL SƏFƏROV
Ramil Səfərov barədə danışmazdan öncə, onun keçdiyi həyat yolu və gördüyü işlərə nəzər salmaq istərdim. Ramil Səfərov 25 avqust 1977-ci ildə Cəbrayıl rayonunda dünyaya gəlib. 1991-ci ildə Cəmşid Naxçıvanski adına hərbi təmayüllü məktəbə daxil olub. 1992-ci ilin sentyabrında Azərbaycan Respublikası Müdafiə Nazirliyinin sərəncamı ilə təhsilini davam etdirmək üçün Türkiyənin İzmir şəhərinə göndərilib. Maltəpə Hərbi Litseyini müvəffəqiyyətlə bitirdikdən sonra Ankara Ali Hərbi Məktəbinə daxil olub və hərbi təlim kursları keçib. 2001-ci ilin may ayından 2002-ci ilin mart ayına qədər MN-in sərəncamı ilə Gədəbəydəki "N" saylı hərbi hissədə tağım komandiri vəzifəsində qulluq edib. 2002-ci ilin mart ayında MN-in sərəncamı ilə Heydər Əliyev adına AHKM-ə göndərilib. Qulluq etdiyi müddətdə baş leytenant rütbəsinə qədər yüksəlib. 2004-cü ilin yanvar ayında MN-in sərəncamı ilə NATO proqramları çərçivəsində Macarıstanın Budapeşt şəhərində keçirilən 3 aylıq ingilis dili kurslarına ezam olunub.
Vətənə dönməyə 20 gün qalmış - fevral ayının 19-da kurslarda iştirak edən Qurqen Markaryan adlı erməni zabitini qətlə yetirib. Onun belə bir addım atmasına səbəb isə erməninin təhrikedici sözləri və Azərbaycan bayrağına qarşı etdiyi təhqir olub. Elə həmin tarixdə Budapeştin hüquq-mühafizə orqanları tərəfindən həbs olunub. Budapeşt Şəhər Məhkəməsinin 13 aprel 2006-cı il tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum edilib.
ÖLKƏ BAŞÇISI HƏR BİR AZƏRBAYCANLININ PREZİDENTİ OLDUĞUNU BİR DAHA SÜBUT ETDİ
Uzun müddət məhkəməsi uzadılan və təzyiqlərlə üzləşən Ramil Səfərova qarşı ermənilər xüsusi bir tədbirin görülməsini tələb edirdilər. Artıq siyasi dustaq kimi qiymətləndirilən Ramil Səfərovun barəsində ömürlük həbs cəzasının verilməsi Azərbaycanda hər kəsi kədərləndirmişdi. Təbii ki, buna ölkə rəhbərliyi, başda Prezident İlham Əliyev olmaqla öz mövqeyini bildirmiş, məsələnin həlli və Ramil Səfərovun Azərbaycana ekstradisiyası ilə bağlı cənab Prezident bütün mümkün tədbirləri görmüşdü. Bunun nəticəsidir ki, artıq Ramil Səfərov Azərbaycandadır və məhz Prezident İlham Əliyevin Sərəncamı ilə azadlıqdadır.
Ramil Səfərovun vətənə qayıdışı, birmənalı olaraq, Prezident İlham Əliyevin adı və gördüyü işlərlə bağlanmalıdır. Belə ki, Cənab Prezidentin bu məsələni daim gündəlikdə saxlaması, R.Səfərovun taleyi ilə yaxından maraqlanması və onun azadlığa çıxması üçün göstərdiyi səylər danılmazdır. Bu gün Azərbaycan dövlətinin yüksək sürətli inkişafı, əldə etdiyimiz uğurlar ölkəmizin beynəlxalq arenada da yüksək mövqe tutmağımıza səbəb olub. Prezident İlham Əliyevin bu mənada apardığı məqsədyönlü xarici siyasət təqdirəlayiqdir. Ölkə başçısının ən yüksək tribunalarda Azərbaycanı təbliğ etməsi, onun nüfuzunu qaldırması bu gün Azərbaycanın dünya dövlətləri içərisində layiqli yer tutmasına və söz sahibi olmasına gətirib çıxarmışdır. Təbii ki, bütün bunlar əməli siyasətin və bütün dünyanın gözü qarşısında görülən tədbirlərin, islahatların nəticəsində əldə olunmuşdur. Bu gün nəinki Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlıların problemləri ilə yaxından maraqlanan Azərbaycan Prezidenti Ramil Səfərovun da azadlığa çıxması üçün gördüyü işlərlə bir daha hər bir azərbaycanlının prezidenti olduğunu sübut etmiş oldu. Bununla bağlı birbaşa Macarıstan rəhbərliyi ilə danışıqların aparılması məhz ölkə başçısının əməyidir, Azərbaycan vətəndaşına verdiyi dəyərin göstəricisidir. Ramil Səfərovun düşdüyü vəziyyət və ona qarşı aparılan əks təbliğatı nəzərə alsaq, görərik ki, onu azadlığa çıxarmaq çox mürəkkəb məsələ idi və böyük zəhmət tələb edirdi. İstər mövcud Macarıstan qanunvericiliyinin müddəaları, istərsə də Macarıstanda və ümumilikdə, dünyada fəaliyyət göstərən erməni lobbisinin Ramil Səfərovun azadlığına son qoymaq istəyi Prezident İlham Əliyevin səyi nəticəsində aradan qaldırıldı. Bütün çətinliklərə baxmayaraq, Azərbaycan Prezidenti öz şəxsi nüfuzundan istifadə edərək məsuliyyəti öz boynuna götürdü və işin öhdəsindən layiqincə gəldi.
BƏZİ DEPUTATLAR BUNU HANSISA İŞ ADAMININ "XİDMƏTİ" HESAB EDİR
Ramil Səfərovun vətənə qayıdışı və azadlığa çıxmasından sonra bəzi şayiələr yayılmağa başladı ki, guya onun ekstradisiyası hansısa iş adamının gördüyü işin nəticəsidir. Təəssüflər olsun ki, bəzi insanlar özlərini bu işdə "qəhrəman" kimi göstərməyə çalışdılar. Xüsusilə, adını çəkmək istəmədiyimiz deputatlar bu işdə fəallıq göstərərək, məsələni hansısa iş adamının "xidməti" kimi qiymətləndirdilər. Lakin nəzərə alınmalıdır ki, bu, hansısa bir iş adamının görə biləcəyi iş deyil. Çünki bu dövlətlər arasında həll olunan bir məsələdir ki, buna da yalnız dövlət başçıları qərar verə bilərlər. Heç bir iş adamı dövlətlə danışıq aparıb, məhbusun eksradisiyası üçün razılıq ala bilməz. Bu, pulla həll olunası məsələ deyil. Və yaxud da elə bir iş adamı tapılmaz ki, onun nüfuzu ölkə başçısının nüfuzundan yüksək olsun. Məhz dövlətlərarası münasibət, beynəlxalq nüfuz və yüksək səviyyəli imic kimi amillər burada əsas rol oynayır. Azərbaycan Prezidentinin Macarıstan rəhbərliyi ilə bu məsələ ilə bağlı önəmli danışıqlar aparması, qarşı tərəfin də məsələyə anlaşıqlı yanaşması ekstradisiya məsələsində razılaşmaya gətirib çıxardı. Bu mənada, bu cür yersiz iddiaların edilməsi xoşagəlməzdir və təəssüf doğurur. Bu, ümummilli məsələdir. Bundan reklam vasitəsi kimi istifadə etmək olmaz.
SƏFƏROVLARIN SEVİNCİ ÜMUMXALQ SEVİNCİNƏ ÇEVRİLDİ
Heç şübhəsiz ki, R.Səfərovun vətənə qayıdışı onun ailəsində daha böyük sevinclə qarşılanıb. Yaxın qohumları, ictimaiyyət nümayəndələri və ümumilikdə, ölkə əhalisi buna sevindiyini nümayiş etdirir, Ramil Səfərovu evində ziyarət edirdilər. Zabitin atası isə oğlunun qaytarılmasına görə çox sevindiyini və buna görə ölkə Prezidentinə minnətdarlığını bildirdi. "Biz Azərbaycan Prezidentinə, Ali Baş komandan İlham Əliyevə təşəkkür edirik. Mən gözləmirdim ki, Ramil belə tezliklə evə gələ bilər". APA-nın məlumatına görə, bunu Ramil Səfərovun atası Sahib Səfərov deyib. S.Səfərov bu işdə əməyi olan hər kəsə ailəsi adından təşəkkür edib.
BU GÜN RAMİL SƏFƏROV, SABAH QARABAĞ
Yuxarıda da qeyd etdiyimi kimi, Ramil Səfərovun ətrafında yaranmış mürəkkəb vəziyyət onun nəinki azadlığa çıxması, heç ekstradisiyasının da mümkün olmaması qənaəti yaratmışdı. Burada xüsusilə erməni lobbisinin "xidmətləri" qeyd olunmalıdır. Lakin bütün bunlara baxmayaraq, Azərbaycan Prezidentinin bu çətin işin öhdəsindən gəlməsi Onun və Azərbaycan dövlətinin gücünü bir daha nümayiş etdirdi. R.Səfərovun ekstradisiyadan dərhal sonra, onun əfv olunması barədə Sərəncamı imzalanması böyük cəsarət tələb edirdi ki, bunu da Prezident İlham Əliyev etdi. Əslində, bu dünyaya və xüsusilə də, ermənilərə bir mesaj idi. Bununla Cənab Prezident bir daha göstərdi ki, o, heç bir azərbaycanlını erməninin ayağına verməz.
Azərbaycan dövlətinin maraqları çərçivəsində olan və milli problemlər kimi dəyərləndirilən məsələlərdə də bu cür mövqe və güc sərgilənə bilər. Xüsusilə, Dağlıq Qarabağ məsələsində. Azərbaycan Prezidenti əgər bu gün Azərbaycan zabitini xarici ölkədən, böyük bir çətinliyin məngənəsindən çıxarıb vətənə qaytarmağı və ona azadlıq verməyi bacarırsa, deməli, torpaqlarımızın işğaldan azad olunmasında da eyni mövqe göstərilə bilər.
Murad İSMAYILZADƏ