Saziş müstəqil Azərbaycanın iqtisadi inkişaf doktrinasının fundamental konturlarının müəyyən olunmasında strateji rol oynadı
III yazı
"Əsrin Müqaviləsi"nin geo-iqtisadi strateji konseptlərindən biri yeni neft doktrinasının milli gəlirlər üzrə ədalətli realizasiyasından ibarət idi. Dövlət bu ali meyarları nəzərə alaraq, ilk mənfəət neftindən əldə olunan vəsaitlərin birbaşa insanların həyat şəraitinin yaxşılaşmasına və sosial infrastrukturun genişlənməsinə nail olmaqdan ibarət idi və hökumət neft gəlirlərinin bu məqsədlərə yönəltməklə regionda yeni bir şəffaf idarəetmə strukturunun əsasını qoydu. Ulu Öndər Heydər Əliyevin birbaşa təşəbbüsü ilə neftdən əldə olunan gəlirlərin səmərəli və şəffaf şəkildə xərclənməsi üçün yaratdığı mükəmməl strategiya - Neft Fondunun yaradılması Azərbaycanın bölgədə tamamilə yeni bir şəffaflıq nümunəsi idi.
1999-cu ildə Dövlət Neft Fondunun yaradılması ilə ölkəmizdə neft vəsaitlərinin ədalətli bölüşdürülməsi konsepsiyasının təməli qoyuldu . Neft Fondunun yaradılması fəlsəfəsinin əsas qayəsini neft sərvətlərinin nəsillər arasında ədalətli bölüşdürülməsinin təmin olunması təşkil edir. Fondun qarşısında qoyulan əsas məqsədlərdən biri neft gəlirlərinin gələcək nəsillər üçün toplanaraq artırılması və vəsaitlərdən ölkəmizin cari sosial ehtiyaclarını, iqtisadi tərəqqi və inkişaf tələblərini nəzərə almaqla, bugünkü nəsillər üçün istifadə edilməsidir. Fond yaradılarkən dünyanın bir sıra dövlətlərində bu cür qurumların təcrübəsindən, beynəlxalq maliyyə təşkilatlarının məsləhətlərindən istifadə olunmuş, eyni zamanda, yerli xüsusiyyətlər və mövcud ehtiyaclar da nəzərə alınıb.
Respublikamızın neft gəlirlərinin sürətlə artmasını və həmin vəsaitlərin güclü daxili və xarici netto-kreditor mövqeyinin formalaşması məqsədilə səmərəli idarə olunması xüsusi diqqət çəkir. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, neftdən daxil olan vəsaitlər milli iqtisadiyyatın sürətli inkişafının təmin edilməsinə və insanların sosial vəziyyətinin yaxşılaşmasına, eyni zamanda, ən son qabaqcıl texnologiyaların respublikamızda tətbiq olunmasına yönəldilir: "Bizim məqsədimiz neftdən gələn bütün mənfəətləri həm siyasi, həm iqtisadi, həm də başqa mənfəətləri Azərbaycan xalqının gələcək mənafeyinə, rifahına yönəltməkdən ibarətdir".
Neft gəlirlərinin səmərəli xərclənməsi Azərbaycanın şəffaflıq prinsipini başlıca məqsədlərdən biri hesab etməsinin başlıca bariz nümunəsidir. Bu faktorlar isə beynəlxalq maliyyə institutları və reytinq agentlikləri tərəfindən dərin təhlil edilib və nüfuzlu təşkilatlar Azərbaycan hökumətini neft vəsaitlərinin səmərəli idarə olunmasına görə, yüksək reytinqlə qiymətləndiriblər. Neft Fondu Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) tətbiqi prosesində fəal iştirak edir. Azərbaycan bu təşəbbüsə 2003-cü ildən qoşulub və ötən dövr ərzində yüksək nailiyyətlər əldə edib.
Azərbaycan MHŞT üzrə dünyada ilk hesabatı açıqlayan ölkə hesab olunur. (2005-ci il martın 15-də). DNF Şərqi Avropa və MDB ölkələrinin dövlət təşkilatları arasında "BMT-nin Dövlət Qulluğu Mükafatı"na layiq görülən birinci dövlət qurumudur. 2007-ci il üçün "BMT-nin Dövlət Qulluğu Mükafatı" uğrunda mübarizəyə 200-ə yaxın ölkə qoşulub, lakin bir neçə mərhələdən sonra yalnız 14 ölkə bu mükafatı qazanmağa müvəffəq olub. 2008-ci il sentyabrın 11-də Azərbaycan hökuməti tərəfindən təqdim edilmiş MHŞT-ni dəstəkləyən qətnamə layihəsi BMT-nin Baş Assambleyasında konsensusla qəbul edilib. BMT DNF-yə "2009-cu il MHŞT mükafatı" təqdim edib.
Respublikamız neft vəsaitlərinin xərclənməsində şəffaflıq prinsiplərinin qorunmasını təmin edən mükəmməl mexanizm yaratmaqla bir çox ölkələrə nümunə olmaqdadır. Bu gün neft istehsal edən dövlətlərin əksəriyyəti respublikamızın neft gəlirlərinin idarə olunması sahəsindəki təcrübəsini tətbiq etməyə hazırlaşır.
Bir neçə ildir ki, dünyanın ən nüfuzlu təşkilatlarının neft bölməsində şəffaflıqla bağlı hesabatlarında Azərbaycan ən yüksək yerlərdən birini tutur. Neft vəsaitlərinin düşünülmüş siyasətə uyğun həm xarici investisiyalara, həm daxili sərmayələrə, həm də sosial sahələrə səmərəli xərclənməsi son nəticədə insan kapitalının inkişafına stimul verir. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, Azərbaycan hökumətinin apardığı siyasətin başlıca məqsədi nefti - "qara qızılı" insan kapitalına çevirməkdən ibarətdir. Bu istiqamətdə aparılan tədbirlər öz mühüm nəticələrini verməkdədir və neft gəlirləri insanların ən qabaqcıl informasiya-kommunikasiya texnologiyalarını mənimsəməsinə, intellektual mülkiyyətin inkişafına istiqamətlənir.
Onu da qeyd edək ki, Azərbaycanda qeyri-neft sektorunun sürətli inkişafı beynəlxalq maliyyə institutları və xarici investorldar tərəfindən təqdir olunmaqdadır. Məsələn, bir müddət əvvəl BMT İnkişaf Proqramının hazırladığı İnsan İnkişafı Hesabatında respublikamızın qeyri-neft sektorunun inkişafı ilə bağlı həyata keçirdiyi davamlı islahatlar yüksək qiymətləndirilib. Həmin hesabatda BMT Azərbaycan üçün əhəmiyyətli olan sahələrin, xüsusilə də, qeyri-neft sektoru və effektiv idarəetmə sahəsinin inkişafını təqdir edib. Təşkilat bu istiqmətdə ölkəmizlə əməkdaşlığı davam etdirəcəyini bəyan edib. BMT neft satışından daxil olan vəsaitlərin sosial-iqtisadi sahələrdə məqsədyönlü proqramların həyata keçirilməsinə, xüsusilə də, qeyri-neft bölməsindəki layihələrə sərf olunmasını pozitiv faktor kimi səciyyələndirir.
Qeyd etdiyimiz kimi, neft vəsaitləri iqtisadiyyatın inkişafında təkanverici faktor olmaqla ölkəmizdə ən nəhəng infrastruktur layilərinə, trans-regional kommunikasiya layihələrinə yönədildi. Eyni zamanda, neft gəlirləri iqtisadiyyatın digər sahələrinin inkişafında lokomativ rolunu oynamaqdadır. Qeyri-neft sektorundakı bu dinamizmi iqtisadiyyatın diversifikasiyası ilə bağlı həyata keçirilən siyasətin mühüm nəticəsi hesab oluna bilər.
Ümumiyyətlə, Azərbaycan hökuməti neft gəlirlərinin xərclənməsini ölkənin inkişafı üçün prioritet hesab edir və bu sahədə şəffaflığının təmin edilməsini başlıca məqsədlərdən sayır. Oğuz-Qəbələ-Bakı su kəmərinin, hazırda inşası davam etdirilən Samur - Abşeron suvarma sisteminin yenidən qurulması, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin maliyyələşdirilməsi neft vəsaitləri hesabına həyata keçirilir və bu layihələr trans-kommunikasiya sistemlərinin ən mühüm seqmentlərini təşkil edir. Bundan başqa, neft vəsaitlərinin böyük bir hissəsinin qaçqın və məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılmasına, təhsil və səhiyyə bölmələrində bir sıra layihələrin maliyyələşdirilməsinə yönəldilməsi bir daha hökumətin sosialyönümlü siyasət yürütdüyünü, insanların rifah halına xüsusi önəm verdiyini təsdiqləyir. Həyata keçirilən məqsədyönlü investisiya proqramlarının icrası nəticəsində neftdən kənar sahələr valyutatutumlu olmaqla, gələcək iqtisadi inkişaf üçün dərin zəmin yaradır.
Neft faktoru ölkəmiz üçün vasitədir, müstəqilliyimizin möhkəmləndirilməsi, iqtisadiyyatımızın gücləndirilməsi istiqamətində bir vasitədir. Yəni, yaxın onillikdə Azərbaycanda qeyri-neft sektorunun yüksək inkişaf perspektivləri iqtisadiyyatın diversifikasiyası üçün başlıca stimullardan biri olacaq və respublikamız qeyri-neft məhsullarının ixracatçısı kimi dünyada böyük nüfuza malik olacaq. Təbii ki, ilkin mərhələdə iqtisadiyyatın diversifikasiyasının sürətləndirilməsi üçün neftdən daxil olan vəsaitlərin həcmi xüsusi rol oynayacaq. Azərbaycan hökuməti zəngin neft resurslarının satışından daxil olan valyuta ehtiyatlarını səmərəli şəkildə xərcləməklə iqtisadiyyatın bütün sektorlarının dinamik inkişafı üçün əlverişli baza yaratmağa nail olub və hazırda qeyri-neft sektoru böyük gəlirlər gətirə biləcək strateji bölməyə çevrilib.
Qeyri-neft sektorunun yüksək inkişaf perspektivləri iqtisadiyyatın diversifikasiyası üçün başlıca stimullardan biridir və yeni strateji plana əsasən Azərbaycan yaxın onillikdə qeyri-neft məhsullarının ixracatçısı kimi dünyada böyük nüfuza malik olacaq. XXI əsrin birinci onilliyində respublikamızın iqtisadi inkişafında neft gəlirləri başlıca valyuta mənbəyi olsa da, ikinci onillikdə qeyri-neft məhsullarının istehsalının və ixracının yüksəlməsi valyuta resurslarının strukturunun dəyişməsinə imkan yaradır. Yəni, iqtisadiyyatda diversifikasiya siyasətinin həyata keçirilməsi yaxın illərdə öz mühüm bəhrəsini verdikdən sonra ölkəmizin valyuta mənbələri sırasında qeyri-neft məhsuları xüsusi paya malik olacaq.
"Səs" Analitik Qrupu