Qeyd:
Bu məqalə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və BDU-nun tərəfindən 10 oktyabr 2012-ci ildə BDU akt zalında təşkil olunan görkəmli şərqşünas alim Aida xanım İmanquliyevanın 73 illik xatirəsinə həsr olunmuş ərəb filologiyası sahəsində gənc alimlərin və tələbələrin məqalə müsabiqəsinin qalibi olaraq 2-ci yerə layiq görüldüyüm yazı əsasında hazırlanmışdır.
Mən bu məqalə çərçivəsində professor Aida İmanquliyevanın əsərlərinə istinad edərək, onun yaradıcılığının hermenevtik aspektlərini və bəzi fəlsəfi-ədəbi çalarlarını şərh etməyə səy göstərəcəm. Ümidvaram ki, bu fəlsəfi şərh gələcəkdə mütəfəkkir xanım alimimizin yaradıcılığının əhatəli tədqiqində ip ucu olaraq öz töhfəsini göstərəcəkdir. Məhz hər hansı bir mövzuda yazılan məqalələrin də mahiyyət olaraq funksiyası müəyyən işarə və ip ucları ilə mövzunun elmi aktuallığını vurğulamaqdan ibarətdir.
Əvvəlcə onu qeyd edim ki, Aida xanımla sağlığında görüşmək və elmindən bəhrələnmək mənə nəsib olmasa da qismətimdə Aida xanımın "Yeni ərəb ədəbiyyatı korifeyləri" kitabını 2007-ci ildə İstanbulda "Modern arap edebiyatının usta kalemleri" adı altında tərcümə etmək mənə nəsib olmuşdur. Məhz Aida xanım bu kitabı son dərəcə elmi ciddiyyətlə və ədəbi-fəlsəfi dərinliklə yazdığı üçün gənc bir alim olaraq mənim yetişməmə də böyük təsir göstərmiş və hal-hazırda da göstərməkdədir. Qeyd olunan kitabın türk dilinə tərcümə edilməsindən 5 il ötməsinə baxmayaraq kitab ərəb ədəbiyyatı, xüsusilə, Şərq-Qərb münasibətlərini tədqiq edən alimlər və tədqiqatçılar üçün Türkiyədə də öz aktuallığını qoruyub saxlamaqdadır. Məhz müxtəlif məqalələrdə Aida xanımın bu kitabı elmi mənbə kimi istifadə olunmaqdadır.
Məqalənin adında qeyd olunan "üfüqlərin qovuşması"(fusion of horizons) və "hermenevtika" ifadələri 20-ci əsrin məşhur filosofu H. Qademerin tərəfindən hermenevtikanı izah edərkən ortaya atdığı fəlsəfi baxış tərzidir. Qısaca olaraq bu baxış tərzinə görə ümumiyyətlə insanlar bir-birlərini qavrama və anlama prosesində özlərinə aid anlayışlarını, yəni üfüqlərini bölüşərək və qovuşduraraq, mövzuları müzakirə edir və bir-birlərini anlayırlar. Məhz bu mövzu geniş mənada həm fəlsəfədə, həm də ədəbiyyatda müxtəlif aspektlərdən aktuallıq kəsb edir. Aida xanımın əsərlərini tədqiq etdiyimizdə də belə bir baxış tərzi ilə rastlaşırıq. Belə ki, Aida xanım öz ifadələri ilə millət və xalqaların ədəbiyyatlarının hermenevtik əlaqəsini belə izah edir: " Dünyanın müxtəlif bölgələri arasındakı qarşılıqlı əlaqələr sayəsində hər bir milli ədəbiyyatın nailiyyəti başqa, hətta məkan etibarilə uzaq ədəbiyyatların da nailiyyətinə çevrilir...istənilən xalqın mədəniyyəti xaraktercə milli olub, ümumbəşəri nailiyyətlərlə qırılmaz surətdə bağlıdır".
Ümumiyyətlə, Aida İmanquliyevanın yaradıcılığında hermenevtik metodologiya baxımından elmlərarası təhlillər və ya müasir fəlsəfədə aktual mövzulardan hesab olunan interdisiplinar-multidisiplinar baxış tərzlərinin tətbiq olunduğuna rast gəlmək mümkündür. İmanquliyeva klassik ərəb ədəbiyatına dair yazdığı bir məqalədə real həyat, bədii əsər və etik qaydalar fonunda məsələni belə qiymətləndirir: "İbn Həzmin qayğısız gənclik illərinin xatirəsi olan "Göyərçinin boyunbağısı" həm müstəqil bədii əsər, həm də əxlaq normalarının təhlilinə həsr edilmiş traktatdır. Əsərdə müəllif sevgi, sədaqət məsələlərinə toxunur və irəli sürdüyü mənəvi-psixoloji fikirləri həyatdan gətirdiyi inandırıcı misallarla möhkəmləndirməyə çalışır. Bu misallar əsasən o vaxtkı ispan həyatından götürülmüş llövhələrdən ibarətdir".
Təsadüfi deyildir ki, Aida İmanquliyevanın yaradıcılığı heremenvtik baxımdan inteqrativ mahiyyətə malik olaraq ədəbiyyat-fəlsəfə əlaqələri kontekstində tezis, təhlil və nəticələrlə son dərəcə zəngindir. Məhz professor Nərgiz Paşayeva haqlı olaraq bu məsələni belə qiymətləndirir: " ...dünyanın əqli elmlə və ya əhval elmi ilə dərki məsələsi Aida xanımın məşğul olduğu Şərq ədəbiyyatının və fəlsəfəsinin əsas mövzularından idi".
1. Ədəbi və fəlsəfi kontekstdə Şərq-Qərb münasibətləri
Hər hansı bir mədəniyyətin meydana gəlməsinin əsasını inteqrativlik və özünü dərk prosesi təşkil edir. Bu, həm fərdi, həm də ictimai dünyagörüşünə istinad edir. Məhz buna görə də müxtəlif mədəniyyətlər arasında olan transformasiyalar özünüdərkə istinad edərək, dünyagörüşlərinin qarşılıqlı nüfuz etmə mənasına gəlir. Məhz Aida İmanquliyeva bu kontekstdə Livanın belə bir coğrafi məkanda, Şərqlə Qərbin kəsişmə nöqtəsində yerləşməsini də intellektual mühitin yaranmasına səbəb olduğunu ifadə edir. İmanquliyeva bu sintez məsələsinə toxunaraq Əndəlisdə yaranan ədəbiyyatın Qərbi Avropa və Şərq arasında vasitəçilikdə rolunun böyük olduğunu vurğulayır : "Ərəblərin mənimsədikləri antik, Qədim Şərq və ərəb-müsəlman ənənələri Əndəlis vasitəsilə Avropaya yayılırdı".
Aida İmanquliyeva ədəbi-fəlsəfi ümumiləşdirmə nöqteyi- nəzərindən Cübran Xəlil Cübran, Əmin ər-Reyhani və Mixail Nuayməni bu kontekstdə belə dəyərləndirir: "Onlara, əzəldən Şərq xalqlarının mədəniyyətinə xas olan ümumbəşəri və hümanist ideallar əsasında öz doğma mədəniyyətlərində bu dəyərlərin təsdiq üçün müvafiq üsullar tapmaq asan idi. Eyni zamanda, heç vaxt unutmaq lazım deyil ki, bu yazıçıları öz vətəninin adət-ənənələrini və öz dilini qoruyub saxlayan mühacirlər mühiti əhatə edirdi. Buna görə də, onlar iki mədəni-ənənənin həm, Şərqin, həm də Qərbin mədəni əlaqələrinin daşıyıcıları oldular".
3. Mətnin mahiyyəti və hermenevtik dialoq
Müasir Qərb fəlsəfəsində və mədəniyyətində hermenevtik metodlarla mətinlərin və simvolların kəşf edilərək interqetasiya (şərh-təfsir) məsələsi öz aktuallığını mühafizə edir. Belə ki, məşhur fransız filosof və hermenevtik mütəxəssis Pol Rikora görə bir mədəniyyəti şərh etmək və ya onun simvollarını yozmaq o mədəniyyəti müəyyən dərəcədə dəyişdirmək mənasına gəlir. Nəticədə, bu şərh və yozumlar sayəsində "şərhlərin-yozumların toqquşması" (conflict of interpretations) məsələsi ortaya çıxır. Bu isə normaldır və ancaq hermenevtik metodologiya ilə izah oluna bilər. Rikor, şərhinə ehtiyac duyulan mətin və simvolların müəyyən xüsusiyyətlərə malik olduğunu vurğulayır. Belə ki, şərh və yozumlar sayəsində fərqli izahlar meydana gəlir. Məhz bu izah və açıqlamalar "çox mənalılıq" prinsipinə dayanılaraq anlaşılmalıdır. Bu şərh və ya mənaları anlayaraq qəbul edən hər hansı bir insan, eyni zamanda, bunları öz dünyagörüşünə də tətbiq edir. Nəticədə, Rikora görə hər bir hermenevtik fəaliyyətdə "başqasını" anlama üzərindən, eyni zamanda, insanın özünü anlama prosesi həyata keçirilir. Bu kontekstdə Aida xanım analitik tərzdə modern hermenevtik fəlsəfədə aktual bir problem olan yazıçı-oxucu əlaqəsinə toxunaraq mövzunu belə qiymətləndirir: "Ədəbiyyat yazıçı ilə oxucu arasında mənəvi vasitəçi olmalıdır. O, insan qəlbinin sirlərini və dərinliklərini öyrənməli, "söz hoqqabazlığı və şeir dekoru sərgisinə" çevrilməməlidir". İmanquliyevanın bu ifadələri, eyni zamanda, fəlsəfi hermenevtikada yazıçı və ya müəllifin niyyətini mətn vasitəsilə müəyyən etmə problematikasına da işarə edir. Nəticədə, bu fəlsəfi görüşə görə hər hansı bir mətndə müəllifinin niyyətinini və məqsədini kəşf etmək fəlsəfi hermenevtikanın əsas hədəfidir.
Digər cəhətdən şərqşünas alimimiz İmanquliyeva, ədəbiyyatın da sistemli şəkildə elmi meyarlarla tədqiq olunmasının vacibliyini ifadə edərək, məhz ədəbiyyatın elmi mahiyyətini klassik şair-alim olan İbn Əbdi Rəbbihiyə istinad edərək izah etməkdədir: "İbn Əbd Rəbbihi şeirə yeni, orijinal bir məzmun gətirmişdir. O, elmin bəzi mühüm əsaslarının daha anlaşılan və yaddaqalan olması məqsədilə onları şeirlə ifadə etmək təşəbbüsünü irəli sürmüşdür və poetik ölçülərin əsası və tarix elmi haqqında bir neçə rəcəz yazmışdır.
Məhz qeyd olunan arqumentlər çərçivəsində qeyd edə bilərik ki, həm fəlsəfədə həm də ədəbiyyatda mətinlər vasitəsilə dünya görüşləri rasional və məcazi dil vasitəsilə ifadə edilməktədir. Təsadüfi deyildir ki, bu mənada məşhur alman filosofu Martin haydigger dili "varlığın evi" adlandırmaqdadır. Yəni varlıq (mövcudat) və var olma sözlər vasitəsilə dildə "dilə gələrək" rasional təfəkkür səviyyəsindən ikinci kateqoriyaya, lüğəvi həqiqət kateqoriyasına daxil olur. Nəticədə, Aida xanımın da ifadə etdiyi kimi müxtəlif xalq və millətlər arasında ədəbiyyat sayəsində çox çalarlı fəlsəfi-ədəbi inteqrasiyalar reallaşır: "Ədəbi əlaqələrin tarixi xalqların tarixi ilə qırılmaz surətdə bağlıdır. Dünya xalqları ədbiyyatı arasındakı əlaqələrin tədiqiq göstərir ki, ayrı-ayrı ədəbiyyatların meydana gəldiyi dövrdən onların arasında müxtəlif əlaqə faktları mövcud olmuşdur. Şifahi ədəbiyyatda, xüsusilə, Şərq xalqları folklorunda ədəbi əlaqələrin dərin iz buraxması onların tarixən çox qədim kökləri, qaynaqları olduğunu sübut edir".
Yekun olaraq, qeyd etməliyəm ki, Aida İmanquliyevanın yaradıcılığı həm fəlsəfi, həm də ədəbi mətnlərin anlaşılması və şərh olunmasında müasir dövrdə geniş tərzdə tətbiq olunan hermenevtik tezis və təhlillər ilə zəngindir. Məhz Aida xanımın əsərlərində hermenevtik metod vasitəsi ilə ixtisaslararası (interdisipliner) əlaqələrin ən aktual nümunələrinə rast gəlmək mümkündür. Nəticədə, İmanquliyevanın bütün yaradıcılığı ekzistansial olaraq varlığı, mətnləri və ümumiyyətlə, ədəbi əsərləri anlayaraq öz həyat anlayışımızı və mənəvi dünyamızı zənginləşdirməmizdə böyük əhəmiyyət kəsb edir və edəcəkdir.
Rəşad İlyasov,fəlsəfə doktoru