PDF Oxu

Siyasət

  • 41

Prezident İlham Əliyev: “Bizim bütün iqtisadi təşəbbüslərimiz Azərbaycan xalqının rifah halının yaxşılaşdırılmasına yönəldilib”

Prezident İlham Əliyev: “Bizim bütün iqtisadi təşəbbüslərimiz Azərbaycan xalqının rifah halının yaxşılaşdırılmasına yönəldilib”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə oktyabrın 10-da Nazirlər Kabinetinin 2012-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib. Cari ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarını təhlil edən Prezident İlham Əliyev bildirdi ki, ötən dövrdə Azərbaycan iqtisadiyyatı 1,1 faiz, qeyri-neft iqtisadiyyatı isə 10,3 faiz artmışdır. Ölkədə abadlıq-quruculuq işləri genişlənmiş, yeni sənaye müəssisələri fəaliyyətə başlamışdır. Doqquz ayda ölkə iqtisadiyyatına 16 milyard ABŞ dolları məbləğində sərmayə qoyulmuşdur. Həmin sərmayələrin 70 faizi daxili investisiyalardır. Özəl sektorun ümumi daxili məhsulda çəkisi 83 faiz, kənd təsərrüfatında artım isə 6,3 faiz olmuşdur. Bu ilin əvvəlindən strateji valyuta ehtiyatları 5 milyard ABŞ dolları artmış və hazırda 45 milyard dollar səviyyəsindədir. Valyuta ehtiyatlarının idarə olunması ilə bağlı yeni istiqamətlərin araşdırıldığını deyən dövlətimizin başçısı doqquz ayda əhalinin pul gəlirlərinin 12 faiz artdığını, inflyasiyanın 1,5 faiz, orta aylıq əmək haqqının 500 ABŞ dolları, orta pensiyanın 190 dollar səviyyəsində olduğunu bildirdi. Azərbaycan Prezidenti ölkədəki inkişafın insanların yaşayış səviyyəsinə təsirsiz ötüşmədiyini diqqətə çatdırdı.

Ölkədə ümumi sənaye istehsalının son illərdə azaldığını deyən dövlətimizin başçısı bu prosesin cari ilin doqquz ayında da müşahidə olunduğunu bildirdi və bunun səbəbləri barədə danışdı. "Buna baxmayaraq, Azərbaycanda inkişaf prosesləri sürətlə gedir, beynəlxalq maliyyə institutları, əsas reytinq agentlikləri ölkəmizin uğurlarını yüksək qiymətləndirirlər", - deyən Prezident İlham Əliyev Azərbaycanın kredit reytinqlərinin artdığını vurğuladı.

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası nəticəsində indiyə qədər ölkədə 1 milyon 100 min yeni iş yerinin açıldığını, il ərzində 188 məktəbin tikildiyini, 103 məktəbin əsaslı təmir edildiyini deyən Prezident İlham Əliyev ötən rübdə Azərbaycanın idman uğurlarının daha da artırdığını, London Yay Olimpiya Oyunlarında idmançılarımızın parlaq qələbələrə imza atdığını dedi.

Dövlətimizin başçısı bildirdi ki, Azərbaycan beynəlxalq arenada da böyük uğurlar əldə etmişdir. BMT Təhlükəsizlik Şurasında Azərbaycanın mövqeyi böyük rəğbətlə qarşılanır, Qoşulma Hərəkatının üzvü olan 120 ölkə də Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Bununla da dünya birliyinin dörddə üç hissəsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllini ərazi bütövlüyü prinsipi çərçivəsində görür.

"Biz indi dünyada yeni tərəfdaşlar qazanırıq", - deyən Prezident İlham Əliyev Latın Amerikası ölkələri ilə əməkdaşlıq əlaqələrinin qurulmasının səmərəli olduğunu diqqətə çatdırdı: "Ölkəmizin strateji valyuta ehtiyatları ilin əvvəlindən təxminən 5 milyard dollar artmışdır, hazırda 45 milyard dollar səviyyəsindədir. Deyə bilərəm ki, bu, dünya miqyasında çox böyük rəqəmdir və Azərbaycan o ölkələrdəndir ki, böyük valyuta ehtiyatlarına malikdir. Ölkənin ərazi ölçülərinə və əhalinin sayına görə, hesab edirəm ki, əgər valyuta ehtiyatlarımızı adambaşına hesablasaq biz dünya miqyasında ən qabaqcıl yerlərdən birindəyik. Çox sevindirici hal ondan ibarətdir ki, böyük investisiya layihələrinin dövlət xətti ilə həyata keçirilməsinə baxmayaraq, strateji valyuta ehtiyatlarımız azalmır, əksinə artır. Biz çalışmalıyıq ki, gələcək illərdə müəyyən səviyyədən aşağı düşməyək. Çünki bu, bizim ehtiyat mənbəyimizdir, eyni zamanda, baxmayaraq ki, indi dünyada hökm sürən maliyyə böhranı faiz dərəcələrini aşağı salmışdır və bu vəsaitin idarə edilməsi nəticəsində biz hələ ki, o qədər də böyük mənfəət əldə edə bilmirik, ancaq valyuta ehtiyatlarının idarə edilməsi istiqamətində yeni istiqamətlər artıq araşdırılır. Beləliklə, vəsaitimizin daha da səmərəli şəkildə mənfəət gətirmə əmsalı əminəm ki, daha da yüksək səviyyədə olacaqdır. Bütün bu göstəricilər təsdiq edir ki, iqtisadi sahədə inkişaf çox sürətlidir. Təbii ki, bu inkişaf insanların yaşayış səviyyəsinə də təsirini göstərir. Doqquz ayda əhalinin pul gəlirləri 12 faiz, inflyasiya isə cəmi 1,5 faiz artmışdır. Gördüyünüz kimi, inflyasiya ilə əhalinin pul gəlirləri arasında 10 faiz fərq vardır və hesab edirəm ki, Azərbaycan bu göstəricilərə görə dünya miqyasında ən qabaqcıl yerlərdədir. Bizim bütün iqtisadi təşəbbüslərimiz və ümumiyyətlə, iqtisadi strategiyamız Azərbaycan xalqının rifah halının yaxşılaşdırılmasına yönəldilmişdir. Biz bu istiqamətdə böyük nailiyyətlərə çatmışıq və bu göstəricilər görülən işlərin məntiqi nəticəsidir. Regionlarda işlər çox uğurla gedir. Regionlara səfərlərim mənə imkan verir ki, həm vəziyyətlə yaxından tanış olum, həm əlavə göstərişlər verilsin, əlavə vəsait ayrılsın. Bütün bölgələrdə canlanma, inkişaf, infrastruktur layihələrinin icrası, yeni iş yerlərinin açılması prosesi gedir. Bu ilin əvvəlindən 94 min yeni iş yeri açılmışdır ki, onlardan 73 mini daimi iş yeridir. Regionların sosial-iqtisadi inkişafı proqramının əvvəlindən - 2004-cü ildən bəri bir milyon 100 min iş yeri açılmışdır ki, onlardan 800 mini daimi iş yeridir.

Yenə də deyirəm, bütün başqa sahələrdə, tikinti-quruculuq, sosial infrastrukturun yaradılması istiqamətində böyük nailiyyətlər vardır. İl ərzində 188 məktəb və əlavə korpuslar tikilmiş, 103 məktəb əsaslı təmir edilmişdir. Bu proses həm Bakıda geniş vüsət almışdır, həm də bölgələrdə. Bakı məktəblərinə gəldikdə, gələn tədris ilinə qədər nəinki qəzalı vəziyyətdə, heç bir dənə də olsun, təmirsiz məktəb qalmayacaqdır. Bölgələrdə də bu istiqamətdə böyük işlər gedir. Yəqin ki, bölgələrdə bütün məsələni tam şəkildə həll etmək üçün bir qədər çox vaxt lazım olacaqdır. Keçən rübdə idmançılarımız bizi sevindirdilər. Azərbaycan Olimpiya və Paralimpiya oyunlarında çox böyük nəticələr göstərmişdir. Olimpiyaçılarımız dünya miqyasında 30-cu yerə çata bilmişlər. Medalların sayına görə 24-cü, keyfiyyətinə görə 30-cu yerdədirlər. Avropa ölkələri arasında 15-ci, İslam ölkələri arasında 3-cü yerdədirlər. On medal qazanmışıq, ikisi qızıl, ikisi gümüş, altısı bürünc.

Böyük tarixi qələbədir. Paralimpiyaçılarımız 27-ci yerə çata bilmişlər. On iki medal qazanmışlar ki, onlardan dördü qızıldır. Yəni bu, yenə də deyirəm, həm bizi sevindirir, həm fərəhləndirir, həm də ki, ölkəmizin qüdrətini, gənclərimizin potensialını göstərir. Çünki idman hər bir ölkənin ayrılmaz bir hissəsidir, çox mühüm bir amildir. İdmanın inkişafı ölkənin ümumi inkişafını göstərir. Adətən iqtisadi tərəfdən güclü, siyasi sabitliyə malik olan ölkələrdə idman da sürətlə inkişaf edir. İdmanın inkişafı üçün dövlət vəsaiti, dövlət dəstəyi lazımdır, təlim-məşq prosesi yüksək səviyyədə keçirilməlidir, infrastruktur layihələri lazımdır. Azərbaycanda 35 regional Olimpiya Mərkəzi fəaliyyət göstərir və artıq 10-a yaxın yeni Olimpiya İdman Kompleksi tikilməkdədir.

Bir sözlə, keçən rüb və bu ilin doqquz ayı bütün istiqamətlər üzrə ölkə iqtisadiyyatı üçün uğurlu olmuşdur. Beynəlxalq arenada böyük uğurlar əldə edilmişdir. Biz BMT Təhlükəsizlik Şurasının iclaslarında fəal iştirak edir, prinsipial mövqe nümayiş etdiririk. Keçən ilin oktyabr ayında, - artıq bir il keçir, - biz Təhlükəsizlik Şurasına üzv olduqda, mən o vaxt xalqa müraciətimdə demişdim ki, biz bu qurumda ədaləti və beynəlxalq hüququ müdafiə edəcəyik və bu sözə həmişə olduğu kimi, əməl edirik. Bizim mövqeyimiz böyük rəğbətlə və böyük hörmətlə qarşılanır. Çünki bir daha demək istəyirəm ki, biz ədaləti və beynəlxalq hüququ müdafiə edirik. Eyni zamanda, seçkilər zamanı bizə göstərilən dəstək artıq özünü digər formatlarda büruzə verir. Bildiyiniz kimi, Azərbaycanın namizədliyini 155 ölkə dəstəkləmişdir. Bu yaxınlarda Qoşulmama Hərəkatının zirvə görüşündə 120 ölkə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yalnız və yalnız ölkələrin ərazi bütövlüyü çərçivəsində həll olunmasına dair qətnamə qəbul etmişdir. Bu, bizim növbəti böyük diplomatik uğurumuzdur, Ermənistanın növbəti məğlubiyyətidir. Çünki 120 ölkə dünya ictimaiyyətinin əksəriyyətini təşkil edir. Dünyada 200-dən bir qədər çox ölkə vardır. Bunlardan 120-si ərazi bütövlüyümüzü dəstəkləyir, münaqişənin həllini yalnız bu prinsiplər əsasında görür. Əgər biz NATO-nun Çikaqo sammitinin qərarlarını, bəyannamələrini nəzərə alsaq, - təbii ki, NATO-ya üzv olan ölkələr Qoşulmama Hərəkatının üzvü ola bilməz, - orada da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yalnız ölkələrin ərazi bütövlüyü prinsipi əsasında həll olunması açıq şəkildə vurğulanmışdır. Bu da ermənilərin növbəti məğlubiyyəti, bizim növbəti uğurumuzdur. Yəni, dünya birliyinin dörddə üç hissəsi məsələnin həllini yalnız ərazi bütövlüyü prinsipi əsasında görür. Əlbəttə, bu, çox ədalətli mövqedir və məsələnin həlli üçün başqa mövqe, başqa variant ola bilməz. O ki qaldı xalqların müqəddəratını təyinetmə prinsiplərinə, ermənilər çalışırlar dünya birliyini çaşdırsınlar, artıq dediyim qərarlar və bəyannamələr bütün bu yalan təbliğatını alt-üst edir. Xalqların öz müqəddəratını təyinetmə prinsipləri ölkələrin ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Helsinki Yekun Aktının sənədlərində məsələ məhz belə qoyulubdur. Ona görə, bütün bu növbəti diplomatik uğurlar, siyasi qələbələr, Ermənistan üzrə mütləq qələbəmiz bizi daha da ruhlandırır və məsələnin həllinə yaxınlaşdırır.

Biz daha da güclü olmalıyıq və oluruq. Beynəlxalq mövqelərimizi möhkəmləndiririk, dünya miqyasında böyük dəstəyə malikik."

Sonra Mərkəzi Bankın idarə heyətinin sədri Elman Rüstəmov, nəqliyyat naziri Ziya Məmmədov, əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov cari ilin doqquz ayında görülən işlər və qarşıda duran vəzifələrlə bağlı məruzə etmişlər. Prezident İlham Əliyev yekun nitqində inflyasiya risklərinin qarşısının alınması, bir müddət öncə qərb bölgəsində baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı tədbirlərin davam etdirilməsi, qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin daha da yaxşılaşdırılması, ölkədə məktəblərin, uşaq bağçalarının, yeni yolların tikintisi və yenidən qurulması, əhalinin qaz, elektrik və içməli suya tələbatının ödənilməsi, ərzaq təhlükəsizliyinin təmin olunması ilə bağlı tapşırıqlarını verdi. Sahibkarlara verilən güzəştli kreditlərin həcminin gələn il 300 milyon manat olacağını deyən Prezident İlham Əliyev 2013-cü ildə büdcə xərclərinin 20 milyard manat, icmal büdcənin 30 milyard dollardan çox olacağını dedi. Dövlət İnvestisiya Proqramının bu ilin sonuna qədər qəbul olunmasının vacibliyini qeyd edən Azərbaycan Prezidenti ölkədə qaz hasilatının artdığını, "Ümid" yatağından qazın hasilatına başlanıldığını dedi və bir daha Transanadolu qaz kəməri layihəsinin əhəmiyyətinə toxundu. Prezident İlham Əliyev ölkədə nəqliyyat infrastrukturunun daha da genişləndirilməsi, sənayeləşmə prosesinin, Bakı və ətraf qəsəbələrin inkişafının sürətləndirilməsinin vacibliyini də qeyd etdi. Dövlətimizin başçısı bu yaxınlarda ölkəmizdə keçirilən İkinci Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyətindən danışdı, onun yekunlarının səmərəli olduğunu dedi və Azərbaycanın uğurlarının bundan sonra da davam edəcəyinə əminliyini bildirdi.

Digər xəbərlər