PDF Oxu

Siyasət

  • 29

İlham Əliyev: “Bu gün Xəzər və Balkan regionları bir-birinə daha da yaxınlaşmaqdadır”

İlham Əliyev: “Bu gün Xəzər və Balkan regionları bir-birinə daha da yaxınlaşmaqdadır”

Oktyabrın 18-də Azərbaycan Respublikasına rəsmi səfərə gələn Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir İzetbeqoviçin rəsmi qarşılanma mərasimi olub. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir İzetbeqoviçi qarşıladı. Fəxri qarovul dəstəsinin rəisi Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədrinə raport verdi. Bosniya və Herseqovinanın və Azərbaycanın dövlət himnləri səsləndi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir İzetbeqoviç fəxri qarovul dəstəsinin qarşısından keçdilər. Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Azərbaycan əsgərlərini salamladı. Azərbaycanın dövlət və hökumət nümayəndələri Rəyasət Heyətinin Sədri Bakir İzetbeqoviçə, Bosniya və Herseqovinanın nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Respublikasının Prezidentinin və Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədrinin qarşısından keçdi. Azərbaycan Prezidenti və Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri rəsmi foto çəkdirdilər.

Oktyabrın 18-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir İzetbeqoviçin təkbətək görüşü olub. Görüşdə Azərbaycan ilə Bosniya və Herseqovina arasında siyasi əlaqələrin inkişafından məmnunluq ifadə edildi. İqtisadi, humanitar və digər sahələrdə əməkdaşlıq imkanlarının nəzərdən keçirilməsinin vacibliyi vurğulandı. Ölkələrimiz arasında münasibətlərin bundan sonra inkişaf edəcəyinə əminlik bildirildi. Görüşdə qarşılıqlı maraq doğuran ikitərəfli, beynəlxalq və digər məsələlərlə bağlı fikir mübadiləsi aparıldı. Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir İzetbeqoviçin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

Prezident İlham Əliyev görüş iştirakçılarına müraciətlə bildirib ki, Bakir İzetbeqoviçin Azərbaycana səfəri münasibətlərimizdə yeni səhifə açacaqdır: "Bir daha deyirəm ki, Azərbaycana xoş gəlmisiniz. Sizi və nümayəndə heyətinizi Azərbaycanda görməkdən çox şadam. Biz ikitərəfli və regional məsələlərlə bağlı maraqlı fikir mübadiləsi apardıq. İndi isə nümayəndə heyətlərinin iştirakı ilə müzakirələrimiz davam edir. Səfəriniz dostluğumuzun və tərəfdaşlığımızın çox mühüm göstəricisidir. Biz bu yaxınlarda Çikaqoda görüşdük və bu səfərlə bağlı razılığa gəldik. Mən çox şadam ki, bu gün bu səfər reallaşmışdır. Əlaqələrimizin tarixində bu, ilk səfərdir. Əminəm ki, səfəriniz münasibətlərimizdə yeni səhifə açacaqdır. Ümidvaram ki, biz həm siyasi, həm də iqtisadi sahələrdə fəal və səmərəli əməkdaşlıq üçün bir çox istiqamətləri müəyyənləşdirəcəyik. Bu gün Sizinlə iqtisadi fəaliyyətin müəyyən istiqamətləri, birgə layihələrlə bağlı müzakirələr apardıq. Əminəm ki, biz buna nail olacağıq. Bizim, eyni zamanda, tarixlə bağlı çox yaxşı xatirələrimiz vardır. Sarayevo və Bakı Sovet İttifaqı dövründə qardaşlaşmış şəhərlər olublar. İndi isə düşünürəm ki, biz bu tərəfdaşlığı bərpa edirik. Əminəm ki, səfəriniz çox maraqlı olacaqdır. Siz və nümayəndə heyətiniz ölkəmizi daha yaxından tanıyacaqsınız. Bir daha "Xoş gəlmisiniz!" deyirəm və Sizə Azərbaycanda xoş vaxt keçirməyi arzulayıram." Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir İzetbeqoviç səmimi qəbul üçün minnətdarlığını bildirib: "Biz olduqca məhsuldar danışıqlar apardıq. Mən cənab Prezidentə də dedim ki, biz oxşar tarix yaşamışıq. Əvvəlcə kommunist rejimi dönəmində yaşamışıq. Daha sonra 1990-cı illər hər iki ölkə üçün çox əhəmiyyətli oldu. 1992-ci il ölkələrimiz üçün daha əlamətdar olub. Bizim əlaqələrimiz, niyyətlərimiz vardır. İndi biz əməkdaşlığımızı genişləndirmək üçün daha artıq işlər görməliyik. Çünki əlaqələrin indiki vəziyyəti xalqlarımızın istəyini tam əks etdirmir." Geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan-Bosniya və Herseqovina sənədlərinin imzalanması mərasimi olub. "Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Bosniya və Herseqovinanın Mülki İşlər Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş"i Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov və Bosniya və Herseqovinanın təhlükəsizlik naziri Sadik Axmetoviç imzaladılar. "Azərbaycan Respublikası Hökuməti və Bosniya və Herseqovina Nazirlər Şurası arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Konvensiya"nı Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Xələf Xələfov və Bosniya və Herseqovinanın təhlükəsizlik naziri Sadik Axmetoviç imzaladılar. "Azərbaycan Respublikası Hökuməti və Bosniya və Herseqovina Nazirlər Şurası arasında diplomatik və xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında Saziş"i Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Xələf Xələfov və Bosniya və Herseqovinanın təhlükəsizlik naziri Sadik Axmetoviç imzaladılar. Oktyabrın 18-də sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir İzetbeqoviç mətbuata bəyanatlarla çıxış ediblər. Azərbaycan Prezidenti İlham Əliyev bəyanatında bildirib ki, bizim icra etdiyimiz birgə layihələr xalqlarımızın və ölkələrimizin rifahına xidmət edəcək:

"Cənab Sədr!

Əziz qonaqlar, xanımlar və cənablar!

Bosniya və Herseqovinadan olan dostlarımızı, cənab Sədrin rəhbərlik etdiyi nümayəndə heyətini Azərbaycanda salamlamaqdan şadam. Bu, tarixi səfərdir. Bu, bizim münasibətlərimizin tarixində ilk yüksək səviyyəli səfərdir. Əlaqələrimizin böyük potensialı, böyük gələcəyi vardır. Ümid edirəm ki, səfər ikitərəfli münasibətlərin inkişafında mühüm mərhələ olacaqdır.

Həmçinin əməkdaşlığımızın tarixi kökləri vardır. Qırx il əvvəl Sarayevo ilə Bakı arasında saziş imzalandı və onlar qardaşlaşmış şəhərlər oldu. Düşünürəm ki, biz hazırda bu tarixi əlaqələri bərpa edirik. Əlbəttə ki, yeni mərhələdə - iki müstəqil dövlət səviyyəsində. Bu gün biz ikitərəfli gündəliyimizdə olan məsələlərə dair geniş müzakirə apardıq. Şübhəsiz ki, siyasi dialoq genişlənir. Biz Bosniya və Herseqovinaya BMT Təhlükəsizlik Şurasına üzv seçilməyimizlə bağlı göstərdiyi dəstəyə görə minnətdarıq. Biz də öz tərəfimizdən Sizin ölkənizi beynəlxalq təşkilatlarda, beynəlxalq forumlarda dəstəkləyirik. Eyni zamanda, biz iqtisadi əməkdaşlığın perspektivlərini də geniş müzakirə etdik. Tamamilə əminik ki, əməkdaşlığımızın bu sahəsinin çox parlaq gələcəyi vardır. Çünki biz indi iqtisadi sahədə daha fəal işləyəcəyik və işgüzar dairələrin qarşılıqlı fəaliyyətini və sərmayə imkanlarını tam həcmdə müəyyən edəcəyik. Əminəm ki, bizim icra etdiyimiz birgə layihələr xalqlarımızın və ölkələrimizin rifahına xidmət edəcəkdir. Azərbaycan ölkədən kənarda da çox fəal sərmayələr yatırır. Dost ölkələrə sərmayə qoyuluşları, şübhəsiz, yüksək dəyərləndirilir. Buna görə də, düşünürəm ki, bu səfər iqtisadi əlaqələrin inkişafına yeni təkan verəcəkdir. Biz bir-birimizi daha da yaxşı tanıyacağıq. Biz indi elə bir dövrdəyik ki, bir-birimizi kəşf edirik. Bu gün, həmçinin regional vəziyyəti müzakirə etdik. Əlbəttə ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli bizim üçün əsas məsələdir. Uzun illərdir ki, bizim ölkə Ermənistanın işğalından əziyyət çəkir. Bu, bir milyon azərbaycanlının doğma torpaqlarından sürgün edilməsi ilə nəticələnib. Biz etnik təmizləmə, işğal ilə üzləşdik. İyirmi ildən artıqdır ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisinin 20 faizi ermənilərin işğalı altındadır. Beynəlxalq təşkilatlar, o cümlədən BMT Təhlükəsizlik Şurası və Baş Məclisi erməni hərbi birləşmələrinin Azərbaycan torpaqlarından qeyd-şərtsiz və təxirə salınmadan çıxarılması ilə bağlı bir çox qətnamə qəbul edib. Təəssüf ki, bu qətnamələr hələ də icra olunmur. Bu münaqişənin beynəlxalq hüquq və ərazi bütövlüyü çərçivəsində tez bir zamanda həlli bütün ölkələr üçün əlverişli olacaqdır. Bizim ölkələrin bir çox oxşarlıqları vardır. Hər iki ölkə başqa bir dövlətin tərkibində yaşayıb. Müstəqilliyimizin əldə edilməsi bir sıra ciddi çağırışlar, problemlər və ölkələrimizə qarşı təcavüz ilə müşayiət olunub. Biz təcavüz, işğal və dağıntılardan əziyyət çəkmişik. Bu, həmçinin bizi birləşdirən cəhətdir. Həm keçmişin xoş xatirələri, həm də 20 il əvvəl baş verənlər bizi birləşdirir. Buna görə də biz bir-birimizi çox yaxşı başa düşürük. Biz bir-birimizin problemlərini başa düşürük, bir-birimizin ağrısını duyuruq. Ölkələrimiz arasında fəal əməkdaşlıq vətəndaş cəmiyyətlərimizdən gələn təbii çağırışdır. Qeyd etdiyim kimi, biz bir-birimizi yenidən kəşf etməkdəyik. Əminəm ki, biz regional əməkdaşlığın nümunəsi olacaq tərəfdaşlıq quracağıq. Bu gün Xəzər və Balkan regionları bir-birinə daha da yaxınlaşmaqdadır. Biz yeni infrastruktur layihələri, yeni boru kəmərləri, regionları bir-birinə daha da sıx bağlayacaq dəmir yolu layihələri gercəkləşdiririk. Azərbaycan bu regional əməkdaşlığın inkişafında çox maraqlıdır. Bu gün biz cənab Sədr ilə enerji, xüsusən də təbii qaz sahəsində əməkdaşlığın imkanlarını müzakirə etdik. Azərbaycanın böyük ehtiyatları və potensialı vardır. Biz mühüm boru kəmərləri layihələri icra edirik. Bir sözlə, əminəm ki, Bosniya və Herseqovina Sədrinin səfəri əlaqələrimizin tarixində ən mühüm səhifələrdən biri olacaq, əməkdaşlıq üçün yeni imkanlar açacaqdır. Nəticədə bizim ölkələr daha da yaxın olacaq və gələcəkdə biz mühüm işlər görəcəyik. Bir daha, cənab Sədr, Azərbaycana "Xoş gəlmisiniz!" deyirəm. Sizə ölkəmizdə vaxtınızı xoş keçirməyinizi arzu edirəm."

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir İzetbeqoviç isə bildirib ki, biz oxşar tarix yaşamışıq: "Hətta oxşar əlamətdar illər belə üst-üstə düşür: əvvəlcə kommunist rejimində yaşamağımız, daha sonra 1990-cı ildə ölkələrimizdə demokratiyanı inkişaf etdirməyə başlamağımız, 1992-ci ildə çətinliklərlə üzləşməyimiz və digər tarixlər. Bizim xalqlarımız, dövlətlərimiz soyqırımı problemi, təcavüzlə, ölkənin parçalanmasına yönələn cəhdlərlə üzləşib. Bosniya və Herseqovina sərhədləri güc vasitəsilə dəyişməyə cəhd göstərənləri heç vaxt dəstəkləməyəcəkdir. Bu məsələdə bizə güvənə bilərsiniz. Qeyd etdiyiniz kimi, əlaqələrimizi niyyətlərdən konkret hərəkətə yönəltməyin vaxtı çatıb. Məsələn, iqtisadi əlaqələrin qurulması, nümayəndə heyətlərinin mübadiləsi, sərmayə qoyuluşu və sairə. Bosniya və Herseqovina Azərbaycana maraq göstərir. Sizin yüksək keyfiyyətli və münasib qiymətə təklif etdiyiniz təbii qazınız vardır. Böyük qaz istehlakçısı olduğumuza görə biz alternativlər axtarmalıyıq. Eyni zamanda, biz Sizin sərmayələrinizdə də maraqlıyıq. Bosniya və Herseqovinada kənd təsərrüfatı və sənayenin müxtəlif sahələrinin inkişafına maraq vardır. Bizdə turizmin inkişafı üçün imkanlar mövcuddur. Amma biz, ilk növbədə, qarşılıqlı səfərlər həyata keçirməliyik. Bu gün biz bir sıra sənədlər imzaladıq ki, bunlar da ölkələrimiz arasında daha asan münasibətlər qurmağa, nümayəndə heyətlərinin, iş adamlarının qarşılıqlı səfərlərini və digər məsələləri mümkün edir. Əminəm ki, Sizin dediyiniz kimi, bizi gələcəkdə daha yaxşı münasibətlər gözləyir. İstərdim Sizi yenidən Bosniya və Herseqovinaya səfərə dəvət edim. Bildiyimə görə, Siz təqribən 14 il əvvəl çox hörmətli atanızla bizim ölkədə səfərdə olmusunuz. Zənnimcə, bizim gözəl ölkəmizə bir daha səfər etməyinizin vaxtı çatıb. Düşünürəm ki, Azərbaycana səfərə gələcək bosniya və herseqovinalılar mənim kimi Sizin ölkənizin və paytaxtınızın gözəlliyinə heyran olacaqlar. Nümayəndə heyətimizin üzvləri və mən Bakının gözəlliyinə heyran qaldıq. Bir daha təşəkkür edirəm."

Digər xəbərlər