PDF Oxu

Siyasət

  • 59

Avropa Parlamenti obyektivliyini qoruya bilməyib

Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə ölkəmizdə fəaliyyət göstərən siyasi partiyaların toplantısı keçirilib

Avropa Parlamenti obyektivliyini qoruya bilməyib

Əli Əhmədov: "Azərbaycan Prezidentinin imzaladığı əfv Sərəncamı cəmiyyətimizin əslində erməni təcavüzünün, bu təcavüz nəticəsində yaranmış haqsızlığa etirazının ifadəsidir"

Dünən Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə partiyanın mərkəzi ofisində ölkəmizdə fəaliyyət göstərən siyasi partiyaların toplantısı keçirilib. Toplantının mövzusu Avropa Parlamentinin sentyabrın 13-də Azərbaycan zabiti Ramil Səfərovun azad olunmasına dair qəbul etdiyi qətnamə ilə bağlı olub.

YAP Sədrinin müavini-İcra katibi, millət vəkili Əli Əhmədov çıxış edərək bildirdi ki, bu məsələ əqidəsindən və baxışlarından asılı olmayaraq eyni milli maraqlar ətrafında toplaşmaq istəyən hər bir vətəndaşın və ya siyasi və ictimai təşkilatların münasibət bildirməli olduğu problemdir: " Məhz bu toplantı ölkəmizdə milli maraqlar uğrunda mübarizə aparmağa hazır olan siyasi təşkilatların iradəsini, istəyini və qətiyyətini ifadə edir. Prezident İlham Əliyev tərəfindən Azərbaycan zabiti Ramil Səfərovun əfv olunması cəmiyyətimiz tərəfindən rəğbətlə qarşılanıb. Azərbaycan cəmiyyəti dövlət başçısının qərarını birmənalı şəkildə dəstəkləyib və bu dəstəyin mahiyyətinin arxasında dayanan reallıq var. Çünki zabitimizin əfvi haqqında dövlət başçısının Sərəncamı bütövlükdə 9 ilə yaxın davam edən böyük bir ədalətsizliyin aradan qaldırılması məqsədi daşıyıb. Azərbaycan Prezidentinin imzaladığı əfv Sərəncamı cəmiyyətimizin əslində erməni təcavüzünün, bu təcavüz nəticəsində yaranmış haqsızlığa etirazının ifadəsidir. Buna hər hansı başqa don geyindirmək düzgün olmazdı. Macarıstanda bir neçə il öncə baş vermiş hadisə Ermənistanın ölkəmizə qarşı təcavüzünün ortaya çıxartdığı xoşagəlməyən gerçəklikdir. Nə qədər ki, beynəlxalq təşkilatlar bu münaqişənin həlli istiqamətində ciddi, təsirli və ədalətli addımlar atmayacaqlar, belə xoşagəlməz hadisələrin yaranması ehtimalı da qalacaq. Ona görə də, bütün beynəlxalq təşkilatlar bölgəmizlə bağlı həssas prolemləri həm müzakirə edəndə, həm də qərarlar qəbul olunanda, sadəcə, ayrıca götürülmüş bir faktı deyil, bu faktın meydana gəlməsi üçün səbəb olmuş reallıqları mütləq şəkildə nəzərə almalıdırlar. Bundan kənarda obyektiv, qərəzsiz, düzgün mövqeyin ortaya qoyulması qeyri-mümkündür. Xoşagəlməz hadisə baş versə də, Budapeşt məhkəməsi tərəfindən Ramil Səfərov haqqında həddindən artıq ədalətsiz qərar qəbul olunmuşdu. Amma bütün bunlara rəğmən Avropa Parlamenti bu sənədi qəbul etməklə obyektivliyini qoruya bilməyib".

Əli Əhmədov daha sonra qeyd edib ki, təşkilat bu problemin meydana gəlməsinə səbəb olmuş detalların qulaqardına vurulmasına, həssas bölgəmizdə proseslərin bundan sonra da gərginləşməməsinə xidmət edə bilməyəcək qərar qəbul edib. Belə ki, Avropa strukturlarının çoxu kimi, Avropa Parlamenti də belə bir reallığa göz yummaqda davam edir ki, Azərbaycanla Ermənistan arasında gərginliyin yeganə səbəbi məlum münaqişə və Azərbaycan torpaqlarının 20 ildən artıq işğal altında olmasıdır: "Avropa Parlamentinin yaşadığımız bölgədə gərginliyin artmasından narahatlıq keçirməsi özlüyündə təqdirəlayiq sayılmalıdır. Lakin onların narahatlıq keçirmələri səmimi olsaydı, 20 il ərzində münaqişənin aradan qaldırılması üçün təsirli addımlar atardılar. Ermənistanın təcavüzünü aradan qaldırılması yönündə real bir iş görmədən gərginliyin artmasından narahatlıq ifadə etmək qeyri-səmimilikdir".

YAP Sədrinin müavini-İcra katibi, millət vəkili Əli Əhmədov xatırladıb ki, artıq xarici İşlər Nazirliyi məsələyə rəsmi mövqeyini bildirib: "Bu da ondan ibarətdir ki, Avropa parlamentariləri məsələni dərindən öyrənmədən, mövzuya səthi yanaşaraq mahiyyət etibarilə qeyri-obyektiv, birtərəfli, Azərbaycana qarşı çevrilmiş sənəd qəbul ediblər". YAP Sədrinin müavini məsələ ilə bağlı siyasi partiyaların Avropa Parlamentinə etiraz müraciətnin göndərilməsinin zəruriliyini vurğulayıb.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyası tərəfindən irəlin sürülmüş bu əhəmiyyətli təklif toplantıda iştirak edən bütün siyasi partiyaların nümayəndələri tərəfindən dəstəklənib və siyasi təşkilat nümayəndələri sözügedən müraciətlə əlaqadar öz fikirlərini açıqlayıblar. Azərbaycan Sosial Rifah Partiyasının sədri, millət vəkili Xanhüseyn Kazımlı Avropa Parlamentinin qəbul etdiyi sənədin qərəzli olduğu bildirib. Onun sözlərinə görə, beynəlxalq qurumlar hər bir məsələyə obyektiv yanaşmalıdır.

Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan YAP-ın bu təşəbbüsünü müsbət qiymətləndirib. Partiya sədri bildirib ki, Azərbaycana qarşı ədalətsizlik qərarları daim pislənməlidir: "Ən yaxşı müdafiə hücumdur. Ermənistan bizim torpaqlarda insanlığa qarşı cinayətlər törədiblər. Minlərlə dinc insan girovluqdadır ki, bu da bütün bəşəri, humanizm prinsiplərinə ziddir. Bütün bu faktları beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmalıyıq. Ramil Səfərovun azad olunmasına gəlincə, bu, beynəlxalq huquqa və qanunlara uyğundur".

Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı Avropa Parlamentinin ikili standartlardan çıxış etdiyi deyib. O, qeyd edib ki, belə qurumlar məsələnin mahiyyətindən yayınaraq qərəzli mövqe nümayiş etdirirlər: "Beynəlxalq qurumlar və dövlətlər İranı terroru dəstəkləyən dövlət kimi sanksiyalara məruüz qoyurlarsa, Ermənistana qarşı da eyni addımlar atmalıdırlar".

BAXCP sədri Qüdrət Həsənquliyev, AXCP sədrinin nümayəndəsi Razi Nurullayev, Müsavat Partiyasının nümayəndəsi Gülağa Aslanlı və başqaları da bu kontekstdən çıxış edərək, Avropa Parlamentinin qərarını pisləyiblər. Çıxışların hər birində özəlliklə qeyd olunub ki, ümummilli məsələlərdə cəmiyyətimiz, o cümlədən, siyasi partiyalar vahid mövqe nümayiş etdirməlidir. Yeni Azərbaycan Partiyasının bu toplantısı isə sözügedən məsələdə həmrəyliyi təsdiq edən faktdır.

Toplantının sonunda siyasi partiyalar tərəfindən Avropa Parlamentinə etiraz müraciəti qəbul olunub.

Müraciətdə qeyd olunur ki, BMT, ATƏT, Avropa Şurası və bir sıra nüfuzlu qurumlarda layiqincə təmsil olunmuş, həmin qurumların qəbul etdiyi konvensiyalara və digər hüquqi sənədlərə qoşulmuş Azərbaycan bu gün Avropa Qonşuluq Siyasəti və Şərq Tərəfdaşlığında fəal iştirak etməklə və Avropa Birliyinin Cənubi Qafqaz ölkələri ilə assosiativ sazişə sadiqliyini bəyan edir.

Müraciət müəllifləri qeyd etmişlər ki, Avropa Parlamenti Cənubi Qafqaz və Azərbaycanla bağlı dəfələrlə müxtəlif xarakterli qətnamə və qərarlar qəbul etmişdir. Qəbul edilən sənədlərdə Azərbaycanın üzləşdiyi əsas problem - Ermənistanın təcavüzü, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar, obyektiv fikirlər də özünə yer tapmışdır. Lakin bəzi hallarda Avropa Parlamentində təmsil olunan deputat qrupları bu və ya digər maraqlar naminə, xüsusilə, erməni lobbisinin təsiri altında reallığı təhrif edən sənədlər qəbul etmişdir. Təbii, bu cür sənədlərin qəbulu Azərbaycan ictimai rəyində və siyasi mühitində birmənalı qarşılanmır.

"Azərbaycan ordusunun zabiti Ramil Səfərovun Azərbaycana ekstradisiyası və ölkə Prezidenti tərəfindən əfv olunması məsələsi ilə bağlı qəbul olunmuş qətnamə, bütövlükdə, qeyri-obyektiv olmaqla, Ermənistanın və erməni lobbisinin maraqlarına xidmət edir"-müraciətdə belə bildirilir.

Müraciətdə daha sonra qeyd olunur ki, Azərbaycanın 20 faiz torpaqlarını işğal edərək bir milyona yaxın insanı qaçqına çevirən təcavüzkar Ermənistanın törətdiyi hərbi cinayətləri, işğal faktını və dalana dirənən sülh danışıqları prosesində tutduğu qeyri- konstruktiv mövqeyi ört-basdır etmək cəhdindən başqa bir şey deyildir. Öz yaxın tarixi ərzində dəfələrlə dünyanın müxtəlif yerlərində qanlı terror əməlləri törətmiş caniləri (ASALA terror təşkilatının üzvləri: Monte Melkonyan, Vazgen Sislyan, Varujan Karapetyan və s.) Ermənistana gətirərək, onlara vətəndaşlıq pasportu verən bir ölkənin indiyədək Avropanın heç bir beynəlxalq qurumu tərəfindən qınağa məruz qalmaması faktı, Azərbaycan ictimai rəyində hiddət və təəssüf doğurmuşdu. Halbuki bu terrorçular Ermənistana ekstradisiya edildikdən sonra bu ölkənin hərbi birləşmələri tərkibində Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində dinc əhaliyə qarşı bir sıra ağır hərbi cinayətlər, o cümlədən, Xocalı soyqırımını törətmişlər. Hesab edirik ki, Avropa Parlamenti kimi nüfuzlu beynəlxalq təşkilatlar Ermənistanın təcavüzkarlığına rəvac verən qərarlar qəbul etmək əvəzinə, iki ölkə arasında olan konfliktin sülh yolu ilə həlli istiqamətində ardıcıl addımlar atsaydılar, daha məqsədəuyğun olardı.

Siyasi partiyaların Avropa Parlamentinə müraciətində son olaraq bildirilir: "Biz, siyasi yönümündən asılı olmayaraq müraciəti imzalayan partiyalar Azərbaycan cəmiyyətinin bu mövzudakı həssaslığını və narahatlığını ifadə edərək, bir daha Avropa Parlamentinin qəbul etdiyi məlum qətnaməyə öz qəti və birmənalı etirazımızı bildirir, bu sənəddə əks olunan müddəaları qeyri-obyektiv və ikili standartların növbəti təzahürü hesab edirik".

Müraciət müzakirələrdə səslənmiş əlavə və dəyişikliklərlə bağlı təkliflər nəzərə alınmaqla,

Yeni Azərbayvcan Partiyası

Ana Vətən Partiyası

Sosial Rifah Partiyası

Müsavat Partiyası

Azərbaycan Xalq Partiyası

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası

Azərbaycan Xalq Cəbhəsi Partiyası

Böyük Quruluş Partiyası

Vətəndaş və İnkişaf Partiyası

Azərbaycan Liberal Partiyası

Azərbaycan Demokrat Partiyası

Azərbaycan Milli İstiqlal Partiyası

Milli Dirçəliş Hərəkatı Partiyası

Ədalət Partiyası

tərəfindən imzalanmışdır.

Qeyd olunub ki, müraciət digər siyasi partiya və ictimai təşkilatlar tərəfindən imzalanmaq üçün açıqdır.

RÖVŞƏN NURƏDDİNOĞLU

Digər xəbərlər