Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu gün respublika əhalisinin böyük əksəriyyəti tərəfindən dəstəklənməsinin əsaslı səbəbləri vardır. İlk növbədə vurğulanmalıdır ki, 2003-cü ildən başlayaraq, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda cənab İlham Əliyevin uğurla davam etdirdiyi siyasi kurs Azərbaycanı inkişaf etmiş ölkələr səviyyəsinə qaldırıb, xalqımızı isə dünya ictimaiyyətinin mühüm tərkib hissəsinə çevirib.
Ötən 9 il ərzində cəmiyyətimizin həyat sahələrinin bütün parametrlər üzrə tamamilə dəyişməsi, modernləşməsi və keyfiyyətcə yeni mərhələyə transformasiya etməsi insanlarda Prezident İlham Əliyevə olan inamı daha da möhkəmləndirib. Elə bunun nəticəsidir ki, keçirilən bütün rəy sorğularında Prezident İlham Əliyev sosiumun böyük hissəsi tərəfindən dəstək alır.
Məhz, "Rəy" Monitorinq Mərkəzinin sentyabrın 26-30-da keçirdiyi ictimai sorğunun nəticələri əsasında da bəlli olub ki, Azərbaycan əhalisinin böyük əksəriyyəti Prezident İlham Əliyevi dəstəkləyir.
Belə ki, sorğunun nəticələrinə əsasən, əgər qarşıdan gələn bazar günü prezident seçkiləri keçirilsəydi, əhalinin mütləq əksəriyyəti (87 faizə yaxını) öz səsini Prezident İlham Əliyevə verərdi. "İlham Əliyev sizin kimi insanların maraqlarına cavab verirmi?" sualını cavablandırarkən respondentlərin 84 faizi "bəli, cavab verir". Sorğu, həmçinin göstərir ki, əgər prezident seçkiləri qarşıdan gələn bazar günü keçirilsəydi, rəyi soruşulanların əksəriyyəti (56 faizi) birmənalı olaraq səsverməyə qatılardılar. Respondentlərin 17 faizi "yəqin ki, iştirak edərdim" cavab variantını seçib, 14 faizi isə bildirib ki, səsverməyə qatılmaqdan imtina edərdi.
Rəyi soruşulanların 13 faizi bu suala cavab verməkdə çətinlik çəkib.
Hesabat sentyabrın 26-30-da keçirilmiş "omnibus" tipli ictimai rəy sorğusunun nəticələri əsasında hazırlanıb. "Üzbəüz" müsahibə yolu ilə keçirilən sorğuya yaşı 18 və yuxarı olan 1500 respondent cəlb edilib. Göründüyü kimi, Azərbaycan xalqının böyük əksəriyyəti Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti bəyənir və Onu dəstəkləyir.
Əlbəttə ki, Prezident İlham Əliyevə olan bu qədər böyük dəstək və sevgi konkret fəaliyyətdən doğan ictimai etirafdır. Yəni, 2003-cü ildən bu günə qədər Prezident İlham Əliyev söylədiyi bütün sözlərin üstündə durub və hər bir azərbaycanlının Prezidenti olmağı bacarıb. Hətta, Ramil Səfərovun Macarıstandakı həbsxanadan gətirdərək, onu əfv edən Prezident İlham Əliyev bununla bir daha yuxarıdakı fikri sübut etdi. Hazırda cəmiyyətdə Prezident İlham Əliyevin bu addımı alqışlarla qarşılanır. Çünki, artıq hər bir azərbaycanlı həyatını və gələcəyini Prezident İlham Əliyevin rəhbərlik etdiyi dövlətə etibar edir.
Bununla yanaşı, Prezident İlham Əliyevin rəhbərliyilə həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində vətəndaşların maddi rifah halı yüksəlib, yaşayış keyfiyyətləri Avropa və ABŞ səviyyəsinə çatıb. Bu gün əminliklə demək olar ki, Azərbaycan əhalisi orta gəlirli dövlətlərin xalqlarından heç də geri qalmır.
Dövlət başçısının birbaşa diqqəti və qayğısı nəticəsində Azərbaycanda sahibkarlar sinfi də formalaşıb, artıq cəmiyyətin rombvari inkişafı oturuşub və orta təbəqə yaranıb. Bu da əlbəttə ki, Azərbaycan dövlətinin tərəqqisinin və gücünün əyani isbatıdır.
Eyni zamanda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nəticələrindən irəli gələn vəzifələrin yerinə yetirilməsinə görə də, xalqın gözləntiləri özünü doğruldur. Prezident İlham Əliyev Cənubi Qafqazın ən güclü ordusunu yaradıb, ermənilərin təcavüzkar siyasətindən əziyyət çəkmiş qaçqın və məcburi köçkünlərin həyat şəraitini yaxşılaşdırıb. Artıq Azərbaycanda bir dənə də olsun çadır şəhərciyi qalmayıb.
Prezident İlham Əliyev demokratik siyasi sistemin və idarəçiliyin qurulmasında da əhəmiyyətli işlər görür. Bu gün Azərbaycanda dövlət-vətəndaş münasibətlərində problem yoxdur, ictimai əhəmiyyətli məsələlərdə isə vətəndaş cəmiyyəti və QHT-lər aktiv rol oynayırlar. Bunlar onu göstərir ki, Azərbaycan həm də hüquqi dövlət kimi özünü sübuta yetirir.
Ölkənin xarici siyasəti sahəsində də uğurların əldə olunması Prezident İlham Əliyevə olan inamı daha da artırır. Azərbaycanın BMT TŞ-nin qeyri-daimi üzvü seçilməsi, dünyanın ən aparıcı dövlətlərilə sıx münasibətlər qurması, qlobal təhlükəsizlik problemlərinə özünəməxsus töhfələr verməsi ölkə əhalisində qürur hissi yaradır. Bütün bu uğurlar da əlbəttə ki, Prezident İlham Əliyevin fəaliyyətində öz əksini tapır.
Əlbəttə ki, eyni müsbət fikirləri ölkənin bütün sahələri haqqında da demək olar. Respublikada istər idman, istər səhiyyə, istər mədəniyyət, istərsə də ümumilikdə regionların inkişafı kontekstində yüksək səviyyəli inkişaf tendensiyası müşahidə olunmaqdadır. Təbii ki, bütün bunlara görə Azərbaycan xalqı Prezident İlham Əliyevi dəstəkləyir. Elə dövlət başçısının həyata keçirdiyi bu praqmatik inkişaf siyasəti respublika əhalisinin Prezident İlham Əliyevi növbəti prezidentlik müddətinə də seçmək istəyini şərtləndirir.