PDF Oxu

Siyasət

  • 36

İlham Əliyev: “Bu gün Azərbaycan həm sosial siyasət, həm iqtisadi inkişaf baxımından dünya miqyasında nümunəvi bir ölkədir”

İlham Əliyev: “Bu gün Azərbaycan həm sosial siyasət, həm iqtisadi inkişaf baxımından dünya miqyasında nümunəvi bir ölkədir”

Oktyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tərtər rayonuna səfəri çərçivəsində Yevlax-Xocalı-Laçın avtomobil yolunun Yevlax-Bərdə sahəsinin tikintisi başa çatmış 29 kilometrlik hissəsinin açılışında iştirak etmişdir. Dövlətimizin başçısı yolun texniki göstəricilərini, əvvəlki və sonrakı vəziyyətini, eləcə də 2013-cü ildə yenidən qurulması nəzərdə tutulan yollarla bağlı məlumatları əks etdirən stendlərə baxdı.

Nəqliyyat naziri Ziya Məmmədov məlumat verdi ki, Yevlax-Xocalı-Laçın yolunun Yevlax-Bərdə mənzilinin tikintisi başa çatmış 29 kilometrlik hissəsinin əhəmiyyəti bu yolun regional mahiyyət kəsb etməsindədir. Tərtər, Ağcabədi, Bərdə, Ağdam istiqamətində avtomobillərin rahat hərəkətinə imkan verən bu yol həmin bölgələrdə yaşayan insanların mənzil başına vaxtında və təhlükəsiz çatmalarına da imkan yaradır.

Bildirildi ki, yolun birinci texniki dərəcəli hissəsinin uzunluğu 6,4 kilometr, eni 15-20 metrdir. Yolun ikinci texniki dərəcəli hissəsinin uzunluğu 22,6 kilometr, eni 9 metrdir. Yolda texniki dərəcələrə müvafiq olaraq hərəkət zolaqlarının sayı 4-2 nisbətində dəyişir. Asfalt-beton örtüklü yol üzərində iki körpü yenidən qurulmuşdur. Ümumilikdə yolda 160 min ton asfalt-beton örtüyündən istifadə edilmişdir. Dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsdi. Prezident İlham Əliyev yeni yolun yüksək səviyyədə inşasından razılığını bildirdi.

Tərtərdə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 7-də Tərtər rayonuna səfərə gəlmişdir. Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Tərtər şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu. Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov Prezident İlham Əliyevə abidənin ətrafında, həmçinin rayonda aparılan abadlıq işləri, eləcə də inşa olunmuş obyektlər barədə məlumat verdi. Bildirildi ki, bu obyektlərdən biri də yeni yaradılmış üç min tonluq soyuducu anbar kompleksidir. Kompleksin əsas maliyyə vəsaiti Sahibkarlığa Kömək Milli Fondunun payına düşür. Kompleksin ümumi dəyəri 2 milyon manatdır ki, bunun da 1,4 milyon manatı Fond tərəfindən güzəştli kredit kimi verilmişdir. Regionlarda sahibkarlığın inkişafı, xüsusən də cəbhəyanı bölgələrdə yeni istehsal müəssisələrinin yaradılması iqtisadi siyasətin prioritetlərindəndir. Bu amil nəzərə alınaraq kompleks məhz cəbhəyanı rayonda inşa olunmuşdur. Beş soyuducu kameradan ibarət olan kompleksdə yaradılan şərait ətraf rayonların fermerlərinə də yüksək səviyyədə xidmət etməyə imkan verir. Bu kompleksin yaradılması ilə fermerlərin məhsullarını keyfiyyətini itirmədən saxlaması problemi tam həllini tapır. Kompleksin inşası kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasına təkan verməklə, bölgədə yaşayan insanların maddi rifahının daha da yaxşılaşdırılmasına və məşğulluğunun artırılmasına imkan verəcəkdir. Layihənin icrası nəticəsində burada 26 nəfər işlə təmin olunmuşdur.

Tərtərdə Heydər Parkı və Heydər Əliyev Mərkəzi yenidənqurmadan sonra istifadəyə verilib

Oktyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tərtərdə yenidənqurmadan sonra istifadəyə verilən Heydər Parkının və buradakı Heydər Əliyev Mərkəzinin açılışında iştirak etmişdir.

Parkın ərazisini gəzən dövlətimizin başçısına məlumat verildi ki, ölkəmizin hər yerində olduğu kimi, ulu öndər Heydər Əliyevin xatirəsi tərtərlilər tərəfindən də əziz tutulur. Rayon sakinlərinin və qonaqların sevimli istirahət guşəsi olan Heydər Parkı müasir üslubda, gözoxşayan memarlıq ənənələrinə uyğun şəkildə yenidən qurulmuşdur. Aparılan yenidənqurma işləri nəticəsində 2 hektar ərazidə dekorativ gül və ağac kolları əkilmişdir. Burada yeni oturacaqlar quraşdırılmış, müasir işıqlandırma sistemi yaradılmışdır. Əhalinin səmərəli istirahəti üçün hərtərəfli şəraitin mövcud olduğu parkda yaşıllıq zolağı daha da genişləndirilmişdir.

Prezident İlham Əliyev parkın əvvəlki və sonrakı görüntülərini, eləcə də Tərtər rayonunda görülən abadlıq-quruculuq işlərini əks etdirən fotostendlərə baxdı. Bildirildi ki, parkın giriş qapısı tağbənd üslubunda işlənilmiş, iki fəvvarə, iki su kanalı, müasir tipli iki çay evi, yeddi körpü yaradılmışdır. Parkda dekorativ ağaclar və gül kolları əkilmişdir. Yay aylarında sakinlərin mənalı istirahəti və əylənmələri üçün parkın ərazisində açıq havada 450 yerlik xüsusi salon yaradılmışdır. Parkda müasir memarlıq üslubunda Heydər Əliyev Mərkəzi inşa olunmuşdur. Heydər Əliyev Mərkəzi ilə tanış olan dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, milli memarlıq elementlərindən istifadə olunmaqla müasir texnologiyalara uyğun inşa edilən mərkəzin ikimərtəbəli binasının tikinti sahəsi 432 kvadratmetrdir. Birinci mərtəbədə ulu öndər Heydər Əliyevin irsinin gənc nəsillərə ötürülməsi üçün konfrans zalı, kompyuter mərkəzi, elektron kitabxana yaradılmışdır. Ulu öndərin büstünün qoyulduğu mərkəzin ikinci mərtəbəsində ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən muzey də yaradılmışdır. Burada ulu öndərin müxtəlif illərdə ölkəmizin ayrı-ayrı bölgələrinə səfərləri, keçirdiyi görüşləri əks etdirən fotoguşələr də yaradılmışdır. Tərtərlilər ümummilli liderin xilaskarlıq missiyasını heç zaman unutmur və onun xatirəsini əziz tuturlar. Ümumilikdə mərkəz ulu öndər Heydər Əliyev irsinin öyrənilməsində mühüm rola malikdir. Rayon əhalisinin mərkəzin imkanlarından yararlanması üçün bütün lazımi şərait yaradılmışdır. Görülmüş işlərdən razılığını bildirən Prezident İlham Əliyev tapşırıq və tövsiyələrini verdi.

Azərbaycan Prezidenti İlham Əliyev Tərtərdə Gənclər Mərkəzinin açılışında iştirak edib

Oktyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tərtərdə yeni inşa edilən Gənclər Mərkəzinin açılışında iştirak etmişdir. Dövlətimizin başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi, burada yaradılan şəraitlə tanış oldu.Bildirildi ki, bu gün ölkəmizdə savadlı, bilikli, intellektual, vətənpərvər ruhlu gənclərin yetişməsi məsələsinə xüsusi diqqət yetirilir. Məhz bundan ruhlanan gənclərimiz siyasət, iqtisadiyyat, mədəniyyət, incəsənət, idman və digər sahələrdə Azərbaycanı dünyada layiqincə təmsil edirlər.

Diqqətə çatdırıldı ki, ümumi sahəsi bir hektar olan mərkəzin tikintisinə bu ilin mayında başlanılmışdır. Mərkəzin ikimərtəbəli binasının inşası maksimum keyfiyyətlə və sürətlə həyata keçirilmişdir. Binanın foyesində ümummilli lider Heydər Əliyevin büstü qoyulmuş, ulu öndərin və Prezident İlham Əliyevin Tərtərə səfərlərini, rayon zəhmətkeşləri ilə görüşlərini, həmçinin gənclərə göstərdikləri diqqət və qayğını əks etdirən fotostendlər qurulmuşdur.

Qeyd edildi ki, mərkəzdə hər cür şəraitin olduğu gənclər kafesi yaradılmışdır. Mərkəzin 112 yerlik iclas zalı da müasir standartlara cavab verir. Zalda rayon miqyaslı müxtəlif tədbirlər keçirmək də mümkündür. Bundan başqa, mərkəzin birinci mərtəbəsində müasir avadanlıqla təchiz edilmiş karaoke-diskoteka və virtual-rinq otaqları da yaradılmışdır. Virtual-rinq otağında gənclərin müxtəlif intellektual oyunlar keçirmələri üçün zəruri sistem qurulmuşdur. Mərkəzdəki tir otağı da müasir standartlar səviyyəsindədir. Beşzolaqlı tirdə gənclər idmanın atıcılıq növünə daha yaxşı yiyələnmək üçün imkan əldə edirlər. Otaqdakı virtual tir böyük maraq doğurur. Gənclər dünyanın aparıcı şirkətlərinin istehsalı olan xüsusi lazer effektli tirdən də istifadə edə biləcəklər. Mərkəzdə ən son texnoloji avadanlıqla təchiz edilən 30 nəfərlik 3D kino zalı, xarici dillər və linqafon otağı, həmçinin fotostudiya da vardır. Bundan başqa, burada gənclərin müxtəlif tədbirlər keçirmələri üçün konfrans zalı da yaradılmışdır. Mərkəzlə tanışlıqdan sonra dövlətimizin başçısı burada Tərtər rayon gənclərinin nümayəndələri ilə görüşdü. Sonda xatirə şəkli çəkdirildi.

Tərtərdə Dövlət Bayrağı meydanı ilə tanışlıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 7-də Tərtərdə Dövlət Bayrağı meydanında yaradılan şəraitlə tanış olmuşdur. Prezident İlham Əliyevə məlumat verildi ki, şəhərin Bərdə istiqamətindəki girişində bir hektara yaxın ərazidə yaradılan Dövlət Bayrağı meydanı yüksək səviyyədə inşa edilmişdir. Burada quraşdırılan bayraq dirəyinin hündürlüyü 65 metr, bayrağın uzunluğu 14, eni isə 7 metrdir. Dövlət Bayrağı Tərtərin bir çox yerindən aydın görünür. Düşmən tapdağında olan torpaqlarımızla az bir məsafədə yerləşən möhtəşəm meydanda Azərbaycanın Dövlət Bayrağının dalğalanması qürurverici haldır. Meydanda geniş abadlıq-quruculuq işləri həyata keçirilmiş, yaşıllıq zolaqları salınmış, müxtəlif dekorativ ağaclar və gül kolları əkilmişdir. Burada, həmçinin istirahət guşələri yaradılmış, iki fəvvarə quraşdırılmış, oturacaqlar qoyulmuşdur. "Ana və uşaq" istirahət mərkəzinin inşa edildiyi meydanın istinad divarları mərmər və digər bəzək daşları ilə üzlənmişdir ki, bu da əraziyə xüsusi gözəllik verir. Müasir işıqlandırma sistemi axşam saatlarında bu ərazini daha da cəlbedici edir. Azərbaycan Prezidenti Dövlət Bayrağı meydanında yaradılmış şəraitdən məmnunluğunu bildirdi.

Tərtərdə süd emalı zavodu istifadəyə verilib

Oktyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tərtərdə süd emalı zavodunun açılışında iştirak etmişdir. Prezident İlham Əliyevə məlumat verildi ki, "Gilan" MMC tərəfindən Tərtər rayonunun Buruc kəndində inşa edilən süd emalı zavodunun tikintisi rayonda sahibkarlığın inkişafına dəstək olmaqla yanaşı, süd məhsullarının müasir tələblərə uyğun keyfiyyətdə istehsalı sahəsində növbəti addım olacaqdır. Ümumi ərazisi 1,5 hektar olan zavodun qapalı sahəsi 4,4 min kvadratmetrdir. Beynəlxalq standartlara cavab verən avadanlıqla təchiz olunmuş müəssisənin fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi üçün ərazidə transformator quraşdırılmışdır.

Prezident İlham Əliyev zavodu işə saldı. Müəssisənin fəaliyyəti ilə tanış olan dövlətimizin başçısına "Gilan" holdinqin idarə heyətinin sədri Cəmil Muradov məlumat verdi ki, sutkalıq emal gücü 20 ton olan zavoda süd Tərtərin müxtəlif kəndlərindən gətirilir. Ətraf kəndlərdə beş südtoplama məntəqəsi təşkil edilmişdir. Məntəqələr soyuducu və mobil generatorlarla təchiz edilmişdir. Satış şəbəkəsi, müasir tələblərə cavab verən laboratoriyası və digər xidməti bölmələri olan zavodun istehsal sahəsində 50, südtoplama məntəqələrində 20, satış şəbəkəsində isə 30 nəfər işləyir. Zavodun istehsal bölməsində müxtəlif çeşiddə inək və qoyun pendirləri, qatıq, dovğa, ayran, kəsmik və digər ağartı məhsulları istehsal edilir. Dövlətimizin başçısı burada nümayiş etdirilən hazır məhsulların nümunələrinə baxdı.

Qeyd edildi ki, müasir havalandırma sistemi sexlərdə normal şəraitin təmin edilməsinə imkan yaradır. Zavodda ağartı məhsullarının tərkibinin müəyyənləşdirilməsi və keyfiyyətinin ölçülməsi məqsədilə müasir standartlara cavab verən laboratoriya fəaliyyət göstərir. Hazır məhsullar laborator müayinədən keçdikdən sonra xüsusi anbarlara və soyuducu depoya yığılır. Yaxın gələcəkdə zavodda istehsal edilən məhsulların çeşidinin daha da artırılması nəzərdə tutulur. Prezident İlham Əliyev tapşırıq və tövsiyələrini verdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 7-də Tərtər rayonuna səfərini başa çatdıraraq Bərdə rayonuna gəlmişdir.

Dövlətimizin başçısı Bərdə şəhərinin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu. Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev rayonda görülmüş işlər barədə Prezident İlham Əliyevə ətraflı məlumat verdi.

Bərdədə Qəhrəmanlar parkı istifadəyə verilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 7-də Bərdədə Qəhrəmanlar parkının açılışında iştirak etmişdir. Dövlətimizin başçısı parkın rəmzi açılışını bildirən lenti kəsdi. Məlumat verildi ki, Bərdənin sürətli inkişafını özündə əks etdirən, quruculuq və abadlığın əsas ünvanlarından biri olan Koroğlu küçəsində salınan Qəhrəmanlar parkının yerləşdiyi ərazi əvvəllər tamamilə baxımsız vəziyyətdə idi. Tikinti işlərindən sonra Qəhrəmanlar parkı müasir və füsunkar görkəm almışdır. İstirahət guşəsinin ümumi sahəsi 4,5 hektardır. Diqqətə çatdırıldı ki, parkın salınmasına ötən ilin sentyabrında başlanılmış, bu ilin avqustunda başa çatdırılmışdır. Tikinti işləri ən yüksək standartlar səviyyəsində aparılmışdır. Parkın girişində ölkənin inkişafında əvəzsiz xidmətləri olmuş ulu öndər Heydər Əliyevin pannosu qoyulmuşdur. Parkda avtomobillər üçün xüsusi dayanacaq yaradılmış, 20 min kvadratmetr ərazidə yaşıllıq işləri aparılmış, üç mindən çox müxtəlif ağac, 11 min bəzək kolu və rəngbərəng güllər əkilmişdir. Güldanlar da parkın görünüşünə əlavə yaraşıq verir. Burada hər cür hava şəraitinə davamlı materiallardan hazırlanan 50 oturacaq və beş istirahət köşkü qoyulmuşdur. Parkın işıqlandırma sistemi ən müasir standartlar səviyyəsində qurulmuşdur. İstirahət parkı salınarkən balacalar da yaddan çıxmamış, onlar üçün əyləncə meydançaları yaradılmış, xarici ölkələrdən gətirilən müasir attraksionlar və yelləncəklər quraşdırılmışdır.

Parkdakı məşəl kompleksi də xüsusi zövqlə hazırlanmışdır. Buraya gələn həm qonaqlar, həm də yerli sakinlərin istirahəti hərtərəfli düşünülmüşdür. İstirahət məkanında Çay evi də istifadəyə verilmişdir. Parkda mərmərlə üzlənmiş fəvvarə əraziyə xüsusi gözəllik verir. Parkın yuxarı tərəfində iri postament üzərində Ana heykəli ucaldılmışdır. Prezident İlham Əliyev Ana abidəsinin önünə gül dəstəsi qoydu. Parkda Ana abidəsindən sonra geniş meşə zolağı da salınmışdır. Yaşıllaşdırılan ərazidə avtomatik suvarma sistemi quraşdırılmışdır. İstirahət guşəsinin ətrafındakı binaların damı əsaslı təmir olunmuşdur. Bir sözlə, park ən müasir standartlar səviyyəsində qurulmuşdur. Parkda yaradılmış şəraiti yüksək qiymətləndirən dövlətimizin başçısı tapşırıqlarını verdi.

Bərdədə Bayraq Meydanı ilə tanışlıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 7-də Bərdədə Bayraq Meydanında yaradılan şəraitlə tanış olmuşdur. Dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, ölkəmizdə dövlət atributlarına hörmət və ehtiram ən yüksək səviyyədədir. Paytaxt Bakı ilə yanaşı, ölkəmizin bir çox bölgələrində yaradılan Bayraq meydanları dövlət atributlarımıza olan sevgi və hörmətin göstəricisidir. Bərdədəki Bayraq Meydanı da bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Qeyd olundu ki, Bayraq Meydanının inşasına ötən ilin iyununda başlanılmış, yüksək keyfiyyətlə başa çatdırılmışdır. Meydan şəhərin giriş hissəsində, Heydər Əliyev prospektində yerləşir. Bayraq dirəyinin hündürlüyü 70 metrdir. Təbii mərmərlə üzlənmiş postamentin üzərində Azərbaycanın xəritəsi, dövlət himni və gerbi əks olunmuşdur. Burada inşa edilmiş fəvvarə meydanın gözəlliyini daha da artırır.

Bərdədə əsaslı surətdə yenidən qurulmuş mərkəzi istirahət parkı ilə tanışlıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 7-də Bərdədə əsaslı surətdə yenidən qurulmuş mərkəzi istirahət parkı ilə tanış olmuşdur. Dövlətimizin başçısına məlumat verildi ki, parkda tikinti işlərinə bu ilin martında başlanılmış, iyunda başa çatdırılmışdır. Ən yüksək standartlar səviyyəsində salınan parkın ərazisi iki hektardır. Parkda tikilmiş yay konsert səhnəsində açıq havada rayon əhəmiyyətli müxtəlif tədbirlər və mədəni proqramlar təşkil olunacaqdır. Parkın ərazisindəki uşaq incəsənət məktəbinin fasadı yenidən qurulmuş, binanın qarşısında tanınmış musiqiçilərin heykəlləri qoyulmuşdur. Prezident İlham Əliyev parkda yeni ucaldılmış Dövlət Bayrağına baxdı. Bayraq dirəyinin hündürlüyü 85 metrdir. Bu da dövlət bayrağının şəhərin hər yerindən görünməsinə şərait yaradır. Ən müasir işıqlandırma sisteminin quraşdırıldığı parkda yeni fəvvarə inşa olunmuş, geniş yaşıllıq zolaqları salınmış, dekorativ ağac və bəzək kolları əkilmişdir. Burada bulaq kompleksləri yaradılmışdır. Azərbaycan Prezidentinə yeni istifadəyə verilmiş "Qarabağ" Aqrar Sənaye Kompleksinin Bərdə ət emalı fabriki və soyuducu anbar kompleksi barədə də məlumat verildi. Bildirildi ki, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarına uyğun olaraq rayonun Mehdili kəndi ərazisində tərkibində illik istehsal gücü 5,4 min ton olan ət emalı fabriki və 5 min tonluq soyuducu anbar olan aqrar sənaye kompleksinin ümumi dəyəri 6,5 milyon manatdır. Bu layihəyə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 4,5 milyon manat güzəştli kredit verilmişdir. Fabrikdə ilkin olaraq Bərdə və ətraf rayonlardan mal-qaranın alınması, sanitar-gigiyenik normalara əməl edilməklə kəsilməsi, doğranması və 10 çeşiddə qablaşdırılaraq istehlakçılara təqdim edilməsi mümkün olacaqdır. Soyuducu anbar kompleksi müəssisənin öz məhsulları ilə yanaşı, Bərdə və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarların istehsal etdikləri meyvə-tərəvəz, ət və süd məhsullarının uzun müddət itkisiz saxlanmasına imkan yaradacaqdır. Ət emalı fabrikinin xammal bazasının yaradılması məqsədi ilə 3 min başlıq ətlik və südlük istiqamətli heyvandarlıq komplekslərinin tikinti işlərinə başlanılmışdır. Bu layihələrin maliyyələşdirilməsinə də Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 9 milyon manatadək güzəştli kredit ayrılmışdır. Layihələrin icrası nəticəsində 250 nəfər işlə təmin olunmuşdur. Görülmüş işlərdən razılığını bildirən Prezident İlham Əliyev həyata keçirilməsi nəzərdə tutulan tədbirlərin yüksək keyfiyyətlə və vaxtında başa çatdırılması üçün tapşırıq və tövsiyələrini verdi.

Prezident İlham Əliyev Bərdədəki Nüşabə parkında yaradılmış şəraitlə tanış olub

Oktyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bərdədəki Nüşabə parkında yaradılmış şəraitlə tanış olmuşdur. Məlumat verildi ki, zəngin tarixə malik Bərdə Azərbaycanın siyasi və mədəni həyatında mühüm iz qoymuş qədim bölgələrimizdən biridir. Bərdə haqqında dahi Azərbaycan şairi Nizami Gəncəvinin də əsərlərində bəhs olunur. Məhz Nizami Gəncəvinin "İsgəndərnamə" poemasının qəhrəmanı, Bərdə hökmdarı Nüşabənin heykəli doğma şəhərində ucaldılmış, Heydər Əliyev prospektində onun adını daşıyan park salınmışdır. Bərdənin, ümumiyyətlə Azərbaycanın tarixində çox böyük rol oynayan qadın hökmdar Nüşabənin heykəli əraziyə xüsusi yaraşıq verir. Bildirildi ki, parkın yerləşdiyi ərazi əvvəllər yararsız vəziyyətdə olmuşdur. Bərdə Rayon İcra Hakimiyyətinin daxili imkanları hesabına aparılan yenidənqurma işlərindən sonra ərazi tamamilə simasını dəyişmişdir. Ümumi sahəsi 0,7 hektar olan parkda şəhər sakinlərinin istirahəti üçün hər cür şərait yaradılmışdır. Nüşabə parkı özündə qədimliklə müasirliyi təcəssüm etdirir. İstirahət məkanının mərkəzində Nüşabənin heykəli qoyulmuşdur. Parkda mövzusu Nizami Gəncəvinin "İsgəndərnamə" poemasından götürülmüş 7 tablo hazırlanmışdır.

Parkla tanışlıqdan sonra rayon ictimaiyyətinin nümayəndələri ilə görüşən Prezident İlham Əliyev bildirib ki, Bu gün Bərdə ölkə miqyasında ən sürətlə inkişaf edən rayonlardan biridir: "Çox şadam, çünki Bərdənin inkişafı üçün çox böyük işlər görülmüşdür və görülməlidir. Bərdə bizim tarixi şəhərimizdir, qədim şəhərdir. Bərdə qədim xəritələrdə vardır. Bu, reallıqdır. Əlbəttə, biz hər bir rayonun inkişafı üçün bütün işləri görürük. Ancaq Azərbaycan tarixində xüsusi yeri olan şəhərlər, rayonlar, diyarlar üçün xüsusi proqramlar da hazırlanmalıdır. Mən Bakıya qayıdandan sonra Bərdənin sosial-iqtisadi inkişafı ilə bağlı yeni Sərəncam imzalayacağam. Sərəncamda həm Bərdənin tarixi əhəmiyyəti vurğulanacaq, eyni zamanda, rayonun inkişafı istiqamətində əlavə tədbirlərin görülməsi üçün əlavə vəsait də nəzərdə tutulacaqdır. Azərbaycanda bütün yerlərdə, demək olar ki, hər bir bölgədə inkişaf vardır. Haradasa daha sürətli, haradasa bir qədər yavaş, amma hər yerdə inkişaf vardır. Mən çox şadam ki, indi rayonlararası yarışma gedir.

Əlbəttə ki, sağlam yarışmadır, sağlam rəqabətdir. Bu rəqabətdə uduzan yoxdur. Hər kəs ancaq qələbə qazanır. Hər rayon bundan ancaq fayda görür. İnsanların rifah halı yaxşılaşır. Bu gün Azərbaycan həm sosial siyasət, həm iqtisadi inkişaf baxımından dünya miqyasında nümunəvi bir ölkədir. Elə etməliyik ki, bu müsbət dinamika daim saxlanılsın və hazırda hələ də mövcud olan bütün problemlər gələcək illərdə öz həllini tapsın.

Şəhərlərin abadlaşması, gözəlləşməsi, tarixi simasının bərpası işləri çox sürətlə gedir. Biz bunu Bərdənin timsalında da görürük. Bərdənin iqtisadi göstəriciləri də çox yaxşıdır. Sənaye artır, iqtisadi artım vardır. Sosial infrastruktur, yeniləşdirilir. Məktəblər gözəl görkəm alır. Bu da Azərbaycana xas olan yanaşmadır. Ulu öndərin Bərdəyə olan münasibətini siz məndən yaxşı bilirsiniz. Hər il Bərdəyə səfər edirdi və Bərdənin o illərdə inkişafı üçün tarixi xidmətlər göstərirdi. Bu gün onun siyasətinə sadiq qalaraq bütün sahələrdə, o cümlədən bu sahədə də Azərbaycan dövləti öz siyasətini aparır. Bərdəyə xüsusi diqqət göstərilir, göstərilməlidir. Yenə də deyirəm, Qarabağ torpağıdır, qədim, tarixi şəhərdir və bərdəlilər bütün dövrlərdə Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində fəal olmuşlar, sadiq olmuşlar, öz əməyi, zəhməti ilə müstəqilliyi möhkəmləndirmişlər. Bu gün ölkəmizin inkişafı, iqtisadi potensialının gücləndirilməsi üçün Bərdənin çox böyük rolu, böyük potensialı vardır. Gələcək illərdə, xüsusilə ölkə iqtisadiyyatının qeyri-neft sektorunun inkişafı üçün Bərdə çox böyük töhfələr verəcəkdir. İnkişafla bağlı, kənd təsərrüfatının, emal sənayesinin inkişafı ilə bağlı böyük planlarımız vardır. Bütün bu planların bir hissəsi artıq reallaşıb, bir hissəsi də gələcəkdə reallaşacaqdır.

O ki qaldı Ermənistan-Azərbaycan münaqişəsinin həllinə, mən şəxsən şübhə etmirəm ki, biz bu məsələnin həllinə nail olacağıq və Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir. Belə nikbin əhval-ruhiyyədə olmağımın səbəbləri də aydındır - Azərbaycanın uğurlu, sürətli inkişafı. Hər bir sahədə - iqtisadiyyat, sosial məsələlərin həlli, hərbi quruculuq, ölkəmizin beynəlxalq mövqelərinin möhkəmləndirilməsi - yəni bu gün Ermənistan ilə Azərbaycan müqayisəedilməz səviyyədədir. Biz irəliyə gedirik, onlar isə geriyə gedir, tənəzzülə uğrayır. Bizim iqtisadiyyatımız artır, onların iqtisadiyyatı faktiki olaraq iflic vəziyyətindədir. Bizdə əhali artır, orada artıq demoqrafik fəlakət yaşanır, demək olar ki, həm təbii artım yoxdur, eyni zamanda, ölkədən kütləvi surətdə köç gedir. Ancaq onların rəsmi statistikasının məlumatlarına görə, ilin birinci yarısında təqribən 70-80 min insan ölkəni həmişəlik tərk etmişdir. Nəyə görə? İnamsızlığa görə, iş yox, ədalət yox və onların işğalçı siyasəti ilk növbədə, özlərinə böyük zərbə vurur. Biz ümid edirik ki, onlar bunu nəhayət, dərk edəcək və torpaqlarımızı sülh yolu ilə boşaldacaqlar. Əgər dərk etsələr, ilk növbədə, öz xalqına tarixi xidmət göstərmiş olarlar. Dərk etməsələr, mən tam əminəm ki, biz o torpaqları istənilən yolla qaytaracağıq, o torpaqlara qayıdacağıq, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi bərpa ediləcəkdir. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır və Azərbaycan torpağı kimi dünya birliyi tərəfindən tanınır, tanınacaq və Azərbaycan torpağı kimi tam şəkildə Azərbaycan dövlətinə inteqrasiya edəcəkdir. Ona görə biz elə çalışmalıyıq ki, münaqişənin həlli tam olsun. Azərbaycanın suverenliyi tam şəkildə təmin edilsin. Əlbəttə, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi Azərbaycanın tərkibində olmalıdır, başqa variant nəzərdən keçirilmir və biz bu varianta nail olmaq üçün çalışmalıyıq. Bəlkə də danışıqlar bir müddət də aparıla bilər, mən bunu istisna etmirəm. Ancaq danışıqların sonunda biz o torpaqlara qayıdacağıq. Mən, əlbəttə istəyirəm ki, biz bunu qan tökülmədən edək. Ancaq biz istənilən varianta hazır olmalıyıq və hazırıq. Bu gün nəinki güclü iqtisadiyyatımız, güclü ordumuz vardır. Ordu potensialı da, insan potensialı da, vətənpərvərlik hissləri də çox güclüdür. Bütün digər beynəlxalq təşkilatlarda bizim nüfuzumuz artır. Azərbaycan bölgədə söz sahibidir və biz nüfuzumuzdan, imkanlarımızdan bundan sonra da istifadə edəcəyik ki, Ermənistanı daha da böyük təcridə salaq. Onlar onsuz da bütün beynəlxalq layihələrdən təcrid edilib və biz bu siyasəti əlbəttə ki, gələcəkdə də davam etdirəcəyik. Biz daha da güclü olmalıyıq. Daha da güclü olsaq, məsələ öz həllini tapar. Ona görə mən bir daha Qarabağ bölgəsində bu məsələ ilə bağlı istəyirəm fikrimi bildirim. Bu barədə dəfələrlə demişəm: Dağlıq Qarabağ Azərbaycan torpağıdır, Azərbaycan torpağı kimi qalacaq və Azərbaycanın bayrağı Şuşada, Xankəndidə dalğalanacaqdır." Sonda xatirə şəkli çəkdirildi.

Bərdədə çörək zavodu istifadəyə verilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 7-də Bərdədə çörək istehsalı müəssisəsinin açılışında iştirak etmişdir.

Məlumat verildi ki, "Qarabağ" çörək zavodu regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq Bərdə şəhərinin mərkəzində ən müasir standartlar səviyyəsində tikilmişdir. Bu layihənin həyata keçirilməsinə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən güzəştli kredit ayrılmışdır. Ümumi dəyəri 4 milyon manat olan çörək zavodunun yaradılması məqsədilə Fond tərəfindən 2,7 milyon manat güzəştli kredit verilmişdir. "Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq tikilən çörək zavodu ən yüksək standartlara cavab verir. Zavodun tikintisinə 2011-ci ilin fevralında başlanılmışdır. Dövlətimizin başçısı zavodun fəaliyyəti ilə bağlı filmə baxdı. Qeyd olundu ki, eyni zamanda, zavodun xammal bazasının yaradılması üçün Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ayrılan 680 min manat güzəştli kredit hesabına taxıl sahəsi, tutumu 10 min ton olan taxıl anbarı və gündəlik istehsal gücü 70 ton olan dəyirman kompleksi də inşa edilmişdir. Bu isə istehsal olunan çörəyin və un məmulatlarının maya dəyərinin aşağı olmasını şərtləndirir. Prezident İlham Əliyev zavodda istehsal olunan hazır çörək məhsullarına baxdı. Prezident İlham Əliyevə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Aran iqtisadi rayonunda verilən güzəştli kreditlər barədə də məlumat verildi. Fondun icraçı direktoru Şirzad Abdullayev bildirdi ki, Aran iqtisadi rayonu üzrə 5 min 13 sahibkara 240 milyon manatadək, o cümlədən yeni texnologiyalara əsaslanan 63 layihəyə 135,4 milyon manat güzəştli kredit verilmişdir. Bu kreditlər hesabına reallaşdırılan layihələr 24 mindən çox yeni iş yeri açılmasına imkan yaratmışdır. Aran iqtisadi rayonunda 4340-dək sahibkara kiçik həcmli kredit verilmişdir. Yeni texnologiyalara əsaslanan 8 soyuducu və 7 taxıl anbarı, 4 quşçuluq fabriki, 1 heyvandarlıq kompleksi və 4 süd zavodu, 2 ət kəsimi fabriki, 2 istixana, 1 çörək zavodu, 2 üzümçülük və 3 bağçılıq təsərrüfatı, 3 meyvə-tərəvəz emalı, 2 tikinti materialları zavodu, 4 digər istehsal müəssisəsi olmaqla 43 müəssisə istifadəyə verilmişdir. Bu proses davam etdiriləcəkdir. Bərdə rayonu üzrə 872 sahibkara 32 milyon manatadək kredit verilmişdir. Bundan başqa, yeni texnologiyalara əsaslanan 10 layihəyə 17,8 milyon manat güzəştli kreditlər verilmişdir. Sonda xatirə şəkli çəkdirildi.

Prezident İlham Əliyev Yevlaxda ümummilli lider Heydər Əliyevin abidəsini

ziyarət edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 7-də Bərdə rayonuna səfərini başa çatdıraraq Yevlax şəhərinə gəlmişdir. Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Yevlax şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu. Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Qoca Səmədov Prezident İlham Əliyevə son zamanlarda şəhərdə aparılan abadlıq-quruculuq işləri barədə məlumat verdi.

Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Sərhəd

Xidmətinin Yevlaxdakı "N" saylı yeni hərbi hissəsinin qarnizonu və yaşayış binaları kompleksinin açılışında

iştirak edib

Oktyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Dövlət Sərhəd Xidmətinin Yevlaxdakı "N" saylı yeni hərbi hissəsinin qarnizonu və yaşayış binaları kompleksinin açılışında iştirak etmişdir. Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyev Prezident, Ali Baş Komandan İlham Əliyevə raport verdi. Dövlətimizin başçısı əvvəlcə hərbi hissənin qarnizonunda yaradılmış şəraitlə tanış oldu. Bildirildi ki, burada hərbi qulluqçuların xidməti vəzifələrini yerinə yetirmələri üçün hər cür şərait yaradılmışdır.

Əlbəttə ki, sağlam yarışmadır, Prezident İlham Əliyev əsgər yeməkxanasında yaradılan şəraitlə maraqlandı. Qeyd edildi ki, əsgərlərin yüksək səviyyədə qidalanması üçün burada hər cür şərait vardır. Hərbi hissənin ərazisində bütün zəruri avadanlıq və ləvazimatlarla təchiz olunan hospital fəaliyyət göstərir. Hospitalda ambulator müayinələrin və müalicə işinin aparılması üçün bütün imkanlar nəzərə alınmış, əməliyyat bloku yaradılmışdır. Daha sonra Prezident İlham Əliyev hərbi hissədə yaşayış binaları kompleksinin açılışında iştirak etdi. Dövlətimizin başçısına məlumat verildi ki, hərbi hissənin ərazisində ümumilikdə 185 mənzilin olduğu 5 bina tikilmişdir. Burada yaradılan şərait təsdiqləyir ki, bu gün Azərbaycan Ordusunda müşahidə olunan hərtərəfli yüksəliş sərhədçilərin və onların ailə üzvlərinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına, sosial müdafiəsinin gücləndirilməsinə də müsbət təsir göstərir. Prezidentin Azərbaycanın bölgələrinə etdiyi səfərlərində hərbçilər və onların ailələri üçün inşa edilən binaların açılışında iştirak etməsi dövlətin ordu quruculuğuna diqqət və qayğısını nümayiş etdirir. Diqqətə çatdırıldı ki, kompleksdə sərhədçilər və onların ailələrinin istirahəti üçün lazımi şərait yaradılmışdır. Yaşayış kompleksində 2,5 min kvadratmetr ərazidə abadlıq işləri görülmüş, yaşıllıq zonası salınmışdır. Bundan əlavə, sərhədçi ailələrinin istifadəsi üçün dörd tədris qrupu üzrə nəzərdə tutulan 100 yerlik uşaq bağçası vardır. Burada uşaqların təlim-tərbiyəsinin yüksək səviyyədə yerinə yetirilməsi üçün hər cür əyani vəsaitlərlə təchiz olunan bölmələr yaradılmış, məktəbəqədər hazırlıq guşələri qurulmuşdur. Bağçanın daxilində 2,1 min kvadratmetr sahəsi olan qapalı hovuz inşa olunmuşdur. Daha sonra dövlətimizin başçısı hərbi hissənin tədris meydanı və təlim poliqonunda oldu. Burada Silahlı Qüvvələrin Ali Baş Komandanına yeni texnika və silah növləri barədə məlumat verildi. Qeyd olundu ki, bu gün Dövlət Sərhəd Xidmətinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində mühüm tədbirlər görülür. Dövlət Sərhəd Xidmətinin hərbi hissələrinin komplektləşdirilmə faizi və keyfiyyəti də yüksək səviyyədədir. Əsas komanda-qərargah vəzifələrinin peşəkar, ali hərbi təhsili olan, mənəvi, fiziki və psixoloji cəhətdən hazırlıqlı, döyüş təcrübəsi toplamış zabitlərlə komplektləşdirilməsi ardıcıl şəkildə həyata keçirilir. Burada yaradılan şərait bir daha təsdiqləyir ki, Azərbaycan sərhədçiləri öz fəaliyyətləri ilə dövlətin və xalqın onlara olan etimadını doğruldur. Çünki Azərbaycan sərhədçiləri beynəlxalq terrorizmə, qaçaqmalçılığa, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə, qeyri-qanuni miqrasiyaya qarşı qətiyyətlə mübarizə aparırlar. Karbohidrogen ehtiyatlarının hasilatının və ixrac infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi, ölkəmizdə daxili sabitliyin qorunması kimi vacib vəzifələrin öhdəsindən şərəflə gələn Sərhəd Qoşunları bu baxımdan respublikamızın qazandığı uğurlarda mühüm rol oynayır. Prezident İlham Əliyev görülmüş işlərdən razılığını bildirdi.

Prezident İlham Əliyev Zərdabda ümummilli lider Heydər Əliyevin abidəsini

ziyarət edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 7-də Yevlax şəhərinə səfərini başa çatdıraraq Zərdab rayonuna gəlmişdir. Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Zərdab şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu. Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev Prezident İlham Əliyevə rayonda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verdi.

Zərdabda Heydər Əliyev Mərkəzi istifadəyə verilib

Oktyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zərdabda Heydər Əliyev Mərkəzinin açılışında iştirak etmişdir. Dövlətimizin başçısı mərkəzin açılışını bildirən lenti kəsdi.

Məlumat verildi ki, şəhərin Heydər Əliyev prospektində yerləşən, ümummilli liderin adını daşıyan parkda inşa olunan Heydər Əliyev Mərkəzi əraziyə xüsusi gözəllik verir. Bildirildi ki, Heydər Əliyev Mərkəzinin inşasına 2010-cu ildə başlanılmışdır. Mərkəzin ikimərtəbəli binası ümummilli liderin adını daşıyan parkın ən gözəl guşəsində, özünəməxsusluğu ilə seçilən orijinal layihə əsasında inşa edilmişdir. Binanın ümumi sahəsi 1680 kvadratmetrdir. Ulu öndər Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi baxımından böyük əhəmiyyəti olan Mərkəzdə ümummilli liderin həyatının və çoxşaxəli dövlətçilik fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən materiallar, fotoşəkillər, tarixi sənədlər, eksponatlar, o cümlədən müxtəlif illərdə Zərdaba səfərlərinə dair fotolar nümayiş olunur. Burada ümummilli liderin həyat və fəaliyyətini, xarici ölkələrdə və ölkəmizin regionlarında keçirdiyi görüşləri əks etdirən 9 fotoguşə yaradılmışdır. Heydər Əliyev Mərkəzinin foyesində ulu öndərin büst kompleksi qoyulmuşdur. Mərkəzdə yaradılan şəraitlə tanışlıq zamanı diqqətə çatdırıldı ki, kompyuterlərlə təchiz olunan konfrans zalı və ən müasir avadanlığın quraşdırıldığı xidməti otaqlar vardır. Heydər Əliyev Mərkəzində müasir üslubda linqafon, fotostudiya və tədris otaqları yaradılmışdır. Şagirdlərin Azərbaycanın zəngin tarixini dərindən öyrənmələri üçün xüsusi dərnəklər mövcuddur. Mərkəzin guşələrində ümummilli lider Heydər Əliyevin fəaliyyətindən bəhs edən xarici dillərdə nəşrlərə də geniş yer verilmişdir. Birinci mərtəbədə xalçaçılıq, rəsm və şahmat dərnəkləri fəaliyyət göstərəcəkdir. Mərkəzin qonaqları burada yaradılan imkanlardan istifadə etməklə dahi Heydər Əliyevin siyasi irsi ilə yaxından tanış ola biləcəklər. Kitabxanada ulu öndər Heydər Əliyevə, bu siyasi kursun layiqli davamçısı Prezident İlham Əliyevə həsr olunan kitablar, jurnallar, qəzetlər və müxtəlif nəşrlər yer almışdır. Qeyd olundu ki, mərkəzdə 150 nəfərlik akt zalı, respublika və rayon səviyyəli müxtəlif tədbirlərin keçirilməsi üçün konfrans zalı da vardır. Mərkəzdə quraşdırılan ən müasir avadanlıq vasitəsilə beynəlxalq konfransların keçirilməsi də mümkündür. Heydər Əliyev Mərkəz ilə tanışlıqdan sonra dövlətimizin başçısı müvafiq tapşırıq və tövsiyələrini verdi.

Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatının yeni binasının açılışında iştirak edib

Oktyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatının yeni inzibati binasının açılışında iştirak etmişdir. Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi. Azərbaycan Prezidenti binada aparılmış tikinti işlərinin gedişini əks etdirən fotostendə baxdı.

Bildirildi ki, Heydər Əliyev parkında yerləşən binanın tikintisinə cari ilin mayında başlanılmışdır. Sahəsi 451 kvadratmetr olan ikimərtəbəli yeni inzibati binanın ətrafında yaşıllıq zolağı salınmış, işıqlandırma sistemi qurulmuşdur. Binanın birinci mərtəbəsində ulu öndər Heydər Əliyevin büstü qoyulmuşdur. Büstün ətrafında ümummilli lider Heydər Əliyevin və Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyevin partiya qurultaylarında iştiraklarını və müxtəlif vaxtlarda Zərdab rayonuna səfərlərini əks etdirən fotolar yer almışdır. Ümumilikdə inzibati bina 6 otaqdan və konfrans zalından ibarətdir. Zalda respublika və rayon əhəmiyyətli mötəbər tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur. Buradakı bütün otaqlarda səmərəli fəaliyyət üçün hər cür şərait yaradılmışdır. Qeyd olundu ki, yeni binada informasiya-kommunikasiya texnologiyalarının tətbiqi də xüsusi diqqətdə saxlanılmış, bütün otaqlar müasir avadanlıqla təchiz edilmişdir. Binada müasir havalandırma sistemi quraşdırılmışdır. Vurğulandı ki, YAP Zərdab rayon təşkilatı 1993-cü il avqustun 14-də təsis olunmuşdur. Hazırda 5 min 400 üzvü olan qurum partiyanın 64 ərazi ilk təşkilatını birləşdirir. Təşkilatın sıraları əsasən gənclər hesabına ildən-ilə artır. Onlar hazırda partiya üzvlərinin 37 faizini, qadınlar isə 44 faizini təşkil edirlər.

Prezident İlham Əliyev görülən işlərdən razılığını bildirdi, tapşırıq və tövsiyələrini verdi.

Zərdabda Gənclər Mərkəzi açılıb

Oktyabrın 7-də Prezident İlham Əliyev Zərdabda Gənclər Mərkəzinin açılışında iştirak etmişdir. Dövlətimizin başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi. Mərkəzdə yaradılan şəraitlə tanışlıq zamanı məlumat verildi ki, Heydər Əliyev Parkında yeni inşa olunan Gənclər Mərkəzinin həyətində XXX London Yay Olimpiya Oyunlarının qaliblərinin və olimpiya komandamızın Prezident İlham Əliyev ilə görüşlərini əks etdirən fotostend yaradılmışdır. Mərkəzin foyesində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin ictimai-siyasi fəaliyyətlərinin müxtəlif məqamlarını, Zərdaba səfərlərini əks etdirən fotolardan ibarət guşələr vardır.

Mərkəzdə kompyuter, dərzilik kursları musiqi dərnəkləri təşkil olunacaqdır. Binadakı kafe-barda gənclərin istirahəti üçün hər cür şərait yaradılmışdır. Dövlətimizin başçısı mərkəzin rəqs zalı ilə tanış oldu. Burada atıcılıq otağı və bilyard zalı fəaliyyət göstərir. Ümumilikdə Mərkəz gənclərin asudə vaxtlarının səmərəli təşkilində mühüm rol oynayacaqdır. Mərkəzlə tanışlıqdan sonra Prezident İlham Əliyev müvafiq tapşırıq və tövsiyələrini verdi.

Prezident İlham Əliyev

Küllülü-Zərdab su kəmərinin tikintisində işlərin gedişi ilə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 7-də Zərdabda Gənclər Mərkəzinin açılışından sonra Küllülü-Zərdab su kəmərinin tikintisində işlərin gedişi ilə tanış olmuşdur.

Dövlətimizin başcısı Küllülü-Kürdəmir-Ucar su kəmərinin planı və tikintisi prosesini əks etdirən stendlə tanış oldu. "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov Küllülü su mənbəyinin texniki göstəriciləri barədə məlumat verdi. Bildirildi ki, ASC-nin sifarişi ilə kəmərin tikinti işlərinə cari ilin avqustunda başlanılmışdır. Kəmərin istifadəyə verilməsi ilə 157 min nəfərin su problemi həll olunacaqdır. Qeyd olundu ki, kəmərin Zərdab rayonunun ərazisindən keçən hissəsinin uzunluğu 72 kilometrdir. Zərdabın 36 min nəfər əhalisi bu su kəmərindən istifadə edəcəkdir. Küllülüdə 5 min kubmetrlik bir, Zərdabda isə hər biri 2 min kubmetrlik iki su anbarı tikilir. Suyun şəhərə, Bəyimli qəsəbəsinə və rayonun 14 kəndinə verilməsi nəzərdə tutulmuşdur. Hazırda Heydər Əliyev parkında tikilən şəlalə rəmzi olaraq suyun artıq Zərdaba gəlib çatmasını bildirir. Dövlətimizin başçısı suyun şəhərə rəmzi olaraq verilməsini təmin edən qurğunu işə salan düyməni basdı. Layihə çərçivəsində magistral kəmərin keçdiyi ərazilərdə yerləşən və əhalisinin sayı 18 min nəfərdən çox olan 15 kəndə də su veriləcəkdir. Ümumilikdə layihə 2035-ci ilə qədər perspektiv inkişaf və əhalinin artımı nəzərə alınmaqla hazırlanmışdır. Bu kəmərlə istehlakçılara sutkada 8 min kubmetr su veriləcəkdir. Bununla yanaşı, şəhər daxilində müxtəlif diametrli 68 kilometr uzunluğunda paylayıcı su şəbəkəsi və 52 kilometrlik kanalizasiya şəbəkəsi yaradılacaqdır. Hazırda həmin ərazidə tikinti işləri davam etdirilir. "Zərdab şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması" layihəsi üzrə işlərin 2013-cü ilin sentyabrınadək yekunlaşdırılması nəzərdə tutulur. Prezident İlham Əliyev Zərdab su kəmərini işə salandan sonra rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü. Rayon ictimaiyyətinin nümayəndələri dövlətimizin başçısına minnətdarlıqlarını bildirdilər.

Digər xəbərlər