İlham Əliyev: "Qəsəbələrin inkişafı üçün bütün lazım olan məsələlər öz həllini tapacaq"
Azərbaycanda regionlarla yanaşı, ölkənin paytaxtı Bakı və onun ətraf qəsəbələrinin inkişafı daim diqqət mərkəzində saxlanılır. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş "Bakı şəhərinin qəsəbələrinin 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı"nın davamı olan 2011-2013-cü illəri əhatə Dövlət Proqramında hər bir qəsəbə üzrə müxtəlif sahələri əhatə edən konkret tədbirlər, onların icrası üçün tələb olunan vəsaitin həcmi, maliyyələşmə mənbəyi və icra müddəti müəyyən edilib. Ötən bir il ərzində isə proqramda nəzərdə tutulmuş bir çox tədbirlər uğurla həyata keçirilib. Bu isə, ilk növbədə, Bakı və ətraf qəsəbələrin sakinlərinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına səbəb olub.
Bakı şəhəri sürətlə inkişaf edir
Bu dövlət proqramları, o cümlədən, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı", eləcə də, iqtisadiyyatın inkişafı ilə bağlı qəbul edilmiş müxtəlif dövlət proqramları nəticəsində, Bakı şəhərində də abadlıq-quruculuq işləri sürətlənib, əhaliyə göstərilən sosial xidmətlərin həcmi və keyfiyyəti yaxşılaşıb. Qeyd olunan proqramların icrası sayəsində Bakı şəhəri sürətlə inkişaf edib, yol təsərrüfatının və şəhər nəqliyyatının işinin yaxşılaşdırılması, elektrik enerjisi, qaz, istilik, su təchizatı və kanalizasiya xidməti, sosial infrastruktur sahəsində xidmət səviyyəsinin yüksəldilməsi üzrə layihələr həyata keçirilib, yeni müəssisələr və iş yerləri açılıb.
Məhz bunların nəticəsində ötən dövrdə paytaxt əhalisinin elektrik enerjisinə olan tələbatının təmin olunması məqsədi ilə yeni elektrik stansiyaları tikilib istifadəyə verilib, qaz təchizatı sahəsində Sabunçu, Binəqədi, Suraxanı, Səbail, Qaradağ, Nizami, Xətai, Xəzər rayonlarının qəsəbələrində yeni qaz xətləri çəkilmiş, ümumilikdə, Bakı şəhəri 97 faizi qazlaşdırılıb. Paytaxtda ekoloji tarazlıq yaradılması üçün Balaxanı Bərk Məişət Tullantıları Zavodunun tikintisi davam etdirilib, Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi məqsədi ilə çoxsaylı piyada keçidləri və yol ötürücüləri, eyni zamanda, körpü və tunellər istifadəyə verilib.
Hər bir vətəndaşın sosial vəziyyəti dövlət rəhbərliyinin diqqətindədir
Ölkə Prezidenti paytaxtın və ətraf qəsəbələrin milli üslubda inkişafı, təmizliyi, gözəlliyi, müasirliyi ilə göz oxşaması üçün lazımi tədbirlər görür və eyni zamanda, verilən tapşırıqların icrası ilə yerində tanış olur. Dövlət başçısı tərəfindən atılan bu addımlar və onun qəsəbə sakinləri ilə görüşü sübut edir ki, hər bir vətəndaşın sosial vəziyyəti dövlət rəhbərliyinin diqqətindədir. Təkcə son bir neçə ay ərzində ölkə Prezidentinin iştirakı ilə açılan təhsil, mədəniyyət, turizm və digər müəssisələrin sayı onlarladır.
Bütün qəsəbələrdə ən müasir infrastruktur yaradılacaq
Ölkə Prezidenti İlham Əliyev çıxışlarının birində vurğulayıb ki, regionların sosial-iqtisadi inkişaf proqramı vardır və icra edilir. Eyni zamanda, Bakıətrafı qəsəbələrin də sosial-iqtisadi inkişafı proqramının yeni mərhələsi başlanmalıdır: "Mən hesab edirəm ki, birinci mərhələdə 2011-2013-cü illər əhatə olunmalıdır. Ancaq artıq o proqramı hazırlayanlar məlumat verirlər ki, iki il ərzində nəzərdə tutduğumuz məsələləri həll etmək üçün vaxt bizə imkan verməyəcəkdir. Ona görə, ola bilsin ki, 2011-2013-cü illərdən əlavə 2013-2018-ci illəri əhatə edəcək proqram da hazırlanmalıdır. Bu proqramın icrası nəticəsində bütün qəsəbələrdə ən müasir infrastruktur yaradılacaq, ən yüksək standartlar tətbiq olunacaq və qəsəbələrin inkişafı üçün bütün lazım olan məsələlər öz həllini tapacaq".
Qeyd edək ki, dövlət büdcəsindən Bakı kəndlərinin sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramının reallaşması çərçivəsində layihələrə 2012-ci ildə 500 mln. manat, ayrıca olaraq paytaxt Bakının sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması üçün 20 mln. manat vəsait ayırmışdır.
Ümumiyyətlə, Prezident İlham Əliyevin Bakı və Bakıətrafı qəsəbələrdə həyata keçirilən abadlıq və quruculuq işləri ilə bağlı gördyü davamlı işləri paytaxtımızın daha da müasir, modern, metropollardan birinə çevrilməsinə xidmət edir. Dövlət başçısının vurğuladığı kimi, Bakı gözəlləşir, abadlaşır: "Bakı, həqiqətən də, gözəl şəhərdir". Məhz bu fikir həm paytaxt sakinlərinin, həm də şəhərimizə gələn xarici qonaqların gözləri qarşısında reallaşır.
A.Səmədova