Sentyabrın 11-də Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasına işgüzar səfərə gəlib. Həmin gün Qəbələdə Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşü keçirilib. Görüşdə ölkələrimiz arasında siyasi, iqtisadi, ticarət, enerji, nəqliyyat, hərbi-texniki sahələrdə əməkdaşlıq, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli və perspektivləri barədə fikir mübadiləsi aparıldı.
Dünən Qəbələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ikinci iclası keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev iclasın iştirakçılarını salamlayaraq dedi ki, Bizim strateji müttəfiqliyimiz inkişaf edir, güclənir, bütün sahələri əhatə edir:
"Hörmətli cənab Baş nazir, əziz qardaşım!
Mən Sizi səmimiyyətlə salamlayıram, Azərbaycana xoş gəlmisiniz! Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ikinci iclasını biz Azərbaycanda, Qəbələdə keçiririk. Birinci iclası İzmirdə keçirdik, çox uğurlu keçdi, indi isə burada. Keçən dövr ərzində əlaqələrimiz sürətlə inkişaf etmişdir. İzmir görüşümüzdən sonra çox önəmli hadisələr baş vermişdir. Biz Sizinlə dəfələrlə görüşmüşdük, TANAP layihəsinə imza atdıq. Bir sözlə, İzmirdə qəbul olunmuş qərarlar icra edilir. Bizim strateji müttəfiqliyimiz inkişaf edir, güclənir, bütün sahələri əhatə edir. Bugünkü toplantının gündəliyi də çox genişdir və hər iki tərəfdən bakanlar təmsil olunur, onlar da öz sözlərini deyəcəklər. Bakanlarımız da bir-biri ilə sıx təmasdadır, əlaqədədir, mən Bakıda onlarla tez-tez görüşürəm, bizimkilər də sizi ziyarət edir. Bir sözlə, iki qardaş ölkə inamla və uğurla işbirliyini davam etdirir və bugünkü toplantı əminəm ki, gələcək fəaliyyətimiz üçün də bir yol xəritəsi olacaqdır. Əminəm ki, bu toplantı da uğurlu olacaq və ölkələrimizin inkişafı, birliyi üçün yeni imkanlar yaradılacaqdır. Bir daha xoş gəlmisiniz, Sizi ürəkdən salamlayıram!"
Daha sonra Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan çıxış edərək fikirlərini diqqətə çatdırdı:
"Mən də şəxsən öz adımdan, bütün heyətim adından çox təşəkkür edirəm. Dəyərli qardaşım, Prezidentimiz və hörmətli bakanlar, heyət üzvləri, hər dəfə Azərbaycana səfər edəndə özümüzü təbii ki, fərqli bir ölkədə deyil, evimizdə görürük. Bu evimizdəki məhəbbət də hər iki ölkənin, hər iki millətin daha da güclənərək yoluna davam etməsinə gətirib çıxarır.
Bundan on il əvvəl bir milyard dollara yaxın ticarət dövriyyəsi ilə bu yola çıxmışdıq, amma indi 3,5 milyard dollarlıq səviyyəyə çatmışıq. Təbii ki, bununla kifayətlənmirik. İnşallah, bunu sürətlə ən qısa zamanda beş milyard dollara çatdıracağıq. Bu yaxınlarda iqtisadiyyat naziri Zəfər Çağlayan Azərbaycanda idi, Sizinlə görüşüb. Bu hədəfi qarşıya qoyduq və Qarışıq Komissiyanın toplantısı ilə bağlı da bir az əvvəl hörmətli qardaşımla söhbət apardıq, bunları da müzakirə etdik. Bu ilin sonuna qədər Qarışıq Komissiyanın toplantılarını da keçirmək istəyirik ki, bu işi sürətlə davam etdirək.
Təbii ki, bizim istər hərbi, istər siyasi, istər mədəni əməkdaşlığımız bütün beynəlxalq aləmdə də çox ciddi bir həmrəylik içərisində davam edir. Bununla bərabər, enerji sahəsindəki həmrəyliyimiz bu an artıq zirvəyə çatdı. Üstəlik TANAP addımı ilə İstanbulda imzalar atıldı. İndi bundan sonra da, inşallah, artıq mexanizmləri işə salmağa başlayacağıq. İnşallah, TANAP sürətlə Azərbaycan qazını alıb Avropaya daşımaq imkanını, fürsətini tapacaqdır. Bu da təbii ki, fərqli dəyişikliklərə, fərqli inkişafa səbəb olacaqdır. Biz bunu bilərək bu addımları atırıq. Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının İzmirdən sonrakı bu ikinci toplantısının da çox səmərəli olacağına inanıram. Nazir yoldaşlarımız artıq öz aralarında lazımi görüşləri keçirdilər. Mən bugünkü toplantının xeyirlərə, bərəkətə səbəb olmasını diləyirəm.
Mən də təkrar bütün yoldaşlarım adından Sizlərə salam, sevgi və hörmətimi çatdırıram."
Sentyabrın 11-də Qəbələdə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ikinci iclası başa çatandan sonra Prezident İlham Əliyevin və Baş nazir Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimi olub.
Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ikinci iclasının Protokolu"nu imzaladılar. "Bakı Dövlət Universiteti və Yunus Əmrə İnstitutu arasında "Türkologiya layihəsi" üzrə Əməkdaşlıq Protokolu"nu Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov və Yunus Əmrə İnstitutunun türkologiya əlaqələndiricisi Yasin Tunç imzaladılar. "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti və Türkiyə Radio-Televiziya Qurumu arasında Əməkdaşlıq Protokolu"nu "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Alışanov və Türkiyə Radio-Televiziya Qurumu - TRT-nin baş direktoru İbrahim Şahin imzaladılar.
"Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi və Türkiyə Respublikasının Nəqliyyat, Dənizçilik və Kommunikasiya Nazirliyi arasında kombinə edilmiş yük daşımalarının inkişafına dair Anlaşma Memorandumu"nu Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov və Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Binəli Yıldırım imzaladılar.
"Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Türkiyə Respublikasının Xarici İşlər Nazirliyi arasında diplomatların mübadiləsinə dair Anlaşma Memorandumu"nu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu imzaladılar. "Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında "Azərbaycan-Türkiyə toxumçuluq və araşdırma ortaq müəssisəsi"nin fəaliyyətinin nizamlanması haqqında Protokol"u Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov və Türk Əməkdaşlıq və İnkişaf İdarəsinin rəhbəri Sərdar Çam imzaladılar.
"Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında axtarış və xilasetmə xidmətlərinin əlaqələndirilməsi haqqında Saziş"i Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Binəli Yıldırım imzaladılar. "Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında texniki tənzimlənmə, standartlaşdırma, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya və metrologiya sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev və Türkiyənin iqtisadiyyat naziri Zəfər Çağlayan imzaladılar.
Hörmətli qonağın şərəfinə
Sentyabrın 11-də Qəbələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından ölkəmizdə işgüzar səfərdə olan Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın şərəfinə rəsmi ziyafət verilmişdir
Əksər amerikalılar buna inanır. Amerika Birləşmiş Ştatları Prezidentindən narazılıq Respublikaçılara zərbə vura bilər...