Sentyabrın 3-də Bakıda daha bir beşulduzlu otelin - "Four Seasons Hotel Baku"nun açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər.
Dövlətimizin başçısı otelin rəmzi açılışını bildirən lenti kəsdi.
Azərbaycan Prezidenti və xanımı oteldə yaradılmış şəraitlə tanış oldular.
Məlumat verildi ki, nadir memarlıq həlli ilə diqqəti cəlb edən "Four Seasons" otellər şəbəkəsi fərdi üslubu, yüksək keyfiyyəti və çoxsaylı xidmət növləri ilə fərqlənir. Belə bir beynəlxalq səviyyəli şirkətin Azərbaycanın turizm bazarına maraq göstərməsi ölkəmizdə istər yerli, istərsə də xarici investorlar üçün yaradılan əlverişli sərmayə mühitindən irəli gəlir. Bu, həm də dünyanın inkişaf etmiş ölkələri sırasında yerini möhkəmləndirən Azərbaycanda otel biznesinin genişləndirilməsinə və keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına böyük imkanlar açır. "Four Seasons Hotel Baku" kompleksinin yaradılması da bu istiqamətdə atılan əsas addımlardan biridir.
Qeyd edildi ki, klassik və müasir dizaynı ilə seçilən bu kompleksdə beynəlxalq və milli memarlıq üslubu peşəkarlıqla uzlaşdırılmışdır. "Four Seasons" özünün yeni incisini - "Four Seasons Hotel Baku"nu Xəzər dənizinin sahilində, ekoloji təmiz zonada turistlərin ixtiyarına verir.
Prezidentə və xanımına məlumat verildi ki, "Four Seasons Hotel Baku"nun orijinallığını artıran və daha çox diqqəti cəlb edən amillərdən biri də dizayn zamanı milliliyin diqqətdə saxlanılmasıdır. Təsadüfi deyildir ki, "Four Season Hotel Baku"nun bütün zallarına və toplantı otaqlarına ecazkar Azərbaycan muğamlarının adı verilmişdir. Burada "Segah" adlı 500 nəfərlik böyük ziyafət zalı yaradılmışdır. Bu zalda xüsusi mərasimlər və digər əlamətdar tədbirlər keçirmək mümkündür. Belə mərasimlərin keçirilməsi üçün həcmcə daha kiçik bir zal - 390 nəfərlik "Rast" zalı da istifadəyə verilmişdir. Otelin "Şur", "Çahargah", "Bayatı-Şiraz", "Hümayun", "Şüştər" otaqlarında müxtəlif işgüzar görüşlərin keçirilməsi üçün bütün şərait yaradılmışdır. Qonaqların istirahətini yüksək səviyyədə təşkil etmək üçün hər cür avadanlıqla təchiz olunmuş müxtəlif idman zalları yaradılmışdır. Füsunkar mənzərəli 10 prosedur otağı da qonaqların ixtiyarına verilmişdir. Məşhur "Four Seasons" otellər şəbəkəsinin dünyada sayca 90-cı oteli "Four Seasons Hotel Baku" 27 lüks və yüksək səviyyəli qonaqlar üçün nəzərdə tutulan 2 nömrə də daxil olmaqla, ümumilikdə 171 geniş otaqdan ibarətdir. Klassik interyeri, göz oxşayan rəng çalarları və gözəl balkonları ilə diqqəti çəkən otaqlar yüksək texnologiya ilə təchiz olunmuşdur. Otaqların əksəriyyətindən Bakının və Xəzər dənizinin füsunkar mənzərəsini seyr etmək mümkündür. Burada müxtəlif zövqlərə uyğun nömrələrlə yanaşı, müştərilərə zəngin əyləncə növləri də təklif edilir. Otel kompleksi ilə tanışlıqdan sonra Prezident İlham Əliyev kollektivlə görüşdü.
Dövlətimizin başçısı İlham Əliyev otelin kollektivini salamlayaraq bildirib ki, "Four Seasons" dünya şöhrətli otellər şəbəkəsidir və bir keyfiyyət rəmzidir: "Əziz dostlar, mən sizin hamınızı "Four Seasons Baku" otelinin açılışı münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Otelin fəaliyyətinə uğurlar arzulamaq istəyirəm. Azərbaycanda "Four Seasons" otelinin açılışı böyük hadisədir.
"Four Seasons Baku" oteli dünya standartları, Azərbaycan standartları səviyyəsindədir. Mən buna çox sevinirəm. Otelin yeri də çox gözəldir. Bu, şəhərimizin ən mərkəzi yerlərindən biridir - "Azneft" meydanıdır. Otelin bir tərəfində qədim İçərişəhər yerləşir. İçərişəhər bizim tarixi sərvətimizdir. O biri tərəfdə müasir bulvar yerləşir. Yəni, burada qalan qonaqların istirahət etmələri, şəhərimizlə tanış olmaları üçün bütün şərait vardır. Otelin memarlığı da qədim Bakı memarlığına uyğundur. Bu otel Azərbaycana yaraşır, Azərbaycan isə "Four Seasons" otellər şəbəkəsinə qucaq açır. Mən çox şadam ki, belə möhtəşəm memarlıq və sənət əsəri Bakıdadır, Azərbaycandadır. Azərbaycan buna layiqdir. Bakıya gələn qonaqlar şəhərin gözəlliyi ilə tanış olacaq, eyni zamanda, bu gözəl oteldə istirahət edəcəklər.
Ölkəmizdə otellərin sayı getdikcə artır. Azərbaycanda son bir il ərzində bir neçə dünya şöhrətli otellər şəbəkəsi açılmışdır. Onların sadəcə sadalanması onu göstərir ki, doğrudan da Bakı dünyanın mərkəzinə çevrilir. Son bir il, ya bir ilyarım ərzində "Kempinski", "Hilton", "Sheraton", "Marriott", "Jumeirah" və nəhayət, "Four Seasons" otellərinin açılması, növbəti aylarda "Fairmont" otelinin açılışı Azərbaycanın nəinki turizm potensialını, ümumiyyətlə, potensialını göstərir. Çünki mən başqa belə bir şəhər tanımıram ki, qısa müddət ərzində dünyanın aparıcı otelləri burada öz otellərini açsınlar. Bu, Azərbaycana olan inamın təzahürüdür. İnvestorların Azərbaycanın bu gününə, gələcəyinə olan inamının təzahürüdür. Şəhərimizin sürətlə inkişaf etməsinin təzahürüdür. Hazırda Bakıda dünyanın ən gözəl yerlərində olduğu kimi, infrastruktur, xidmət şəraiti, otellər, restoranlar, gəzinti yerləri vardır. Bakı doğrudan da yaşamaq üçün çox gözəl şəhərə çevrilir. Bakının gözəlliyi üçün quruculuq, abadlıq işləri böyük diqqətlə, dəqiqliklə, həssaslıqla və zövqlə aparılır. Biz qədim tarixi simasını saxlamaqla şəhərimizi müasirləşdiririk. Azərbaycanda gedən bütün proseslər müasir standartlara cavab verir. İqtisadiyyatımızın bu sektorunun inkişafı da Prezident kimi məni çox sevindirir. Qeyri-neft sektorunun, xidmət sahəsinin inkişafı ölkəmizin dayanıqlı inkişafından xəbər verir. Təsadüfi deyildir ki, bu ilin birinci altı ayında qeyri-neft iqtisadiyyatımız 10 faizdən çox artmışdır. Belə gözəl otellərin yaradılması Bakıya turistlərin, qonaqların cəlb edilməsi üçün də çox vacibdir. Çünki burada artıq qonaqları ən yüksək səviyyədə qəbul etmək üçün bütün şərait vardır. Nəzərə alsaq ki, xarici əlaqələrimiz genişlənir, bizim tərəfdaş ölkələrin sayı artır və demək olar Bakıda hər həftə müxtəlif beynəlxalq tədbirlər keçirilir, əminəm ki, otelin fəaliyyəti çox uğurlu olacaqdır. Bu, artıq otellər arasında bir flaqmandır, bir brenddir. Bu, doğrudan da böyük və tarixi hadisədir. Mən sizin hamınızı ürəkdən təbrik edirəm, sizə cansağlığı, uğurlar arzulayıram. Sağ olun." Sonda xatirə şəkli çəkdirildi.