İqtisadi Əməkdaşlıq Təşkilatının sammiti işğalçı Ermənistanın iddialarını puç edir
Oktyabrın 16-da Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin dövlət başçılarının sammitindən bir neçə gün keçsə də bu nüfuzlu tədbir haqqında kifayət qədər müsbət rəylər səsləndirilməkdədir. Xatırladaq ki, zirvə görüşündə bir çox ölkələrin dövlət başçıları və rəsmi şəxsləri iştirak ediblər. Belə ki, Azərbaycanla yanaşı sammitdə İran, Pakistan, Əfqanıstan, Tacikistan prezidentləri, Türkiyənin baş naziri, həmçinin, Qırğızıstan, Özbəkistan və Türkmənistanın rəsmi nümayəndələri iştirak etməklə sübut olundu ki, Azərbaycan, eləcə də, paytaxt Bakı nüfuzlu beynəlxalq tədbirlərin mərkəzinə çevrilib.
Sədrliyin Azərbaycana verilməsi də ölkəmizin nüfuzunun yüksək mövqedə dayanmasını təsdiq edən əsaslı faktorlardandır
Zirvə toplantısı həm də digər bir mühüm məqamı sərgilədi ki, bu gün Azərbaycanda ardıcıl olaraq belə möhtəşəm tədbirlərin keçirilməsini həzm etməyən bəzi qüvvələrin, xüsusilə, Ermənistanın qeyri-ciddi iddiaları özündə heç bir həqiqəti əks etdirmir. Qeyd edək ki, Ermənistan növbəti dəfə bundan qıcıqlanaraq, guya ölkəmizə qarşı hər hansı bir hücumda buunacağını bəyan etmişdi. Ancaq həmin iddiaların boş xülya olması bir daha öz təsdiqini tapdı. Eyni zamanda, sədrliyin Azərbaycana verilməsi də ölkəmizin nüfuzunun yüksək mövqedə dayanmasını təsdiq edən əsaslı faktorlardandır.
Prezident İlham Əliyev İƏT-ın zirvə toplantısının açılışındakı çıxışında vurğulamışdı ki, sammit iştirakçılarını ortaq tarix, həm də siyasi və iqtisadi maraqlar birləşdirir: "Hesab edirəm ki, təşkilatımızın bu tarixi irs üzərində formalaşması böyük ənənədir".
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan isə deyib ki, Türkiyə təşkilata rəhbərlik etdiyi dövrdə ECO-nun fəaliyyətini gücləndirmək üçün əlindən gələni edib: "İstərdim ki bütün iştirakçılar bu təşkilatın bütün güc və resurslarından istifadə etsinlər".
Sammitin keçirilməsi sübut etdi ki, İƏT-də təmsil olunan dövlətlərin əksəriyyəti türkdilli dövlətlərdir və onlar heç vaxt Ermənistanın yanında olub, Azərbaycana qarşı getməzlər
Sammitin uğurlarını təhlil edərkən, həm də belə qənaətə gəlmək mümkündür ki, burada nəqliyyat, sənaye, elm, təhsil və digər sahələrdə əlaqələrin inkişafı üçün yeni imkanlar yaranır. Belə ki, bu təşkilatda təmsil olunan dövlətlər zəngin təbii ehtiyatlar və tranzit imkanlara malikdir və bu dövlətlərin bir-birini zənginləşdirmək üçün geniş potensialı var. Qeyd edək ki, Azərbaycan 2013-cü ildə BMT Təhlükəsizlik Şurasına növbəti dəfə sədrlik edəcək. Bu il isə ölkəmiz faktiki olaraq İqtisadi Əməkdaşlıq Təşkilatına hüquqi baxımdan sədrlik edirik və bütün bu amillər, əlbəttə ki, Azərbaycan üçün çox önəmli məsələlərdir. Və həmin məsələlərin siyasi mənası ondan ibarətdir ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi təşkilatına arxalanaraq Ermənistan bir çox hallarda Azərbayca qarşı hədə dili ilə danışmaq istəyir və iddia edir ki, əgər müharibə baş verərsə, təşkilat onları müdafiə edəcək. Ermənistan hakimiyyəti bu təşkilatda təmsil olunan ölkələrə də arxalandığını bəyan edir. Amma bu sammit göstərdi ki, İqtisadi Əməkdaşlıq Təşkilatında təmsil olunan Mərkəzi Asiya dövlətlərinin əksəriyyəti türkdilli dövlətlərdir, onlar heç bir halda Ermənistanın yanında olub, Azərbaycana qarşı müharibəyə getməzlər. Bu ölkələrib bir çox ciddi iqtisadi, siyasi, geostrateji əlaqələr bağlayır və bu sferalarda bir çox ciddi maraqlar cəmləşib.
Bir çox anlaşılmazlıqlar aradan qaldırıldı
Sammitdə qəbul olunan Bakı Bəyannaməsi də xüsusi əhəmiyyəti ilə seçilməkdədir. Həmin Bəyannamədə üzv dövlətlər arasında əməkdaşlığın bundan sonrakı inkişafı və onun perspektivləri ilə bağlı ciddi və əhəmiyyətli məqamlar və tezislər öz əksini tapdı. Həmçinin, sammit çərçivəsində dövlətlər həm də özlərinin konkret üzləşdiyi problemləri kifayət qədər müzakirə etmək imkanı əldə etdilər və dövlətlər arasındakı müəyyən anlaşılmazlıq məqamlarına aydınlıq gətirildi. Məsələn, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ilə İran prezidenti Mahmud Əhmədinejadın 45 dəqiqəlik görüşü oldu və həmin görüşdə Suriya məsələləri iki dövlətin rəsmiləri arasında diqqət mərkəzində saxlanıldı.
İƏT-in zirvə görüşünün Bakıda keçirilməsini və üzv dövlətlərin rəhbərlərinin Azərbaycan paytaxtına gəlməsi digər önəmli hadisə ilə də yadda qaldı. Bu önəmli hadisə Bakının beynəlxalq forumların mərkəzinə çevrilməsi baxımından çox vacib idi. Yuxarıda vurğulandığı kimi, Türkiyə və Pakistan olmaqla təşkilata üzv dövlətlərin Azərbaycanla çox yaxın əlaqələri mövcuddur. Belə ki,Azərbaycan, Türkiyə və Türkmənistanla bağlı əhəmiyyətli planların reallaşdırılması istiqamətində danışıqlar aparıldı. Artıq bu gün ümid edilir ki, mühüm planlar həyata keçiriləcək. Daha dəqiq desək, Türkmənistandan keçən nəqliyyat yolları və enerji resurslarının Azərbaycandan keçərək Türkiyəyə ötürülməsi bu önəmi planların tərkib hissəsidir.
Əlavə edək ki, İran prezidenti Mahmud Əhmədinejadın Azərbaycana gəlməsi iki ölkə arasında yaranmış müəyyən gərginliyin yoluna qoyulması istiqamətində də müsbət addım kimi qiymətləndirildi.
Sonda isə bir daha vurğulamaq mümkündür ki, bu gün Azərbaycanın beynəlxalq mərkəzə çevrilməsi ölkəmizin yaxın illərdə daha da inkişafına, xalqımızın rifah halının yaxşılaşmasına və iqtisadi, siyasi, sosial güc potensialının artmasına xidmət edəcək.
RÖVŞƏN NURƏDDİNOĞLU