PDF Oxu

Siyasət

  • 45

YAP demokratik və təşəbbüskar addımları ilə daim öndə olub

Siyavuş Novruzov: "Bu, ilk deyil, növbəti addımlardan biridir"

YAP demokratik və təşəbbüskar addımları ilə daim öndə olub

Yeni Azərbaycan Partiyasının mərkəzi ofisində 18 müxalifət partiyası ilə birgə imzalanmış müraciət bir daha onu deməyə əsas verir ki, hakim partiya daim dialoq məsələsində təşəbbüskarlıq göstərib və bu təşəbbüskarlıq hər zaman ölkənin, xalqın, dövlətçiliyin mövqeyini təmin edir. Məhz bu baxımdan, Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzovun mətbuata verdiyi açıqlaması özündə digər əhəmiyyətli məqamları əks etdirir. Belə ki, YAP yetkilisinin sözlərinə görə, məlum sənədin imzalanaraq Avropa qurumuna göndərilməsi hansı partiyanın üzvü olmasından asılı olmayaraq ümummilli, dövlət əhəmiyyətli, xalqın maraqları ilə bağlı məsələlərdə hamı yekdildir. Siyavuş Novruzov xatırladıb ki, hakim partiya müxalifəti təmsil edən siyasi təşkilatlarla bundan əvvəl də Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın ərazi bütövlüyü, BMT-nin qətnamələrinin yerinə yetirilməsi və buna oxşar məsələlərlə bağlı birgə qərar və bəyanatlar imzalayıb: "Yəni bu, ilk deyil, növbəti addımlardan biridir".

Lakin təəssüf hissi ilə qeyd etmək lazımdır ki, özündə ümummilli maraqları təmin edən sənədin imzalanması növbəti dəfə bir sıra müxalifət təmsilçiləri tərəfindən qısqanclıqla qarşılanıb. Hətta həmin sənədə imza atmaqdan imtina edən partiyalar da mövcuddur ki, həmin təşkilatlar və onların sədrləri bu kimi önəmli olaylara qısqanclıqla yanaşırlar. Eyni zamanda, məsələnin "İctimai Palata"da müzakirəyə çıxarılması bir sıra müxalifət yetkililərinin dialoq mövzusundan qaçmalarını göstərir.

"Bekar olmadıqlarını, guya nəyləsə məşğul olduqlarını göstərmək üçün belə bir müzakirə keçiriblər"

Bu baxımdan, YAP İcra katibinin müavini sözügedəm məsələnin "palata"da müzakirəyə çıxarılmasını qeyri-ciddi addım kimi dəyərləndirir: "Bunun "İctimai Palata"ya nə aidiyyəti var? "İctimai Palata" bunu niyə müzakirə edir? Ümumiyyətlə, o nə qurumdur, onun nə səlahiyyəti var, orada kimlər təmsil olunur? Onların dediklərinin hamısı mənasızdır. Sadəcə olaraq, orada yığışan adamlar bekarçılıqdan bilmirlər nə etsinlər. Bekar olmadıqlarını, guya nəyləsə məşğul olduqlarını göstərmək üçün belə bir müzakirə keçiriblər".

YAP müxalifətlə dialoqu davam etdirmək üçün hər zaman hazır olduğunu dəfələrlə bəyan edib. Çünki hakim partiyanın bu addımı atmağa həm potensialı, həm də kifayət qədər gücü var. Eyni zamanda, müzakirə etmək üçün görülən işlər var. İstənilən məsələ ilə bağlı müzakirələrə hazır olduqlarını bildirən Siyavuş Novruzov vurğulayıb ki, bu müstəvidə partiyaların fəaliyyəti konstruktiv olmalı və başqa hallara yol verilməməlidir.

"Bəyəm Azərbaycan sosialist ölkəsidir ki, demokratiyaya keçid eləsin?"

Millət vəkili "İctimai Palata"nın Koordinasiya Şurasının qəbul etdiyi sonuncu qərarına da münasibətini açıqlayıb. Xatırladaq ki, adıçəkilən qurum bir il əvvəl "Demokratiyaya yumşaq keçidin yol xəritəsi" adlı sənəd hazırlayaraq Prezident Administrasiyasına və YAP-a təqdim etmişdi. Ancaq buna baxmayaraq, həmin sənəddə bir çox yanlışlıqlar mövcuddur: "O, yanlış bir sənəddir. Çünki Azərbaycan demokratik ölkədir və demokratik yolla gedir. Belə olan halda, demokratiyaya hansı keçiddən danışılır? Bəyəm Azərbaycan sosialist ölkəsidir ki, demokratiyaya keçid eləsin? Bizim ölkə demokratik, hüquqi dövlətdir, ölkədə böyük işlər həyata keçirilir. Görülən işlər kimisə qane etmirsə, bu işlərin daha yaxşı olması üçün təkliflərini verə bilər. Bütövlükdə, Azərbaycan doğru yoldadır, ölkə konstitusiya əsasında idarə olunur və atılan addımlar konstitusiyaya, qanunlara uyğundur. Azərbaycan Konstitusiyası dünyanın ən demokratik konstitusiyalarından biridir. Eyni zamanda, idarəçilik sistemimiz şəffaf və ədalətlidir. Çünki hakimiyyət qolları seçkilərlə formalaşdırılır. Belə olan halda demokratiyaya yumşaq, yaxud bərk keçməkdən danışmaq yersizdir. Bunu ortaya atan bəzi adamlar bir neçə ərəb ölkəsində baş verənləri yamsılayırlar".

"Bunu edənlərə normal insan kimi baxmaq olmur"

YAP rəsmisi müxaifətin siyasi oyunbazlıqlarını haqlı olaraq təlxəklik kimi qiymətləndirib. Çünki hər hansı xarici ölkədə müəyyən siyasi hadisələr baş verirsə, Azərbaycan müxalifəti dərhal həmi halları burada tətbiq edir: "Bunu edənlər gah rəngini, gah havasını dəyişir, gah da gül gəzdirirlər. Ukraynada narıncı inqilab baş verəndə hamısı paltarını dəyişdi, narıncı geyməyə başladı. Gürcüstanda qızılgül inqilabı olanda bunlar əllərinə gül götürüb küçələrə çıxmışdılar. İndi isə bəzi ərəb ölkələrində hansısa proseslər baş verir. Axı bunun Azərbaycana nə aidiyyəti var? Ərəb ölkələrindən bəzi şeyləri öyrəniblər, oradan nəsə götürüblər və bunu Azərbaycana da şamil etmək iddiasına düşüblər. Bunu edənlərə normal insan kimi baxmaq olmur. Ona görə də belə sənədlərin hazırlanması, bununla bağlı deyilənlər əsassızdır, mənasızdır, boş şeylərdir".

"İctimai Palata" adlı qurumu tanımadığını qeyd edən S.Novruzov orada təmsil olunanları ciddi siyasətçi hesab etmədiyini bildirib: "Ora bir dərnəkdir. Amma dərnəkdə toplananlar da lazımi işlərlə məşğul olmurlar, ancaq dedi-qodu edirlər. Siyasətlə məşğul olmaq partiyanın işidir, funksiyasıdır, hansısa dərnəyin yox. Onlar bir qədər faydalı işlərlə məşğul olsunlar, küçələrdə təmizlik işləri görsünlər, ağac əksinlər, kitabxanaya yığışıb kitab oxusunlar... Dərnəyin funksiyası bundan ibarətdir. Bütün bunlara görə onların nəsə hazırlaması, təqdim etməsi, kiməsə göstəriş verməsi mənasızdır".

Sonda Siyavuş Novruzovun sözlərindən belə bir qənaətə gəlmək mümkündür ki, bu gün dialoq ətrafında müxtəlif fikirlər səsləndirən müxalifət yetkililəri, əslində, bunun necə reallaşdırılmasını məhz Yeni Azərbaycan Partiyasından öyrənməlidirlər. Çünki bütün mənalarda, YAP demokratik və təşəbbüskar addımları ilə daim öndə olub və bu amil partiyanın ötən seçkilərlə yanaşı, qarşıdan gələn seçkilərdə də xalq tərəfindən dəstəklənəcəyinə, qalib olmasına şərait yaradır. Müxalifət başbilənləri isə bu kimi amilləri özlərinə örnək kimi götürməlidirlər.

RÖVŞƏN NURƏDDİNOĞLU

Digər xəbərlər