"Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması bizim xalqımızın xoşbəxtliyidir və bu gün üçün, gələcək üçün, xalqımızın yaxşı yaşaması üçün ölkəmizin inkişaf etməsi üçün ən əsas amildir"
HEYDƏR ƏLİYEV
1994-cü il sentyabrın 20-də imzalanan "Əsrin müqaviləsinin 18 ili tamam olur. Ötən bu illər ərzində Azərbaycan bir sıra uğurlara imza atıb. Bu tarixi hadisə ilə bağlı "Səs" qəzetinə açıqlama verən YAP Siyasi Şurasının üzvü, Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov və Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov "Əsrin müqaviləsi"nin ölkəmizin müstəqillik tarixinin ən önəmli hadisələrindən biri kimi xarakterizə etdilər.
Aydın Hüseynov: "Əsrin müqaviləsi" Azərbaycanın lider dövlətə çevrilməsinə şərait yaratdı"
- "Əsrin müqaviləsi"nin imzalanmasından 18 il keçir. 18 il əvvəl dünyanın müxtəlif ölkələrini təmsil edən şirkət nümayəndələri Bakıda bir araya gələndə, çox az adamlar düşünürdülər ki, qısa müddətdən sonra Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycan aparıcı ölkələrdən birinə çevriləcək. Dünyanın 7 ölkəsinə mənsub olan 11 neft şirkəti sonradan bir araya gələrək, konsorsium yaradaraq Azərbaycan Dövlət Neft Şirkəti ilə birlikdə Xəzər dənizinin Azərbaycan sektorunda olan "Azəri", "Çıraq" və "Günəşli" yataqlarının dərinlikdə yerləşən hissəsinin müştərək işlənməsi haqqında müqavilə imzaladılar.
"Əsrin müqaviləsi" adı ilə indi bütün dünyada tanınmış bu müqavilənin imzalanması və onun gerçəkləşməsi müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən və böyük siyasətçi Heydər Əliyev tərəfindən işlənib hazırlanmış neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür. Azərbaycanın "Əsrin müqaviləsi"ndən başlanan yolu haqqında Heydər Əliyev demişdir: "1994-cü ildən Azərbaycan dövləti özünün yeni neft strategiyasını həyata keçirir və bu strategiyasının da əsas mənası, əsas prinsipləri Azərbaycanın zəngin təbii sərvətlərindən, o cümlədən, neft və qaz sərvətlərindən Azərbaycan xalqının rifahı naminə daha da səmərəli istifadə etməkdən ibarətdir".
Ötən dövrdə Heydər Əliyevin bilavasitə iştirakı ilə Bakıda, həmçinin, dünyanın ən böyük paytaxtları - Vaşinqton, Moskva, London, Parisin möhtəşəm saraylarında xarici ölkələrin neft şirkətləri ilə 21 neft sazişi imzalanmışdır. Bu gün həmin sazişlərin həyata keçirilməsində dünyanın 14 ölkəsinin 30 neft şirkəti iştirak edir. Bu sazişlərdə Azərbaycanın neft-qaz sənayesinə təxminən 60 milyard ABŞ dolları həcmində sərmayə qoyulması nəzərdə tutulmuşdur. Bu məbləğdən 4,5 milyardı artıq ölkəmizə investisiya şəklində qoyulmuşdur. Hazırda Azərbaycanın bütün kateqoriyaları üzrə karbohidrogen ehtiyatları 4 milyard tondan çoxdur ki, bu da Azərbaycanı dünyanın ən iri neft regionları sırasına çıxarır. Həmçinin, 1999-cu il aprelin 17-də müstəqil Azərbaycanın tarixində fövqəladə əhəmiyyətli daha bir hadisə -Ulu Öndər Heydər Əliyev, Gürcüstan prezidenti Eduard Şevardnadze və Ukrayna prezidenti Leonid Kuçmanın iştirakı ilə Bakı-Supsa neft kəməri və Gürcüstanın Qara dəniz sahilindəki Supsa ixrac terminalı istismara verildi. "Çıraq" yatağından hasil olunan neftin Supsa limanından dünya bazarlarına ixracına başlanmış və ilk dəfə olaraq Azərbaycan nefti Şimala yox, Qərbə istiqamət götürdü. Ulu Öndər Heydər Əliyevin neft strategiyasının əsas istiqamətlərindən biri Azərbaycan neftinin dünya bazarına nəqlidir. Bu sahədə Azərbaycanın mənafelərinin uzunmüddətli şəkildə qorunması, genişmiqyaslı beynəlxalq iqtisadi əməkdaşlığın inkişafı, regionda neft hasilatının artması ilə əlaqədar neftin dünya bazarlarına nəqlinin təmin edilməsi məqsədi ilə strateji əhəmiyyətli Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri layihəsinin gerçəkləşməsi üçün gərgin işlər həyata keçirildi, aparılan danışıqlar uğurla nəticələndi. Yalnız Dahi Liderin yüksək nüfuzu və müxtəlif ölkələrin dövlət və hökumət başçıları siyasi, işgüzar dairələrin nümayəndələri, neft şirkətlərinin rəhbərləri ilə mütəmadi danışıqları nəticəsində Azərbaycan neftinin Türkiyəyə nəql olunması barədə mühüm hökumətlərarası sazişlər imzalandı. 1999-cu il noyabrın 18-də ATƏT-in İstanbul Zirvə görüşünün gedişində Ulu Öndər Heydər Əliyev, Gürcüstanın prezidenti Eduard Şevardnadze və Türkiyə Cümhuriyyətinin prezidenti Süleyman Dəmirəl "Xam neftin Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə Cümhuriyyətinin ərazilərilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsilə nəql edilməsinə" dair saziş imzaladılar. Eyni zamanda, Azərbaycan Respublikası, Gürcüstan, Türkiyə Cümhuriyyəti, Qazaxıstan Respublikası və Amerika Birləşmiş Ştatlarının prezidentləri bu layihəni dəstəkləyən "İstanbul Bəyannaməsini" imzaladılar. Bununla da, Azərbaycanın uzunmüddətli siyasi-iqtisadi mənafelərinin təmin edilməsi, genişmiqyaslı beynəlxalq əməkdaşlığın həyata keçirilməsi, eyni zamanda, regionda sülhün, sabitliyin və təhlükəsizliyin bərqərar edilməsi üçün Heydər Əliyev tərəfindən növbəti mühüm addım atıldı. Ümummilli Liderimiz Heydər Əliyevin dərindən düşünülmüş neft strategiyası nəticəsində Azərbaycan Xəzər dənizinin nəhəng enerji potensialını ilk mənimsəyən və regionun inkişafında keyfiyyətcə yeni iqtisadi modeli formalaşdıran, Avropa və Asiya arasında siyasi və ticarət əlaqələrinin genişləndirilməsində, Qafqaz nəqliyyat dəhlizinin inkişafında, İNOQEYT, TRASEKA və digər nəhəng layihələrin gerçəkləşməsində Xəzəryanı və Qafqaz regionunda mühüm rol oynayan bir dövlətə, dünyanın neft mərkəzlərindən birinə çevrilmişdir.
Vahid Əhmədov: "Artıq Azərbaycan dünyada öz mövqeyi ilə tanınır və ölkəmizin mövcud mövqeyi ilə bütün dünya hesablaşır"
- 18 oktyabr 1991-ci ildə ölkəmiz müstəqillik əldə etdikdən sonra bir sıra beynəlxalq müqavilələr imzalamışdır. Amma "Əsrin müqaviləsi"nin imzalanması məhz Azərbaycan iqtisadiyyatını irəliyə aparan amillrdən biri oldu. Ölkə iqtisadiyyatının dirçəldilməsində və mövcud qlobal maliyyə böhranı şəraitində dövlətin iqtisadi siyasətinin tarazlı qalmasında bu kontraktın böyük əhəmiyyətini qeyd etmək vacibdir. Eyni zamanada, bu kontraktın imzalanmasından sonra ölkəmizin iqtisadi-siyasi mövqeyi və beynəlxalq aləmdə daha da güclənməsi təmin edildi. Bir amili də nəzərə almaq lazımdır ki, "Əsrin müqaviləsi" ölkənin tək iqtisadi perspektivini həll etmədi. Eyni zamanda, siyasi arenada da Azərbaycanın iqtisadi əsaslara söykənən bir dövlət kimi, mövqeyini sübuta yetirdi. 1994-cü ilin 20 sentyabrında imzalanan "Əsrin müqaviləsi" də bu sıradan atılmış böyük addımlardan biri oldu. Həmin kontraktda iştirak edən şirkətlərin hamısı iri dövlətləri təmsil edirdi. Bu şirkətlər isə Azərbaycanın müstəqilliyinin qoruyub saxlanmasında maraqlı olan şirkətlər idi. İkincisi isə iqtisadi cəhətdən bu kontraktın bağlanması və işə düşməsi bundan sonra Azərbaycanda 20-dən çox digər kontraktların bağlanmasına, ölkəmizə milyardlarla vəsaitin investisiya şəklində qoyulmasında şərait yaratmış oldu. Ümumiyyətlə, bu kontrakt müstəqil Azərbaycan tarixində, ölkəmizin iqtisadi həyatında çox önəmli kontraktlardan biri hesab olunur. Bu kontrakt həyata keçdikdən sonra digər şirkətlərin də ölkəmizə marağı artdı, ölkəmizə investisiya qoyan dövlətlərin sayı da çoxaldı. Bu gün Azərbaycan öz inkişaf xəttinə görə, nəinki regionda, dünyada seçilən dövlətlərdən sayılır. O baxımdan ki, az bir zamanda dövlət büdcəsinin 10 dəfəyə qədər artması, qeyri-neft sektorunun yüksəksürətli inkişafı bir daha sübut etdi ki, "Əsrin müqaviləsi"nin ölkəmizin inkişafında böyük rol oynadığını bir daha sübut etdi.
RƏFİQƏ KAMALQIZI