Modern cəmiyyətin dünyəvi hüquqi prinsiplər kontekstində dini dəyərlərdən müstəqil şəkildə formalaşması iki cəhətdən özünü büruzə verir. İlkin olaraq siyasi hakimiyyət özünü dini simvol və dəyərlərə istinad etmədən öz hüquqi-siyasi statusunu təşkil edir. İkinci olaraq isə, ictimai həyatı tənzimləyən prinsiplər dini hökmlərə istinad etməz. Bu kontekstdə dinin ictimai həyatda yer alması fərqli bir məsələdir və bu demokratik prinsiplərlə paradoks təşkil etmir. Demokratik prosesə tərs mütanasib olan isə dinin və ya başqa bir dini sektanın təzyiq ünsürü halına gəlməsidir. Bunun xaricində hər bir etiqad və düşüncə cəmiyyət həyatında, həm düşüncə, həm də həyat tərzi olaraq öz yerini ala bilər.
Bu məqamda qeyd olunmaldır ki, din mənəvi və əxlaqi dəyərlər məcmusudur. Məhz Hz. Məhəmməd dinin mahiyyətini izah edərkən bu məqama işarə etmişdir: "Mən gözəl əxlaqı tamamlamaq üçün göndərildim". Bu mənada, xüsusilə, islam dini siyasi mahiyyət daşımamaqdadır. İslam dinində əsas hədəf fərd əsasında cəmiyyətin kamilliyə çatmasıdır. Bunu da əxlaqi faktorlar müəyyən edir.
Bu mənada, tarixdən məlumdur ki, müxtəlif dinə mənsub insanlar arasında yaranan konfliktlər dialoqdan çox, müharibələrlə nəticələnmişdir. Çünki hər bir din mütləq həqiqətin öz dini sistemində olduğunu iddia edərək, məsələyə bu rakursdan baxır. Orta əsrlərdə dini plüralizm (Religious Pluralism), yəni mütləq həqiqətin müxtəlif cəhətlərdən təcrübə edilə biləcəyi və hər bir dinin mütləq həqiqəti öz məfhum və terminləri ilə izah etdiyi düşüncəsi mövcud deyildi. Digər tərəfdən isə islam dinin yayılması ilə tarix səhnəsində qanlı çarpışmaların olduğunu görürük. Belə ki, bu savaşlar və işğallar din altında aparılır və din adı altında mütləq həqiqət uğuruna insanlar qətl edilirdilər. Avropanın özündə də orta əsrlərin başlanğıcından etibarən müxtəlif xristian məzhəbləri arasında qanlı çarpışmalar getmişdir. Dini hökmlər, qanunlar və şərhlərin cansıxıcı hakimiyyəti altında insanlar müstəqil, rasional qərarlar verə bilmirdilər. İslam dünyası ilə xristian dünyasının qarşı-qarşıya gəldikləri xaçlı(səlib) səfərlərini və müharibələrini də burda qeyd edə bilərik. Bütün bu müharibələr dini ad altında, iqtidar istəklərinə və torpaqların işğal edilməsi üçün məsələyə dini don geyindirilib, "Tanrı Dövləti" məfhumuna istinad edilərək aparılırdı. Həm bəzi türk imperiyaları, həm də Xilafət dövründə islami məzhəblər və təriqətlər arasında da qanlı vuruşmalar olmuşdur. Bütün bunlar dini həqiqət və ya mütləq həqiqətə dair müxtəlif görüşlərin, plüralizmin qəbul edilməməsindən irəli gəlirdi. Bütün bu mülahizələr əsasında deyə bilərik ki, tarixə nəzər saldıqda hakimiyyət və iqtidar məqsədilə din fərqli görüş sahiblərinin əlində alətə çevrilə bilmişdi. Bu kontekstdə Ümummilli Lider Heydər Əliyevin ifadələri sekulyarizm və din-dövlət münasibətləri baxımından çox əhəmiyyətlidir: "Dinə, dinin mənəvi-əxlaqi dəyərlərinin təbliğinə, bu dəyərlərin yardımıyla insanlara vətənsevərlik və dözüm duyğularının aşılanmasına dövlətin də ehtiyacı var. Biz milli-mənəvi dəyərlərimizi dini dəyərlərdən ayrı düşünmürük. Ancaq dövlət-din münasibətləri şəffaf, başa düşülən olmalıdır. Azərbaycan dövlətinin qanunları Azərbaycan xalqının və dövlətinin maraqlarına uyğun olmalıdır. Dindən siyasi proseslərdə istifadə olunma cəhdlərinə qarşı ciddi mübarizə edilməlidir. Din siyasi və ideoloji mübarizələrdən kənarda qalmalıdır. Din hər bir insanın fərdi-mənəvi ehtiyacını ödəyən bir dəyərlər sistemi kimi qəbul olunmalıdır".
Möhtərəm Prezident İlham Əliyev, Ümummilli Liderin yuxarıda qeyd olunan fikirlərini əsas götürərək cəmiyyətimizdə etnik-mədəni müxtəlifliyin qorunub saxlanmasının, multikulturalizmin dəstəklənməsinin və təşviq edilməsinin müasir mərhələdə həyata keçirilən dövlət siyasətinin başlıca məqsədlərindən biri olduğunu özünün müxtəlif çıxışlarında ifadə etmişdir. Bu mənada, Prezident İlham Əliyev hazırda ölkədə tolerantlığın və dini etiqad azadlığının təminatçısıdır. Onun böyük tarixə malik dini məbədlərimizin bərpası və xalqımızın istifadəsinə verilməsi sahəsində ardıcıl, operativ tədbirlər həyata keçirməsi dövlətimizin məqsədyönlü siyasətinin tərkib hissəsidir.
Dini təhqir və söz azadlığı
Bu kontekstdə qeyd etməliyəm ki, Hz. Məhəmməd və islamı təhqir edən ABŞ-dakı film hadisəsi ilə əlaqədar etirazların BMT-nin ümumi iclaslarında da artması müqəddəs dəyərlər ilə söz azadlığı arasındakı dilemmanın bu platformada müzakirə olunmasına səbəb olmuşdur. ABŞ prezidenti Obamadan Misir prezidenti Mursiyə qədər BMT kürsüsündə nitq söyləyən bütün liderlər bu mövzuya toxunmuşlardır. Təsadüfi deyildir ki, Azərbaycan XİN başçısı Elmar Məmmədyarov da bu məsələyə toxunaraq söz azadlığı adı altında dini təhqir etmənin yolverilməz olduğunu bildirmişdir. Məhz belə hərəkətlər tolerantlığa zidd mahiyyətdədir. Həm Obama, həm də Hillari Klintonun bu filmi çirkin adlandırması əhəmiyyətlidir. Məhz söz azadlığı altında dinin təhqir olunması ABŞ səfirinin öldürülməsi kimi təhlükəli nəticələrə gətirib çıxarır. Bu vəziyyətdə müqəddəs dəyərlər ilə söz azadlığı arasında müştərək bir baxış tərzini təşkil etmək vacibdir.
Məhz müasir dövrdə "Mülayim islam" (Moderate İslam) -terminindən istifadə olunması bu çərçivədə aktuallıq kəsb edir. Bununla əsgərlərin, diplomatların və şirkətlərin canlı bombalarla hücuma məruz qalmadığı, demokratiyanın az da olsa işlədiyi müsəlman ölkələr nəzərdə tutulur.
Digər tərəfdən Leyla xanım Əliyevanın sentyabrın 25-də "Rossiyskaya qazeta"da dərc olunmuş məqaləsində Azərbaycandakı tolerantlıqdan yüksək analitik tərzdə bəhs olunması da əhəmiyyət kəsb edir. Leyla xanım Əliyeva məqalədə mövzunu belə təsvir və təhlil edir: "Bakıda müsəlman məscidinin, pravoslav kilsəsinin, katolik kostyolunun, yəhudi sinaqoqunun eyni küçədə yerləşməsi tolerantlıq ab-havasının nəticəsidir".
Ümumiyyətlə, din və siyasət məsələsini nəzərdən keçirərkən islam ilə əlaqədar bir neçə əhəmiyyətli nöqtələri nəzərdən qaçırmamaq lazımdır. Bu mənada, islam düşüncəsinin yenidən anlaşılması və şərh olunması vacibdir. Məhz məşhur fransız filosof Rikorun da, haqlı olaraq qeyd etdiyi kimi, "Bu günə qədər ənənəvi islam düşüncəsi Renessans filosofları, Nitşe və Marks tərəfindən tənqid olunan Qərb düşüncəsinin başına gələn daxili tənqidə məruz qalmamışdır. Bu düşüncə yenilənməyi, müzakirə edilməyi və yenidən şərh olunmağı qəbul edərsə daha canlı olacaqdır. Əks halda, donuq bir şəkildə yox olub gedəcəkdir".
Nəticədə, hal-hazırda dünya miqyasında islam dünyasında baş verən hadisələrə nəzər yetirdikdə, burada cərəyan edən hadisələrin əsasında məzhəb və ənənəvi islami zehniyyətin qabarıq şəkildə özünü göstərdiyinə şahid oluruq. Bu mənada, islam dünyası bu məzhəbçi təəssübkeşlikdən azad olaraq intellektual mənada İslamın mahiyyətini yenidən kəşf etməli və dünyaya bu intellektuallığı sadə kasıb xalq kütlələri ilə deyil, ziyalılar vasitəsilə çatdırmalıdır.
Rəşad İlyasov,fəlsəfə doktoru