Prezident İlham Əliyev: "Biz ciddi ekoloji tədbirlər görürük..."
Yüksələn dəyər olaraq ətraf mühitə diqqət məfkurəsi ictimai məsuliyyət, mədəniyyət və qurumların buna bağlı olaraq normativ etik qaydaları müəyyən etməyə istiqamətlənmiş səyləri akademik və gündəlik yazılarda getdikcə çoxalmaqdadır. Xüsusilə, 20-ci əsrdə sürətli texniki inkişafla bərabər dünya əhalisinin artması, şəhərləşmə və sənayeləşmənin təbiət üzərindəki təsiri ilə təhlükəli problemlər ortaya çıxmışdır. Nəticədə, özünü təbiətin "ağası" sayan insan oğlu təbiət ilə uzlaşmanın labüd olduğu fikrini artıq qəbul edir. Çünki insanların ehtiyac və tələbatlarını ödəyəcək ana qaynaq təbiətdir.
Məhz ekoloji mədəniyyətin inkişaf etdirilməsi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2010-cu il ölkəmizdə "Ekologiya ili" elan edilmişdir. Ətraf mühitin mühafizəsi və əhalinin sağlamlığı məsələlərinə daim böyük diqqət yetirən Azərbaycan dövlətinin başçısının bu təklifi ilə Yer kürəsində təbiətin xilas olunması üzrə dünya ictimaiyyətinin göstərdiyi səylər kontekstində ayrıca bir ölkə çərçivəsində çox əhəmiyyətli genişmiqyaslı aksiyaya başlanmışdır.
Ekoloji problemlərin aktuallığı müxtəlif ölkələrin liderlərinin bəyanatlarında dəfələrlə qeyd edilmişdir. BMT-nin Baş katibi Pan Gi Mun keçirilmiş ekologiya məsələlərinə dair zirvə toplantısında Yer kürəsinin gələcəyi ilə əlaqədar narahatlığını konkret şəkildə belə ifadə etmişdir: "Bəşəriyyətin planetimizdə labüd iqlim dəyişikliklərinin qarşısını almaq üçün cəmi on ili vardır". Azərbaycanda əhalinin gələcəkdə bioloji varlıq kimi mövcudluğuna aidiyyəti olan bu mühüm məsələ dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.
Yeri gəlmişkən Ümummilli Lider Heydər Əliyevin "bir ağacı kəsən sanki mənim bir qolumu kəsir" fikrinin yüksək səviyyədə elmi arqumentlərlə təhlil olunması vacib olan tezislərdəndir. Qeyd etməliyəm ki, bu fikir müasir eko-etikanın inkişafına təsir göstərən Aldo Lipoldun "torpaq etikası"- tezisləri çərçivəsində təhlil oluna bilər. Belə ki, Lipoldun torpaq etikası anlayışı məşhur ingilis filosofu Con Lokun, torpağın bir mal olduğu yolundakı görüşünə qarşıdır. Ona görə artıq biz torpağa bir obyekt və cansız bir varlıq olaraq baxa bilmərik. Çünki torpaq sırf ərazi deyildir. Bu ərazi, bitki və heyvanların daxil olduğu sahədən axan enerji mənbəyidir. Bu kontekstdə Heydər Əliyevin məşhur fikri Azərbaycanda ekoloji şüurun və mədəniyyətin inkişaf etdirilməsində əvəzsiz funksional rola malikdir.
İDEA-nın uğurlu ekologiya strategiyası
2011-ci il oktyabrın 21-də "Hilton Baku" otelində Heydər Əliyev Fondu ilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı arasında Anlaşma Memorandumu imzalanmışdır. Bunlardan biri də 2011-ci il iyul ayının 11-də, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən İDEA (İnternational Dialogue for Environmental Action) Ətraf Mühitin qorunmasıı naminə Beynəlxalq Dialoq Kampaniyasının başlanması oldu. Qısaca olaraq, İDEA adlanan bu kapmaniyanın son günlərdə ciddi uğurlarına rast gəlirik. Belə ki, bir neçə gün əvvəl Böyük Britaniyanın nüfuzlu "Telegraf" qəzeti İDEA-nın təşəbbüsü ilə "Yer kürəsi uşaqların gözü ilə-2012" beynəlxalq foto müsabiqəsinə geniş yer vermişdir. Qəzet dünyanın müxtəlif ölkələrindən minlərlə gənc fotoqrafın çəkdikləri fotoları "Yer kürəsi uşaqların gözü ilə - 2012" müsabiqəsinə təqdim etdiklərini bildirmişdir. Məhz müsabiqənin əsas məqsədi ətraf mühit məsələləri ilə bağlı maarifləndirmənin səviyyəsini artırmaqdır. Bu layihə ilə 17 və ondan aşağı yaşdakı uşaqlar "Mən təbiəti sevirəm" və "Mən çirklənmədən qorxuram" mövzularında fotolar çəkməyə həvəsləndirilmişlər.
Digər tərəfdən Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsünün-İDEA-nın ölkə miqyaslı növbəti ekoloji maarifləndirmə layihəsi çərçivəsində həyata keçirilən "Yaşıl Azərbaycan naminə" layihəsinin iştirakçıları sentyabrın 25-də Şamaxı və İsmayıllı rayonlarında olmuşlar. Seminarlara ümumilikdə 70 şagird cəlb olunmuşdur. Burada şagirdlərə dünyada baş verən ekoloji fəlakətlər, Yer kürəsinin, o cümlədən, Azərbaycanın ekoloji vəziyyəti, Böyük Qafqazın cənub-şərq hissəsində yerləşən, zəngin flora və faunaya malik Şamaxı, onun təbiəti barədə ətraflı məlumatlar verilmişdir.
Bütün bu nailiyyətlər İDEA-nın uğurlu ekologiya strategiyasının nəticələrindəndir. Məhz IDEA kampaniyasının banisi Leyla xanım Əliyevanın sentyabrın 25-də "Rossiyskaya qazeta"da dərc olunmuş məqaləsində bu kampaniyanın fəaliyyətindən və strateji mahiyyətindən bəhs olunmaqdadır. Leyla xanım Əliyeva yüksək analitik qabiliyyətlə məqalədə mövzunu belə təsvir və təhlil edir: "Regionda qonşu olan Azərbaycan və Rusiya Qafqazın nadir biomüxtəlifliyinin hifz edilməsinə görə məsuliyyəti də bölüşürlər ki, bu da həmin istiqamətdə konkret tədbirlər görülməsi zərurətini nəzərdə tutur. İqamətgahı Azərbaycanın paytaxtında yerləşən Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsü (IDEA) qısa müddət ərzində gənclərin maarifləndirilməsi və ətraf mühitin, o cümlədən, transsərhəd ətraf mühitin mühafizəsi sahəsində layihələrin gerçəkləşdirilməsi işində uğurlar qazana bilmişdir. Məsələn, lap bu yaxınlarda IDEA Rusiya Federasiyasının Həştərxan vilayətində bir neçə sosial layihə təşəbbüsü ilə çıxış etmişdir ki, bu layihələrdən ən başlıcası nadir xırda qu quşlarının xilas edilməsi olacaqdır. IDEA-nın yaxın planlarına Dünya Vəhşi Təbiət Fondunun (WWF) Rusiya nümayəndəliyi ilə əməkdaşlıq sahəsinin genişləndirilməsi daxildir. Bu tərəfdaşlıq ümumi təbiətimizin qorunub saxlanılması işinə əhəmiyyətli töhfə verəcəkdir".
Ümumiyyətlə, Leyla xanım Əliyevanın məqalədə Rusiya-Azərbaycan arasında mədəni əlaqələr və ekoloji problemlərin həllinə dair müştərək atılan addımları ictimai diplomatiya rakursundan qiymətləndirməsi, öz növbəsində, son dərəcə aktual bir baxış tərzidir. Məhz beynəlxalq münasibətlərdə dövlətlərarası əlaqələrdən başqa "ictimai diplomatiyaya" istinad edən əlaqələr silsiləsi günbəgün əhəmiyyət qazanır. İngilis dilində bu "Public Diplomacy" termini adı altında verilir. Tərif olaraq "ictimai diplomatiya dövlətdən-dövlətə deyil, dövlətdən ictimaiyyətə, vətəndaş cəmiyyətlərindən dövlətlərə, gizli qapılar arxasında deyil, açıq və cəmiyyətin hər bir təbəqəsinin iştirak etdiyi bir diplomatiya növüdür".
Nəticədə, Leyla xanım Əliyevanın təşkilatçılığı ilə İDEA-nın qeyd olunan fəaliyyətləri və bu sahədə gələcəkdə həyata keçiriləcək tədbirlər insanların gələcəkdə də var olacaqları düşüncəsi əsas alınaraq reallaşdırılmaqdadır. Bütün bunlar, məşhur filosof Noddingsin qeyd etdiyi kimi, həyatda öz əksini tapır və tapacaqdır: "Yaşayan varlıqlar üçün qayğılandığım zaman, onların təbiətlərini, həyat tərzlərini, ehtiyaclarını və tələbatlarını diqqətə almaq məcburiyyətində qalıram və hər nə qədər bunu etməsəm də, başqalarının həqiqətini anlamağa cəhd edərəm".
Rəşad İlyasov,fəlsəfə doktoru