PDF Oxu

Siyasət

  • 50

İkinci Bakı Beynəlxalq Humanitar Forumu:Mədəniyyətlərarası dialoq və əməkdaşlığa doğru

İkinci Bakı Beynəlxalq Humanitar Forumu:Mədəniyyətlərarası dialoq və əməkdaşlığa doğru

Prezident İlham Əliyev: "Ölkənin gələcəyini və uğurlu inkişafını təmin edən təbii resurslar deyil, humanitar amildir..."

Məlum olduğu üzrə Azərbaycan Respublikası və Rusiya Federasiyası prezidentlərinin himayədarlığı ilə keçən il oktyabrın 10-11 tarixləri arasında Bakıda Beynəlxalq Humanitar Forum keçirilmişdir. Bu forum bir çox cəhətdən, yəni, həm Azərbaycanın mədəni həyatında, həm də qlobal inteqrasiya prosesində multikulturalizm fəlsəfəsi işığında mədəniyyətlərarası dialoqun inkişafına öz töhfəsini vermişdir. Əldə olunan müvəffəqiyyətli elmi-mədəni nəticələr sayəsində yenidən 2012-ci il oktyabrın 4 və 5-də bu forumun yenidən keçirilməsi qərarlaşdırılmışdır.

Məhz hər il Beynəlxalq Humanitar Forumun keçirilməsi ilə bağlı Cənab Prezident İlham Əliyev xüsusi Sərəncam da imzalamışdır. Bu mənada, forumun məqsədi dəyirmi masalar vasitəsilə dialoqun qurulması, ideyalar, nəzəri və praktiki bilik mübadiləsi, konstruktiv debat və müzakirələr üçün platforma formalaşdırılmasıdır. Təsadüfi deyildir ki, geçən il keçirilən Bakı Beynəlxal Humanitar Forumundakı nitqində Cənab Prezident multikulturalizm kontekstində humanitaq dialoqu belə qiymətləndirmişdir: "Multikulturalizmin alternativi özünütəcriddir. Mən inanmıram ki, iyirmi birinci əsrdə, qloballaşan dünyada hər hansı bir siyasi qüvvə özünütəcrid siyasətini aparmağa cəhd etsin. Bu yol heç bir yerə aparmır. Multikulturalizmin dəyərləri, əsasları möhkəmləndirilməlidir. Multikulturalizm başqa xalqın nümayəndəsinə hörmət, başqa dinə hörmətdir. Öz dininə hörmət başqa dinə hörmətdən başlayır. Multikulturalizm ayrı-seçkiliyə yol vermir, əksinə, bütün xalqları birləşdirir. Eyni zamanda, hər bir ölkənin öz qaydaları, öz ənənələri vardır. Hər bir insan - həm ölkənin vətəndaşı, həm ölkəyə gələn qonaq, əlbəttə ki, o qaydalara, o ənənələrə hörmətlə yanaşmalıdır. Mən əminəm ki, bu amillərin sintezi nəticəsində bu gün müxtəlif dairələrdə multikulturalizmlə bağlı səslənən bədbin fikirlər aradan götürüləcəkdir. Bizim bu gün keçirdiyimiz forum multikulturalizmin təsdiqidir, onun təntənəsidir".

Bu kontekstdə qeyd etməliyəm ki, Bakı Beynəlxalq Humanitar Forumu əsasən müasir biliklərin, humanitar elmin və bütövlükdə müasir elmin insan həyatı ilə sıx bağlı olmasına, bir sıra elmi kəşf və ideyaların bəşəriyyətin mövcudluğu dediyimiz vəziyyətə transformasiyasına istiqamətlənmişdir. Bu mənada iqtisadiyyata, fizikaya, koqnitiv elmlərə, yəni təbii, elmi və psixoloji bilikləri birləşdirən elmlərə həsr edilmiş "dəyirmi masalar" aktuallıqlarını qoruyaraq yenidən keçiriləcəkdir. Digər cəhətdən forumun mahiyyəti ixtisaslararası, yəni elmlərarası (inderdisiplinar-multidisiplinar) əlaqələrin inkişaf mahiyyəti ilə bağlıdır. Məhz müasir fəlsəfədə də bu mövzu "böyük nəzəriyyələr" (grand theories) adı altında tədqiq olunmaqdadır.

Uğurlu mədəniyyətlərarası və humanitar dialoq strategiyası

Ümumiyyətlə, mədəniyyətlərarası dialoqun əsasını "mən" və "başqası" məfhumlarının münasibətləri təşkil edərək funksionallıq və mahiyyət baxımından həlledici rola malik olurlar. Belə ki, "mən", hər hansı bir mədəniyyətin və ya sivilizasiyanın daxilində "başqa"larından fərqli düşünmə sıstemləri ilə qarşılaşır. Nəticədə, "mən" sivilizasiyalararası əlaqədə həm qəbul etmə, həm də ayrılma mənasında özünü ancaq başqası və ya başqa sivilizasiya vasitəsi ilə müəyyən edir. Məşhur filosof Levinasın da qeyd etdiyi kimi, "insanlığın mənbəyi bəlkə də başqasıdır".

Bilindiyi kimi, Azərbaycan yerüstü və yeraltı təbii sərvətlər ilə zəngindir. Lakin bütün dünyada olduğu kimi, Azərbaycanın da əsas sərvəti bu ölkənin xalqı, həmin xalqın intellekti, yaratmaq və qurmaq bacarığıdır. Bu mənada, belə bir forum zəruridir. Bu kontekstdə, qeyd etməliyəm ki, Cənab Prezident də, eyni zamanda, bir neçə gün əvvəl MDU Bakı filialı açılışında bütün iqtisadi gücün, xüsusilə, "qara qızıl"ı insan kapitalına çevirmə siyasi strategiyasından bəhs etmişdir. Bu, ilk növbədə, qlobal iqtisadi və siyasi güc balansından istifadə edərək lokal, yəni milli dəyərlərin inkişaf etdirilməsi deməkdir.

Yeri gəlmişikən qeyd olunmalıdır ki, yenə bir neçə gün əvvəl Cənab Prezident Bakıda ``Körpülərin Qurulması`` adlı beynəlxalq konfransın iştirakçılarını qəbul edərkən, bu məsələyə yenidən toxunmuş və mədəniyyətlərarası dialoqun əhəmiyyətini belə xarakterizə etmişdir: "Biz əsas diqqəti körpülərin necə qurulmasına, qarşılıqlı etimadın artırılmasına yönəltməliyik. Azərbaycanın qədim tarixi və bugünkü inkişafı aydın şəkildə göstərir ki, qarşılıqlı anlaşma ancaq qarşılıqlı etimad və hörmət əsasında yaradılmalıdır. Ölkəmizdə bütün xalqlar və müxtəlif dini etiqadların nümayəndələri əsrlər boyu bir ailə kimi yaşayıb və xalqımız bununla fəxr edir ".

Ümumiyyətlə, Beynəlxalq Bakı Forumunun yenidən keçirilməsində yer alan əsas məqamlardan biri elmi texnologiya, digər ifadə ilə elm fəlsəfəsi baxımından humanitar elmlər ilə texniki elmlərin mahiyyətcə fərqli olduqlarına dair təqdim edilən və ediləcək olan intellektual beyin firtınası adlandıracağımız platformalardır. Həqiqətən də, bu məsələ modern elm fəlsəfəsində ciddi şəkildə tədqiq olunmaqdadır. Bu mənada, mədəniyyətlərarası və humanitar dialoq həyatın bütün sahələrində daha geniş izahedici mahiyyətə malikdir. Məhz İkinci Bakı Beynəlxalq Humanitar Forumunun keçirilməsi "Mədəniyyətlərin Toqquşması" tezisini müdafiə edənlərə ən tutarlı cavab mahiyyətini daşımaqdadır. Hələ 18-ci əsrdə yaşamış olan məşhur alman filosofu İ. Kantın "Əbədi sülhə doğru" fəlsəfi traktatında qələmə aldığı tezis və təhlillərə istinad edərək, ifadə edə bilərik ki, qeyd olunan forumun keçirilməsini qlobal arenada Azərbaycanın qazandığı uğurlardan hesab etmək olar.

Rəşad İlyasov,fəlsəfə doktoru

Digər xəbərlər