PDF Oxu

Siyasət

  • 32

ZƏFƏRƏ GEDƏN YOL

ZƏFƏRƏ GEDƏN YOL

Ümummilli Liderimiz Heydər Əliyevin 3 oktyabr 1993-cu ildə Prezident seçilməsindən 19 il ötür

1993-cü il oktyabrın 3-də Ümummilli Liderimiz Heydər Əliyev ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçildi. 1998-ci il oktyabrın 11-də isə keçirilmiş seçkilərdə Ulu Öndər Heydər Əliyev yenidən xalqın etimadını qazandı. Hər iki tarixi il - 1993-cü il seçkiləri Azərbaycan dövlətçiliyinin ciddi sınaq mərhələsi, 1998-ci il isə formalaşan dövlətimizin imtahan ili sayılırdı. Eyni zamanda, bu illər "Xalq-Heydər, Heydər-Xalq" ifadəsi Prezident və xalq birliyinin möhtəşəm formuluna çevrildi. Doğrudur, həmin dövrdə bəzi qüvvələr müdrik siyasətçinin əleyhinə təbliğat aparırdı. Lakin müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda, Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı. Ümummilli Liderimiz Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin Sədri seçildi və iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. "Səs" qəzeti ilə öz fikirlərini bölüşən nüfuzlu siyasi xadimlərimiz bu tarixi hadisə ilə bağlı münasibət bildirərək bu yolu Azərbaycanın xilas yolu adlandırdılar.

Mübariz Qurbanlı: "1993-cü il 3 oktyabr tarixi müstəqil Azərbaycanın xilas günüdür"

YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı 1993-cü il 3 oktyabr tarixini müstəqil azərbaycanın xilas günü olduğunu söylədi: "Ümummilli Lider Heydər Əliyev 1993-cü il iyun hadisələri zamanı Azərbaycan xalqının təkidli tələbilə ölkəmizə ali siyasi hakimiyyətə qayıtdı. Bu TARİXİ QAYIDIŞ idi. Ümummilli Liderin Qayıdışı ilə Azərbaycanda vətəndaş müharibəsinin qarşısı alındı. Ölkədə ictimai-siyasi sabitlik yaradılması üçün əlverişli mühit formalaşdı. Təbii ki, Ulu Öndərin Qayıdışı xalqın böyük dəstəyi ilə Prezident seçilməsi və ölkənin idarəçiliyinin həyata keçirilməsi prosesi davam etdi. 1993-cü il oktyabr ayının 3-də Azərbaycanda prezident seçkiləri keçirildi. Azad, demokratik, ədalətli, alternativ şəkildə keçirilən seçkilərdə Azərbaycan xalqının böyük və mütləq əksəriyyəti Ulu Öndərin Qayıdışına, siyasətinə səs verdi. Bununla da, Ulu Öndər Azərbaycanı dağılmaqdan, fəlakətdən xilas etdi, müstəqilliyimizin itirilməsi təhlükəsini aradan qaldırdı. Azərbaycanı sabit, inkişaf edən ölkələr sırasına gətirmək üçün böyük, güclü imkanlar yaratdı. 1993-cü il oktyabrın 3-də xalqın dəstəyi ilə Prezident seçilən Ulu Öndər 1998-ci ildə ikinci dəfə Prezident oldu. Ulu Öndərin böyük siyasəti Azərbaycanı bölgənin lider dövlətinə, aparıcı ölkəsinə çevirdi. Ulu Öndərdən başlanılan BÖYÜK YOL bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu yol Azərbaycanımız üçün, müstəqil dövlətimiz üçün daimi, əbədi yoldur. Ulu Öndər Heydər Əliyev Prezident seçildikdən sonra Azərbaycanın inkişafının bütün istiqamətləri ilə bağlı dəyərli, konseptual Proqram elan etdi. Onun bu Proqramı ideoloji, iqtisadi əsaslarımızı müəyyən etdi, ölkənin müstəqilliyini, dönməzliyini təmin edə bildi".

Eldar İbrahimov: "1993-cü il 3 oktyabrda Ulu Öndər Heydər Əliyevin Prezident seçilməsi xalqımızın arzu və istəklərini reallaşdırdı"

Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Eldar İbrahimov bu tarixi hadisə ilə bağlı münasibət bildirərkən, 1993-cü il 3 oktyabr tarixini müstəqil azərbaycanın xilas günü olduğunu söylədi: "Xalq o zaman Naxçıvan Muxtar Respublikasına rəhbərlik edən Ulu Öndər Heydər Əliyevin Bakıya dəvət edilməsini, ölkənin siyasi hakimiyyətinə kömək etməsini məqsədəuyğun saydı. Hər zaman xalqın yanında olan və xalqın arzu-istəklərinin reallaşdırılması üçün öz canını belə əsirgəməyən Ulu Öndər muxtar respublikadan paytaxta gəlməklə xalqın ölməkdə olan ümidlərini özünə qaytardı. 1993-cü il oktyabrın 3-nə təyin edilmiş prezident seçkiləri Azərbaycan xalqı üçün mühüm tarixi hadisə, müstəqil Azərbaycan dövləti üçün isə qurtuluşa gedən yolun ilk pilləsi idi. Xalq böyük səs çoxluğu ilə öz böyük oğlunu, dahi siyasətçi Heydər Əliyevi Prezident seçdi və həmin seçimlə də bugünkü qüdrətli Azərbaycan dövlətinin təməli qoyuldu. 1993-cü il oktyabrın 3-də keçirilmiş prezident seçkisindən üç ay öncə iyunun 15-də xalq öz Ümummilli Liderini parlament Sədri seçdi, həmin addımla da vətəndaş müharibəsinin qarşısı alındı. Ən başlıcası, ölkədə daxili sabitlik yarandı, insanların bir-birinə və dövlətə olan inamı bərpa edildi. Daha sonra isə ölkəmizə beynəlxalq aləmdə yeni nüfuz qazandıran qanunların qəbul edilməsinə, köklü islahatlara start verildi. Nəticədə, Heydər Əliyevin Birinci Prezidentliyi dövründə Azərbaycana 10 milyardlarla dollar gəlir gətirəcək "Əsrin müqaviləsi" imzalandı, bütün beynəlxalq təşkilatlara inteqrasiyamız təmin edildi, dünyanın aparıcı dövlətləri ilə münasibətlərimiz isə tərəfdaşlıq və strateji müttəfiqlik səviyyəsinə çatdırıldı. Müstəqillik dövründə ilk dəfə iqtisadi dirçəlişə nail olmağımız da məhz Heydər Əliyevin Birinci Prezidentliyi dövrünə - 1996-cı ilə təsadüf edirdi. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə, yəni Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi şərti ilə həllinin zəruriliyi də beynəlxalq təşkilatlar səviyyəsində ilk dəfə 1996-cı ildə etiraf edildi. Ölkədə hüquqi islahatlara da həmin dövrdən başlandı, 1995-ci ildə müstəqil dövlətimizin ilk konstitusiyası qəbul edərək, yeni parlament seçildi. Ümumiyyətlə, 1993-cü ilin oktyabrından 1998-ci ilin oktyabrına qədər Azərbaycanda həyata keçirilən tədbirlər belə deməyə əsas verirdi ki, oktyabrın 11-də Ulu Öndər Heydər Əliyevin qələbəsi şəksizdir. Proqnozlar özünü doğrultdu və Ümummilli Liderimiz Heydər Əliyev 76,1 faiz səs toplayaraq, yenidən Azərbaycanın Prezidenti seçildi.

Tahir Süleymanov: "Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı Azərbaycan dövlətini, müstəqilliyini, xalqımızın qürurunu, tarixini, bugününü özünə qaytardı"

Milli Məclisin deputatı Tahir Süleymanov 1993-cü il 3 oktyabr tarixi hadisəni xalqımızın taleyində dönüş anı kimi dəyərləndirdi: "Məhz 19 il bundan öncə, tarixin bü günü xalqımızın Ümummilli Lideri Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə müstəqil dövlətçiliyimiz parçalanmaq və məhv olmaq təhlükəsindən, iqtisadi tənəzzüldən, beynəlxalq təcriddən xilas edildi. Azərbaycanın milli dövlətçilik ənənələrinin bərpa edilməsi və milli dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində atılan addımların qurtuluş məfkurəsinə istinad etməsi heç də təsadüfi deyil. Bildiyiniz kimi, müstəqilliyimizin ilk illəri Azərbaycan xalqı üçün çox ağır dövr olub. Tale elə gətirib ki, 1991-1993-cü illər, müstəqilliyimizin ilk illərinə təsadüf etsə də, ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq, avantürist eksperimentlər dövrü kimi xatırlanır. Bütün bunlar isə həmin dövrlərdə yeni yaradılmış müstəqil dövlətə liderlik xüsusiyyətlərinə malik olmayan, siyasi hadisələrə qiymət vermək, gələcəyi görmək imkanlarından məhrum olan, adi vəziyyətdən belə çıxış yolu tapmağa qadir olmayan şəxslərin rəhbərlik etməsi ilə əlaqədar baş verirdi. Belə bir məqamda yalnız bir çıxış yolu var idi - görkəmli siyasi və dövlət xadimi, Naxçıvan Muxtar Respublikasının Ali Məclisin Sədri, Yeni Azərbaycan Partiyasının Sədri Heydər Əliyevin Bakıya dəvət olunmasından ibarət idi. Azərbaycan dövlətçiliyinin gələcəyindən narahatçılıq keçirən ziyalılar Ulu Öndər Heydər Əliyevə müraciət etdilər. Azərbaycan ziyalıları, o cümlədən, sadə insanlar Ümummilli Liderə müraciətlər edirdilər, ölkədə yaranan siyasi gərginliyin aradan qaldırılması üçün Heydər Əliyevin hakimiyyətə gəlməyinin vacibliyini qeyd edirdilər. Ulu Öndər Heydər Əliyev bu müraciətləri nəzərə alaraq 1993-cü il iyunun 9-da Bakıya döndü. Bu dönüş xalqın istəyi, tarixin zərurəti idi və bu QAYIDIŞLA insanların qəlbinə bir inam və rahatlıq toxumu səpildi, ölkənin xilas olduğuna inamını artırdı. Eyni zamanda, Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı Azərbaycan dövlətini, müstəqilliyini, xalqımızın qürurunu, tarixini, bu gününü özünə qaytardı.

1993-cü il 3 oktyabr seçkilərinin nəticələrini biz bu gün ölkəmizin ictimai-siyasi həyatında və sosial-iqtisadi inkişafında görürük. Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev respublikamızı iqtisadi inkişaf baxımından dünyanın aparıcı dövlətlərinin sırasına qaldırıb. Bu gün Azərbaycan yoxsulluğun və işsizliyin azaldılmasına, adambaşına düşən ümumi daxili məhsul istehsalının artırılmasına, ordu quruculuğunun sürətləndirilməsinə, ölkənin beynəlxalq aləmə inteqrasiyasına və bir çox göstəricilərə görə dünyanın öncül dövlətləri sırasındadır. Bütün bunlar isə 1993-cü il 3 oktyabr prezident seçkilərinin nəticəsi kimi qiymətləndirilir.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər