PDF Oxu

Siyasət

  • 57

Azərbaycanın haqlı mövqeyi beynəlxalq təşkilatlar tərəfindən dəstəklənir

Azərbaycanın haqlı mövqeyi beynəlxalq təşkilatlar tərəfindən dəstəklənir

İlham Əliyev: "Biz geri bir addım atmayacağıq. Çünki dünya birliyi bizim mövqeyimizi dəstəkləyir, mötəbər beynəlxalq təşkilatların qərarları bizim tərəfimizdədir"

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra 20 il ərzində ölkədə siyasi, iqtisadi, sosial və digər sahələrdə uğurlu islahatlar aparılır. Ölkəmizin qazandığı nailiyyətlərin təməlində düşünülmüş siyasət dayanır. Xüsusi ilə də, Azərbaycan beynəlxalq aləmdə mövqelərinin möhkəmləndirir, dünyada haqqın-ədalətin tərafdarı olduğunu nümayiş etdirir. Çünki dövlət başçısı İlham Əliyevin istənilən xarici səfərlərində, istənilən xarici ölkələrin rəhbərləri ilə görüşlərində Dağlıq Qarabağ problemi prioritet məsələlərdən biri kimi qoyulur.

Azərbaycanın haqlı mövqeyi beynəlxalq təşkilatlar tərəfindən dəstəklənir

Ölkə Prezidenti İlham Əliyevin yürütdüyü xarici siyasətin prioritet istiqamətini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın milli mənafelərinə və beynəlxalq hüquq normalarına uyğun həll edilməsi təşkil edir. Ölkə başçısı bütün xarici səfərlərdə, keçirdiyi görüşlərdə bu problemi ön plana çəkir, Azərbaycanın haqlı mövqeyini dünya ictimaiyyətinin nəzərinə çatdırır. Vurğulamaq lazımdır ki, rəsmi Bakının münaqişə ilə bağlı mövqeyinin getdikcə güclənməsi ölkəmizin iqtisadi cəhətdən qüdrətlənməsi və diplomatik sahədə əldə etdiyi nailiyyətlərdə də özünü göstərir. Ermənistanın əsassız ərazi iddiaları - BMT və ATƏT-in nizamnamələrinə, Helsinki Yekun Aktına və bütün beynəlxalq hüquq normaları ilə ziddiyyət təşkil edir. Beynəlxalq hüququn ən əsas və bu münaqişəyə tətbiq edilə biləcək prinsipi dövlətlərin dinc yanaşı yaşaması prinsipidir. Bu norma istisnasız olaraq iki qonşu dövlətin hər hansı mübahisəli məsələni dinc vasitələrlə, zora əl atmadan həllini tələb edir. Bu prinsipi "dövlətlər arasındakı mübahisələri həll etmək üçün bir vasitə olmaq etibarilə müharibə yolundan qarşılıqlı surətdə imtina etməyi, beynəlxalq mübahisələrin yalnız dinc yolla həll edilməsini, dövlətlər arasında hüquq bərabərliyinə, suverenliyə, ərazi bütövlüyünə ciddi hörmət edilməsini, tam bərabərlik və qarşılıqlı fayda əsasında əməkdaşlığın inkişaf etdirilməsini nəzərdə tutur".

Ölkə Prezidenti İlham Əliyev istənilən xarici səfərlərində Ermənistan tərəfinin işğalçılıq siyasətindən əl çəkmədiyini və bu prinsipi kobud surətdə pozduğunu vurğulayır. Dövlət başçısı beynəlxalq hüququn digər normalarının, eləcə də, dövlətlərin ərazi bütövlüyü və toxunulmazlığı prinsipinin də Ermənistan tərəfindən kobud şəkildə pozulduğunu bildirir: "Bu prinsip beynəlxalq münasibətlərdə iştirak edən dövlətlərin hər birinin ərazi bütövlüyünə qarşılıqlı olaraq hörmət etməsini, buna uyğun olaraq onların hər hansı iştirakçı dövlətin ərazi bütövlüyünə, siyasi istiqlaliyyətinə və ya birliyinə qarşı heç bir hərəkət etməməsini nəzərdə tutur".

Bu gün Ermənistan tərəfinin təcavüzkar siyasəti nəticəsində bir milyondan artıq soydaşımızın hüquqları pozulmuşdur. Son 8 il müddətində Prezident İlham Əliyevin bu problemlə bağlı apardığı danışıqlar, göstərdiyi qətiyyətli mövqe, verdiyi bəyanatlar münaqişənin sülh yolu ilə həll edilməsi istiqamətində rəsmi Bakının psixoloji-siyasi üstünlüyünü təmin etmişdir. Azərbaycanın ildən-ilə artan iqtisadi qüdrəti, qlobal layihələrin həyata keçirilməsində əsas tərəf kimi beynəlxalq iqtisadi-siyasi proseslərdə aparıcı qüvvəyə çevrilməsi də problemin həlli ilə bağlı danışıqlarda ölkəmizin mövqelərinin güclənməsi ilə müşayiət olunur.

Hərbi büdcənin artması fonunda danışıqlar prosesi də keyfiyyətcə yeni mərhələyə qədəm qoyub

Azərbaycanın hərbi büdcəsinin artması fonunda danışıqlar prosesi də keyfiyyətcə yeni mərhələyə qədəm qoyur. Qeyd edək ki, 2012-ci ildə 3 milyard 474 milyon. Ona görə də, Ermənistan orduya ayırdığı vəsaitlə bağlı nəinki Azərbaycanla rəqabət apara bilmir, hətta bu vəsaiti azaltmağa vadar olub. Dövlət başçısı çıxışlarında ordumuzun döyüş hazırlığına və maddi-texniki təminatı məsələsini önə çəkərək, bildirib ki, bizim hərbi potensialımız daha da artmalıdır: "Biz indi hərbi xərcləri yüksək səviyyədə saxlayırıq. Müqayisə üçün deyə bilərəm ki, Ermənistanın ümumi xərcləri 2 milyard dollardır. Bizim hərbi xərclərimiz ondan təxminən 2 dəfə çoxdur. Yəni, bu, artıq reallıqdır. İllər keçdikcə bu fərq daha da artacaq, Azərbaycanın hərbi gücü artacaqdır".

"Dağlıq Qarabağ problemi yalnız Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində öz həllini tapacaq"

Prezident İlham Əliyev çıxışlarında dönə-dönə vurğulayır ki, qətiyyətlə bəyan edir ki, Dağlıq Qarabağ problemi yalnız Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində öz həllini tapacaq. Dövlət başçısı ölkəmizin ərazi itkisi ilə barışmayacağını hər zaman bildirir və münaqişənin həll edilməsində məhz beynəlxalq hüquq normalarına istinad edir. Prezident İlham Əliyev bildirmişdir: "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bizim xarici siyasətimizin əsas istiqamətidir. Əfsuslar olsun ki, bütün səylərə baxmayaraq, biz məsələnin həllinə nail ola bilməmişik. Bunun tək səbəbi var - Ermənistanın qeyri-konstruktiv mövqeyi və danışıqlar prosesini süni şəkildə uzatmaq taktikası. Artıq heç kim üçün sirr deyildir ki, bu taktika Ermənistan tərəfindən istifadə olunur. Ancaq bu taktikanın axırı yoxdur. Məsələ ancaq beynəlxalq hüquq normaları əsasında öz həllini tapmalıdır. Azərbaycan öz prinsipial, ədalətli və beynəlxalq hüquq normalarına əsaslanmış mövqedən əl çəkməyəcəkdir. Biz geri bir addım atmayacağıq. Çünki dünya birliyi bizim mövqeyimizi dəstəkləyir, mötəbər beynəlxalq təşkilatların qərarları bizim tərəfimizdədir".

RƏFİQƏ HÜSEYNOVA

Digər xəbərlər