Məlum olduğu kimi, bir neçə gün əvvəl məşhur şərqşünas alimimiz Aida xanım İmanquliyevanın xatirə günü qeyd olundu. Bu ziyalı xanımla sağlığında görüşmək və elmindən bəhrələnmək mənə nəsib olmasa da, qismətimdə Aida xanımın "Yeni ərəb ədəbiyyatı korifeyləri" kitabını 2007-ci ildə İstanbulda "Modern arap edebiyatının usta kalemleri" adı altında tərcümə etmək mənə nəsib olmuşdur. Məhz Aida xanım bu kitabı son dərəcə elmi ciddiyyətlə və ədəbi-fəlsəfi dərinliklə yazdığı üçün gənc bir alim olaraq mənim yetişməmə də böyük təsir göstərmiş və hal-hazırda da göstərməkdədir. Qeyd olunan kitabın türk dilinə tərcümə edilməsindən 5 il ötməsinə baxmayaraq, kitab ərəb ədəbiyyatı, xüsusilə, şərq-qərb münasibətlərini tədqiq edən alimlər və tədqiqatçılar üçün Türkiyədə də öz aktuallığını qoruyub saxlamaqdadır. Müxtəlif məqalələrdə və dissertasiyalarda Aida xanımın bu kitabından yerli-yerində iqtibas və sitatlara rast gəlmək mümkündür.
Məqalədə qeyd olunan "üfüqlərin qovuşması" (fusion of horizons) ifadəsi 20-ci əsrin məşhur filosofu H.Qademerin fəlsəfi hermenevtikanı izah edərkən ortaya atdığı fəlsəfi baxış tərzidir. Qısaca olaraq bu baxış tərzinə görə ümumiyyətlə insanlar bir- birlərini qavrama və anlama prosesində özlərinə aid anlayışlarını, yəni üfüqlərini bölüşərək və qovuşduraraq mövzuları müzakirə edir və bir-birlərini anlayırlar. Məhz bu, geniş mənada, sivilzasiyalar və mədəniyyət hövzələrini anlamamızda da əsas meyardır. Aida xanımın əsərlərini tədqiq etdikdə də belə bir baxış tərzi ilə rastlaşırıq. Belə ki, Aida xanım öz ifadələri ilə millət və xalqaların mədəniyyətlərarası dialoq fonunda inteqrativ əlaqəsini belə izah edir: "Dünyanın müxtəlif bölgələri arasındakı qarşılıqlı əlaqələr sayəsində hər bir milli ədəbiyyatın nailiyyəti başqa, hətta məkan etibarilə uzaq ədəbiyyatların da nailiyyətinə çevrilir...istənilən xalqın mədəniyyəti xaraktercə milli olub, ümumbəşəri nailiyyətlərlə qırılmaz surətdə bağlıdır".
Məhz belə bir anlayış və baxış tərzi ilə dərin bir ümman olan ərəb ədəbiyyatını və Şərq-Qərb münasibətlərinin fəlsəfi-ədəbi analizini vermək görkəmli şərqşünas-alim, Azərbaycanda ərəbşünaslıq üzrə ilk qadın filologiya elmləri doktoru, professor Aida xanım İmanquliyevaya nəsib olaraq keçmiş ittifaq və dünya miqyasında bu sahəni layiqincə təmsil edən nüfuzlu alimlərdən olduğuna gətitirib çıxarmışdır.
Şərq-Qərb münasibətlərinin fəlsəfi-ədəbi analizi
Tarixdən də məlum olduğu üzrə bir çox sivilizasiyalar və mədəniyyətlər arasında inteqrativ əlaqələr genişlənərək sintezlərin yaranmasına gətirib çıxarmışdır. Belə ki, hər hansı bir mədəniyyətin meydana gəlməsinin əsasını özünüdərk məfhumu və prosesi təşkil edir. Bu, həm fərdi, həm də ictimai dünyagörüşünə də istinad edir. Məhz buna görə də də müxtəlif mədəniyyətlər arasında olan transformasiyalar özünüdərkə istinad edərək, dünyagörüşlərinin qarşılıqlı nüfuz etmə mənasına gəlir. Fenomonologiya metodu ilə mütləq bir idrak səviyyəsinə çatmağa səy edən məşhur alman filosofu Edmumd Husserl, həyat dünyasının elmi tədqiqata müdaxilə etdiyini, bu dünyanın bizə verilmiş olduğunu və bizim özümüzü ancaq onun içində təcrübə və idrak edə bildiyimizi vurğulamışdır. Aida xanım da öz əsərlərində Şərq-Qərb münasibətlərini bu aspektdən təhlil edərək və sintez məsələsinə toxunaraq, Əndəlisdə yaranan ədəbiyyatın Qərbi Avropa və Şərq arasında vasitəçilikdə rolunun böyük olduğunu vurğulayır : "Ərəblərin mənimsədikləri antik, qədim Şərq və ərəb-müsəlman ənənələri Əndəlis vasitəsilə Avropaya yayılırdı".
Aida xanım dərin fəlsəfi- ədəbi çalarlarla Şərq-Qərb münasibətlərini təhlil edərkən Əmin ər-Reyhaninin fikirlərinə müraciət edir və qeyd olunan problemə özünün orjinal təhlili ilə yanaşır. Ona görə Reyhani, ərəb ölkələrinə Qərb dünyasının əldə etdiyi yenilikləri gətirmək, Qərbi isə Şərq fəlsəfəsi, şeriyyəti, adət və ənənələri ilə tanış etmək vəzifəsini öhdəsinə götürmüşdü. O, həmvətənlərini çox şeyi avropalılardan öyərnməyə çağırırdı. Lakin bununla belə Reyhani görkəmli mütəfəkkirləri, qədim və gözəl mədəniyyəti, ədəbiyyatı olan böyük ərəb xalqını kor-koranə Qərbi təqlid etməkdən həmişə yayındırmağa çalışmışdır. O, Şərqdə Qərb tərəqqisinin çarçısı, Qərbdə isə Şərq mədəniyyətinin təbliğatçısı kimi şöhrətlənmişdir. Digər bir ifadə ilə Şərqin ədəbi-fəlsəfi ənənələri Qərbin romantik dünyasının təşəkkülündə müəyyən rol oynamışdır. Məhz bəzi Qərb şairləri romantik ilhamlarını məhz Şərqdə axtarmışlar.
Məşhur şərqşünas alimimizin müasir ərəb ədəbiyyatının dahi simaları olan Xəlil Cübran, Əmin ər-Reyhani və Mixail Nuaymənin fəlsəfi-ədəbi yaradıcılıqlarını tədiq edərkən Şərq-Qərb münasibətlərinin səciyyəvi analizini belə verməkdədir: "Onlara, əzəldən Şərq xalqlarının mədəniyyətinə xas olan ümumbəşəri və hümanist ideallar əsasında öz doğma mədəniyyətlərində bu dəyərlərin təsdiqi üçün müvafiq üsullar tapmaq asan idi. Eyni zamanda, heç vaxt unutmaq lazım deyil ki, bu yazıçıları öz vətəninin adət-ənənələrini və öz dilini qoruyub saxlayan mühacirlər mühiti əhatə edirdi. Buna görə də, onlar iki mədəni ənənənin-həm ,Şərqin, həm də Qərbin mədəni əlaqələrinin daşıyıcıları oldular".
Mövzu ilə bağlı Aida xanım İmanquliyeva Livanın belə bir coğrafi məkanda, Şərqlə Qərbin kəsişmə nöqtəsində yerləşməsini də intellektual mühitin yaranmasına səbəb olduğunu ifadə edir. Bu baxış tərzi özü-özlyünüdə ``sosial zaman`` və ``sosial məkan`` məfhum və kateqoriyalarının həm fəlsəfə, həm də ədəbiyyat baxımından aktuallığını ortaya qoyur.
Ümumiyyətlə, Aida xanım İmanquliyevanın yaradıcılığı, xüsusilə, Şərq-Qərb münasibətlərinə dair görüşləri zaman keçdikcə alim və təqiqatçılar tərəfindən müraciət edildikcə yeni analiz və təhlillər ilə elm dünyamıza öz töhfəsini verəcəkdir.
Rəşad İlyasov,fəlsəfə doktoru