İlham Əliyev: "Mən Azərbaycanın bütün vətəndaşlarından xahiş edirəm ki, bütün xoşagəlməz hallar haqqında, bütün ədalətsizliklər haqqında, əsassız tələblər haqqında Prezident Administrasiyasına və digər müvafiq qurumlara, yerli icra hakimiyyəti orqanlarına məlumat versin ki, biz bu nöqsanları, bu yaraları daha da tezliklə aradan qaldıraq"
Bu gün Azərbaycanda korrupsiyaya qarşı aparılan mübarizə əhəmiyyətli və müsbət nəticələrini verməkdədir. Prezident İlham Əliyevin şəxsən, sözügedən faktora qarşı xüsusi diqqət ayırması, eləcə də, aparılan dövlət siyasətində korrupsiyanın qarşısının alınması istiqamətində aparılan davamlı işlər uğurlu nəticələrini verməkdədir. Bu baxımdan, Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizə dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. 2011-ci ilin əvvəlindən bu siyasət mahiyyəti etibarı ilə yeni müstəviyə qaldırılmışdır. Ölkə Prezidenti İlham Əliyevin siyasi iradəsinə müvafiq olaraq korrupsiyaya qarşı mübarizə tədbirlərinin daha müntəzəm, daha ardıcıl və kompleks şəkildə həyata keçirilməsinə başlanmışdır. Ölkə başçısının "Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nın və "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nın təsdiq edilməsi haqqında sərəncam imzalaması da məhz bu konteksti əhatə edir. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 iyul tarixli 2292 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya" çərçivəsində həyata keçirilən tədbirlərin davamlılığının təmin edilməsi, bu sahədə normativ-hüquqi bazanın və institusional mexanizmlərin təkmilləşdirilməsi, dövlət və yerli özünüidarə orqanlarının fəaliyyətinin açıq hökumət prinsiplərinə uyğunlaşdırılması, qərarların qəbulu prosesində ictimaiyyətin iştirakının genişləndirilməsi və şəffaflığın artırılması, Azərbaycan Respublikasının bu sahədə beynəlxalq öhdəliklərinin icrasının təmin edilməsi məqsədi ilə qərara alınmış müddəaların hər biri korrupsuyaya qarşı aparılan mübarizəni köklü şəkildə təmin edir.
Vətəndaşların müraciətlərinə baxılması işinin daha da təkmilləşdirilməsi istiqamətində korrupsiya halları ilə üzləşmiş vətəndaşlara Korrupsiyaya qarşı mübarizə idarəsinə birbaşa və maneəsiz müraciət etmək imkanı yaradılıb
Qeyd edək ki, Prezident İlham Əliyev mütəmadi olaraq, çıxışlarında ölkədə rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizənin daha da ciddi aparılmasının vacibliyini vurğulayıb: "Bu məsələlərin həlli ilə bağlı bu ilin əvvəlində Nazirlər Kabinetinin iclasında verdiyim tapşırıqlar yerinə yetirilir. Mən Azərbaycanın bütün vətəndaşlarından xahiş edirəm ki, bütün xoşagəlməz hallar haqqında, bütün ədalətsizliklər haqqında, əsassız tələblər haqqında Prezident Administrasiyasına və digər müvafiq qurumlara, yerli icra hakimiyyəti orqanlarına məlumat versin ki, biz bu nöqsanları, bu yaraları daha da tezliklə aradan qaldıraq".
Xatırlatmaq yerinə düşərdi ki, cari ilin iyul ayında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi öz hesabatını açıqlayıb. Hesabat dövründə Azərbaycanda 26 vəzifəli şəxs cinayət başında yaxalanıb. Ümumilikdə, idarə tərəfindən vətəndaşların 1328 müraciətinə baxılıb. Eyni zamanda, daxil olmuş 27 müraciət və 83 digər məlumatlara (ümumilikdə 110) cinayət xarakterli material kimi baxılıb. Onlardan 61-i və ya 55,45 %-i üzrə müxtəlif maddələrlə cinayət işləri başlanıb.
Vətəndaşların müraciətlərinə baxılması işinin daha da təkmilləşdirilməsi istiqamətində korrupsiya halları ilə üzləşmiş vətəndaşlara Korrupsiyaya qarşı mübarizə idarəsinə birbaşa və maneəsiz müraciət etmək imkanının yaradılması məqsədi ilə fəaliyyətə başlamış "161 qaynar xətt" əlaqə mərkəzinə hesabat dövrü ərzində 2624 müraciət daxil olub. İdarə tərəfindən vətəndaşların müraciətləri diqqətlə, qayğı ilə araşdırılaraq onların pozulmuş hüquqları bərpa edilmiş, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiə olunması, hüquqi və fiziki şəxslərə dəymiş ziyanın ödənilməsi istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirilib. Həmçinin, "Qaynar xətt" əlaqə mərkəznə daxl olmuş müraciətlərin bir qismi nəzarətdə saxlanılmaqla aidiyyəti üzrə nazirlik, komitə, təşkilatlara və aidiyyatı rayon (şəhər) prokurorluqlarına göndərilməklə qanunla nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi və cavabların alınması təmin edilib. Görülmüş tədbirlər nəticəsində 1000-dən artıq müraciət müəllifinin ərizə, şikayət və müraciətinin müsbət həll olunması təmin edilib, qabaqlayıcı tədbirlər həyata keçirilib və 20 müraciət üzrə cinayət işləri başlanıb. Eyni zamanda, "Qaynar xətt" əlaqə mərkəzinə daxil olmuş müraciətlərlə bağlı idarədə aparılan araşdırmalar zamanı aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması məqsədi ilə müvafiq təşkilatlara təqdimatlar verilib, həmin təqdimatlara əsasən bir sıra işçilər intizam qaydasında cəzalandırılıb, aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması üçün zəruri tədbirlərin görülməsi təmin edilib. Hesabat dövrü ərzində törədilmiş və ya hazırlanan cinayətlər barədə əməliyyat-axtarış fəaliyyəti ilə əlaqədar idarəyə ümumilikdə 236 müraciət daxil olub, onların 36-sı vətəndaşların yazılı ərizələri olub.
Ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən islahatlar bütün beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir
Onu da xatırladaq ki, Birləşmiş Millətlər Təşkilatının "Korrupsiya əleyhinə" və Avropa Şurasının "Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında" konvensiyaları rüşvət almanı (passiv rüşvətxorluğu) korrupsiya cinayətlərinin ən təhlükəli təzahürlərindən biri hesab edir. Lakin təəssüflər olsun ki, bəziləri öz qeyri-peşəkar yanaşma və fikirləri ilə bu siyasətin üzərinə kölgə salmağa və ictimaiyyəti çaşdırmağa cəhd edirlər. Dövlət məmurunun tutduğu vəzifə və almış olduğu rüşvətin məbləğindən asılı olmayaraq, ən sərt tədbirlər görülür və görüləcəkdir.
Xüsusi qeyd edilməlidir ki, ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən islahatlar bütün beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir. Təsadüfi deyil ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsi tərəfindən İstanbul Fəaliyyət Planına əsasən, Fransanın paytaxtı Paris şəhərində təşkil edilmiş iclasda İdarənin nümayəndə heyəti hesabatla çıxış etmiş və adıçəkilən təşkilat tərəfindən hesabatımız müsbət qarşılanmaqla dəstəklənmişdir.
Ölkə Prezidentinin siyasi iradəsinə müvafiq olaraq korrupsiyaya qarşı mübarizə tədbirləri bundan sonra da sistemli və ardıcıl olaraq həyata keçiriləcəkdir. Odur ki, hər bir dövlət məmuru öz məsuliyyətini dərk etməli və korrupsiya hallarına yol verməməlidir.
RÖVŞƏN NURƏDDİNOĞLU