İlham Əliyev: "Azərbaycan dövləti güclü dövlətdir və bütün təbii fəlakətlərin fəsadlarının aradan qaldırılması üçün bizdə kifayət qədər imkanlar vardır"
Məlum oldluğu kimi, bu ilin mayında ölkənin şimal-qərb rayonlarında baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində kompleks tədbirlər davam etdirilir. Zəlzələ bölgəsində işlərin gedişi ilə mütəmadi tanış olan ölkə Prezidenti İlham Əliyev zəlzələdən sentyabrın 9-da zərər çəkmiş Qax, Şəki, Zaqatala və Balakən rayonlarının bir neçə kəndində olub, aparılan tikinti işləri ilə maraqlanıb.
Zəlzələ bölgəsində 3 mindən artıq fərdi ev tikilir
Cari ilin mayında ölkənin şimal-qərb rayonlarında baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində kompleks tədbirlər davam etdirilir. Zəlzələ bölgəsində fəaliyyət göstərən tikinti təşkilatlarından verilən son məlumatlara görə, hazırda Zaqatala, Qax və Balakən rayonlarında 3256 fərdi evin tikintisi aparılır. 2824 qəzalı ev artıq tam sökülüb. Tikintisinə başlanan fərdi evlərdən 2512-sində bünövrə çalasının qazılması, 2103 evdə bünövrənin betonlanması, 1783 evdə isə daş-hörgü işləri aparılır. Eyni zamanda, artıq 127 evdə dam örtüyünün quraşdırılmasına, 35 evdə isə pəncərə və qapıların qoyulmasına başlanıb. Fərdi evlərlə yanaşı, bu rayonlarda, eləcə də, Şəki şəhərində 36 məktəb və 1 institut filialı binalarının tikintisi də sürətlə davam etdirilir. Zaqatala rayonunun Gözparaq kəndində uşaq bağçası üçün yeni binanın inşasına başlanıb. Ümumiyyətlə, üç rayonda 2253 evdə söküntü işləri aparılıb, 1615 evin bünövrəsi qazılıb, 1071 evdə isə bünövrənin betonlaşması başa çatdırılıb. Bundan başqa, 438 evdə hörgü və kəmər işləri aparılıb.
Zəlzələdən ciddi ziyan çəkmiş kəndlərin əhalisi dövlətə inanır
Ölkə Prezidenti İlham Əliyev zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı görülən işlərlə yerində tanış olmaq üçün təbii fəlakət bölgəsinə səfər edərkən, Güllük kəndində də olmuş, zərərçəkən sakinlərlə görüşmüşdü. Qeyd edək ki, hələ may ayının 7-də təbii fəlakətin törətdiyi fəsadlarla yerində tanış olan dövlətimizin başçısı qəzalı evlərin sökülərək təcili surətdə yenilərinin tikilməsi ilə bağlı aidiyyəti qurumlara müvafiq göstərişlər vermişdi.
Sentyabrın 9-da təbii fəlakət bölgəsində səfərdə olan Prezident İlham Əliyev cənablarına məlumat verildi ki, Güllük kənd sakini Abdulla Məmmədov üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən tikilmiş fərdi evin ümumi sahəsi 118 kvadratmetrdir. Beş otaqdan ibarət ikimərtəbəli ev qısa müddətdə, yüksək keyfiyyətlə inşa olunmuşdur. Yeni ev zəruri avadanlıqla təchiz edilmişdir. Həmçinin, diqqətə çatdırıldı ki, təbii fəlakətin fəsadlarının aradan qaldırılması üçün bütün imkanlar səfərbər edilmişdir. Zəlzələdən ziyan çəkmiş bütün kəndlərdə qısa müddət ərzində yeni gözəl evlər tikilir.
Dövlət başçısı evdə yaradılmış şəraiti yüksək qiymətləndirdi. Evin sahibi Abdulla Məmmədov ailəsi adından Azərbaycan Prezidentinə göstərdiyi diqqət və qayğıya görə təşəkkür etdi.
Gözbarax kəndində uşaq bağçasının açılışı körpələri sevindirdi
Qeyd edək ki, ölkə Prezidenti cari il mayın 9-da zəlzələdən zərər çəkmiş Gözbarax kəndində olarkən sakinlər burada uşaq bağçasının tikilməsini xahiş etmişdilər. Dövlət başçısı bu kənddə uşaq bağçasının inşası barədə tapşırıq vermişdi. Bu gün isə verilən tapşırıq yerinə yetirilmişdir. Ölkə Prezidenti İlham Əliyev zəlzələdən sentyabrın 9-unda etdiyi səfəri zamanı Zaqatala rayonunun Gözbarax kəndində uşaq bağçasının açılışında iştirak etmişdir. Məlumat verildi ki, Fövqəladə Hallar Nazirliyinin xətti ilə inşa edilmiş bağçada qazanxana, iki su anbarı tikilmiş, transformator quraşdırılmışdır. Ümumi sahəsi 1350 kvadratmetr olan bağçada 50 uşağın təlim-tərbiyəsi üçün hər cür şərait yaradılmışdır. Bağçanın foyesində Ümummilli Lider Heydər Əliyevin, Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın uşaqlara diqqət və qayğılarını əks etdirən fotostendlər yaradılmışdır. Burada 21 otaq, o cümlədən, kiçik yaş qrupu bölməsi, yeməkxana, kitabxana, həkim, musiqi otaqları və digər otaqlar vardır. Bağça iki qrup üzrə fəaliyyət göstərir. Burada iki yaşından altı yaşınadək olan uşaqlara təhsilin ilkin mərhələsi ilə yanaşı, rus və ingilis dilləri öyrədiləcəkdir. Bunun üçün bağça lazımi dərs ləvazimatları ilə təchiz olunmuşdur.
Qeyd edildi ki, bağçada uşaqlara rəqs və musiqi dərsləri də keçiriləcəkdir. Uşaqların təlim-tərbiyəsi ilə 22 tərbiyəçi məşğul olacaqdır. Bağçada uşaqların əylənmələri, asudə vaxtlarını səmərəli keçirmələri üçün qış və yay oyun zalları fəaliyyət göstərəcəkdir. Bağçanın ətrafında geniş abadlıq işləri görülmüş, uşaqların istirahəti üçün müxtəlif attraksionlar quraşdırılmışdır.
Prezident İlham Əliyev yeməkxanada və mətbəxdə yaradılan şəraitlə tanış oldu. Görülən işlərdən razılığını bildirən Prezident İlham Əliyev bağçanın kollektivinə uğurlar arzuladı.
Dövlət başçıs Zaqatalada 500 şagird yerlik Gözbarax kənd tam orta məktəbinin açılış mərasimində də iştirak etmişdir. Prezident İlham Əliyev məktəbin əvvəlki və sonrakı görüntülərini əks etdirən stendlərə baxdı. Məlumat verildi ki, bu ilin mayında Zaqatalada baş vermiş zəlzələ nəticəsində Gözbarax kənd tam orta məktəbinin binası tamamilə yararsız vəziyyətə düşmüşdür. Dövlət başçısının göstərişinə əsasən bu il iyunun 12-də Fövqəladə Hallar Nazirliyinin xətti ilə məktəb üçün yeni binanın tikintisinə başlanmışdır. Bina yüksək keyfiyyətlə və müasir tələblər səviyyəsində inşa olunmuşdur. Obyekti vaxtında təhvil vermək üçün tikinti işlərinə 250 nəfər işçi qüvvəsi cəlb edilmişdir. Məktəbin yeni binası ikimərtəbəli və üçmərtəbəli üç korpusdan ibarətdir. Burada, həmçinin, qazanxana, 100 kubmetrlik iki su anbarı tikilmiş, bir transformator quraşdırılmışdır. Yeni avadanlıqla və dərs ləvazimatları ilə təmin edilmiş məktəbdə bu il 250 şagird təhsil alacaqdır. Onların təlim-tərbiyəsi ilə 43 pedaqoq məşğul olur. Məktəbdə 36 sinif otağı, fənn kabinetləri, zəngin kitab fonduna malik kitabxana, kompyuter otaqları, akt zalı, şagirdlər üçün istirahət zalları, 150 nəfərlik yeməkxana, bufet, müəllim otaqları, inzibati və digər otaqlar vardır. Burada şagirdlər üçün müzakirə zalları da yaradılmışdır. Təhsil ocağında məktəblilərin fiziki hazırlığının təşkilinə xüsusi diqqət yetirilmişdir. Bildirildi ki, müasir qurğularla təmin edilmiş idman zalında basketbol, mini-futbol və idmanın digər növləri ilə məşğul olmaq üçün lazımi şərait yaradılmışdır. İbtidai hərbi hazırlıq kabinetinin də olduğu təhsil ocağında biologiya, fizika, kimya fənlərinin əyani vəsaitlərlə öyrənilməsi üçün laboratoriyalar fəaliyyət göstərəcəkdir. Bununla yanaşı, şagirdlərin asudə vaxtlarının və peşə vərdişlərinin səmərəli təşkili üçün emalatxanalar yaradılmışdır. Məktəbin binası havalandırma və yanğın həyəcanı sistemləri ilə təchiz edilmişdir.
Prezident İlham Əliyev sinif otaqlarında, fənn kabinetlərində, kitabxanada, yeməkxanada və idman zalında yaradılmış şəraitlə tanış oldu. Dövlətimizin başçısı məktəbdə yaradılmış şəraitdən razılığını bildirdi.
Keçirilən bütün görüşlərdə rayon ictimaiyyəti onlara göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Prezidentinə minnətdarlıq etdilər.
RƏFİQƏ HÜSEYNOVA