İlham Əliyev: "Azərbaycanda "Four Seasons" otelinin açılması adi hadisə deyildir. Bu, doğrudan da, ölkəmizin inamlı və uğurlu inkişafının təzahürüdür"
Müasir dövrümüzdə Azərbaycandakı nəzərəçarpan irəliləyişlərin əsasında dövlətin gücü, siyasi baxışları, müəyyənləşmiş iqtisadi strategiyası və digər amillər dayanır. Zəngin Azərbaycanın dünyada nüfuzunun artması həyata keçirilən Dövlət Proqramlarının, irimiqyaslı layihələrin və dövlətin yürütdüyü siyasətin müqabilində reallaşır.
Qeyri-neft sektorunun inkişafı da Azərbaycanın artan iqtisadiyyatına təsirini göstərməkdədir. Azərbaycanın qeyri-neft sektorundan əldə olunan gəlirlər ölkəmizin inkişafında önəmli faktorlardandır. Son illərdə Azərbaycanda turizm sahəsinə ayrılan diqqətin nəticəsində yüksək iqtisadi, sosial və ekoloji tələblərə cavab verən müasir turizm formalaşıb və onu ölkə iqtisadiyyatının əsas inkişaf dayaqlarından birinə çevirib. "Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı" ölkədə turizmin rastlaşdığı problemlərin həllində əhəmiyyətli rola malikdir.
Ölkəmizdə turizmin inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildiyi mərhələdə Azərbaycana artan maraq gündən-günə çoxalır, ölkəmiz beynəlxalq aləmdə tanınır. Turizm sənayesinin inkişafı, onun infrastrukturunun əsas amillərindən olan mehmanxanaların sayının artması ölkəmizdə bu sahənin müsbət inkişafından xəbər verir.
Ölkəmizə dünya standatlarına cavab verən beşulduzlu otellərin inşası turizm ölkəsi olaraq Azərbaycana olan diqqəti daha da artırıb. Ötən gün Bakıda daha bir beşulduzlu otelin - "Four Seasons Hotel Baku"nun açılışı ölkəmizdə turizm sektoruna olan diqqətin daha bir nümunəsidir. Qeyd edək ki, bu otelə qədər yaxın dövrdə Azərbaycanda "Kempinski", "Hilton", "Sheraton", "Marriott", "Jumeirah" otelləri istfadəyə verilib. "Four Seasons" şəbəkəsi tərəfindən Azərbaycanda belə bir otelin inşası ölkəmizdə sabitliyin, əmin-amanlığın təzahürüdür. Otelin açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi:"...Azərbaycanda "Four Seasons" otelinin açılması adi hadisə deyildir. Bu, doğrudan da, ölkəmizin inamlı və uğurlu inkişafının təzahürüdür." Əlbəttə ki, belə bir beynəlxalq səviyyəli şirkətin Azərbaycanın turizm bazarına maraq göstərməsi ölkəmizdə istər yerli, istərsə də xarici investorlar üçün yaradılan əlverişli sərmayə mühitindən irəli gəlir. Bütün bunların müqabilində dünyanın inkişaf etmiş ölkələri sırasında yerini möhkəmləndirən Azərbaycan otel biznesinin genişləndirilməsinə və keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına böyük imkanlar açır.
Nadir memarlıq həlli ilə inşa olunan otel yüksək keyfiyyəti və çoxsaylı xidmət növləri ilə fərqlənir. Xəzər dənizinin sahilində, ekoloji təmiz zonada inşa olunan "Four Seasons Hotel Baku" oteli memarlıq üslubundadır və milli dəyərləri, elementləri özündə ehtiva edir. Bu otel həm xarici görünüşü, həm daxili dizaynı baxımından ən yüksək standartlara cavab verir və Azərbaycana məxsus olan standartları özündə cəmləşdirir. Otelin açılış mərasimində Prezident İlham Əliyev belə deyib: "Biz bir çox hallarda Azərbaycanda gedən quruculuq işlərinə Avropa, yaxud da ki, dünya standartları anlayışı ilə yanaşırıq. Amma hazırda Azərbaycanda yaradılan binalar, əsərlər artıq Azərbaycan standartlarını da formalaşdırır."
"Four Season Hotel Baku"nun bütün zallarına və toplantı otaqlarına Azərbaycan muğamlarının adının verilməsi də bu baxımdan əhəmiyyətlidir. Belə ki, dünyanı vəcdə gətirən muğamlarımızın "Segah", "Rast", "Şur", "Çahargah", "Bayatı-Şiraz", "Hümayun", "Şüştər"in adlarının otaqlara verilməsi milli dəyərlərimizə olan diqqətdir.
Bütün bunlarla yanaşı, Azərbaycanda bu sayda müasir tipli otellərin istifadəyə verilməsi yeni iş yerlərinin açılmasına da imkan verir. Məlumdur ki, turizmin inkişafı yeni iş yerlərinin açılmasına kömək edir, regionun infrastrukturunun formalaşdırılmasında mühüm rol oynayır. Bütün bunlar son nəticədə "2008-2013-cü illəri əhatə edən regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın və həmçinin yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramının əsas müddəalarının uğurla həyata keçirilməsinə əlverişli zəmin yaradır. Bu baxımdan vurğulayaq ki, otelin fəaliyyətə başlaması, ümumilikdə, 350-yə yaxın yeni iş yerinin açılmasına gətirib çıxarıb.
Otel Azərbaycana məxsus qədim memarlıq elementlərini də özündə yaşadır. Bu məkan Azərbaycanın bütövlükdə simasıdır desək, yanılmarıq. Otelin memarlığının qədim Bakı memarlığına uyğunluğu diqqəti çəkən tərəflərdəndir. "Bu otel Azərbaycana yaraşır, Azərbaycan isə "Four Seasons" otellər şəbəkəsinə qucaq açır. Mən çox şadam ki, belə möhtəşəm memarlıq və sənət əsəri Bakıdadır, Azərbaycandadır. Azərbaycan buna layiqdir"-deyən Prezident İlham Əliyev paytaxtımıza gələcək qonaqların şəhərin gözəlliyi ilə tanış olacağını, eyni zamanda, bu gözəl oteldə istirahət edəcəklərini əminliklə bildirib.
Bu gün həqiqətən Bakı dünyanın ən gözəl, möhtəşəm məkanı olaraq tanınır. Aparılan abadlıq-quruculuq işləri onu bu səviyyəyə yüksəldib.
Nəzakət ƏLƏDDİNQIZI