Məlum olduğu kimi, hökumət 2013-cü ilin dövlət büdcəsi layihəsini parlamentə təqdim edib və sənəddə sosial bölmələrlə bağlı mühüm pozitiv elementlərə öz əksini tapıb. Büdcə layihəsində əmək haqları, pensiya, müavinət və təqaüdlərin artımına dair bəndlərə geniş yer verilib. Layihədə ölkə əhalisinin rifahının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi siyasətinin 2013-cü ildə də davam etdirilməsi, dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan elm və elmi tədqiqat, təhsil, səhiyyə, sosial təminat,digər sahələrdə çalışanların aylıq əmək haqlarının və minimum əmək haqqının məbləğinin artırılması əsas prioritetlərdəndir. Təkcə, əmək haqlarının və sosial ödənişlərin artırılması üçün büdcədən 240 mln. manatdan çox vəsait nəzərdə tutulub.
Ümumiyyətlə, büdcə layihələri hazırlanarkən strateji inkişaf xəttinə və ölkədə yaranmış makroiqtisadi mühitə uyğun olaraq dövlət büdcəsi gəlirlərinin stabilləşdirilməsinə, qeyri-neft sektorundan və digər real mənbələrdən büdcəyə əlavə daxilolmaların müəyyən edilməsinə, əhalinin sosial rifahının yaxşılaşdırılmasına, aztəminatlı insanların sosial müdafiəsinin gücləndirilməsinə, onların gəlirlərinin və məşğulluq səviyyəsinin yüksəldilməsinə, qeyri-neft sektorunun, sahibkarlığın inkişaf etdirilməsinə, dövlətin müdafiə potensialının artırılmasına, iqtisadi, enerji, nəqliyyat, ərzaq və ekoloji təhlükəsizliyin təmin olunmasına xüsusi diqqət yetirilir. Bu komponentlər 2012-ci ilin büdcə zərfinin başlıca makroiqtisadi və sosial indikatorlarını təşkil edir.
Hazırda sosial siyasətin dərinləşməsi ölkəmizin inkişaf doktrinasında mühüm yer tutur və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən təmkinli, qətiyyətli çevik və mükəmməl iqtisadi strategiya nəticəsində sosial islahatların miqyası daha da genişlənib və əhalinin rifah halının yaxşılaşması bu siyasətin əsas məzmununu təşkil edib. Bu strategiya 2012-ci ilin ötən dövrü ərzində iqtisadi sahələrdə çalışan insanların pul gəlirlərinin artımı ilə yanaşı, sosial bölmələrdə təmsil olunan vətəndaşların rifah halının yaxşılaşmasına impuls verib. Sosial siyasətin başlıca məzmunu respublikamızın maliyyə imkanlarının yaxşılaşması müqabilində davamlı olaraq maaş və pensiyaların artırılmasından ibarətdir.Büdcə artımları ilə bağlı həyata keçiriləcək sosial müdafiə tədbirləri nəticəsində, ilk növbədə, əhalinin əməkhaqları artırılır.
Prezident İlham Əliyevin birbaşa diqqət və qayğısı sayəsində bütün sosial kateqoriyaların yaşayış imkanlarının yaxşılaşdırılması istiqamətində sistemli tədbirlər həyata keçirilib. 2003-2012-ci illər ərzində ölkəmizdə makroiqtisadi və sosial sabitliyini qorunub saxlanılması, əhalinin rifah halının, maddi təminatının yaxşılaşdırılması, onun aztəminatlı qruplarına dövlət qayğısının artırılması istiqamətində sistemli tədbirlər davam etdirilib. Ötən dövr ərzində Azərbaycanda sosial sferada pozitiv dəyişikliklərin baş verməsi baxımından əlamətdar illər kimi qiymətləndirilə bilər. 2003-cü ildən başlayaraq iqtisadiyyatda yeni keyfiyyət dəyişikliklərinin baş verməsi ölkənin iqtisadiyyatında ardıcıl müşahidə olunan inkişaf meyillərini daha da sürətləndirdi, ayrı-ayrı sahələrdə əldə edilən müsbət nəticələr dövlətin sosial yönümlü siyasətinin daha da gücləndirilməsinə şərait yaratdı. Ümumiyyətlə, Prezident İlham Əliyevin gələcəyə hesablanan strateji proqramında sosial müdafiənin daim gücləndirilməsi çoxşaxəli fəaliyyətin başlıca məqsədi kimi təyin olunmuşdu və dövlət başçısı buna ötən illərin güclü sosial -müdafiə konsepsiyasının uğurlu nəticələri ilə nail oduğunu təsdiq etmiş olur.
Hazırda ölkəmizdə əmək pensiyalarının orta aylıq məbləği 151,3 manata, o cümlədən, yaşa görə əmək pensiyasının orta aylıq məbləği 167,7 manata çatıb. Ölkə üzrə əmək pensiyalarının orta aylıq məbləğinin əməkhaqlarının orta aylıq məbləğinə nisbəti 40 faiz, yaşa görə əmək pensiyalarının orta aylıq məbləğinin əməkhaqlarının orta aylıq məbləğinə nisbəti isə 45 faiz təşkil edir. 2011-ci ildə həyata keçirilmiş islahat tədbirləri çərçivəsində pensiyaların iş stajları əsasında yenidən hesablanması ilə 900 minə yaxın pensiyaçının pensiyası iyulun 1-dən orta hesabla 40 faiz artırılıb. İslahat nəticəsində bu tarixədək 85 manat pensiya almış 482 min nəfərin pensiyası orta hesabla 44 manat və ya 52 faiz artıb. 8550 nəfərin pensiyası 100 faizdən çox, 61147 nəfərinki 80 faizdən 100 faizə qədər, 262145 nəfərinki isə 50 faizdən 80 faizə qədər artıb. Bundan başqa, müvafiq şəxslərin pensiyalarına elmlər doktoru elmi dərəcəsinə görə 200 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manat məbləğində əlavələr hesablanıb.
Son 8 ildə Azərbaycanda əməkhaqqı və pensiyalar orta hesabla 5,5 dəfə artıb. Qeyd etdiyimiz kimi, hazırda ölkəmizdə orta pensiya məbləği 150 dollar təşkil edir ki, bu da respublikamızın həmin göstərici üzrə MBD ölkələrinin əksəriyyətini üstələdiyini təsdiqləyir. Məsələn, pensiyaların orta aylıq həcmi Ermənistanda 21,6 dollar, Belarusda 82,1 dollar, Qazaxıstanda 124,2 dollar, Qırğızıstanda 17,1 dollar, Moldovada 48,5 dollar, Rusiyada 98 dollar, Tacikistanda 18,3 dollar, Özbəkistanda 55,3 dollar, Ukraynada 89,8 dollar, Qazaxıstanda 170 dollar təşkil edir. Azərbaycan bu göstəriciyə görə MDB məkanında Qazaxıstandan sonra 2-ci yeri tutur.
Respublikamızda geniş vüsət alan islahatlar prosesi dərinləşdikcə dövlət vətəndaşların sosial müdafiəsi və rifah halının yaxşılaşdırılması üçün üzərinə götürdüyü öhdəlikləri tam məsuliyyəti ilə həyata keçirir, sosial reformaların bütün elementlərinin tətbiqini dərinləşdirir. Vətəndaşların pensiya ödənişlərinin etibarlı maliyyə təminatına nail olunması, pensiya təminatı sistemini bazar iqtisadiyyatı prinsiplərinə uyğunlaşdırmaqla əhalinin rifahının yaxşılaşdırılmasında onun rolunun artırılması ilə bağlı məqsədyönlü işlər görülüb. Əhalinin həyat səviyyəsinin yüksəldilməsi, əmək haqlarının və aztəminatlı ailələrə verilən müavinətlərin artırılması sahəsində bir sıra mühüm tədbirlər həyata keçirilib, vətəndaşların pensiya təminatının yaxşılaşdırılması istiqamətində ciddi addımlar atılıb. Respublikamızda yüz minlərlə insanı əhatə edən sosial tərəqqi və əməkhaqlarının artırılması ilə bağlı dövlət siyasəti hökumətin vətəndaşlara olan yüksək diqqət və qayğısının nəticəsidir.
Dövlətin illik sosial sahəyə ayırmaları ilə yanaşı, insanların əmək haqqı və pul gəlirlərinin artımının müqabilində daha güclü baza yaradır. Yəni insanların daha çox aylıq əməkhaqqı alması, çoxlu gəlirlərə malik olması onların sosial müdafiə sektoruna ödənişlərinin yüksəlməsi fonunda irihəcmli sosial xərclər fondunun möhkəmlənməsini təmin edir. Dövlətimizin başçısının imzaladığı sərəncamlara əsasən, yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği 95 manat müəyyən edilib. Eyni zamanda, minimum aylıq əməkhaqqının məbləği 93,5 manata qaldırılıb.
Göründüyü kimi, həm vətəndaşların layiqli həyat tərzinin təmin edilməsi, həm də sosialyönümlü bazar iqtisadiyyatı mexanizmlərinin genişləndirilməsi modernləşmənin, zamanın tələbidir və hökumət bu iqtisadi çağırışları zamanın axarına uyğun ardıcıllıqla həyata keçirmək əzmkarlığını nümayiş etdirir. Hazırda respublikamızda reallaşdırılan iqtisadi siyasətin mahiyyətində duran əsas məqam xalqın sosial rifahının yaxşılaşdırılması fonunda Azərbaycanın daha qüdrətli bir ölkəyə çevrilməsini təmin etməkdir və bu, ölkə Prezidenti cənab İlham Əliyevin sosial-iqtisadi siyasətinin əsas prioritetidir. Ümumilikdə, modernləşmə modelinin tələblərindən biri ondan ibarətdir ki, nə dövlət, nə də özəl sektor iqtisadiyyat üzərində tam hakimiyyətə malik olmasın və son nəticədə, əhaliyə xidmət etmiş olsun. Bu qarışıq iqtisadi modeldə güclülərin zəiflərə kömək etməsi nəzərdə tutulur. Bu zaman dövlətin əsas funksiyası rəqabət, ticarət və gəlirlərin bölgüsündə ədalət prinsipinin qorunub saxlanmasına nəzarət etməkdən ibarətdir. Modernləşmə prosesi həyatın bütün sahələrini əhatə etdiyi üçün onun əhatə dairəsi kompleks xarakter daşıyır və innovasiya təyinatlı iqtisadi strukturun formalaşması bütün siyasi-iqtisadi-sosial sferalarda təşəkkül tapacaq.
"Səs" Analitik Qrupu