Prezident İlham Əliyev: "Azərbaycanın uğurlu siyasəti, müstəqil siyasətimiz, prinsipial mövqeyimiz, etibarlı tərəfdaş kimi özümüzü təqdimetmə imkanlarımızı genişləndirir..."
Məlum olduğu kimi, qlobal inteqrasiya kontekstində coğrafi mövqe baxımından Azərbaycan İpək Yolunun üstündə Avropa ilə Asiyanın kəsişməsində çox əlverişli məkanda yerləşir. Belə ki, bu il Avropa Xalqları Partiyası (AXP) tərəfindən Brüsseldə keçirilmiş "Avropa Birliyi -Azərbaycan: tərəfdaşlıq üçün yeni üfüqlər" adlı konfransda da Avropa Parlamentinin sabiq sədri Yeji Buzekin fikirləri də bunu təsdiq edir: "Azərbaycan Avropa Birliyi üçün təkcə əsas tərəfdaş olmaqla kifayətlənmir. Bu ölkə bizim üçün Avropa və Asiya arasında körpü, dünyanın əksər dövlətləri üçün isə Avropaya qapıdır".
Bir neçə gün əvvəl NATO-nun baş katibi Anders Foq Rasmussenin Azərbaycana səfəri və Cənab Prezident İlham Əliyev ilə görüşü NATO və Azərbaycan arasında inkişaf edən əlaqələrdən xəbər verir. Məhz Azərbaycanın geosiyasi baxımdan əhəmiyyətli məkanda yerləşməsi belə aktual əlaqələri labüd edir. NATO və Azərbaycan arasındakı əlaqələri Cənab Prezident İlham Əliyev analitik şəkildə belə səciyyələndirir: "NATO ilə Azərbaycan arasında bu fəal dialoq regional sabitlik və əməkdaşlıq üçün olduqca vacibdir. Azərbaycan NATO-nun çox etibarlı tərəfdaşıdır. Mən, həmçinin, Şimali Atlantika Şurasının üzv dövlətlərinin səfirləri ilə keçirdiyim görüşü və apardığımız müzakirələrdən sonra onların şərhlərini xatırlayıram. Bu şərhlərin hamısı ölkəmiz haqqında müsbət mövqe yaradırdı. Bu, göstərir ki, ikitərəfli səviyyədə üzv dövlətlərlə də bizim olduqca konstruktiv münasibətlərimiz vardır. Azərbaycan ilə NATO-ya üzv dövlətlər arasında olan münasibətlər çox geniş, proqnozlaşdırılan və dostluq xarakteri daşıyan münasibətlərdir. Bu isə, öz növbəsində, NATO ilə Azərbaycan arasında mövcud əlaqələri daha da gücləndirir. Biz bir çox məsələlər üzərində çalışırıq. O məsələlərdən biri Əfqanıstandakı vəziyyətdir. İlk günlərdən Azərbaycan sülhməramlı əməliyyatlarda iştirak edib və beynəlxalq təhlükəsizliyə yardım qüvvələrinin apardığı əməliyyatlara töhfə verib. Əfqanıstandakı hərbçilərimizin sayını 2 dəfə artırmışıq. Biz yerləşdirmə, tranzit, logistika, o cümlədən, hava məkanından istifadə dəstəyi ilə töhfəmizi də veririk. Bu gün Əfqanıstana göndərilən qeyri-hərbi yüklərin 30 faizindən çox hissəsi Azərbaycan ərazisi ilə daşınır. Biz fəaliyyətimizi davam etdirməyə hazırıq. Cənab baş katibin bu gün qeyd etdiyi kimi, 2014-cü ildən sonra da bu işlər davam etdiriləcəkdir. Biz 2014-cü ildən sonra da proseslərin inkişafında iştirak etməyə hazırıq ".
Bu kontekstdə qeyd olunmalı ən vacib məqamlardan biri də Azərbaycan ordusunun NATO standartlarına müvafiq vəziyyətə gətirilməsidir. Məhz belə bir siyasi-hərbi strategiya nəticəsində regiondakı təhlükəsizlik məsələlərində funksional rola malik olmaq olar. Bəllidir ki, bütün iqtisadi layihələr və investisiyalar, eyni zamanda, bu faktoru da nəzərə alaraq inkişaf etdirilir. Bu baxımdan Azərbaycan ordusundakı modernləşdirilmə strategiyası əhəmiyyət kəsb edir. Digər tərəfdən Dağlıq Qarabağ problemi ilə əlaqədar olaraq da ordunun güclənməsi hər zaman dövlət başçımızın diqqət mərkəzindədir.
İqtisadi siyasətin, eyni zamanda, regional və təhlükəsizlik problemlərini də ehtiva etdiyini qeyd etməliyik. Bu baxımdan Azərbaycanın zəngin enerji ehtiyatlarına malik olması, bu gün respublikamızın Avropanın enerji təhlükəsizliyinin təmin olunması işində fəal iştirak etdiyini və bu sahədə böyük nailiyyətlər qazanıldığını, həmçinin, əlverişli coğrafi-siyasi məkanda yerləşən ölkəmizin beynəlxalq aləmdə regional əməkdaşlığa mühüm töhfələr verdiyi məlumdur. Belə ki, artan istehsal və bazarlar nəticəsində ölkəmizin neft-qaz siyasəti qlobal xarakter daşıdığı kimi milli təhlükəsizliyimizin də əhəmiyyətli parçasına çevrilmişdir. Cənab Prezident İlham Əliyev məhz NATO baş katibi Rasmussen ilə enerji təhlükəsizliyi mövzusunu da müzakirə etdiklərini ifadə edərək, fikirlərini belə ifadə etməkdədir: "Müzakirə etdiyimiz mövzulardan biri enerji təhlükəsizliyi idi. Azərbaycan bu məsələ ilə bağlı NATO-nun üzv dövlətləri ilə sıx işləyir. Biz nəhəng enerji ehtiyatları aşkar etmişik. Çox müasir daşıma infrastrukturuna, boru kəmərlərinə malikik. Biz yeni TANAP boru kəmərinin tikintisini planlaşdırırıq. Bu boru kəməri ilə resurslarımızı Avropa bazarlarına nəql edə biləcəyik. Enerji təhlükəsizliyi sahəsində etibarlı tərəfdaş kimi Azərbaycan öz səylərini davam etdirməyə, tərəfdaşlığın gücləndirilməsinə hazırdır. Əminəm ki, bu tərəfdaşlıq davam edəcək, xüsusən də, nəzərə alsaq ki, biz enerji təhlükəsizliyi məsələləri üzrə üzv dövlətlərlə artıq iş aparırıq, uğurlu olacaqdır. Bəzi üzv ölkələrin enerji balansında Azərbaycan neftinin payı 30 faizdən artıqdır. Əminəm ki, vaxt gələcək bizim qazımız da Avropadakı dostlarımızın və qonşularımızın qaz istehlakında mühüm yer tutacaqdır ".
NATO Dağlıq Qarabağ probleminə ikili standartla yanaşmamalıdır
Son günlərdə Ramil Səfərovun Azərbaycana ekstradisiyası və möhtərəm Prezidentimizin Fərmanı ilə əfv olunması ilə əlaqədar olaraq Ermənistan tərəfindən siyasi ajiotajın yaradılması və hətta azərbaycanlı diplomatların ASALA terror təşkilatı ilə təhdid edilməsi qəbuledilməz hadisələrdəndir. Belə ki, NATO baş katibinin də Ermənistana səfərində Ramil Səfərovun əfv olunmasından narahat olduğunu ifadə etməsi və bunun Dağlıq Qarabağ probleminin həllində mənfi təsir göstərəcəyini söyləməsi hadisəylə bağlı ikili standart nümayiş etdirmək mənasına gəlir. Məhz Cənab Prezident İlham Əliyevin mətbuat xidmətində məsələyə münasibət bildirməsi və tutarlı şəkildə cavab verməsi bir daha siyasi uğurumuz hesab olunmalıdır: "Reaksiyalara cavab olaraq qeyd edirəm ki, Ramil Səfərovla bağlı qərar Avropa Konvensiyasına uyğun verilib və Prezidentin Sərəncamı ilə onun əfv edilməsi Azərbaycan Konstitusiyasına uyğundur. Buna görə ümumi nöqteyi-nəzərdən vəziyyət tam aydındır. Azərbaycanı Konvensiyanın pozulmasında günahlandırmağa çalışanlar ya reallığı bilmir, ya da ictimai rəyi çaşdırmaq istəyirlər. Onu da qeyd etmək istəyirəm ki, Ermənistan bundan Azərbaycanla sülh prosesinə xələl gətirmək üçün fürsət kimi istifadə etməli deyildir. Azərbaycan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında sülh yolu ilə həllinə sadiqdir. Minsk Qrupunun həmsədr ölkələrinin prezidentlərinin verdiyi bəyanat bizi çox həvəsləndirdi. Bu bəyanatda deyilirdi ki, status-kvo qəbuledilməzdir. Bu status-kvo dəyişilməlidir. Ermənistan status-kvonu qoruyub saxlamağa çalışır...Mən sadəcə, ermənilərə xatırlatmaq istəyirəm. Fransanın Orli hava limanında 2001-ci ildə Avropa və Amerika vətəndaşlarının qətli ilə nəticələnən terror aktını törədən şəxs Fransadan Ermənistana ekstradisiya olunmuşdu. Baxmayaraq ki, o, Ermənistan vətəndaşı da deyildi, Ermənistan prezidenti isə onu əfv etdi. Mən terrorçular ilə zabitimiz arasında paralellik aparmaq istəməzdim. Lakin zabitimiz həbsdə artıq 9 il cəzasını çəkib. O, cəzalandırıldı, onun əfvi ilə bağlı qərar hüquqi nöqteyi-nəzərdən düzgün qərardır. Bu, Prezidentin qəbul etdiyi qərardır və düzgün qərardır. Azərbaycan öz zabitini vətənə qaytardı ".
Həqiqətən də, bu ifadələr Azərbaycanın müstəqil dövlət olduğunu bir daha sübut etməkdə və qlobal siyasi arenada dövlət başçımızın beynəlxalq normlara müvafiq olaraq məqsədyönlü siyasət yürütdüyünü nəzərə çatdırmaqdadır. Belə bir cavab həm NATO, həm də digər beynəlxalq siyasi təşkilatlar üçün önəmlidir. Çünkü Dağlıq Qarabağ problemi Ermənistanın səyləri nəticəsində həll olumamaqda və regionun təhlükəsizlyi üçün təhdidlər yaratmaqdadır. Cənab Prezidentin Ramil Səfərovu haqlı olaraq əfv etməsi və NATO baş katibi ilə olan mətbuat konfransında məsələyə qətiyyətli və arqmentli şəkildə münasibət bildirməsi dünya siyasətində nüfuzlu təşkilatlar və dövlətlər tərəfindən Azərbaycana qarşı ikili standartların tətbiq edilməsinin qarşısını alır və alacaqdır.
Rəşad İlyasov,fəlsəfə doktoru