Oktyabrın 4-də Heydər Əliyev Mərkəzində İkinci Bakı Beynəlxalq Humanitar Forumu işə başlamışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Forumun açılış mərasimində iştirak etmişlər.
Bakı Beynəlxalq Humanitar Forumu XXI əsrdə bəşəriyyətin qarşısında duran qlobal çağırışlara cavab axtarmaq, humanitar əməkdaşlıqla bağlı ən mühüm məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq üçün beynəlxalq miqyasda nüfuzlu elmi-siyasi platformadır. Forumun iştirakçıları beynəlxalq ictimai-siyasi fikri formalaşdırmaq iqtidarında olan tanınmış dövlət xadimləri, elmin müxtəlif sahələri üzrə Nobel mükafatı laureatları, mötəbər beynəlxalq təşkilatların rəhbər vəzifəli şəxsləri, dünyanın siyasi, elmi və mədəni elitasının görkəmli nümayəndələridir.
Forumun həmtəsisçiləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putindir.
Budəfəki Bakı Beynəlxalq Humanitar Forumunda 60-dan çox ölkəni və yeddi mötəbər beynəlxalq təşkilatı təmsil edən 700-dək nümayəndə iştirak edir. Bununla da daim sülhü dəstəkləyən, dünyada sabitliyə və qlobal problemlərin həllinə öz töhfəsini verən Azərbaycan bu cür tədbirləri keçirməklə terrorizm və ekstremizm ilə mübarizəyə, sivilizasiyalar və mədəniyyətlərarası dialoqa nə qədər böyük önəm verdiyini nümayiş etdirir.
Azərbaycan Prezidenti İlham Əliyev İkinci Bakı Beynəlxalq Humanitar Forumunda çıxış etmişdir.
Forumda iştirak edən qonaqları salamlayan dövlətimizin başçısı birinci forumdan keçən dövr ərzində bir çox uğurların əldə olunduğunu vurğuladı. Prezident İlham Əliyev bütün dünya xalqlarının bir yerdə olması, qarşılıqlı anlaşma meyillərinin güclənməsi, dini-milli zəmində qarşıdurmalara yol verilməməsi üçün Forumun qarşıya qoyduğu məqsədlərin vacib olduğunu qeyd etdi.
2008-ci ildə başlayan Bakı prosesinin multikulturalizmin inkişafına güclü təkan verdiyini deyən Prezident İlham Əliyev vurğuladı ki, bu sahədə ideyaların təbliği üçün Azərbaycan təcrübəsi vacibdir. "Multikulturalizm bizim həyat tərzimizdir", - deyən dövlətimizin başçısı Azərbaycanda heç vaxt milli-dini zəmində qarşıdurmanın olmadığını, multukulturalizmin gələcəyinə inandığını qeyd etdi, bu sahədə meyillərin gücləndirilməsinin Bakı Beynəlxalq Humanitar Forumunun əsas məqsədlərindən biri olduğunu diqqətə çatdırdı.
Mövcud problemlərin aradan qaldırılmasında təhsilin böyük rol oynadığını deyən Prezident İlham Əliyev bu gün Azərbaycanda bu sahənin inkişafına böyük diqqətin göstərildiyini, ölkəmizdə təbii resursların insan kapitalına çevrilməsi üçün proqramların qəbul edildiyini, iqtisadi-siyasi islahatların aparılması istiqamətində mühüm addımların atıldığını bildirdi.
Mədəniyyətin inkişafı ilə bağlı Azərbaycanda mühüm işlərin görüldüyünü deyən Prezident İlham Əliyev vurğuladı ki, xalqımız hər zaman milli xüsusiyyətlərini, dəyərlərini qoruyub saxlamışdır.
Humanitar sahənin inkişafında siyasətçiləri daha məsuliyyətli olmağa çağıran Prezident İlham Əliyev bildirdi ki, belə olan halda dünyada gərginlik azalar.
Dövlətimizin başçısı ölkəmizin 20 ildir humanitar fəlakətlə üzləşdiyini, Dağlıq Qarabağ bölgəsinin və onun ətrafındakı yeddi rayonun ermənilər tərəfindən işğal olunduğunu, bir milyondan çox insanın doğma torpaqlarına qayıda bilmədiyini də diqqətə çatdırdı.
Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan bölgədə sabitləşdirici faktordur. Elə buna görə də Azərbaycan bölgədə yenidən münaqişənin alovlanmasını istəmir. Bu problemə baxmayaraq, Azərbaycanın müstəqillik dövründə böyük inkişaf yolu keçdiyini deyən dövlətimizin başçısı qeyd etdi ki, son 7-8 ildə ölkədə iqtisadiyyat üç dəfə artmış, yoxsulluğun səviyyəsi 49 faizdən 7 faizə düşmüşdür. Bu ilin altı ayında qeyri-neft sektorunda 10 faiz artım müşahidə olunmuşdur.
"Bizim bütün planlarımızın təməlində insan amili dayanır", - deyən Prezident İlham Əliyev bu istiqamətdə ölkəmizdə böyük uğurların əldə edildiyini, Azərbaycan vətəndaşlarının azad cəmiyyətdə yaşadığını və ölkənin inkişafına töhfə verdiklərini bildirdi: "Azərbaycanda aparılan siyasi islahatlar bu gün azad cəmiyyətin yaranmasına gətirib çıxarmışdır. Azərbaycanda bütün azadlıqlar vardır, siyasi islahatlar, demokratiyanın inkişafı uğurla davam edir. Eyni zamanda, iqtisadi sahədə islahatlar siyasi islahatları daha da gücləndirir. Çünki siyasi islahatları iqtisadi əsaslar olmadan aparmaq bəzi hallarda uğursuzluğa gətirib çıxarır və biz tarixdən bunu bilirik. Ona görə, Azərbaycanda iqtisadi və siyasi islahatlar paralel şəkildə aparılır. İqtisadi sahədə, - və nəzərə alsaq ki, bu forumun mövzularından biri də iqtisadi məsələlərdir, - son illər ərzində biz böyük uğurlara nail ola bilmişik. Bir neçə rəqəmi sizin diqqətinizə çatdırmaq istəyirəm. Azərbaycan son bir neçə il ərzində dünya miqyasında iqtisadi cəhətdən ən sürətlə inkişaf edən ölkə olmuşdur. Son 7-8 il ərzində iqtisadiyyatımız 3 dəfə artmışdır. Yoxsulluq səviyyəsində yaşayanların sayı 49 faizdən 7 faizə düşmüşdür. Biz çalışacağıq ki, ondan da aşağı düşsün. İşsizlik problemi demək olar ki, köklü şəkildə həll edilmişdir. Əlbəttə ki, hələ işsizlər vardır. Ancaq onların sayı 5,4 faizdir. Azərbaycanın xarici borcu ümumi daxili məhsulun cəmi 7 faizini təşkil edir. Bu da onu göstərir ki, biz iqtisadi islahatlarımızı, təşəbbüslərimizi aparmaqla, irəli sürməklə fəaliyyətimizi daxili resurslar üzərində qurmuşuq. Çox borc götürməmişik. Ona görə də biz xarici borcu istənilən vaxt tam şəkildə ödəyə bilərik. Bu göstəriciyə görə, hesab edirəm ki, Azərbaycan dünya miqyasında ən qabaqcıl yerlərdədir.
İqtisadiyyatın şaxələndirilməsi istiqamətində atılan addımlar bəhrəsini verir. Bildiyiniz kimi, Azərbaycan neft və qaz ehtiyatları ilə zəngin olan bir ölkədir. Ancaq bu ilin 6 ayının göstəriciləri onu deyir ki, qeyri-neft iqtisadiyyatımız 10 faizdən çox inkişaf edib. Yəni, şaxələndirmə prosesi artıq reallıqdır. Gələcəkdə uzunmüddətli, dayanıqlı iqtisadi inkişafa nail olmaq üçün bütün imkanlar vardır. İlk növbədə, siyasi iradə vardır. Ondan sonra artıq güclü maliyyə vəziyyəti mövcuddur. Bizim tərəfimizdən irəli sürülmüş enerji və nəqliyyat layihələri nəinki Azərbaycan və bölgə üçün, Avropa üçün böyük əhəmiyyət daşıyır. Yəni, biz gələcəyimizi indidən proqnozlaşdıra bilərik və görə bilərik ki, 5 ildən, 10 ildən sonra Azərbaycan necə inkişaf edəcəkdir. Mən bütün bu islahatları aparan bir şəxs kimi heç bir çətinlik görmürəm. Mən əminəm ki, iqtisadi sahədə inkişaf dayanıqlı və sürətli olacaqdır. Sosial məsələlərin həllinə gəldikdə, insanların rifah halı yaxşılaşır və yoxsulluğun azaldılması buna dəlalət edir. Sosial ədalət prinsipləri Azərbaycanda əsas rol oynayır, bazar iqtisadiyyatı prinsipləri inkişafımız üçün əsas alətdir və hazırda özəl sektorun ümumi daxili məhsuldakı payı 83 faizdir. Yəni, biz 21 illik müstəqillik dövründə nəinki keçid mərhələsini başa vurmuşuq, planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçə, eyni zamanda, aparılan islahatlarla neft-qaz amilindən iqtisadi inkişafımızın və vətəndaşlarımızın gələcək asılılığını maksimum dərəcədə azalda bilmişik." "Biz qitələr arasında körpüyük, bununla belə humanitar sahədə də körpü rolunu oynayırıq", - deyən Prezident İlham Əliyev çıxışına yekun vurdu.
Rusiya Federasiyası Prezidenti Vladimir Putinin forum iştirakçılarına təbrik məktubunu Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvidkoy oxudu.
UNESCO Baş Konfransının prezidenti, Macarıstanın UNESCO yanında daimi nümayəndəsi xanım Katalin Boqyay bu Forumun dünyada sülhün və təhlükəsizliyin təmin olunmasına doğru addımların atılması üçün əla fürsət olduğunu dedi.
Sonra UNESCO-nun baş direktoru xanım İrina Bokovanın Forumun iştirakçılarına videomüraciəti təqdim olundu. Müraciətdə baş direktor humanitar sahədə dünyanı narahat edən problemlərin müzakirə olunduğu Forumun keçirilməsində verdikləri dəstəyə görə Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya təşəkkürünü bildirdi.
Daha sonra çıxış edən İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri Bakı Beynəlxalq Humanitar Forumunun dünyada dialoq və beynəlxalq təhlükəsizliyə töhfə verən mühüm platformanın olmasına inandığını dedi: İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri də Forumda çıxış edərək dedi:
-Mən Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etməkdən məmnunam və əslində bu, dünyanın ən mühüm forumlarından birinə çevrilmişdir. Bu Forum siyasi, intellektual, elmi və akademik şəxsiyyətləri, müxtəlif mənşəli və müxtəlif ölkələrdən olan elit qrupları bir araya gətirir. Sözün əsl mənasında bu, bizim ən yüksək dəyərləndirilən təşəbbüslərdən biridir. Bu təşəbbüs Prezident İlham Əliyev tərəfindən irəli sürülmüşdür. Beynəlxalq ictimaiyyətə təklif olunmuşdur ki, belə bir yanaşmaya əsaslanaraq, biz sülhə olan güclü inamımızı nümayiş etdirək. Bu cür mühüm bir hərəkət, əslində, göstərilən beynəlxalq səylərə böyük bir töhfədir və dünyada yeni, güclü quruluşun yaradılmasına yönəldilibdir. Əslində bu, universal qaydada qəbul olunmuş tolerantlıq, dialoq, insanlar və xalqlararası qarşılıqlı yanaşma kimi dəyərlərə və beynəlxalq hüquqa da əsaslanır. Bu olan halda biz tarazlı, uyğun, təhlükəsiz dünyanı hamı üçün təmin edə bilərik."
Fasilədən sonra Bakı Beynəlxalq Humanitar Forumunun plenar iclasının birinci hissəsi keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak etmişdir. Plenar iclasın birinci hissəsinə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov sədrlik etmişdir. Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyətindən danışan Litvanın sabiq Prezidenti Valdas Adamkus dünyanın tanınmış ictimai-siyasi xadimlərini, mədəniyyət nümayəndələrini bir yerə toplayan bu Forumun müxtəlif məsələlərə dair fikir mübadiləsinin aparılması üçün beynəlxalq miqyaslı nüfuzlu elmi, siyasi platformaya çevrildiyini vurğulamışdır.
X X X
Forumun işini yüksək qiymətləndirən Estoniyanın sabiq Prezidenti Arnold Rüütel emi və mədəni elitanın görkəmli nümayəndələrini bir araya toplayan bu mötəbər tədbirin məhz Azərbaycanda keçirilməsindən məmnun olduğunu bildirmişdir. O demişdir ki, müasir dünyamızda yeni informasiyalar və ideyalar sosial şəbəkələr vasitəsilə sürətlə yayılır. Bu isə müasir həyatımızda yeni çağırışların ortaya çıxmasına səbəb olmuşdur. Bizim yeni çağırışlara cavab verməyimiz baxımından belə mötəbər tədbirlərin keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın son illərdə iqtisadi sahədə əldə etdiyi böyük uğurlara toxunan A.Rüütel hazırda iqtisadiyyatımızın sürətlə inkişaf etdiyini diqqətə çatdırmışdır.
XXX
Azərbaycanın etnik və dini tolerantlıq baxımından dünyada nadir ölkələrdən biri olduğunu vurğulayan Xorvatiyanın sabiq Prezidenti Stepan Mesiç Bakıda müşahidə etdiyi inkişaf prosesinin onda böyük təəssürat yaratdığını bildirmişdir. O, Bakı Beynəlxalq Humanitar Forumunu mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsi baxımından da çox önəmli platforma adlandırmışdır.
X X X
Bolqarıstanın sabiq Prezidenti Jelyu Jelev bu mötəbər tədbirin ölkələr arasındakı münasibətlərin inkişafında xüsusi rol oynayacağını əminliklə qeyd etmişdir. Azərbaycanın belə mötəbər tədbirlərin keçirilməsində artıq böyük təcrübəyə malik olduğunu bildirən sabiq Prezident Forumda müzakirə ediləcək məsələlərin bəşəriyyətin üzləşdiyi bir sıra problemlərin həlli yollarının tapılmasına kömək edəcəyini vurğulamışdır.
X X X
"Biz vahid dünyada yaşayırıq və belə bir məqamda humanitar dəyərləri qorumaq çox vacibdir", - deyən Latviya Respublikasının sabiq Prezidenti xanım Vayra Vike-Freyberqa çıxışında əsas diqqəti insan hüquqlarının qorunmasına cəlb etmişdir. O, dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da bir milyondan artıq insanın hüquqlarının pozulduğunu, onların doğma torpaqlarından didərgin salındığını diqqətə çatdırmışdır. Bildirilmişdir ki, dünya ictimaiyyəti bu məsələdə qətiyyətli mövqedən çıxış etməlidir.
Azərbaycanda dini dözümlülük baxımından nümunəvi ölkə olduğunu vurğulayan Vayra Vike-Freyberqa Forumda dünyanın tanınmış siyasətçilərinin, Nobel mükafatı laureatlarının, bir sıra beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etməsini ölkəmizin gündən-günə artan nüfuzunun bariz nümunəsi kimi səciyyələndirmişdir. Həmçinin ölkəmizin sürətli inkişafının nəzərdə tutulan ideyalarının həyata keçirilməsinə geniş imkanlar açdığı qeyd olunmuşdur.
X X X
Avropa Parlamentinin üzvü, Paris şəhərinin 7-ci rayonunun meri xanım Raşida Dati vurğulamışdır ki, iqtisadi cəhətdən sürətlə inkişaf edən, regional layihələrin təşəbbüsçüsü olan Azərbaycan dünyada çox nadir bir örnəkdir. Azərbaycanın multikulturalizmə böyük önəm verdiyini vurğulayan R.Dati ölkəmizdə müxtəlif dinlərin və xalqların nümayəndələrinin qarşılıqlı hörmət və anlayış içində bir arada yaşadığını diqqətə çatdırmışdır. R.Dati belə vacib tədbirin Bakıda keçirilməsinin Forumun əhəmiyyətini daha da artırdığını demişdir. Çünki Bakı müxtəlif mədəniyyətlərin, qədimliklə müasirliyin qovuşduğu bir məkandır. O, həmçinin bildirmişdir ki, bu beynəlxalq tədbir bir çox məsələlərin müzakirə edilməsi və onların həll yollarının tapılması istiqamətində qarşıya qoyduğu məqsədlərə nail olacaqdır. İkinci Bakı Beynəlxalq Humanitar Forumun açılış mərasimi Azərbaycan haqqında filmin nümayişi ilə başa çatmışdır.
Forum işini plenar iclaslarla davam etdirmişdir.
Bakı Beynəlxalq Humanitar Forumunun plenar iclasının Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimovun sədrliyi ilə keçən ikinci hissəsində Nobel mükafatı laureatları çıxış etmişlər.
X X X
Kimya üzrə Nobel mükafatı laureatı Əhməd Zevayl müasir dünyada elm və təhsilin inkişafının prioritetə çevrilməsinin vacibliyini önə çəkmiş, ölkəmizdə bu məsələyə xüsusi diqqət verilməsinin təqdirəlayiq olduğunu demişdir.
X X X
İqtisadiyyat üzrə Nobel mükafatı laureatı Kennet Cozef Arrou Forumda müzakirə edilən məsələlərin müasir dövr üçün çox aktual olduğunu vurğulamışdır. K.Arrou qeyd etmişdir ki, hazırda müxtəlif səylərə baxmayaraq, dünyada münaqişələrin sayı azalmaq bilmir. Bunun səbəbi hərtərəfli düşünülmüş yanaşmaların olmamasıdır. Dünyada gedən iqtisadi proseslərdən danışan Nobel mükafatçısı qeyd etmişdir ki, ölkələr arasında müxtəlif istiqamətlərdə, həmçinin turizm sahəsində əlaqələr olsa da, qlobal iqtisadiyyatda problemlər tam həllini tapmamışdır.
X X X
Kimya üzrə Nobel mükafatı laureatı Rudolf Artur Markus ekoloji məsələlərə diqqət çəkərək dünyada baş verən iqlim dəyişikliklərinin daha çox müzakirə predmeti olmasını vacib bilmişdir. Alim demişdir ki, elm sahəsində yeniliklər çox sürətlə baş verir və hətta bu, inqilabi səciyyə daşıyır. Elmin inkişafı, eyni zamanda, bir sıra problemlər də yaradır. Məsələn, alimlər hələ də ozon təbəqəsindəki deşiyin hansı səbəbdən genişlənməsi ilə bağlı konkret fikir söyləyə bilmirlər. Bununla belə elm qlobal səviyyədə problemlərin həllinə nail ola bilər.
X X X
Fizika üzrə Nobel mükafatı laureatı Robert Betts Laflin enerji məsələlərindən danışmış, Azərbaycanın bu sahədə fəaliyyətinin dünyada böyük maraq doğurduğunu demişdir. Bakı Forumu Azərbaycanın bu sahədəki təcrübəsinin öyrənilməsi baxımından da çox əhəmiyyətlidir.
X X X
İqtisadiyyat üzrə Nobel mükafatı laureatı Fin Kidland Prezident İlham Əliyevin çıxışında mühüm məsələlərə toxunduğunu bildirmiş, müasir dünyada təcrübə mübadiləsinin vacibliyinə diqqət çəkərək bu sahədə Azərbaycan praktikasının səmərəli olduğunu qeyd etmişdir.
X X X
Fizika üzrə Nobel mükafatı laureatı Deyvid Conatan Qross da dünyada inkişaf proseslərinin təməlində elmə, təhsilə verilən önəmin dayandığını vurğulamışdır. D.Qross demişdir ki, elm ən mühüm beynəlxalq fəaliyyət növüdür. Bu baxımdan elm beynəlxalq əməkdaşlığın əsas vasitəsinə çevrilə bilər. Qloballaşan dünyada bütün problemlər də qloballaşır və bu səbəbdən problemlərlə mübarizədə vahid model olmalıdır.
X X X
İqtisadiyyat üzrə Nobel mükafatı laureatı Edvard Preskot çıxışını ətraf mühit və ekoloji problemlərin aradan qaldırılması ilə bağlı həyata keçirilməsi vacib olan məsələlər üzərində qurmuşdur. Nobel mükafatçısı demişdir ki, insanlar hazırda daha çox qlobal istiləşmə prosesindən narahatdırlar. Amma qlobal soyuqlaşma daha böyük problemdir. Bu gün biz dünyanın ən gözəl şəhərlərindən birindəyik və burada "qara qızılın insan kapitalına çevrilməsi" istiqamətində böyük işlər görülür. Bu Forumun keçirilməsi açıq şəkildə göstərir ki, biz belə tədbirlərlə bir-birimizi zənginləşdiririk.
X X X
Fizika üzrə Nobel mükafatı laureatı Corc Ficerald Smut da bildirmişdir ki, dünyanı narahat edən iqlim dəyişikliyinin ağır fəsadlar verməməsi üçün müasir texnologiyaların tətbiqinə böyük ehtiyac vardır. Bunun yollarını müzakirə edib müəyyən nəticələrə gəlmək üçün Bakı Beynəlxalq Humanitar Forumu çox səmərəli platformadır. Bu Forumda iştirak etməyimdən çox məmnunam.
X X X
İqtisadiyyat üzrə Nobel mükafatı laureatı Rocer Bryus Mayerson ABŞ-da təzahür edən maliyyə böhranının yaratdığı problemlərdən bəhs etmişdir. O demişdir ki, qloballaşan dünyada bu cür problemlər təkcə bir ölkənin deyil, bir çox ölkələrin iqtisadiyyatını zəiflədir. Bunun qarşısının alınması üçün bütün imkanlardan vahid səylərlə istifadə etmək lazımdır.
X X X
Kimya üzrə Nobel mükafatı laureatı xanım Ada Yonat Bakı Beynəlxalq Humanitar Forumunun bəşəriyyəti narahat edən fundamental məsələlərin müzakirəsi baxımından mühüm məkan olduğunu demişdir. Əminəm ki, biz bu Forumda faydalı müzakirələr aparacaq, təcrübələrimizi bölüşəcək, çıxış yollarını arayacağıq.
X X X
Kimya üzrə Nobel mükafatı laureatı Dan Şextman dünyada gedən demoqrafik proseslərin nəticələri barədə çıxış etmişdir. Dünyada insanların sayı artmaqdadır və tezliklə bu rəqəm 7 milyard olacaqdır. Belə şəraitdə enerji ehtiyatları tükənərsə bəşəriyyət bundan sonra necə yaşayacaqdır?! Bu məsələdə alimlərin üzərinə böyük məsuliyyət düşür. Məhz onlar texnologiyaları inkişaf etdirməklə qlobal problemlərin həllinin çıxış yollarını tapa bilərlər.
X X X
İkinci Bakı Beynəlxalq Humanitar Forumu oktyabrın 5-də işini "dəyirmi masa"larda davam etdirəcəkdir.