Prezident İlham Əliyev: "Azərbaycanın xarici siyasəti çox çevikdir, dinamikdir, sürətlə inkişaf edəndir və ölkəmizə böyük uğurlar gətirən xarici siyasətdir"
Məlum olduğu kimi, Cənab Prezident İlham Əliyevin son günlərdə Fransaya işgüzar səfəri, orada keçirilən görüşlər və Azərbaycan Diplomatiya Akademiyasındakı nitqi strateji mənada Azərbaycanın düşünülmüş-məqsədyönlü siyasətinin uğurlarından hesab etmək olar. Belə ki, möhtərəm prezidentin səfərini və bəyanatlarını müasir dünyada beynəlxalq münasibətlərin həyata keçirilməsi ilə bağlı iki aparıcı yanaşma tərzi vasitəsilə şərh etmək mümkündür.
İlkin olaraq Prezidentin Fransaya işgüzar səfərini xarici və mədəniyyət diplomatiyamızın son uğurlarından hesab etmək yerində olacaqdır. Belə ki, Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevanın Fransanın Prezidenti Fransua Olland ilə Luvr muzeyində İslam İncəsənətinə dair sərginin açılışında iştirak etməsi, Fransanın keçmış prezidenti Nokalua Sarkozi ilə olan görüş və nəhayət, Parisin möhtəşəm yerində, Eyfel qülləsinin yanında Azərbaycan mədəniyyət mərkəzinin açılışı dövlətimizin xarici siyasət və mədəniyyət diplomatiyasının vəhdəti və sintezi mahiyyətindədir. Məhz Fransaya işgüzar səfərdə və həyata keçirilən proqramda beynəlxalq münasibətlərdə cari olan "sərt güc"(hard power) və "yumşaq güc"(soft power) kateqoriyalarının vəhdətinin şahidi olururq. Tərif olaraq "sərt güc" və "yumşaq gücü" mahiyyətcə bir-birindən fərqlənir: "yumşaq güc" mədəniyyət, dəyərlər və ideyalar vasitəsilə yola gətirmək qabiliyyətidir, "sərt güc" isə hərbi qüvvə vasitəsi ilə fəth etmək və ya məcbur etməkdir. Cənab Prezident bu işgüzar səfəri və xarici siyasət kursu ilə mədəniyyət diplomatiyamızın uğurlu sintezini və vəhdətini analitik şəkildə belə səciyyələndirir: "Bu gün Azərbaycan gənc dövlətdir. Ancaq baxın, artıq dünyada bizim nə qədər dostlarımız, tərəfdaşlarımız vardır. Biz enerji diplomatiyamızı aparırıq. Biz mədəniyyət diplomatiyamızı aparırıq. Baxın, xaricdə bizim nə qədər mədəni tədbirlərimiz keçirilir. Dünya paytaxtlarında Azərbaycanın mədəniyyətini, tarixini, incəsənətini təbliğ edirik. 20 illik müstəqilliklə əlaqədar bütün keçmiş sovet məkanında Azərbaycan yeganə ölkə idi ki, dünya paytaxtlarında böyük tədbirlər keçirmişdir. Bu, bizim təşəbbüsümüz idi və aparıcı ölkələrin paytaxtlarında böyük konsertlər, təqdimatlar, sərgilər keçirilmişdir. Bu sahə mütləq diqqət mərkəzində olmalıdır. Çünki bu sahə insanları daha çox birləşdirir və eyni zamanda, ölkə haqqında daha dolğun təsəvvür yaradır. Ümumilikdə, siyasi əlaqələr və açıq, səmimi münasibətlər iqtisadi əməkdaşlıqda mühüm rol oynayır. Ona görə də biz çox şadıq ki, təkcə siyasi sahədə deyil, xalqlar arasında əlaqələr, mədəniyyət sahəsində də möhkəm əməkdaşlıq əlaqələri qurmuşuq. Ölkələrimiz arasında iqtisadi əməkdaşlığa gəlincə, qarşılıqlı ticarətdə dinamik inkişaf qeydə alınır, hazırda bu göstərici 4,6 milyard dollar təşkil edir və getdikcə artır. Gələcəkdə biz ticarət əlaqələrinin daha da şaxələndirilməsinin şahidi olmaq istərdik. Hesab edirəm ki, enerji sektorundan kənar əlaqələrin genişləndirilməsi üçün yaxşı potensial mövcuddur".
Parisin mərkəzində - Eyfel qülləsinin yaxınlığında yaradılan Azərbaycan Mədəniyyət Mərkəzi ölkəmizin dünya mədəniyyətinin paytaxtında təbliğ olunması istiqamətində atılan ən mühüm addımlardan biridir. Xüsusi əhəmiyyəti ilə seçilən bu mədəniyyət hadisəsi dünya gündəminə mədəniyyətlərarası və sivilizasiyalararası dialoq platformasının aparıcı qüvvəsi kimi daxil olan Azərbaycanın ən yüksək səviyyədə tanıdılmasına xidmət edir. Ölkəmizin qədim və zəngin tarixinə, mədəniyyətinə dair eksponatların bir məkanda təqdim edildiyi mərkəz Parisin mədəni həyatında fəallığı ilə seçilən Azərbaycanın bu sahədə həyata keçirdiyi fəaliyyətin rəsmiləşdirilməsinə də böyük imkanlar açır. Azərbaycan Mədəniyyət Mərkəzi həm də ölkəmizə sonsuz marağı təcəssüm etdirir. Belə bir mədəniyyət mərkəzinin açılışını şərh etmək üçün bir neçə ay bundan əvvəl Azərbaycan Milli İncəsənət Muzeyində möhtəşəm açılışı ilə yadda qalan "Fransa inciləri" mövzusundakı sərgini xatırlamaq yerində olacaqdır. Belə ki, Fransanın mədəniyyət və kommunikasiya naziri Frederik Mitteranın sərginin açılışında ifadə etdiyi fikirlər multikultiralizm kontekstində Azərbaycanın əhəmiyyətinin daha da artdığını göstərməktdəir: "...mən hətta bu sərgini nəinki "Fransa inciləri", həmçinin, "Azərbaycan inciləri" adlandırardım. Bu, məhz onunla bağlıdır ki, Azərbaycan tərəfi bu cür tədbirlərə xüsusi önəm verir. Əslində, Sizin bu işə göstərdiyiniz böyük maraq çox əhəmiyyətlidir. Fransada, ümumiyyətlə, bu cür mədəni tədbirlər xüsusi nüfuza malikdir və bu baxımdan, biz hesab edirik ki, əgər Azərbaycan tərəfi, azərbaycanlılar Fransa mədəniyyətinə bu cür maraq nümayiş etdirirlərsə bu, o deməkdir ki, Fransada Azərbaycanı tanıyanların sayı çoxalır. Xüsusən də, Sizin Fransada mövcud ictimai rəyə təsiriniz artır və kütləvi informasiya vasitələri ilə ölkənizi tanıtmağa imkanlarınız genişlənir".
Ermənistanı təcrid siyasəti
Cənab Prezidentin Fransaya səfərini kölgələmək üçün Parisdə yüzlərlə Fransa erməniləri Azərbaycanın Parisdəki səfirliyi qarşısında etiraz aksiyası keçirdilər. Bu aksiyanın cavabını Fransadakı Azərbaycan və türk təşkilatları səhər tezdən Parisdə Ermənistan səfirliyi önündə etiraz aksiyası keçirməklə veriblər. Məhz belə bir hərəkət diaspora əlaqələrinin ``sərt güc`` kateqoriyası daxilində verilən cavab olaraq qiymətləndirmək lazımdır.
Digər cəhətdən Cənab Prezidentin Fransaya işgüzar səfəri çərçivəsində keçirdiyi görüşlərdə və bir gün sonra Bakıda Azərbaycan Diplomatiya Akademiyasının yeni tədris korpusunun açılışında Ermənistan və Dağlıq Qarabağ problemi ilə əlaqədar ifadə etdiyi fikirlər beynəlxalq münasibətlərdə istifadə olunan "sərt güc" kateqoriyası daxilində öz aktuallığını qoruyub saxlayır: "Əgər Ermənistan rəhbərliyində reallığı dərk edən adamlar hələ də qalıbsa, anlamalıdırlar ki, Azərbaycan ilə qısamüddətli və uzunmüddətli rəqabətdə onları yalnız məğlubiyyət gözləyir. Hazırda əgər onlar danışıqlar masasında olan varianta razılıq verərlərsə və işğal edilmiş torpaqlardan qoşunlarını çıxararlarsa, o zaman öz xalqının gələcəyini təmin etmiş olarlar. Çünki onları gələcəkdə böyük təhlükələr gözləyir. Dünya dəyişir, bölgədə gedən proseslər sizə bəllidir. İstisna edilmir ki, vaxt gələcək və hər bir ölkə təkbaşına öz maraqlarını müdafiə etmək zorunda qalacaqdır. Azərbaycan buna hazırdır. Çünki onsuz da biz iyirmi il ərzində təkbaşına mübarizə aparırıq. Bəzi hallarda bizdən qat-qat böyük qüvvələr qarşısında öz maraqlarımızı təmin edirik, heç kimin qarşısından geri çəkilmirik. Biz bölgədə söz sahibiyik və bundan sonra mövqeyimiz daha da möhkəm olacaqdır. Biz heç vaxt imkan verə bilmərik ki, Ermənistan hər hansı bir siyasi, iqtisadi, enerji, nəqliyyat layihəsinə qoşulsun. Biz onları təcrid etmişik, bunu gizlətmirik. Gələcəkdə təcridetmə siyasətimiz davam etdirilməlidir. Bu, öz bəhrəsini verir. Əgər məsələni sülh yolu ilə həll etmək üçün bizə daim mesajlar göndərən tərəfdaşlar, doğrudan da istəyirlər ki, bölgədə sülh olsun, Ermənistan işğal edilmiş torpaqlardan çıxmalıdır. Çünki əks təqdirdə məsələnin başqa yolla həll edilməsi istisna deyildir. Biz bunu heç vaxt istisna etməmişik ".
Nəticədə, möhtərəm Prezidentimiz İlham Əliyev və xanımı Mehriban Əliyevanın xüsusilə son günlərdə həyata keçirtdiyi xarici siyasət və mədəniyyət diplomatiyası baxımından uğurlu addımları Azərbaycanın qlobal arenada inteqrativ dövlət olduğunu bir daha göstərərək dünya miqyasında inkişaf etməsi üçün əlverişli imkanlar yaratmaqdadır.
Rəşad İlyasov,fəlsəfə doktoru