PDF Oxu

Siyasət

  • 39

Prezident İlham Əliyev: “Azərbaycanda təhsil xərcləri müdafiə xərcləri ilə birinci və ikinci yerləri bölüşür”

Prezident İlham Əliyev: “Azərbaycanda təhsil xərcləri müdafiə xərcləri ilə birinci və ikinci yerləri bölüşür”

Sentyabrın 26-da M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının yeni tədris kompleksinin açılış mərasimi keçirilmişdirib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak etmişlər.

Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya gül dəstəsi təqdim edildi. Dövlətimizin başçısı universitetin yeni tədris kompleksinin rəmzi açılışını bildirən lenti kəsdi.

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru Viktor Sadovniçi və bu ali təhsil ocağının Bakı filialının rektoru Nərgiz Paşayeva Azərbaycan Prezidentinə və xanımına məlumat verdilər ki, yeni kompleksin tikintisinə 2010-cu ilin iyununda başlanmışdır. Yeddi korpusun, dörd yataqxananın daxil olduğu tədris kompleksi xüsusi dizaynla yüksək standartlar səviyyəsində, dünyanın tanınmış universitetlərinin təcrübəsinə əsaslanaraq ən son texnoloji nailiyyətlərlə inşa olunmuşdur. Dövlətimizin başçısı və xanımı universitetin beş mərtəbədən ibarət yeni binasının müasir tədris avadanlığı ilə təchiz edilmiş auditoriyalarında, zəngin kitabxanasında, konfrans zalında, yeməkxanasında, tələbə mərkəzində, "13 müdriklər klubu"nda yaradılmış şəraitlə tanış oldular. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva universitetin birinci mərtəbəsində köhnə Bakının və köhnə Moskvanın görüntülərini əks etdirən fotostendlərə baxdılar.

Daha sonra Azərbaycan Prezidenti və xanımı universitetin ayrı-ayrı mərtəbələrindəki auditoriyalarda, kompyuter zalında yaradılmış şəraitlə tanış oldular, ali təhsil ocağının dördüncü mərtəbəsindən ətrafı seyr etdilər. Bildirildi ki, beş hektar ərazidə inşa edilmiş kompleksin həyətində geniş yaşıllaşdırma işləri görülmüşdür.

Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə çıxış etdi. Prezident İlham Əliyev qeyd etdi ki, bu gün ölkəmizin həyatında gözəl, əlamətdar gündür. Prezident qeyd edib ki, qısa müddətdə filial ölkəmizdə böyük nüfuz qazanmışdır. Filialın rəhbərliyi MDU-nun rəhbərliyinin dəstəyi ilə sıfırdan başlayaraq artıq böyük nüfuz qazanmış və gənclərin can atdığı ali təhsil müəssisəsi yarada bilmişdir. Buradakı tədris prosesi, kadrların seçilməsi sistemi, əlbəttə ki, logistika infrastrukturu və avadanlıq təhsil üçün gözəl şərait yaradır. Dövlət başçısı bildirib ki, biz MDU-nun Bakı filialının simasında Azərbaycanda dünya səviyyəli ali təhsil müəssisəsi görürük:

"Çünki artıq dediyim kimi, MDU dünyanın nüfuzlu təhsil müəssisələrindən biri, böyük ənənələrə malik universitet, Rusiyanın aparıcı təhsil ocağıdır. Əlbəttə ki, MDU-da tədrisin səviyyəsi onun filialının harada olmasından asılı olmayaraq qoruyub saxladığı standartdır. Bildiyimə görə MDU-nun Bakı filialında da təhsilin səviyyəsi çox yüksəkdir. Bu gözəl gündə, əvvələn, bir neçə il ərzində, əslində sıfırdan müasir təhsil müəssisəsi yaratmış MDU-nun rektoru, bizim böyük dostumuz Viktor Antonoviç Sadovniçiyə, universitetin Bakı filialının rektoru Nərgiz Paşayevaya, habelə bütün həm yerli, həm də moskvalı müəllimlərə təşəkkürümü bildirmək istəyirəm. Artıq dediyim kimi, filial cəmi bir neçə ildir fəaliyyət göstərir. Bu il ilk buraxılışı olmuşdur. Lakin artıq bu gün biz nəticələri görürük. Düşünürəm ki, yaxın illərdə Azərbaycanda filialın məzunlarının fəaliyyətinin nəticələrini görəcəyik.

Ölkəmiz fəal surətdə inkişaf edir. Ölkəmizin həyatının bütün sahələri dinamik inkişaf edir. İqtisadiyyat dünya miqyasında ən yüksək templərlə inkişaf edir. Əlbəttə, qarşımızda duran bütün vəzifələri gerçəkləşdirməyə nail olmaq üçün bizə ilk növbədə, peşəkarlar lazımdır. Bütün sahələrdə peşəkarlar lazımdır. Hansısa mühüm bir istiqamətə peşəkar kadr gələn kimi, biz o saat müsbət dinamika görürük. Çünki iş dərhal düzgün təşkil edilir və biz dərhal peşəkarlıq, öz işinə sədaqət görürük. Çünki müasir dünyada bunsuz hər hansı bir ölkənin müvəffəqiyyət qazanması çox çətin olardı. Müasir dünyada ölkələrin uğurunu biliklər, elm, texnologiyalar və təhsil müəyyən edir. Biz şadıq ki, bu gün Azərbaycanda yüksək savadlılıq səviyyəsini qoruyub saxlamağa nail olmuşuq. Savadlılığın səviyyəsi faktiki olaraq 100 faizdir. Biz təhsilin inkişafı üçün çox iş görür və bu sahəyə olduqca çox sərmayə yatırırıq. Son səkkiz ildə Azərbaycanda təhsil xərcləri altı dəfə artaraq 1,5 milyard manat səviyyəsinə çatmışdır. Bu da büdcəmizin bütün məxaric hissəsinin on faizindən bir qədər azdır. Yəni, Azərbaycanda təhsil xərcləri müdafiə xərcləri ilə birinci və ikinci yerləri bölüşür. Bu isə bizim üçün məhz düzgün tədris prosesinin nə qədər əhəmiyyətli olduğuna, Azərbaycan gənclərinin onlara həyatda lazım olan bilikləri əldə edə biləcəkləri belə bir tədris sisteminin yaradılmasının nə qədər əhəmiyyətli olduğuna dəlalət edir. Filial, onun fəaliyyəti tədricən, mərhələ-mərhələ yaradılmış və inkişaf etmişdir. Əlbəttə, təkcə infrastruktur və texniki tərəfi mərhələ-mərhələ inkişaf etməmişdir, - dediyim kimi, biz bu gün gözəl bir binanı açırıq, - həm də fakültələrin sayı ilbəil artır. Bu da bizim ümumi istəyimiz idi. Əminəm ki, MDU-nun filialının yaradılması Azərbaycanda elmin inkişafına yeni təkan verəcəkdir."

Sonra Moskva Dövlət Universitetinin rektoru Viktor Sadovniçi və bu ali təhsil müəssisəsinin Bakı filialının rektoru Nərgiz Paşayeva çıxış etdilər. Universitetin müəllim-tələbə heyəti dövlətimizin başçısı və xanımı ilə xatirə şəkli çəkdirdi.

Daha sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva kompleksin əl oyunları zalı, üzgüçülük hovuzu və trenajor zalında yaradılmış şəraitlə tanış oldular. Azərbaycan Prezidenti yeni kompleksdə yaradılmış şəraitdən razılığını bildirdi. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 2008-ci il tarixli Sərəncamı ilə yaradılmışdır.

Digər xəbərlər