Müsavat başqanı "cəbhə" sədrinin göstərişi əsasında ittiham atəşinə məruz qaldı
"İctimai Palata"da baş verən son olaylar bu qurumun gec-tez, hətta 2013-cü il seçkilərinə qədər ayaqda qala bilməyəcəyini təsdiq edir. Belə ki, qurumun sonuncu sessiyası da ötənlərdən fərqli olamayaraq, qalmaqallı və ittihamlar müstəvisində başa çatıb. Bu dəfə Müsavat başqanı İsa Qəmbər ittiham atəşinə məruz qalıb. Xatırladaq ki, bir müddət öncəki sessiyada da ciddi qarşıdurmalar yaşanmışdı və həmin vaxt AXCP sədri Əli Kərimliyə qarşı ciddi ittihamlar səsləndirmişdi. Onu da qeyd edək ki, əslində, "İctimai Palata" AXCP və Müsavatın savaş meydanıdır və qurumun istənilən toplantısında hər iki partiya sədrinin bir-birlərinə qarşı irəli sürdükləri ittihamlar qeyriləri tərəfindən səsləndirilir. Məhz sonuncu sessiyada hüquq müdafiəçisi Elman Cəlilovun Müsavat başqanını antidemokrat adlandırması da bu kontekstdəndir.Məlum olub ki, E.Cəlilovun İ.Qəmbərə hücumu arxasında "cəbhə" sədri Ə.Kərimli dayanıb. E.Cəlilov bəzi məsələlərin gündəliyə salınmasını istisə də, "İP" koordinasiya şurasının üzvü Ədalət Yusifov onun tələblərini əsassız sayıb. Çünki Ə.Yusifov da məhz İ.Qəmbərin yaxın adamı kimi tanınmaqdadır. Qeyd edək ki, gündəliyə salınası məsələlərdən biri də Əbülfəz Elçibəyin zəhərlənməsi ətrafında qaldırılmış iddialardır. Həmin iddialarda İ.Qəmbərin də adı hallanmağa başlayıb. Bu səbəbdən də, Ə.Yusifov E.Cəlilovun tələblərinə etiraz edib. Lakin sonradan bu məsələ də gündəliyə salınıb. Təbii ki, E.Cəlilovun əsəbiləşərək onları antidemokratik adamlar adlandırmasından sonra: "Həmişə deyirsiniz ki, demokratiya istəyirik. Özünüz demokratsınızsa, niyə təkliflərimi səsverməyə çıxarmadınız?" Sözügedən məsələnin daha da qızışmasının qarşısını almaqdan ötrü "İP" koordinasiya şurasının digər üzvü Pənah Hüseyn də məsələyə qarışıb. Nəticədə, E.Cəlilovun təklifləri səsverməyə çıxarılıb. Səsvermə nəticəsində E.Cəlilovun təklifləri rədd edilib.
Elman Cəlilov: "Siz mənim bostanıma daş atırsınız"
İsa Qəmbər : "Deyin görüm, sizin bostanınız hardadır?"
"İctimai Palata"nın koordinasiya şurasının üzvü, Müsavat partiyasının başqanı İsa Qəmbər məsələyə öz təbirincə münasibət bildirib. O, "İP"-in iclaslarına öyrədilmiş şəxslərin qatıla bilməsinə işarə edib. Əlbəttə ki, öyrədilmiş şəxslərin məhz Ə.Kərimli tərəfindən göndərildiklərinə eyham vuran İ.Qəmbər E. Cəlilovu ittiham edib. E.Cəlilov isə Müsavat başqanını onu hədəfə almaqda ittiham edib: "Siz mənim bostanıma daş atırsınız". İ.Qəmbərin isə ona cavabı belə olub: "Deyin görüm, sizin bostanınız hardadır?"Bütün bu kimi baş verən qalmaqallardan və ziddiyyətlərdən də belə nəticəyə gəlmək mümkündür ki, hətta aralarında memorandum imzalanmasına baxmayaraq, həm AXCP, həm də Müsavat rəhbərliyi arasında tükənməyən savaş mütəmadi xarakterdən kənara çıxmayacaq. Bu amil həm "İctimai Palata"nın, eləcə də, "cəbhə" və Müsavat partiyalarının növbəti məğlubiyyətlərinə aparan mütləq yoldur. Bu yolun sonu isə 2013-cü il prezident seçkiləridir.
Rəfiqə Hüseynova