PDF Oxu

Siyasət

  • 31

Leyla xanım Əliyeva: biz hər işə kreativ yanaşmağa çalışırıq...

Leyla xanım Əliyeva: biz hər işə kreativ yanaşmağa çalışırıq...

Məlum olduğu kimi, Azərbaycanın bugünkü coğrafi, geosiyasi və mədəni mövqeyi, Şərqlə Qərb arasında bütün istiqamətlərdə həyata keçirilən uğurlu əlaqələrin müvəffəqiyyətli sintezlərlə nəticələndiyini göstərməkdədir. Bu mənada, Azərbaycan Şərq və Qərb mədəniyyətlərini özündə birləşdirən zəngin mədəni irsə malikdir. Son günlərdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın KİV-də yer alan məqaləsi və müsahibəsi də bu kontekstdə aktuallıq kəsb edir. Digər tərəfdən, bu məqalə və müsahibə bir sıra aspektlərdən təhlil olunmalıdır.

Mən bu yazı çərçivəsində Leyla xanım Əliyevanın fikirlərini ictimai və mədəniyyət diplomatiyası baxımından təhlil etməyə səy göstərəcəyəm. Belə ki, Leyla xanım Əliyeva da sentyabrın 25-də "Rossiyskaya qazeta"da dərc olunmuş məqaləsində ictimai diplomatiya məfhumuna toxunmuşdur. Yeri gəlmişkən, qeyd etməliyəm ki, beynəlxalq münasibətlərdə cari olan "sərt güc" (hard power) və "yumşaq güc" (soft power) kateqoriyaları mövcuddur. Belə ki, "sərt güc" və "yumşaq gücü" mahiyyətcə bir-birindən fərqlənir: "yumşaq güc" mədəniyyət, dəyərlər və ideyalar vasitəsilə yola gətirmək qabiliyyətidir, "sərt güc" isə hərbi qüvvə vasitəsi ilə fəth etmək və ya məcbur etməkdir." Əyani olaraq isə, bu, tərifin mahiyyəti məhz Leyla xanım Əliyevanın məqaləsində İDEA kapmaniyası təsvir və təhlil olunduğu zaman özünü göstərməkdədir: "Regionda qonşu olan Azərbaycan və Rusiya Qafqazın nadir biomüxtəlifliyinin hifz edilməsinə görə məsuliyyəti də bölüşürlər ki, bu da həmin istiqamətdə konkret tədbirlər görülməsi zərurətini nəzərdə tutur. İqamətgahı Azərbaycanın paytaxtında yerləşən Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsü (IDEA) qısa müddət ərzində gənclərin maarifləndirilməsi və ətraf mühitin, o cümlədən, transsərhəd ətraf mühitin mühafizəsi sahəsində layihələrin gerçəkləşdirilməsi işində uğurlar qazana bilmişdir. Məsələn, lap bu yaxınlarda IDEA Rusiya Federasiyasının Həştərxan vilayətində bir neçə sosial layihə təşəbbüsü ilə çıxış etmişdir ki, bu layihələrdən ən başlıcası nadir xırda qu quşlarının xilas edilməsi olacaqdır. IDEA-nın yaxın planlarına Dünya Vəhşi Təbiət Fondunun (WWF) Rusiya nümayəndəliyi ilə əməkdaşlıq sahəsinin genişləndirilməsi daxildir. Bu tərəfdaşlıq ümumi təbiətimizin qorunub saxlanılması işinə əhəmiyyətli töhfə verəcəkdir".

Qeyd olunduğu kimi, beynəlxalq münasibətlərdə dövlətlərarası əlaqələrdən başqa "ictimai diplomatiyaya" istinad edən əlaqələr silsiləsi günbəgün əhəmiyyət qazanmaqdadır. Bu, ingilis dilində "Public Diplomacy" termini adı altında verilir. Məhz qeyd edəcəyimiz tərifdən də göründüyü kimi, bu, doğma dilimizdə "ictimai diplomatiya" kimi başa düşülür: "İctimai diplomatiya" dövlətdən dövlətə deyil, dövlətdən ictimaiyyətə, vətəndaş cəmiyyətlərindən dövlətlərə, gizli qapılar arxasında deyil açıq və cəmiyyətin hər bir təbəqəsinin iştirak etdiyi bir diplomatiya növüdür. Nəticədə, Leyla xanım Əliyeva öz məqaləsində bu mövzuya toxunaraq, yüksək analitik səviyyədə fikirlərini belə ifadə edir: "Əgər əvvəllər ictimai diplomatiya xarici siyasətə əlavə kimi qəbul edilirdisə, indi biz xarici siyasətin hər birimizin işinə çevrildiyi qlobal dünyada yaşayırıq. Məhz ictimai diplomatiya müasir dünyada daşıyıcı konstruksiyalardan biridir".

Multikultiralizm ənənəsi və uğurlu baxış tərzi

Multikulturalizm anlayışında əsas ölçü nüfuzetmə xüsusiyyətinə malik olmaqdır. Başqa ifadə ilə desək, bu inteqrasiya prosesi mədəniyyət ünsürləri ilə açıq və bölüşə bilən mahiyyətdə olmalıdır. Multikulturalizm kontekstində müştərək olduğumuz dəyərlər və münasibətləri əhatə edərkən, eyni zamanda, bizləri başqalarından ayıran xüsusiyyətlər ilə qarşı-qarşıya qalırıq. Nəticədə, şəxsin varlığı və kim olduğu ilə bərabər kimlərə qarşı olduğu ilə də müəyyən olunmaqdadır. Məhz multikulturalizmin müxtəlifliyi ictimai sistemlərin bir-birindən uzaq qalmasından daha çox onları birləşdirən münasibətlərə bağlıdır. Bu kontekstdə qeyd etməliyəm ki, bir neçə gün əvvəl Leyla xanım Əliyevanın "Rossiya-24" telekanalına verdiyi müsahibə, yuxarıda qeyd etdiyimiz ictimai diplomatiya və mədəniyyət diplomatiyası baxımından tezis və təhlillər ilə olduqca zəngindir. Elmi ədəbiyyatdan da məlum olduğu üzrə mədəniyyətlərin özünüdərk prosesi daha əhatəli varlıq anlayışı və davranış modelləri ilə yaranır. Məhz Leyla xanım Əliyeva bu məqama işarə edərək, Azərbaycanın çox müxtəlifli zəngin mədəniyyətə malik olduğunu vurğulayaraq fikirlərini belə ifadə edir: "Azərbaycanda bu gün də çox millətlərin nümayəndələri yaşayır, küçələrdə müxtəlif dillərdə danışan insanlara rast gəlmək olar. Bizdə müsəlman məscidi ilə yanaşı katolik kilsəsi, pravoslav kilsəsi, yəhudi sinaqoqu vardır, bütün insanlar sülh və həmrəylik şəraitində yaşayırlar. Mənim fikrimcə, bu, çox əhəmiyyətlidir, xüsusən, müasir dünyada".

Ümumiyyətlə, Leyla xanım Əliyevanın faəliyyət sferasına və baxış tərzini təhlil etdikdə qarşımıza çıxan ən əhəmiyyətli məqamlardan biri, bəlk də birincisi onun sintez mahiyyətli düşüncəyə malik olduğunu müşahidə edirik. Təsadüfi deyildir ki, Leyla xanım bu anlayış tərzini, eyni zamanda, yaxın zamanlarda nümayiş etdirilən ürək və beynin sintezini simvolizə edən fiqurda da əyani olaraq göstərmişdir. Məhz Leyla xanım öz müsahibəsində multikulturalizm kontekstində inteqrasiya məsləsinə də toxunaraq fikirlərini belə açıqlamaqdadır: " Mədəniyyət və incəsənət məhz belə vasitədir. Biz hər işə kreativ yanaşmağa çalışırıq. İncəsənətin bütün növləri: fotoşəkillər, rəsmlər, şeirlər, poemalar bu işə cəlb olunmuşdur. Bu, həm də gənclərin öz imkanlarını üzə çıxarmalarına şərait yaradır". Yekun olaraq onu deyə bilərəm ki, bütün bu qlobal təşəbbüsləri və fəaliyyətləri anlamaq üçün Leyla xanım Əliyevanın bu fəaliyyətlərə hansı rakursdan yanaşdığını bilmək vacibdir. Məhz o zaman multikulturalizm kontekstində Leyla xanım Əliyevanın fəaliyyət sferasını və baxış tərzindəki dinamikliyi anlamaq mümkün olacaqdır.

Rəşad İlyasov,fəlsəfə doktoru

Digər xəbərlər