PDF Oxu

Siyasət

  • 48

Ağsu sosial-iqtisadi inkişafın yeni mərhələsində

Ağsu sosial-iqtisadi inkişafın yeni mərhələsində

İlham Əliyev: "Ağsu indi Azərbaycanın ən qabaqcıl rayonlarından biridir və bu, məni çox sevindirir. Çünki son illər ərzində Ağsuda gedən quruculuq-abadlıq işləri rayonun potensialını böyük dərəcədə gücləndirə bilmişdir"

Ölkəmizin Dağlıq Şirvan iqtisadi rayonuna daxil olan Ağsu tarixən iqtisadiyyatını aqrar sahənin hesabına tənzimləyən, inkişaf etdirib gücləndirən bölgələrdəndir. Səksəninci illərin sonunda, doxsanıncı illərin əvvəllərində respublikanın iqtisadiyyatında yaranan tənəzzül Ağsuda da özünü göstərmişdir. Ağsu rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidbəliyev Ulu Öndər Heydər Əliyevin ikinci dəfə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışı ilə rayonda da böyük inkişafın olduğunu söylədi. Bildirdi ki, bu inkişaf Ulu Öndərin özü qədər inandığı ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla, yüksək peşəkarlıq səviyyəsində layiqincə davam etdirilir.

Rayonda Dövlət Proqramı uğurla həyata keçirilir

Sözsüz ki, Ağsuda aqrar sahənin inkişafını şərtləndirən əsas amillərdən biri də, son illər rayonda sağlam işgüzar mühitin formalaşmasıdır. Bu mənada, regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında nəzərdə tutulan məsələlərin ardıcıllıqla və uğurla həyata keçirilir. Bu baxımdan, "Regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı"na əsasən ötən il rayonun sosial-iqtisadi həyatının ayrı-ayrı sahələrində yüksək nəticələrə nail olunub. Ümumi məhsul buraxılışının həcmi 90,5 milyon manatdan artıq olub. Məhsul istehsalının 49,4 faizi kənd təsərrüfatının, 27,5 faizi xidmət sahələrinin, 21,2 faizi isə tikinti kompleksinin payına düşür. Ötən il rayonda 57300 ton taxıl, 5263 ton bostan, 3193 ton tərəvəz məhsulları, 1449 ton üzüm, 5316 ton isə meyvə istehsal edilibdir ki, bu, 2009-cu illə müqayisədə xeyli çoxdur. Həmçinin, rayonda geniş tikinti, abadlıq və quruculuq işləri də geniş vüsət alıb. Belə ki, ötən il Qaraqoyunlu və Kalva kəndlərində 220 şagird yerlik tam orta məktəb binaları tikilib istifadəyə verilib. Digər sənaye sahələri də inkişaf etdirilmişdir. Müasir avadanlıqlarla təchiz olunmuş, sutkada 5 ton çörək və çörək məmulatları buraxan zavod yaxın vaxtlarda istifadəyə veriləcəkdir. Rayonda telekommunikasiya avadanlıqları uzun illər əvvəl quraşdırılmış və keyfiyyətli telefon rabitəsi yaratmağa imkan vermirdi. Artıq bu istiqamətdə də geniş tədbirlər həyata keçirilibdir. Ötən ildə Dövlət Proqramı çərçivəsində bütün ATS-lər elektronlaşdırılıb və montaj tutumu artırılaraq, 9 min nömrəyə çatdırılıbdır. Uzun illər idi ki, Ağsuda əhali içməli su sarıdan ciddi korluq çəkirdi. Məhz ölkə Prezidenti İlham Əliyevin 2009-cu ildə rayona gəlişindən və imzaladığı Sərəncamdan sonra rayonda bu problem də həll edildi. Ötən il 3,7 milyon manat dəyəri olan layihə əsasında dağlıq ərazilərdəki bulaq sularının gətirilməsi üçün polad borularla 25 kilometr uzunluğunda yeni kəmər çəkildi və digər zəruri işlər görüldü. Kənd yerlərində də içməli suyun keyfiyyətinin müəyyən edilmiş tələblərə cavab verməsi üçün Kəndoba və Ağabəyli kəndlərində modul tipli sutəmizləyici qurğular quraşdırılıbdır. Rayonda elektrik, qaz, yol infrastrukturları onillər bundan əvvəl istifadəyə verilib. Ötən il 11 yaşayış məntəqəsi qaz yanacağından istifadə etmiş və bir-birinə yaxın ərazidə yerləşən daha 21 kəndə təbii qazın verilməsi ilə bağlı 35 kilometr uzunluqda yeni daşıyıcı kəmər çəkilibdir. Bu işlərə paralel olaraq Ağsu şəhərində qaz abonentlərinin Smart-Kart sayğacları ilə təmin olunmaları istiqamətində də işlərə başlanılıbdır.

Ağsuda sahibkarlara 220 min manat güzəştli kredit verilib

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" ilə, digər bölgələrdə olduğu kimi, Ağsu rayonunda fəaliyyət göstərən 250-dək sahibkara güzəştli kreditlər verib. Eyni zamanda, digər bölgələrdə olduğu kimi, Ağsu rayonunda da sahibkarlar üçün güzəştli kreditlərdən istifadə mexanizmi, investisiya layihələrinin hazırlanması və təqdim olunmasına dair treninqlər keçirilir, Sahibkarlığa Kömək Milli Fondunun internet saytı barədə tədbir iştirakçılarına ətraflı məlumatlar verilir, sahibkarlara metodiki materiallar paylanılır. Ağsu rayonunun iqtisadi potensialına uyğun olaraq, güzəştli kreditlər hesabına maliyyələşdirilməsi nəzərdə tutulan yüksək texnologiyaların tətbiqi ilə müasir üzüm bağının salınması, illik istehsal gücü 5 min ton olan müasir ət kəsimi sexinin yaradılması üzrə investisiya layihələri həyata keçirilib. Cari ilin birinci rübündə sahibkarlıq subyektlərinin 323 investisiya layihəsinin maliyyələşdirilməsinə 27,3 milyon manat, o cümlədən, yeni texnologiyaların tətbiqinə əsaslanan 25 böyük və iri həcmli investisiya layihəsinin maliyyələşdirilməsinə 23,7 milyon manat və 298 kiçik həcmli investisiya layihəsinin maliyyələşdirilməsinə 3,6 milyon manat güzəştli kredit verilib.

Yeni müəssisələr - yeni iş yerləri

Rayonda yeni müəssisələrin yaradılması yeni iş yerlərin açılmasına imkan verir. Bu baxımdan, meyvə-tərəvəz və konserv emalı ilə məşğul olan "Billur" Məhdud Məsuliyyətli Cəmiyyət yeni müəssisə kimi "Ağsu Konserv - 1" Açıq Səhmdar Cəmiyyətinin bazasında "Miri-Qrand" Məhdud Məsuliyyətli Cəmiyyətin və 2 saylı Ağsu Konserv zavodunun bazasında "Batabat" Məhdud Məsuliyyətli Cəmiyyətin Ağsu filialları, şərab məhsulları istehsal edən "Azər" kiçik müəssisəsinin bazasında "Mehman" Məhdud Məsuliyyətli Cəmiyyəti, alkaqollu içkilər istehsal edən "Ağsu Şərab - 3" Açıq Səhmdar Cəmiyyəti isə bərpa olunan müəssisələr kimi işə başlamışlar. Bu müəssisələrin açılması nəticəsində 751 yeni iş yeri açılıbdır. Həmin müəssisələr rayon əhalisinin tələbatından artıq olan bütün kənd təsərrüfatı məhsullarını qəbul edirlər. Həmçinin, "Az-Qranata" MMC-ni şirə və şərab emalı zavodunun tikintisində işlər başa çatıbdır. Görülən bütün işlər aqrar sahəyə göstərilən dövlət qayğısının nəticəsində mümkün olubdur. Hazırda rayonda sosial-iqtisadi inkişafa dair ikinci Dövlət Proqramı uğurla həyata keçirilməkdədir.

Ağsuda təhsilin uğurları

Bu gün respublikamızda dövlətin ən böyük önəm verdiyi sahə təhsil sektorudur. Bu baxımdan, Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində Qaraqoyunlu kəndində 220, dövlət vəsaiti hesabına Kalva kəndində 220 şagird yerlik orta məktəb binasının tikintisi başa çatdırılıb. Şəhər 2 və 5 saylı orta məktəb binası isə cari təmir olunub. Digər tədris müəssisələrində də zəruri xırda təmir işləri aparılıb. Rayonun 13 məktəbində istilik sistemi müasir tələblərə uyğun qurulub. Qalan bütün ümumtəhsil məktəblərinin payız-qış mövsümündə istiliklə təchizatı odun yanacağı ilə həyata keçirilir. Məktəblər odun sobası ilə tam təmin olunub və odun yanacağı ilə fasiləsiz olaraq təmin edilməsi istiqamətində lazımi tədbirlər görülüb. Tədris müəssisələrində bina və qurğuların elektrik şəbəkəsində olan nasazlıqlar, əsasən, aradan qaldırılıb, cihaz və avadanlıqların təhlükəsiz istismarının təmin edilməsi üçün müvafiq tədbirlər görülüb.

Həmçinin, rayonun mədəniyyət və turizm şöbəsində və onun struktur bölmələrində müəyyən işlər görülüb. Belə ki, cari ildə Ağsu mədəniyyət və turizm şöbəsi, mərkəzləşdirilmiş kitabxana sistemi, Mədəniyyət Evi, Tarix-Diyarşünaslıq Muzeyi və Uşaq Musiqi Məktəbində əsaslı və cari təmir işləri həyata keçirilib.

Ağsulular Prezidentin səfərini unutmurlar

Ağsulular doğma rayonlarının tərəqqisi uğrunda yüksək fəallıq göstərirlər. Xüsusilə də, ölkə Prezidentinin hər dəfə rayona səfəri, camaatla görüşləri ağsuluları növbəti ildə də yüksək nəticələrə nail olmağa ruhlandırır. Dövlət başçsının ötən ilin oktyabr ayında rayona səfəri zamanı qeyd etmişdir ki, " Ağsu indi Azərbaycanın ən qabaqcıl rayonlarından biridir və bu, məni çox sevindirir. Çünki son illər ərzində Ağsuda gedən quruculuq-abadlıq işləri rayonun potensialını böyük dərəcədə gücləndirə bilmişdir... Ağsu, doğrudan da, son illər ərzində çox gözəlləşib. Siz yəqin ki, bunu daha da yaxşı bilirsiniz. Küçələr, binalar təmir olunur, yeni parklar salınır, bu gün də bir parkla tanış olduq. Ağsu, ümumiyyətlə, gözəl rayondur, mənzərəli yerdir. Çox gözəl təbiəti vardır. Dağlar, meşələr, təmiz hava. Kurortdur Ağsu. "

Bütün bu faktlar, bir daha onu göstərir ki, inkişaf və tərəqqi yolunda uğurla addımlayan Ağsu rayonu növbəti illəri də uğurla başa vuracaq.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər