PDF Oxu

Siyasət

  • 46

İlham Əliyev: “İnsanların rifah halı yaxşılaşır, pensiyalar, maaşlar artırılır, iş yerləri açılır. Budur inkişaf!”

İlham Əliyev: “İnsanların rifah halı yaxşılaşır, pensiyalar, maaşlar artırılır, iş yerləri açılır. Budur inkişaf!”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 9-da respublikamızın şimal-qərb bölgəsinə səfər edib. Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov və Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə cari il mayın 7-də baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması ilə əlaqədar Zaqatalada görülən işlər və rayonda aparılan abadlıq-yenidənqurma tədbirləri barədə dövlətimizin başçısına ətraflı məlumat veriblər.

Sentyabrın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizin şimal-qərb bölgəsinə səfəri çərçivəsində Zaqatalada 750 şagird yerlik Nizami Hüseynov adına şəhər 2 nömrəli tam orta məktəbin açılış mərasimində iştirak edib.

Dövlətimizin başçısına məlumat verildi ki, 1952-ci ildə inşa edilmiş bu məktəb 500 şagird yerlik olub. Cari il mayın 7-də baş verən zəlzələ nəticəsində məktəbin binası qəzalı vəziyyətə düşmüşdü. Azərbaycan Prezidentinin tapşırığına əsasən bu təhsil ocağı yenidən tikilib. Müasir görünüşü ilə diqqəti cəlb edən yeni məktəb binasında tədrisin keyfiyyətlə aparılması üçün bütün şərait yaradılıb. Müasir avadanlıqla və dərs ləvazimatları ilə təmin edilmiş məktəbin üçmərtəbəli binasının ümumi sahəsi bir hektardır. Burada A, B, C, D, E tədris blokları fəaliyyət göstərir. Məktəbin həyətində açıq futbol meydançası, mərkəzləşdirilmiş istilik sistemi yaradılıb, iki su anbarı, transformator quraşdırılıb. Məktəbin binasının birinci mərtəbəsində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə təhsilin inkişafına diqqət və qayğısını əks etdirən fotostend vardır. Məktəbdə yaradılmış şəraitlə tanışlıq zamanı Prezident İlham Əliyevin diqqətinə çatdırıldı ki, burada 45 sinif otağı, fənn kabinetləri, zəngin kitab fonduna malik kitabxana, akt zalı, şagirdlər üçün istirahət zalları, 250 nəfərlik yeməkxana, bufet, müəllim otaqları, inzibati və digər otaqlar vardır. Burada, həmçinin ingilis dili, internetə qoşulmuş kompyuter otaqları, müasir avadanlıqla təmin edilmiş laboratoriyalar fəaliyyət göstərir. Bu da şagirdlərin bilik və bacarıqlarının daha da genişləndirilməsinə böyük imkanlar açır. Hazırda məktəbdə təhsil alan 700 şagirdin təlim-tərbiyəsi ilə 110 müəllim məşğul olur. Tədrisin rus dilində aparıldığı məktəbdə ağac, metal üzərində oyma, tikiş emalatxanaları da fəaliyyət göstərir. Dövlətimizin başçısı məktəbdə yaradılmış şəraitdən razılığını bildirdi, kollektivə yeni tədris ilində uğurlar arzuladı.

Həmin gün Prezident İlham Əliyev cari il mayın əvvəlində ölkəmizin şimal-qərb bölgəsində baş vermiş zəlzələ nəticəsində evi qəzalı vəziyyətə düşən Zaqatala rayonunun Gözbarax kənd sakini, Qarabağ müharibəsi veteranı Mahir Soltanov üçün yeni inşa edilmiş fərdi evdə olub. Mayın 7-də baş vermiş zəlzələ zamanı bu ailənin də evi dağılmışdı. Mayın 9-da Azərbaycan Prezidenti zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı bölgəyə səfər edərkən bu ailənin üzvləri ilə də görüşmüşdü. Dövlətimizin başçısına məlumat verildi ki, evin əvvəlki sahəsi 170 kvadratmetr olmuşdur. Fövqəladə Hallar Nazirliyi tərəfindən tikilmiş yeni evin ümumi sahəsi 240 kvadratmetrdir. Beş otaqdan ibarət ikimərtəbəli ev qısa müddətdə və yüksək keyfiyyətlə tikilmişdir. Lazımi avadanlıqla təchiz olunmuş, 9 bal gücündə zəlzələyə davamlı yeni evdə dörd nəfərdən ibarət ailənin rahat yaşaması üçün hər cür şərait yaradılmışdır. Həyətyanı sahəyə hasar çəkilmiş, asfalt salınmışdır. Yeni ev elektrik enerjisi, təbii qaz və içməli su ilə təmin olunub. Azərbaycan Prezidenti evdə yaradılmış şəraitlə tanış oldu, görülmüş işləri yüksək qiymətləndirdi. Ev sahibi Mahir Soltanov göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıq etdi. Sentyabrın 9-da Azərbaycan Prezidenti İlham Əliyev Zaqatala rayonunun Gözbarax kəndində uşaq bağçasının açılışında iştirak edib. Azərbaycan Prezidenti uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsdi.

Prezident İlham Əliyev cari il mayın 9-da zəlzələdən zərər çəkmiş Gözbarax kəndində olarkən sakinlər burada uşaq bağçasının tikilməsini xahiş etmişdilər. Dövlətimizin başçısı bu kənddə uşaq bağçasının inşası barədə tapşırıq vermişdi. Ümumi sahəsi 1350 kvadratmetr olan bağçada 50 uşağın təlim-tərbiyəsi üçün hər cür şərait yaradılmışdır. Fövqəladə Hallar Nazirliyinin xətti ilə inşa edilmiş bağçada qazanxana, iki su anbarı tikilmiş, transformator quraşdırılmışdır.

Bağçanın foyesində ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın uşaqlara diqqət və qayğılarını əks etdirən fotostendlər yaradılmışdır. Burada 21 otaq, o cümlədən yeməkxana, kitabxana, həkim, musiqi otaqları və digər otaqlar vardır. Bağça iki qrup üzrə fəaliyyət göstərir.

Görülən işlərdən razılığını bildirən Prezident İlham Əliyev bağçanın kollektivinə uğurlar arzuladı. Azərbaycan Prezidenti İlham Əliyev həmin gün Zaqatalada 500 şagird yerlik Gözbarax kənd tam orta məktəbinin açılış mərasimində iştirak edib. Dövlətimizin başçısı məktəbin rəmzi açılışını bildirən lenti kəsdi, təhsil ocağında yaradılmış şəraitlə tanış oldu.

Prezident İlham Əliyev məktəbin əvvəlki və sonrakı görüntülərini əks etdirən stendlərə baxdı. Məlumat verildi ki, bu ilin mayında Zaqatalada baş vermiş zəlzələ nəticəsində Gözbarax kənd tam orta məktəbinin binası tamamilə yararsız vəziyyətə düşmüşdür. Prezidentin göstərişinə əsasən bu il iyunun 12-də Fövqəladə Hallar Nazirliyinin xətti ilə məktəb üçün yeni binanın tikintisinə başlanmışdır. Bina yüksək keyfiyyətlə və müasir tələblər səviyyəsində inşa olunmuşdur.

Məktəbin foyesində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə təhsilin inkişafına diqqət və qayğısını əks etdirən fotostendlər, eləcə də dövlət atributlarına aid xüsusi guşə yaradılmışdır. Yeni avadanlıq və dərs ləvazimatları ilə təmin edilmiş məktəbdə 36 sinif otağı, fənn kabinetləri, zəngin ədəbiyyat fonduna malik kitabxana, kompyuter otaqları, akt zalı, şagirdlər üçün istirahət zalları, 150 nəfərlik yeməkxana, bufet, müəllim otaqları, inzibati və digər otaqlar vardır. Dövlətimizin başçısı məktəbdə yaradılmış şəraitdən razılığını bildirdi. Sonra rayon ictimaiyyətinin nümayəndələri ilə görüşən Prezident İlham Əliyev, yeni məktəbin açılışı münasibətilə Gözbarax kəndinin bütün sakinlərini təbrik edib: "Heç vaxt bu kənddə belə məktəb olmamışdır. Köhnə məktəbin görüntüləri burada əks olunur. Doğrudan da bu məktəbin qısa müddət ərzində tikilməsi Azərbaycan dövlətinin nə qədər güclü olduğunu göstərir. Biz sizinlə təxminən dörd ay bundan əvvəl görüşmüşdük. Dəhşətli zəlzələ baş verdikdən sonra mən dərhal buraya gəldim, sizinlə görüşdüm. O günü, o həyəcanı xatırlayıram. O da təbii idi. Çünki bir gündə insanlar öz evlərini itirmişdilər, dağıntılar həddindən artıq çox idi. Ancaq onu da xatırlayıram ki, sizə demişdim narahat olmayın, qısa müddət ərzində bütün evlər bərpa ediləcək, daha da gözəl evlər tikiləcəkdir. Hazırda tanış olduğum bir ev onu göstərir ki, doğrudan da əvvəlki vəziyyətdən daha da gözəl vəziyyət yaradılmışdır. Dörd ay ərzində bu qədər işin görülməsi doğrudan da böyük hadisədir. Zəlzələ baş verdikdən sonra görülən bütün işlər, tədbirlər bir məqsədi güdürdü. Məqsəd insanların yaşayış səviyyəsini yaxşılaşdırmaq, onları düşdüyü ağır vəziyyətdən tezliklə çıxarmaq idi.

Zəlzələ, əlbəttə böyük bir sınaq, böyük bir faciə, fəlakət idi. Ancaq, eyni zamanda, zəlzələnin fəsadlarının aradan qaldırılması nəticəsində daha da gözəl şərait yaradıldı. İndi bu gün baxdığım ev göz oxşayır. İkimərtəbəli, gözəl arxitektura elementləri ilə seçilən bu ev bu ailənin əvvəlki evindən bəlkə də iki dəfə genişdir.

Onu qeyd etməliyəm ki, bütün bu işləri biz dövlət hesabına görürük. Müxtəlif bölgələrdə, müxtəlif ölkələrdə təbii fəlakətlər, daşqınlar, zəlzələlər baş verir. Adətən dövlət, - yəni inkişaf etmiş ölkələrdə, - bu təmir-bərpa işləri ilə məşğul olmur. İnsanlar özləri, - onların evləri sığortalıdır, - sığorta şirkətlərinə müraciət edir və kompensasiya yolu ilə öz evlərini bərpa edirlər. Bizdə isə belə deyildir. Bizdə, xüsusilə kənd yerlərində heç bir ev sığortalanmayıb. Əslində gələcəkdə bu məsələ ilə bağlı da fikirləşməliyik. Bakı şəhərində artıq bu proses başlamışdır. Bölgələrdə də bunu etmək lazımdır. Ona görə dövlət bütün xərcləri öz üzərinə götürmüşdür. Yəni bütün binalar, evlər dövlət vəsaiti hesabına tikilir və sakinlərə hədiyyə olaraq verilir. Bu da Azərbaycan dövlətinin sosialyönümlü siyasətin aparılmasında israrlı olduğunu bir daha göstərir. Çünki bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır, onun həyatıdır, təhlükəsizliyidir və rifahıdır. Bu ağır hadisə, bu zəlzələ bir daha göstərdi ki, Azərbaycan istənilən sınaqla üz-üzə qalaraq bütün sınaqlardan öz gücü hesabına üzüağ çıxacaq və çıxır. Bu gün Azərbaycan artıq dünyada tanınan bir ölkədir. Buraya gələn, Bakını görən, - yəni, xoş niyyətlə gələnlər, - hər bir xarici qonaq öz təəccübünü, sevincini gizlədə bilmir: Bakı nə qədər inkişaf edib. Dünyanın ən gözəl şəhərlərindən biridir. Bölgələr də inkişaf etməlidir. Məhz buna görə 2004-cü ildə mənim təşəbbüsümlə regionların inkişaf proqramı qəbul edildi. Təsəvvür edin, əgər o proqram qəbul edilməsəydi, əgər biz bölgələrin inkişafına diqqət verməsəydik, indi Azərbaycanın uğurları yarımçıq ola bilərdi və iqtisadi inkişafı da bu qədər sürətlə gedə bilməzdi. Çünki bu ilin altı ayında qeyri-neft iqtisadiyyatımız, yəni, daha çox sənaye istehsalı və kənd təsərrüfatı hesabına formalaşan iqtisadiyyatımız 10 faizdən çox artmışdır. Neft iqtisadiyyatımız isə aşağı düşmüşdür. Çünki neftin hasilatı bir qədər aşağı düşüb. Neftdən asılılığı azaltmaq və aradan götürmək planlarımız həyata keçirilir. İnsanların rifah halı yaxlaşır, pensiyalar, maaşlar artırılır, iş yerləri açılır. Budur inkişaf. Bütün bunları biz dünyanı hələ ki, sarsıdan iqtisadi və maliyyə böhranı zamanı əldə etmişik. Bu günlərdə dünyanın ən mötəbər qurumlarından biri olan Davos İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını dünya miqyasında rəqabət qabiliyyətliliyinə görə 46-cı yerə layiq görmüşdür. MDB məkanında birinci Azərbaycandır. İqtisadi inkişaf templərinə görə yenə də birinci Azərbaycandır. Bölgədə idmanda birinci yenə də Azərbaycandır."

Sonda xatirə şəkli çəkdirildi. Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 9-da Zaqatala rayonunun Bəhmətli kəndində Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa ediləcək şəhid Ələddin Cavadov adına tam orta məktəb üçün yeni binanın təməlqoyma mərasimində iştirak edib. Əvvəlcə dövlətimizin başçısı ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu. Azərbaycan Prezidenti yeni məktəb binasının gələcək görüntülərini əks etdirən stendə və layihə sxeminə baxdı. Bildirildi ki, mayın əvvəlində ölkəmizin şimal-qərb bölgəsində baş vermiş zəlzələ nəticəsində Zaqatalada Ələddin Cavadov adına Bəhmətli kənd orta məktəbi də qəzalı vəziyyətə düşmüşdür. Buna görə də kənddə yeni məktəb binasının tikintisi qərara alınmışdır. Onun yerində üç korpusdan ibarət, 600 şagird yerlik üçmərtəbəli müasir tam orta məktəb binası tikiləcəkdir. Diqqətə çatdırıldı ki, məktəbdə tədris prosesinin yüksək səviyyədə təşkili üçün hər cür şərait yaradılacaqdır. Təhsil ocağının cari ilin sonunda şagirdlərin ixtiyarına verilməsi nəzərdə tutulur. Dövlətimizin başçısı məktəbin təməlini qoydu. Prezident İlham Əliyev tikinti işlərinin yüksək keyfiyyətlə aparılması ilə bağlı tapşırıqlarını verdi. Daha sonra dövlətimizin başçısı məktəbin pedaqoji kollektivi ilə söhbət etdi. Məktəbin müəllimləri Azərbaycan Prezidentinə təşəkkür etdilər. Zaqatala rayonuna səfərini başa çatdıran Prezident İlham Əliyev zəlzələnin vurduğu ziyanın aradan qaldırılması ilə bağlı görülən işlərlə tanış olmaq üçün sentyabrın 9-da Qax rayonuna gəlib.

Dövlətimizin başçısı cari il mayın əvvəlində ölkəmizin şimal-qərb bölgəsində baş vermiş zəlzələ nəticəsində evi qəzalı vəziyyətə düşən Qax rayonunun Güllük kənd sakini Abdulla Məmmədov üçün yeni inşa edilmiş fərdi evdə oldu. Bildirildi ki, Fövqəladə Hallar Nazirliyinin baş vermiş zəlzələ ilə bağlı müvafiq komissiyası tərəfindən Qax rayonunda keçirilən baxış nəticəsində 3 min 336 fərdi evin və 19 sosial obyektin qəzalı vəziyyətdə olmasına dair rəylər verilmişdir. Rayonun Güllük, Qapıçay, Ləkit, Ləkit-Kötüklü, Zərnə və Fıstıqlı kəndlərində sökülən evlərin 266-da tikinti işləri aparılır.

Qeyd edildi ki, zəlzələ Güllük kəndinə daha çox ziyan vurmuşdur. Güclü yeraltı təkanlar nəticəsində bu kənddəki 550-dən çox fərdi evin, demək olar ki, hamısına müxtəlif dərəcədə ziyan dəymişdir. Mayın 9-da Prezident İlham Əliyev zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı görülən işlərlə yerində tanış olmaq üçün fəlakət bölgəsinə səfər edərkən Güllük kəndində də olmuş, zərərçəkən sakinlərlə görüşmüşdü. O zaman Azərbaycan Prezidenti kənd sakini Abdulla Məmmədovun ailəsinə də baş çəkmişdi.

Prezident İlham Əliyevə məlumat verildi ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən A.Məmmədov üçün tikilmiş fərdi evin ümumi sahəsi 118 kvadratmetrdir. Beş otaqdan ibarət ikimərtəbəli ev qısa müddətdə, yüksək keyfiyyətlə inşa olunmuşdur. Yeni ev zəruri avadanlıqla təchiz edilmişdir. Dövlətimizin başçısı evdə yaradılmış şəraiti yüksək qiymətləndirdi. Qax rayonuna səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilmiş 300 şagird yerlik Güllük kənd ümumi orta məktəbinin açılışında iştirak edib.

Dövlətimizin başçısına məlumat verildi ki, Qax rayonunda baş vermiş təbii fəlakət nəticəsində qəzalı vəziyyətə düşən 10 məktəb binası sökülmüşdür. Fövqəladə Hallar Nazirliyinin sifarişi ilə podratçı təşkilatlar tərəfindən Ləkit kəndində 420, Zərnə kəndində 240, Qorağan kəndində 220 şagird yerlik tam orta məktəblərin binalarında tikinti işləri davam etdirilir. Güllük kəndində isə məktəbin əsaslı təmir işləri başa çatdırılmışdır. Sahəsi 163 kvadratmetr olan iki əlavə korpus tikilərək istifadəyə verilmişdir. Korpuslardan birində idman zalı, digərində isə elektron kitabxana, oxu zalı, kompyuter otağı fəaliyyət göstərəcəkdir. Qeyd edildi ki, ikimərtəbəli məktəbdə 100-dən çox şagird təhsil alacaqdır. Təmir işləri zamanı məktəb tamamilə müasir səviyyədə yenidən qurulmuşdur. Əsaslı təmir və yenidənqurma işləri ilə yaxından tanış olan Prezident İlham Əliyev müvafiq tapşırıq və tövsiyələrini verdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 9-da Qax rayonuna səfərini başa çatdıraraq Şəki şəhərinə gəlib.

Dövlətimizin başçısı Şəki şəhərinin mərkəzində xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu. Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Azərbaycan Prezidentinə son dövrlərdə ulu öndərin abidəsinin ətrafında, ümumiyyətlə Şəkidə həyata keçirilən abadlıq-quruculuq işləri barədə məlumat verdi. Sentyabrın 9-da Prezident İlham Əliyev Şəkidə Heydər Əliyev Mərkəzinin təməlqoyma mərasimində iştirak edib.

Dövlətimizin başçısı mərkəzin layihəsini əks etdirən stendlərə baxdı. Prezident İlham Əliyev inşa ediləcək Heydər Əliyev Mərkəzi, Bayraq Meydanı və Şəki Şəhər İcra Hakimiyyəti üçün yeni binanın maketi ilə tanış oldu.

Dövlətimizin başçısına Şəki şəhərinin baş planı təqdim olundu. Prezident İlham Əliyevə tikintisi davam etdirilən binalar və gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan layihələr haqqında da məlumat verildi. Azərbaycan Prezidenti Heydər Əliyev Mərkəzinin təməlini qoydu. Dövlətimizin başçısı tikinti işlərinin yüksək səviyyədə görülməsi ilə bağlı müvafiq tapşırıqlarını verdi. Prezident İlham Əliyev daha sonra, sentyabrın 9-da Şəkidə Mirzə Fətəli Axundzadə adına mədəniyyət və istirahət parkında aparılmış yenidənqurma işləri ilə tanış olub. Dövlətimizin başçısı Azərbaycan milli dramaturgiyasının banisi, böyük mütəfəkkir M.F.Axundzadənin parkda ucaldılmış abidəsinin önünə gül dəstəsi qoydu. Məlumat verildi ki, parkda yenidənqurma işlərinə ötən il başlanılmışdır. Şəki Şəhər İcra Hakimiyyətinin daxili imkanları hesabına aparılmış yenidənqurma işlərindən sonra ərazi tamamilə simasını dəyişmişdir. Burada şəhər sakinlərinin istirahəti üçün hər cür şərait yaradılmışdır. Ümumi sahəsi 7 hektar olan parkın 35 min kvadratmetr ərazisində yaşıllıq işləri görülmüş, müxtəlif dekorativ ağaclar və gül kolları əkilmişdir. Parkda uşaqların da istirahətlərini maraqlı keçirmələri üçün lazımi şərait yaradılmışdır. Burada iki fəvvarə, süni şəlalə və göl yaradılmışdır. Prezident İlham Əliyev parkda görülmüş işlərdən razılığını bildirdi. Prezident İlham Əliyev sentyabrın 9-da Şəkidə dördulduzlu "Shaki Palace" otelinin açılışında iştirak edib. Azərbaycan Prezidenti otelin rəmzi açılışını bildirən lenti kəsdi. Məlumat verildi ki, ümumi sahəsi 8 min kvadratmetr olan "Sheki Palace" otelinin tikintisinə 2007-ci ilin mayında başlanmışdır. Otelin binası iki hissədən - aşağı və yuxarı korpuslardan ibarətdir. Müasir havalandırma sistemi ilə təchiz edilmiş otel kompleksinin eyni vaxtda 100 nəfərə xidmət göstərməsi nəzərdə tutulmuşdur. Oteldə 40-dək işçi çalışacaqdır. İki mərtəbədən ibarət birinci korpusda 7 otaq qədim sənətkarlıq növü ilə məşğul olan sənətkarlar üçün emalatxanalarının yaradılması və istehsal olunmuş məhsulların satışı üçün xidmət obyektləri kimi nəzərdə tutulmuşdur. Burada ailə üçün nəzərdə tutulan 11 xüsusi nömrə, eyni zamanda, fitnes mərkəz də fəaliyyət göstərir. Korpusun üst hissəsinin meydançasında qış mövsümü üçün restoran və qarşısında yay mövsümü üçün 100 yerlik açıq terras vardır. Burada, həmçinin konfrans-sərgi zalı və çay evi də yaradılmışdır. Üç mərtəbədən ibarət əsas korpusda isə ümumilikdə 34 nömrə fəaliyyət göstərəcəkdir ki, bunlardan ikisi üçotaqlı və dördotaqlı olmaqla VİP, ikisi ikiotaqlı, qalanları isə standart nömrələrdir. Oteldə 40 və 50 yerlik restoranlar fəaliyyət göstərəcəkdir. Beləliklə, "Shaki Palace" oteli Şəkinin turizm potensialının göstəricisi olmaqla yanaşı, bu bölgənin imkanlarını bir daha nümayiş etdirir.Prezident İlham Əliyev oteldə yaradılmış şəraiti yüksək qiymətləndirdi. Otelin kollektivi və inşaatçılar dövlətimizin başçısı ilə xatirə şəkli çəkdirdilər. Sentyabrın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəkiyə səfəri çərçivəsində bu rayonda 423 məcburi köçkün ailəsi üçün salınmış yeni qəsəbənin açılışında iştirak etmişdir. Əvvəlcə dövlətimizin başçısı Şuşadan olan məcburi köçkün Vaqif Hüseynovun evində oldu. Bu ailədən olan iki uşaq dövlətimizin başçısına Xalq Şairi Səməd Vurğunun "Azərbaycan" şerini söylədilər.

Azərbaycan Prezidenti evdə yaradılmış şəraitlə tanış oldu. Sonra Prezident İlham Əliyev qəsəbədə tikilən 360 şagird yerlik Ağdam 29 nömrəli köçkün tam orta məktəbinə gəldi. Burada qəsəbə sakinləri dövlətimizin başçısını hərarətlə qarşıladılar. Prezident İlham Əliyev bədii özfəaliyyət dərnəkləri üzvlərinin çıxışını dinlədi. Sonra dövlətimizin başçısı məcburi köçkünlərlə görüşdü. Məktəbin müəlliməsi Aysel Mustafayeva, Şəki şəhər 20 nömrəli məktəbin direktoru Mais Səlimov, Milli Məclisin deputatı Yaqub Mahmudov məcburi köçkün ailələrinə və Şəkinin inkişafına göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Prezidentinə təşəkkür etdilər. Daha sonra dövlətimizin başçısı 29 nömrəli tam orta məktəbində yaradılmış şəraitlə tanış oldu.

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov məlumat verdi ki, yüksək şəraiti ilə seçilən, müasir təlim-tədris avadanlığı ilə diqqəti cəlb edən bu məktəbdə müəllim və şagird kollektivi üçün hər cür şərait yaradılmışdır. Bu, bir daha təsdiqləyir ki, Azərbaycan zəngin təbii sərvətlərdən səmərəli istifadə yolu ilə insan kapitalının daha da inkişaf etdirilməsini prioritet istiqamət seçmişdir. Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı təsdiqləyir ki, bu mühüm amil son dövrlərdə dövlət siyasətinin vacib prinsipləri sırasına daxil edilmişdir. Bütün orta təhsil müəssisələrində kompyuter sinifləri yaradılmış, internetə qoşulmuşdur. Heydər Əliyev Fondunun dövlət səviyyəsində həyata keçirilən bu fəaliyyət proqramına verdiyi dəstək isə öz nadir xüsusiyyəti ilə seçilir.

Diqqətə çatdırıldı ki, qəsəbədə 50 yerlik uşaq bağçası da inşa olunmuşdur. Bağçada balacaların təlim-tərbiyəsi üçün bütün tələblər nəzərə alınmışdır. Ərazidə klub-icma mərkəzi, inzibati bina, ambulatoriya və poçt binaları da inşa edilmişdir. Bu qəsəbə Şəki rayonunun Kiş bələdiyyəsinin ərazisində Prezident İlham Əliyevin 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"na Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 31 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilən əlavələrin müvafiq bəndlərinə əsasən inşa olunmuşdur. Yeni qəsəbəyə Şəki rayonundakı fin tipli qəsəbədə məskunlaşan 372 ailə və ya 1551 nəfər, o cümlədən məktəb binasında yerləşən 51 ailə və ya 209 nəfər, ümumilikdə 423 ailə və ya 1760 nəfər köçürüləcəkdir. Məcburi köçkün ailələrindən 149-u Ağdamdan, 168-i Laçından, 53-ü Kəlbəcərdən, 44-ü Şuşadan, 9-u isə Xocalıdandır. Qəsəbənin ərazisi 84 hektardır və buradakı evlərdən 17-si birotaqlı, 211-i ikiotaqlı, 175-i üçotaqlı, 20-si isə dördotaqlıdır. Yeni qəsəbə Dövlət Neft Fondundan ayrılan 33 milyon 227 min manat vəsait hesabına Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən tikilmişdir. Qəsəbənin elektrik, su və qaz təchizatı şəbəkələri Şəki rayonunun kommunikasiya sisteminə qoşulmuşdur.

Azərbaycan Prezidenti məktəbin idman zalında şagirdlərin nümunəvi çıxışlarına baxdı, onlarla xatirə şəkli çəkdirdi. Məktəbin ikinci mərtəbəsində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin məcburi köçkünlərə diqqət və qayğısını əks etdirən stendlər yaradılmışdır. Dövlətimizin başçısı məktəbin eyvanından ətrafı seyr etdi. Azərbaycan Prezidenti İlham Əliyev respublikamızın şimal-qərb bölgəsinə səfəri çərçivəsində Qəbələ rayonuna gəlib.

Sentyabrın 10-da dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Qəbələ şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu. Prezident İlham Əliyevə abidənin yerləşdiyi Heydər Əliyev Parkında görülmüş abadlıq-quruculuq işləri barədə məlumat verildi. Bildirildi ki, parkda əhalinin istirahəti üçün hər cür şərait yaradılmışdır. Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 10-da Qəbələ Mədəniyyət Evinin yeni tikilmiş binasında görülən son tamamlama işlərinin gedişi ilə tanış olub. Əvvəlcə dövlətimizin başçısı Mədəniyyət Evinin tikintisini və tam hazır olduqdan sonrakı görünüşünü əks etdirən stendlərə, eləcə də binanın maketinə baxdı. Sonra Azərbaycan Prezidenti Mədəniyyət Evinin teatr-konsert zalında oldu. Bildirildi ki, burada rayon əhəmiyyətli tədbirlərin yüksək səviyyədə təşkili üçün hərtərəfli şərait vardır. Görülən işlərlə tanış olan dövlətimizin başçısı müvafiq tapşırıq və tövsiyələrini verdi. Sentyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev Qəbələ şəhər məscidinin yeni binasının tikintisinin son tamamlama işləri ilə tanış olub. Dövlətimizin başçısı məscidin tikintisinin tam başa çatmasından sonrakı görüntülərini əks etdirən fotostendə baxdı.Məlumat verildi ki, Qəbələ şəhər məscidinin əvvəlki kiçik binası son dövrdə tamamilə yararsız vəziyyətə düşmüşdü. Məscidin binasının tikintisinə 2011-ci ilin martında başlanılmış, bu məqsədlə 800 kvadratmetr torpaq sahəsi ayrılmışdır. Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilən məsciddə eyni vaxtda 800-ə yaxın insan ibadət edə biləcəkdir. Məscidin ikimərtəbəli əsas binasının, eləcə də giriş pilləkəninin, körpücüyün və 21,6 metr hündürlüyündə minarəsinin tikintisi artıq başa çatdırılmışdır. Minarələrin davamlılığını artırmaq məqsədi ilə 10 metr dərinliyində özülbərkitmə işləri aparılmışdır. Hazırda binanın daxilində işlər yekunlaşmaq üzrədir. Diqqətə çatdırıldı ki, məscidin ərazisindəki məişət binasında da son tamamlama işləri görülür. Burada kitabxana, mərasim zalı, dəstəmaz yerləri və digər otaqlar fəaliyyət göstərəcəkdir. Azərbaycan Prezidenti müvafiq tapşırıq və tövsiyələrini verdi. Sentyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev Qəbələ rayonunun Bum qəsəbəsində stend və ox atıcılığı kompleksində tikinti işlərinin gedişi ilə tanış olub.

Dövlətimizin başçısına məlumat verildi ki, kompleksin 25 hektarlıq sahəsi dağlıq ərazini əhatə edir. Ərazidə inzibati bina, silah-sursat anbarı və mağazası, 45 atıcılıq yeri üçün 50 və 25 metrlik, 30 atıcılıq yeri üçün 10 metrlik tirlər, 8 dairəvi səngər, 7 meydança, 25-50 metr məsafələrdə ox atmaq üçün sahə, 120 yerlik yeməkxana binası, elektromobilləri yükləmək və saxlamaq üçün otaq və sahə, yarışları seyr etmək üçün tribuna, bayraq meydançası, nəzarət-buraxılış məntəqəsi, istirahət məkanları yaradılacaqdır. Bundan başqa, ərazidə içməli su və yanğından mühafizə çənləri, müxtəlif mühəndis qurğuları, transformator yarımstansiyası da qurulacaqdır. Prezident İlham Əliyev tüfəngdən hədəfə bir neçə sərrast atəş açdı. Dövlətimizin başçısı müvafiq tapşırıq və tövsiyələrini verdi.

Digər xəbərlər