PDF Oxu

Siyasət

  • 40

YAP - QÜDRƏTLİ PARTİYA, QÜDRƏTLİ AZƏRBAYCAN, QÜDRƏTLİ XALQ !

YAP - QÜDRƏTLİ PARTİYA, QÜDRƏTLİ AZƏRBAYCAN, QÜDRƏTLİ XALQ !

Bu günlərdə Azərbaycan xalqının inandığı və təşəkkül tapdığı Yeni Azərbaycan Partiyasının yaradılmasından 20 il keçir. Düz 20 il öncə, Azərbaycan xalqı özünün ən gərgin və çətin dövrünü yaşadığı, ölkədə davamlı şəkil almağa başlayan hərc-mərcliyin vüsət aldığı dövrlərdə Ümummilli Lider Heydər Əliyev ictimai rəyin sifarişinə, istək və arzularına uyğun olaraq Yeni Azərbaycan Partiyasının yaradılmasını reallığa çevirdi. Sevindirici haldır ki, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyilə yaradılmış və bu gün cənab Prezident İlham Əliyevin Sədrliyilə uğurla fəaliyyət göstərən Yeni Azərbaycan Partiyasının yaranmasının 20 illiyini qeyd edəcəyik.

YAP, ilk növbədə, dövlətimizin, dövlətçiliyimizin dayağı, ona dəstək olan, onun ideyalarını ürəkdən qəbul edən, bu idealların həyata keçirilməsi istiqamətində mühüm addımlar atan böyük bir qurumdur, siyasi qüvvədir. YAP yarandığı ilk gündən o qədər mühüm məsələlərin həllinə nail olub ki, bu partiyanın bütün məramı, bütün siyasi əqidəsi bu fəaliyyətlə bağlı olub. İlk növbədə, onu deməliyəm ki, Ulu Öndər Heydər Əliyev partiyamızı yaradarkən, gələcəyini elə düşünmüşdü ki, bu partiya cəmiyyətdə böyük bir siyasi qüvvə kimi vətəndaşlarımızın həyatının tənzimlənməsində, müstəqilliyimizin möhkəmlənməsində, dövlətçiliyimizin cilalanmasında, xarici ölkələrdə vətənimiz, millətimiz haqqında müsbət fikirlərin yaranmasında mühüm rol oynayacaq və bu partiya dövlətçiliyimizə əsl dayaq olacaq. Bu uzun illər ərzində partiyanın sıralarında birləşən insanların məramı məhz bu olub.

Bu gün YAP-ın xalqın sosial-sifarişi olaraq yarandığını desək, heç də yanılmarıq. Çünki Ulu Öndər Heydər Əliyev məhz xalqının səsinə səs verərək, bu təşkilatın yaradılmasını zəruriyyətdən doğan addım kimi dəyərləndirdi və bu əhəmiyyətli hadisəni gerçəkliyə çevirdi. Çox qısa zaman kəsiyində xalqın partiyası adını qazanan YAP ilkin fəaliyyət dövrlərindən haqsızlıqlara, o zamankı hakimiyyətin hücumlarına sinə gərərək, öz sivil mübarizə metodları ilə mübariz təşkilat kimi formalaşmağa başladı. Çünki bu siyasi təşkilatın rəhbərliyində məhz xalqın yeganə ümid yeri olan dahi şəxsiyyət Heydər Əliyev dayanmışdı.

Bu mühüm kontekstdən keçmişimizə nəzər saldıqda, Azərbaycan xalqının nə qədər dözümlü, şücaətli, əzmkar və qüdrətli olduğunu duyaraq, şərəf və ləyaqət hissi keçirməyə bilmirsən. Məhz YAP yarandığı illərdə ölkəmizin hər tərəfində tüğyan edən xaos, anarxiya və dağıdıcı proseslər, davamlı olaraq zəifləyən iqtisadiyyat, o zamankı iqtidarın respublikada baş verən ictimai-siyasi proseslərə nəzarətini itirməsi, xarici qüvvələrin Azərbaycanı parçalamaq istiqamətində apardığı təxribatçılıq hərəkətləri və erməni qəsbkarlarının aramsız hücumları nəticəsində itirilən torpaqlar xalqımızı ümidsiz və bilavasitə ölüm və qalım dilemması qarşısında təkbaşına qoymuşdu. Azərbaycan xalqının düşdüyü bu çətin və dözülməz vəziyyətdən qurtulması üçün öz xalqını sevən vətənpərvər insanlar, ziyalılar və həqiqətən, xalqın gələcəyi üçün ürəyi yanan şəxslər dərin narahatçılıq içərisində xalqı bu bəladan qurtarmaq üçün çıxış yollar axtarırdılar.

Həmin dövrdə blokada şəraitində yaşayan və Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvanın Ali Məclisinin Sədri Ulu Öndər Heydər Əliyev naxçıvanlılarla birlikdə, dözülməz və həddən ziyadə ağır şəraitdə Naxçıvanın ermənilər tərəfindən işğal olunmasının qarşısını almaq naminə qəhrəmancasına, şücaətli mübarizə aparırdı. Məhz bu zaman xalqın bu çətin vəziyyətdən çıxması üçün Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevə müraciətlər edərək, Onun yenidən siyasi hakimiyyətə qayıtmasını və xalqı bu bəladan qurtarmasını istəyirdi. Bu çətin ərəfələrdə bir qrup ziyalı toplaşaraq, yeni bir siyasi qurumun yaradılmasında və məhz Heydər Əliyevin həmin təşkilata rəhbərlik etməsinin zəruriliyinin meydana gəlməsi səbəbindən Naxçıvana gedərək, Ulu Öndərlə məsləhətləşmək qərarına gəldilər. Bu zaman, əvvəlcə Ulu Öndərimiz yenidən siyasi hakimiyyətə qayıtmaq istəmədiyini bildirsə də, xalqın dözülməz vəziyyətdə olduğunu dərindən dərk etdiyinə və öz xalqına olan sonsuz məhəbbətinə görə ziyalıların təklifini qəbul etdi. Bu qərar Azərbaycan xalqının xilası üçün atılan ən mütərəqqi addım kimi tariximizə qızıl hərflərlə yazıldı. 1992-ci il 21 noyabr tarixində Naxçıvanda partiyanın ilk təsis konfransı keçirildi və Ulu Öndər Heydər Əliyev yekdilliklə YAP-ın Sədri seçildi. Bu tarixi hadisə xalqın vətənpərvər insanları tərəfindən çox böyük ruh yüksəkliyi ilə qarşılandı.

Ölkənin taleyüklü məsələləri həll edilməyən bir vaxtda, eləcə də, vətəndaş qarşıdurmalarının pik nöqtəsində - 1993-cü il 15 iyun tarixində xalqın arzusu və təkidli tələbi ilə Naxçıvan Ali Məclisinin Sədri, Yeni Azərbaycan Partiyasının Sədri Ulu Öndər Heydər Əliyev yenidən respublikanın siyasi hakimiyyətinə qayıtdı. Ümummilli Lider Heydər Əliyev bu qayıdışı ilə Azərbaycanımızı məhv olmaq təhlükəsindən xilas edən addımlar atdı. Həmin dövrdə insanlar arasında təbliğat aparmaq, müxtəlif tədbirlər vasitəsilə insanları istiqamətləndirmək, onlara kimin kim olduğunu, nəyin necə olduğunu düzgün şərh etmək istiqamətində partiyamız bu böyük vəzifəni müvəffəqiyyətlə həyata keçirdi. Partiyamızın sıralarında doğrudan da əqidəli insanlar birləşmişdi. Onların arasında müxtəlif təbəqələrin nümayəndələri - ziyalılar, həkimlər, müəllimlər, gənclər, qadınlar, hətta evdar xanımlar olmalarına baxmayaraq, əqidələri düzgün idi. Onlar partiyanın məqsəd və məramını reallaşdırmağı bacardılar. Onlar vəziyyətdən çıxış yolları axtarıb tapırdılar və problemlərin həllinə nail olmaq üçün düzgün düşünürdülər, təkliflər verirdilər, qərarlar qəbul edirdilər. Bu imkanların məhz YAP-da cəmləşməsi partiyanın düzgün formalaşmasına gətirib çıxarırdı.

Və bu gün Azərbaycanın ictimai-siyasi həyatında hakim Yeni Azərbaycan Partiyası hər zaman alternativsiz siyasi təşkilat kimi nüfuzunu gündən-günə artırır, daha da güclənir, xalq-dövlət, dövlət-xalq prinsipi ilə yeni-yeni nailiyyətlər əldə edir. Həm sosial baza nöqteyi-nəzərindən genişlənən, həm də siyasi və sosial tendemində keyfiyyət baxımından modernləşən və müasir dövrün tələblərinə uyğun siyasi fəaliyyətlə məşğul olan Yeni Azərbaycan Partiyası bir çox nəhəng müvəffəqiyyətlərin, uğurların bariz müəllifidir. Ulu Öndərimiz Heydər Əliyevin atdığı və silinməz imzası olan müstəqil Azərbaycanımız bu gün də mütərəqqi siyasətlə idarə olunmaqdadır.

Ölkə Prezidenti İlham Əliyevin Sədrlik etdiyi Yeni Azərbaycan Partiyası ətrafında yarım milyondan artıq sağlam düşüncəli, milli, vətənpərvər ruhlu insanlar cəm olub. Geridə qalan enişli-yoxuşlu, əziyyətli 20 il ərzində partiyamızın fəaliyyəti barədə çox fikirlər söyləmək olar. Çünki bu əlamətdar gün ictimaiyyətin də diqqət mərkəzindən yayınmır. Partiyamızın fəaliyyətinə toxunarkən, ötən dövr ərzində ölkənin bütün sahələr üzrə vəziyyətinə qiymət vermək kifayət edər. 20 ildir ki, Yeni Azərbaycan Partiyası hakimiyyətdədir. Bu illər ərzində Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi istiqamətində güclü təməllər qoyuldu, dövlət strukturları çevik, yerindəcə fəaliyyət sisteminə başladı. Ölkədə ictimai-siyasi sabitlik bərpa olunduqdan sonra, iqtisadiyyatımızın dirçəldilməsi istiqamətində məqsədyönlü, qəti addımlar atıldı ki, bu gün bizim hər birimiz vaxtilə çəkilən zəhmətlərin şirin bəhrəsini görürük. Məqsədyönlü, uzaqgörən siyasətin nəticəsidir ki, hazırda ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev 8 il müddətində respublikamızı firavan, inkişaf edən bir ölkəyə çevirmişdir. Azərbaycan iqtisadi baxımdan dinamika ilə, sürətlə inkişaf edir. Məhz bu iqtisadi inkişafın nəticəsidir ki, Azərbaycan Avropaya inteqrasiyaya doğru daim irəliləyir.

Partiyanın dövlətimizin inkişafı istiqamətində həyata keçirdiyi işlərdə qadınlarımız da fəal iştirak edir. Ümummilli Lider Heydər Əliyev qadınlarımızı cahanşümul mübarizəyə yönəldib, onlara layiq olduqları yeri verib, dövlətçilik işlərinə cəlb edib. Əgər 20 il əvvəl qadınlarımızın fəaliyyəti lokal xarakter daşıyırdısa, bu gün artıq bu fəaliyyət qlobal xüsusiyyət alıb. Onların səsi, hətta beynəlxalq arenalardan gəlir. Qadınlarımız Azərbaycan həqiqətlərini dünyaya çatdıra bilirlər, Azərbaycan xalqının mütərəqqi mövqeyini, düzgün niyyətini ortaya qoyurlar. Xatırlatmaq istərdim ki, 1995-ci ildə YAP-ın Qadınlar Şurası təsis olunub. Bu gün isə partiyamızın tərkibində qadınlarımız 49 faizlə təmsil olunurlar. Onlar tez-tez cəbhə bölgələrində olurlar, xeyirxahlıqla məşğuldurlar, gənc qızlarımıza milli-mənəvi dəyərlərin təlqin edilməsi istiqamətində də işlər görürlər. Qadınlarımız bölgələrdə müxtəlif mədəni-kütləvi tədbirlər təşkil edirlər, tənha qocaları bayramlarda yad edirlər, internat məktəblərindəki valideyn himayəsindən məhrum olmuş uşaqları yada salırlar. Bu işlərin siyahısını uzatmaq olar. Bütün bunlar isə cəmiyyətimizi saflaşdırır. Qadınlarımız, həmçinin, internet vasitəsilə dünyaya çıxır, dünyada baş verən proseslərə münasibət bildirirlər. Bu gün Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin üzvü Mehriban Əliyeva Azərbaycan xalqını tanıtmaq üçün böyük addımlar atır. Mehriban xanım Əliyeva nəinki ölkə daxilində böyük işlər görür, layihələrin həyata keçirilməsində birbaşa fəaliyyət göstərir, hətta xarici ölkələrdə də Azərbaycanın mədəniyyətini, ədəbiyyatını, incəsənətini təqdim etmək üçün mühüm addımlar atır. Rusiyada, Fransada, Almaniyada, İngiltərədə və digər dövlətlərdə Azərbaycan mədəniyyəti təbliğ olunur. Bütün bunlar, əlbəttə ki, Azərbaycanın ümumi səviyyəsini, Azərbaycan analarının istedadını, bacarığını, övlad tərbiyəsindəki mühüm rolunu dünyaya təqdim etmək deməkdir. Belə anaları olan cəmiyyət, millət heç bir zaman aqressiv mövqe tuta bilməz. Bu gün biz ədalətsiz müharibəyə cəlb olunmuş ölkəyik. Ölkəmizin müharibəyə cəlb olunmasına baxmayaraq, inkişafa nail ola bilirik. Mehriban xanım Əliyevanın təhsil, səhiyyə sahələrinin inkişafındakı xidmətləri də cəmiyyətimiz tərəfindən yüksək qiymətləndirilir, daim təqdir olunur. Onun fəal mövqeyi, milli və dövlətçilik maraqlarına xidmət edən çoxşaxəli fəaliyyəti, təbii ki, hər bir qadınımız üçün əla örnək və haqlı qürur mənbəyidir.

Əlbəttə ki, bu gün Azərbaycan vətəndaşlarının gözü qarşısında çox mühüm uğurlar əldə edir, ölkəmiz dəyişir. Bu yeniləşmə və dəyişmə çoxumuzu sevindirdiyi qədər, bizi istəməyənlərin də qəlbində böyük qısqanclıqlar yaradır. Xüsusən də, düşmənlərimiz olan ermənilərin qısqanclığına tez-tez rast gəlinir. Amma buna baxmayaraq, onların maneçilikləri artıq dəf edilib, dünyada onlara inam azalıb. Çünki biz öz mədəniyyətimizlə, tariximizlə, mövqeyimizlə elə rolda çıxış edirik ki, bunu bütün dünya görür.

Eyni zamanda, YAP-ın tədbirlər planına uyğun olaraq 20 illiklə bağlı geniş bayram tədbirləri keçirmək niyyətindəyik. Bununla bağlı müəyyən hazırlıq işləri görülüb və yaxın zamanlarda bir sıra tədbirlər keçirəcəyik. Hesab edirəm ki, YAP Qadınlar Şurası bütün məsələlərə öz töhfəsini verdiyi kimi, partiyanın yubileyinə də xüsusi rəng qatacaq.

Eləcə də, digər bir fikiri də, xüsusilə, bildirmək istərdim ki, bu gün Yeni Azərbaycan Partiyası digər partiyaların fəaliyyətinə onlardan fərqli olaraq qısqanclıqla yanaşmır, əslində, onların fəaliyyətinə daim münbit şərait yaradır. Bu gün heç bir siyasi qüvvə YAP ilə rəqabət aparmaq iqtidarında deyil. Çünki Yeni Azərbaycan Partiyası sınaqlardan çıxmış, böyük və şərəfli yol keçmiş, hazırda Azərbaycan cəmiyyətində özünəməxsus yol tutmuş nəhəng siyasi qüvvədir. Mən, həmçinin, fürsətdən istifadə edərək, bu münasibətlə - partiyamızın 20 illiyi münasibətilə yarım milyondan artıq üzvlərimizi ürəkdən təbrik edirəm, onların hər birinə uğurlu gələcək arzulayıram.

NURLANA ƏLİYEVA,

YAP Qadınlar Şurasının sədri, professor

Digər xəbərlər