PDF Oxu

Siyasət

  • 34

Xalqın hədsiz etimadı və növbəti böyük qələbə

İlham Əliyev: "Azərbaycan xalqını yenidən əmin edirəm ki, mən bundan sonra da Azərbaycanın hərtərəfli inkişafı üçün öz səylərimi əsirgəməyəcəyəm"

Xalqın hədsiz etimadı və növbəti böyük qələbə

4 il bundan öncə, 2008-ci il oktyabr ayının 16-da? xalqın etimadını doğruldan cənab İlham Əliyev ikinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçildi. İlham Əliyevin ikinci beşillik üçün yenidən Prezident seçilməsi, Azərbaycanda demokratiyanın inkişafı istiqamətində atılan mühüm bir addım idi. Xalqın yenidən İlham Əliyevə etimad göstərməsi ölkə başçısının rəhbərliyi altında həyata keçirilən beşillik siyasətə verdiyi yüksək dəyər idi. Bundan başqa qarşıdakı beş ildə İlham Əliyevin rəhbərliyi ilə ölkədə daha böyük işlər görüləcəyinə, uğurların əldə ediləcəyinə insanların hədsiz inamının göstəricisi idi.

89 faizi seçici yenidən İlham Əliyev dedi

2008-ci ilin oktyabrın 15-də? keçirilən seçkidə 7 namizəd iştirak edib. Ölkə üzrə 4 milyon 866 min 335 seçicinin 75,65 faizi 125 Seçki Dairəsi üzrə 5359 seçki məntəqəsində səs veriblər. Azərbaycandan kənarda yaşayan seçicilər üçün xarici ölkələrdə olan diplomatik nümayəndəliklərdə isə 33 seçki məntəqəsi yaradılıb. Xaricdə 10 minə yaxın seçici səs verə bilib və İlham Əliyev 89 faizə yaxın seçicinin səsini qazanıb. Beləliklə, O, ikinci müddətə ölkənin Prezidenti seçilib və tarixə Azərbaycanın 4-cü Prezidenti kimi düşüb. Xatırladaq ki, 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində isə İlham Əliyev 76,84 faiz səs toplayaraq qalib gəlmişdi.

Müxtəlif beynəlxalq və yerli qurumlar tərəfindən keçirilən "exit-poll"un nəticələri də İlham Əliyevin qələbəsini təsdiqləyib. "Rəy" Monitorinq Mərkəzinin keçirdiyi "exit-poll"a əsasən 80,5 faiz, "Azad, Şəffaf, Ədalətli Seçkilər" Koalisiyasının keçirdiyi "exit-poll"a əsasən 85,7 faiz, "ELS" Müstəqil Araşdırmalar Mərkəzi AVCİYA ilə birgə 800 seçki məntəqəsində keçirdiyi "exit-poll" tədqiqatının nəticələrinə görə 82,6 faiz səs toplayan İlham Əliyev qalib gəlib.

Beynəlxalq təşkilatlar seçkinin nəticələrini yüksək qiymətləndirdi

Dörd il öncə keçirilən seçkinin ən böyük xüsusiyyəti Azərbaycan vətəndaşlarının İlham Əliyevə və Onun həyata keçirdiyi siyasətə böyük inamını ifadə etməklə yanaşı, eyni zamanda, Azərbaycanın siyasi tarixinə onunla daxil oldu ki, ilk dəfə olaraq ölkədə seçkidə iştirak edən namizədlər prezident seçkisindən sonra seçkinin nəticələrini birmənalı şəkildə tanıdıqlarını elan ediblər. Onlar Prezident İlham Əliyevi elə həmin gün axşam təbrik ediblər. Azərbaycanın seçki və siyasi mədəniyyətində, eləcə də, demokratik durumunda yeni bir element özünü təsdiqləyib. Həmçinin, beynəlxalq təşkilatların seçkinin nəticələrinə yüksək qiymət verməsi də, Azərbaycanın demokratiya yolunda inkişafının nailiyyətidir.

Cənab İlham Əliyev dünya liderləri arasında öz yerini tutub

Prezident İlham Əliyevin ikinci prezidentlik dövrünü qiymətləndirən millət vəkili Musa Qasımlı deyib ki, ölkə başçısının son 4 ildəki fəaliyyətinin dəyərləndirərkən bir sıra amilləri nəzərə almaq lazımdır: "Birincisi, Avropadakı böhranların fonunda Azərbaycanda hansı işlər görülür, ikincisi Ermənistanın torpaqlarımızın işğalı şəraitində Azərbaycan daxili və xarici siyasətdə hansı uğurlar qazanıb. Bunlara tezis olaraq diqqət yetirmək lazımdır. Məlum məsələdir ki, Avropa ölkələrini iqtisadi böhran bürüyüb. Bir çox ölkələr defolt həddinə gəlib çatıblar. Buna baxmayaraq, Azərbaycanda bu böhranların təsiri, demək olar ki, hiss olunmur. Ölkəmizdə daxili siyasət sahəsində yaranmış vəziyyəti təbii sabitlik, sosial-iqtisadi inkişaf, insanların rifah halının ildən-ilə yaxşılaşması, xalqla hakimiyyət arasında sıx birliyin yaranması kimi qiymətləndirmək olar. Bütün bu quruculuq, tikinti, iqtisadi tərəqqi işləri Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxladığı dövrdə baş verir. Hər kəsə məlumdur ki, Azərbaycanda 1 milyondan artıq qaçqın və məcburi köçkün var. Başqa hansısa ölkə Azərbaycanın vəziyyətində olsaydı, bəlkə də çökərdi".

M.Qasımlı son 4-5 ildə Azərbaycanın xarici siyasətdə böyük uğurlara imza atdığını diqqətə çatdırıb: "Biz 1992-ci ilin mart ayında BMT-yə üzv olmuşuq. Keçən il isə BMT Təhlükəsizlik Şurasının üzvü seçildik. BMT-ni yaradan ölkələrdən bəziləri indiyə kimi Təhlükəsizlik Şurasının üzvü seçilə bilməyiblər. Bu bizim tariximizdə bir ilkdir və bu Prezidentimizin adı ilə bağlıdır. Azərbaycan may ayında Təhlükəsizlik Şurasının iclasına sədrlik etdi. Prezident adıçəkilən yerdə terrorizmlə bağlı təkcə Azərbaycanın deyil, bütün dünya ölkələrinin problemlərinə toxundu. Bu, onu göstərdi ki, İlham Əliyev dünya liderləri arasında öz yerini tutan və dünya işlərini bilən ölkə rəhbəridir".

Regionlarda problemlər öz həllini tapır

Millət vəkili Vahid Əhmədov isə Prezident İlham Əliyevin ölkəmizə rəhbərliyi dövründə əldə olunan iqtisadi uğurlara diqqət çəkib: "2003-cü ildə Azərbaycanın dövlət büdcəsi təxminən 300 milyon manat idi. Bu gün isə Azərbaycanın dövlət büdcəsi 20 milyard manat təşkil edir. Bütün bunlar Azərbaycan iqtisadiyyatında, siyasi elitasında aparılan dəyişikliklərin, ölkəmizdə həyata keçirilən neft-qaz kəmərlərinin, Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin çəkilməsi sahəsindəki inkişafın bariz göstəricisidir. İlham Əliyevin Prezidentliyi dövründə istər Bakı şəhərində, istərsə də regionlarda problemlər müəyyən mənada öz həllini tapıb. "Regionların Sosial-İqtisadi İnkişafı Dövlət Proqramı" çərçivəsində, beynəlxalq miqyasda həyata keçirilən işlər öz müsbət nəticəsini verib".

Azərbaycan dövlətçiliyinin, iqtisadiyyatının inkişaf illəri

Millət vəkili Rafael Cəbrayılov İlham Əliyevin prezident seçildiyi 2003-cü ildən bəri Azərbaycan dövlətinin inkişaf etdirilməsi və iqtisadiyyatının yenidən qurulması istiqamətində bir sıra işlər görüldüyünü deyib: "1990-cı illərlə müqayisədə XXI əsr Azərbaycanın istər dövlətçilik tarixində, istərsə də iqtisadiyyatında inkişaf illəri kimi xarakterizə edilə bilər. Dörd il ərzində hüquqi dövlətin qurulması, təkmilləşdirilməsi, Azərbaycanda demokratiyanın daha sürətlə bərqərar olması buna növbəti sübutdur".

Dörd il öncə, andiçmə mərasimindəki nitqində Ona yenidən böyük etimad göstərərək, Prezident seçən Azərbaycan xalqına dövlət başçısı İlham Əliyev öz dərin minnətdarlığını bu sözlərlə ifadə etmişdi: "Azərbaycan xalqını yenidən əmin edirəm ki, mən bundan sonra da Azərbaycanın hərtərəfli inkişafı üçün öz səylərimi əsirgəməyəcəyəm".

Cabir

Digər xəbərlər