Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 27-də Saatlı rayonuna səfərə gəlib.
Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Saatlı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu. Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov Azərbaycan Prezidenti İlham Əliyevə məlumat verdi ki, abidənin yerləşdiyi Heydər Əliyev parkında genişmiqyaslı abadlıq işləri görülmüş, yeni yaşıllıq zolaqları salınmış, fəvvarələr quraşdırılmışdır. Ümumi sahəsi 5,6 hektar olan parkda sakinlərin və qonaqların istirahəti üçün hər cür şərait vardır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 27-də Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının inzibati binasının açılışında iştirak edib. Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi, burada yaradılan şəraitlə tanış oldu. Məlumat verildi ki, Azərbaycanın aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası (YAP) bu gün ölkəmizin həyatının hər bir sahəsinin inkişafında yaxından iştirak edir, respublikamızın tərəqqisinə mühüm töhfələr verir. Bu gün partiyanın sıraları genişlənir, bununla da onun fəaliyyəti keyfiyyətcə yeni mərhələyə qədəm qoyur. Partiyanın ümumi amallar naminə göstərdiyi uğurlu fəaliyyətdə rayon təşkilatlarının rolu danılmazdır. Bu gün respublikamızın bütün bölgələrində inşa olunan YAP rayon təşkilatlarının inzibati binaları da müasirliyi ilə seçilir və burada səmərəli fəaliyyət üçün hər cür şərait yaradılır.
Bildirildi ki, YAP Saatlı rayon təşkilatının inzibati binası orijinal layihəsi və maraqlı memarlıq quruluşu ilə diqqəti cəlb edir. Bu bina həm də şəhərin gözəlliyinə əlavə çalarlar qatır. Heydər Əliyev prospektində, ulu öndərin adını daşıyan parkda inşa edilən binanın tikintisinə bu ilin mayında başlanılmışdır. İkimərtəbəli binanın ümumi sahəsi 432 kvadratmetrdir. Binanın foyesində Azərbaycan xalqının ümummilli lideri, partiyanın yaradıcısı Heydər Əliyevin büstü qoyulmuşdur. Burada ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyəti, müxtəlif illərdə Saatlıya səfərləri və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşlərini əks etdirən fotolardan ibarət stend yaradılmışdır. Prezident İlham Əliyevin partiyanın tədbirləri və rayona səfərləri zamanı çəkilən fotolar da böyük maraq doğurur. Binada kompyuter otağı, 50 nəfərlik konfrans zalı vardır. Buradakı inzibati otaqlar müasir səviyyədə qurulmuş, lazımi avadanlıqla təchiz edilmişdir. Binanın ətrafında da geniş abadlıq və yaşıllaşdırma işləri aparılmışdır. Azərbaycan Prezidenti yaradılmış şəraitdən razılığını bildirdi.
Daha sonra Prezident İlham Əliyev Saatlı rayonuna səfəri çərçivəsində Gənclər Mərkəzinin açılışında iştirak edib. Dövlətimizin başçısı Gənclər Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsdi.
Diqqətə çatdırıldı ki, ölkəmizdə ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan dövlət gənclər siyasəti bu gün Azərbaycan Prezidenti tərəfindən uğurla davam etdirilir. 2003-cü ildən bu sahədə kompleks tədbirlər reallaşdırılır. 2005-2009-cu illəri əhatə edən Azərbaycan gəncliyi Dövlət Proqramının uğurlu icrası bu baxımdan çox mühüm rol oynamışdır. "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı" indiyədək həyata keçirilən işlərin davamlı xarakter daşıdığını göstərir. Məlumat verildi ki, Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə dövlət vəsaiti hesabına tikilən mərkəz Heydər Əliyev parkına bitişik ərazidə mövcud olan köhnə və yararsız ikimərtəbəli binanın yerində inşa edilmişdir. İkimərtəbəli Gənclər Mərkəzinin foyesində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Saatlı rayonuna səfərlərini və respublikamızın müxtəlif bölgələrində gənclərlə keçirdikləri görüşləri əks etdirən fotoguşələr yaradılmışdır. Mərkəzin birinci mərtəbəsində tikişçilik dərnəyi və kompyuter otaqları vardır. Mərkəzdə qurulan atıcılıq klubu müasir texniki avadanlıqla təchiz olunmuşdur. Həm tir tüfəngləri, həm də pnevmatik silahlar vasitəsilə gənclərə hədəfi düzgün nişan almaq üçün lazer texnologiyasından geniş istifadə imkanları yaradılmışdır. Burada 3D formatlı filmlərin nümayişi üçün ayrıca kinozal da yaradılmışdır. Mərkəz Saatlı gənclərinin bilik və bacarıqlarının artırılmasında, onların asudə vaxtlarının daha səmərəli təşkilində mühüm rol oynayacaqdır. Görülmüş işlərdən razılığını bildirən dövlətimizin başçısı tapşırıq və tövsiyələrini verdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 27-də Saatlıda Tarix-Diyarşünaslıq Muzeyi və Rəsm Qalereyasının yeni binasının açılışında iştirak edib. Məlumat verildi ki, ölkəmizin qədim və zəngin maddi-mədəniyyət abidələrinin qorunub saxlanması və gələcək nəsillərə ötürülməsi mühüm əhəmiyyət kəsb edir. Bu istiqamətdə tarix-diyarşünaslıq muzeylərinin fəaliyyəti xüsusi məna daşıyır. Saatlı Tarix-Diyarşünaslıq Muzeyi də qədim maddi-mədəniyyət abidələrinin qorunmasına xidmət edir. Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi.
Bildirildi ki, Heydər Əliyev parkının ərazisində tikilən, ümumi sahəsi 917 kvadratmetr olan bina xüsusi dizaynla inşa olunmuşdur. Binanın həyətində qədim dövrdə Saatlı ərazisində yaşamış insanların məişət əşyalarından və əmək fəaliyyətindən bəhs edən guşələr qurulmuşdur. İkimərtəbəli binanın digər xüsusiyyəti isə burada Rəsm Qalereyasının yaradılmasıdır. Binanın ikinci mərtəbəsindəki qalereya bütün lazımi avadanlıqla təchiz olunmuşdur. Muzeyin etnoqrafiya bölməsi ilə tanış olan Prezident İlham Əliyevə məlumat verildi ki, burada XIX-XX əsrlərdə saatlılıların həyat tərzini və məişətini əks etdirən eksponatlar yer almışdır. Dəmirçi və dulusçu emalatxanalarının, evlərin kiçik maketləri əhalinin qədim dövrlərdə yaşayış tərzini əks etdirir. Mədəniyyət bölməsində müxtəlif sənət əsərləri, xüsusilə də xalçaçılığa aid nümunələr, bəzək əşyaları sərgilənir. İdeoloji bölmədə isə Azərbaycan tarixi, görkəmli şəxsiyyətlər və dövlətçiliyimizə həsr olunan filmlər nümayiş olunur. Muzeydə eksponatların bərpası və qorunması məqsədi ilə ayrıca fond-bərpa otaqları da yaradılmışdır. Binanın ikinci mərtəbəsində yerləşən Rəsm Qalereyasına baxan dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, burada geniş məkanda müxtəlif janrlarda çəkilmiş rəsm əsərləri nümayiş etdirilir. Yaradılan şəraitlə tanış olan Prezident İlham Əliyev müvafiq tapşırıq və tövsiyələrini verdi.
Oktyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Saatlıda Şahmat Məktəbinin açılışında iştirak edib. Dövlətimizin başçısı Şahmat Məktəbinin rəmzi açılışını bildirən lenti kəsdi.
Məlumat verildi ki, hazırda ölkəmizdə nəhəng idman infrastrukturunun yaradılması istiqamətində mühüm addımlar atılır. Ölkəmizdə idmanın digər sahələri ilə yanaşı, şahmatın inkişafına da xüsusi diqqət və qayğı göstərilir. Nəinki paytaxt Bakıda, regionlarda da müasir görkəmi ilə seçilən yeni şahmat məktəbləri tikilib istifadəyə verilir. Bunlardan biri də Saatlı rayonunda inşa olunan Şahmat Məktəbidir. Müasir memarlıq üslubunda tikilmiş məktəbin ətrafındakı hasarın üzərində şahmat fiqurlarının təsvirləri həkk olunmuşdur. Məktəbin həyətində geniş abadlıq işləri aparılmış, yaşıllıq zolağı salınmış, müasir işıqlandırma sistemi, oturacaqlar quraşdırılmışdır.
Bildirildi ki, Şahmat Məktəbi Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə Saatlı rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair ayrılmış vəsait hesabına inşa olunmuşdur. Saatlı şəhərində ulu öndər Heydər Əliyevin adını daşıyan parkda inşa olunan ikimərtəbəli binanın birinci mərtəbəsindəki foyedə ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə idman ictimaiyyətinin nümayəndələri və Saatlı rayon sakinləri ilə görüşlərini əks etdirən fotoguşə, iki sinif otağı, yardımçı otaqlar, konfrans zalı yerləşir. Binanın ikinci mərtəbəsində şahmat yarışı zalı, müəllimlər və hakimlər otağı vardır. Yarış otağında eyni vaxtda 50 idmançı mübarizə apara bilər. Burada sensor monitorlar vasitəsilə beynəlxalq əhəmiyyətli yarışların gedişini izləmək və dərs proqramlarını öyrənmək mümkündür. Şahmat Məktəbində yaradılmış şəraiti yüksək qiymətləndirən Prezident İlham Əliyev tapşırıqlarını verdi. Oktyabrın 27-də Prezident İlham Əliyev əsaslı şəkildə yenidən qurulan Saatlı Mərkəzi Rayon Xəstəxanası ilə tanış olub.
Səhiyyə naziri Oqtay Şirəliyev dövlətimizin başçısına məlumat verdi ki, Saatlı Mərkəzi Rayon Xəstəxanasının əsaslı təmiri Prezident İlham Əliyevin 2010-cu ildə verdiyi Sərəncamla ayrılmış vəsait hesabına aparılmışdır. Xəstəxana üç korpusdan ibarətdir. Tibb müəssisəsinin əsas binası, poliklinika və yoluxucu xəstəliklər korpusları, eyni zamanda, mətbəxi və camaşırxanası tamamilə yenidən qurulmuş, istilik, su və kommunikasiya sistemləri müasir tələblər səviyyəsinə çatdırılmışdır. Binanı daimi elektrik enerjisi ilə təmin etmək üçün generator qoyulmuşdur. Xəstəxananın həyətində də geniş abadlıq işləri görülmüş, yaşıllıq zolaqları yaradılmışdır.
Xəstəxanada yaradılan şəraitlə tanışlıq zamanı Prezident İlham Əliyevin diqqətinə çatdırıldı ki, 126 çarpayılıq səhiyyə ocağında 12 min kvadratmetrə yaxın sahədə əsaslı təmir işləri aparılmışdır. Xəstəxana yeni avadanlıqla və tibbi ləvazimatlarla təmin edilmişdir. Burada poliklinika, cərrahiyyə, doğum, pediatriya, reanimasiya, terapiya, ginekologiya, təcili yardım, infeksion şöbələr fəaliyyət göstərir. Xəstəxanada 58 həkim və 125 orta tibb işçisi sakinlərin sağlamlığının keşiyində durur. Xəstəxanada fəaliyyət göstərən ekspress və klinik laboratoriyalar ən müasir avadanlıqla təchiz edilmişdir.
Bildirildi ki, burada yaradılan şərait nəinki Saatlı sakinləri, eləcə də digər rayonların əhalisinə ən yüksək səviyyədə tibbi xidmət göstərməyə imkan verir. Xəstəxananın bütün şöbələri tibb sahəsində məşhur şirkətlərin istehsalı olan ən son elmi-texniki tərəqqiyə əsaslanan və dünyanın aparıcı ölkələrində istifadə edilən avadanlıqla təchiz olunmuşdur. Hər bir şöbənin ayrıca intensiv palatası vardır.
Qeyd olundu ki, xəstəxananın poliklinika şöbəsi də müasir tələblər səviyyəsindədir. Burada klinik və bakterioloji laboratoriyalar, dermatoloq, nevropatoloq, elektrokardioqrafiya, ftiziatr, ultrasəslə müayinə, kardioloq, oftalmoloq, stomatoloq, fizioterapiya və digər həkim otaqları vardır.
Səhiyyə ocağı ilə tanışlıqdan sonra Prezident İlham Əliyev burada xəstəxananın kollektivi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Mərasim iştirakçılarını salamlayan dövlətimizin başçısı İlham Əliyev bildirib ki, bütövlükdə Azərbaycanda səhiyyə sistemində köklü dəyişikliklər, islahatlar aparılır: "Bu islahatlar faktiki olaraq yeni vəziyyətə gətirib çıxarmışdır. Çünki həm Bakıda, həm bölgələrdə yeni, müasir tibb ocaqları yaradılır. Əvvəlki illərdə tikilmiş xəstəxanalar əsaslı şəkildə təmir edilir və yeni xəstəxanalar tikilməkdədir. Demək olar ki, son iki il ərzində mənim bölgələrə səfərlərim çərçivəsində biz mütləq xəstəxana açılışını da qeyd edirik. Artıq əksər rayon mərkəzlərində müasir səviyyəyə cavab verən xəstəxanalar vardır. Əminəm ki, bir-iki il ərzində qalan yerlərdə də təmir-tikinti işləri tamamlanacaq və beləliklə, hər bir rayon mərkəzində ən yüksək standartlara cavab verən xəstəxanalar yaranacaqdır. Bu, bizim siyasətimizdir.
Bizim siyasətimiz sosialyönümlü siyasətdir. Sosial məsələlərin həlli daim diqqət mərkəzindədir. Sosial məsələlərin içində səhiyyə xidməti xüsusi yer tutur. Çünki insanların sağlamlığı ən vacib məsələdir. İnsanların sağlamlığı üçün Azərbaycan dövləti bütün lazımi tədbirləri görür və bu məsələyə kompleks şəkildə yanaşır. Saatlı rayonunda Olimpiya İdman Mərkəzi tikilməkdədir və bu da əlbəttə ki, insanların sağlamlığına xidmət edən məsələdir.
Saatlıda içməli su, kanalizasiya layihələri icra edilir. Əvvəlki dövrdə modul tipli təmizləyici qurğuların fəaliyyəti nəticəsində bir çox kəndlərdə su təchizatı böyük dərəcədə yaxşılaşdırılmışdır. Hazırda Saatlının kompleks su təchizatı və kanalizasiya məsələləri həllini tapmaqdadır. Ümid edirəm ki, bir il, il yarım ərzində bu böyük layihə də başa çatacaq, beləliklə, insan sağlamlığı üçün ən vacib məsələlərdən biri olan təmiz içməli su təchizatı da həllini tapacaqdır.
Ölkəmizdə sosialyönümlü digər tədbirlər də geniş vüsət almışdır. Məktəb tikintisi, - o cümlədən Saatlıda da bu istiqamətdə böyük işlər görülür, - digər sosial obyektlərin, sosial infrastrukturun yaradılması məsələləri də uğurla öz həllini tapır. Beləliklə, ölkəmiz hərtərəfli inkişaf edir, ölkəmizin bütün bölgələri inkişaf edir. Vaxtilə qəbul edilmiş regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı uğurla icra edilir. İkinci Dövlət Proqramı gələn ilin sonunda başa çatacaqdır. Beləliklə, nəzərdə tutduğumuz bütün məsələlər, bölgələrin inkişafı ilə bağlı bütün məsələlər öz həllini tapacaqdır."
Oktyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Saatlı-Musalı-Məzrəli avtomobil yolunun Araz çayı üzərindəki körpüsünün yenidənqurmadan sonra açılışında iştirak edib. Dövlətimizin başçısı 2013-cü ildə inşasına başlanılacaq və istismara veriləcək avtomobil yolları, eləcə də körpünün yenidənqurmadan əvvəlki və sonrakı vəziyyətini əks etdirən stendlərə baxdı. Nəqliyyat naziri Ziya Məmmədov Azərbaycan Prezidentinə 2013-cü ildə inşasına başlanılacaq və tikintisi başa çatdırılacaq avtomobil yolları haqqında məlumat verdi. Diqqətə çatdırıldı ki, Hacıqabul-Bəhrəmtəpə istiqamətində 112 kilometr, Ağsu-Kürdəmir-Bəhrəmtəpə istiqamətində 94 kilometr, Kürdəmir-Yevlax istiqamətində 85 kilometr, Göyçay-Ucar istiqamətində 20 kilometr, Bərdə-Tərtər istiqamətində isə 18 kilometr yolun inşası nəzərdə tutulmuşdur. Bu yollar üzərində ümumilikdə 40 körpü tikiləcəkdir. Araz çayı üzərindəki körpünün texniki göstəriciləri ilə tanış olan dövlətimizin başçısına bildirildi ki, Saatlı şəhərini İmişli şəhəri ilə birləşdirən yerli əhəmiyyətli avtomobil yolunun üzərində salınan bu qurğu 7 aşırımdan ibarətdir.
Körpünün yenidən qurulmasına Nəqliyyat Nazirliyinin sifarişi ilə "Azərkörpü" ASC tərəfindən ötən ilin iyulunda başlanılmışdır. Qəzalı vəziyyətdə olan körpü tamamilə yenidən qurulmuşdur. Körpünün uzunluğu 238 metr, hərəkət hissəsinin eni 11,5 metr, səki ilə birlikdə isə 14,4 metrdir. Yenidənqurma zamanı səkilər, məhəccərlər və körpünün hərəkət hissəsi möhkəmləndirilmişdir. Nəticədə Saatlı-İmişli və əks istiqamətdə hərəkət edən çoxtonnajlı və minik avtomobillərinin, o cümlədən piyadaların təhlükəsizliyi tam təmin edilmişdir. Bərpa işləri zamanı yaz aylarında Araz çayında suyun səviyyəsinin artması və digər təbii amillər də nəzərə alınmışdır.
Prezident İlham Əliyev körpünün rəmzi açılışını bildirən lenti kəsdi. Dövlətimizin başçısı körpünün üzərindən ətrafı seyr etdi. Azərbaycan Prezidenti görülmüş işləri yüksək qiymətləndirdi, yeni salınacaq yolların keyfiyyətlə və vaxtında tikilməsi ilə bağlı tapşırıqlarını verdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Beyləqan rayonuna səfərə gəlib. Dövlətimizin başçısı Beyləqan şəhərinin mərkəzindəki Heydər Əliyev parkında ümummilli liderimizin abidəsini ziyarət etdi. Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev Prezident İlham Əliyevə abidənin ətrafında aparılan abadlıq-quruculuq işləri barədə məlumat verdi. Bildirildi ki, əsaslı şəkildə yenidən qurulan Heydər Əliyev parkında rayon sakinləri, eləcə də qonaqların istirahətinin mənalı təşkili üçün hərtərəfli şərait yaradılmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Beyləqanda Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib. Dövlətimizin başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi.
Bildirildi ki, ulu öndər Heydər Əliyevin xatirəsi ölkəmizin hər yerində olduğu kimi, Beyləqanda da daim əziz tutulur. Şəhərdə yeni tikilən Heydər Əliyev Mərkəzi ümummilli liderin xatirəsinə dərin ehtiramın nümunəsidir. Mərkəzdə ulu öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotolar və eksponatlar yer almışdır. Burada dünyanın nüfuzlu siyasi xadimlərindən biri olan Heydər Əliyevin müdrik fəaliyyəti nəticəsində Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun möhkəmləndirilməsi, müstəqilliyin ilk illərində ölkəmizdə vətəndaş müharibəsinin qarşısının alınması, Azərbaycan iqtisadiyyatının ağır böhran vəziyyətindən çıxarılaraq inkişaf yoluna qədəm qoyması, qüdrətli ordu quruculuğu istiqamətində həyata keçirilən mühüm tədbirləri əks etdirən fotolara geniş yer verilmişdir. Kitabxanada ulu öndər Heydər Əliyevə və Prezident İlham Əliyevə həsr olunan kitablar, jurnallar, qəzetlər və müxtəlif nəşrlər toplanmışdır.
Prezident İlham Əliyev Mərkəzin xatirə kitabına ürək sözlərini yazdı.
Sonra Azərbaycan Prezidenti Aran iqtisadi rayonunun sosial-iqtisadi göstəricilərini, Ağcabədi və Beyləqan rayonlarında yaradılan özəl pilot taxılçılıq təsərrüfatlarının layihəsini və İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə verilmiş güzəştli kreditlərə dair məlumatları əks etdirən stendlərlə tanış oldu. İqtisadi inkişaf naziri Şahin Mustafayev Aran iqtisadi rayonunun iqtisadi potensialı, göstəriciləri, sosial və infrastruktur layihələri, istehsal və emal müəssisələri və digər görülmüş işlər, Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə verilmiş güzəştli kreditlərin dinamikası, yaradılmış yeni iş yerləri, maliyyələşdirilmiş müasir texnologiyaların tətbiqinə əsaslanan layihələr barədə məlumat verdi. Bildirildi ki, Fond tərəfindən indiyədək 14 min 600-dən çox sahibkara 910 milyon manatdan çox güzəştli kredit verilmişdir. Bu kreditlər hesabına 103 mindən çox iş yerinin yaradılması nəzərdə tutulur. Verilmiş kreditlərin 63 faizi aqrar sektorun, 33 faizi sənayenin, 4 faizi isə turizmin payına düşür.
Bildirildi ki, Fond vasitəsilə müasir texnologiyaların tətbiqinə əsaslanan 236 layihənin maliyyələşdirilməsinə 460 milyon manat kredit verilmişdir. Dövlətin güzəştli kreditləri hesabına rəqabətqabiliyyətli və ixrac yönümlü məhsullar istehsal edən kiçik və orta qeyri-neft sənaye müəssisələrinin yaradılması respublikanın müxtəlif yeyinti və digər sənaye məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsi ilə yanaşı, ölkənin ixrac potensialının artırılmasında mühüm əhəmiyyətə malikdir. Şahin Mustafayev Prezident İlham Əliyevin tapşırığı ilə özəl pilot taxılçılıq təsərrüfatlarının yaradılması ilə əlaqədar görülən işlər barədə də məlumat verdi. Sonra Prezident İlham Əliyevin iştirakı ilə Heydər Əliyev Mərkəzinin akt zalında Aran iqtisadi zonasından olan sahibkarlarla müşavirə keçirildi. Dövlətimizin başçısı müşavirədə giriş nitqi söylədi. İqtisadi inkişaf naziri Şahin Mustafayev, "Qarabağ Taxıl" müəssisəsinin rəhbəri Rəcəb Orucov, "Araz" damazlıq quşçuluq fabrikinin rəhbəri Əlif Heydərov və Füzuli soyuducu anbarının rəhbəri Aydın Hüseynov məruzələrlə çıxış etdilər. Prezident İlham Əliyev müşavirədə yekun nitqi söylədi. Sonda xatirə şəkli çəkdirildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Beyləqan rayonuna səfəri çərçivəsində əsaslı təmir olunan və yenidən qurulan Mədəniyyət Sarayının açılışında iştirak edib. Dövlətimizin başçısı sarayın əvvəlki və hazırkı vəziyyətini əks etdirən fotolardan ibarət stendə baxdı. Məlumat verildi ki, ölkəmizdə mədəniyyətin və incəsənətin inkişafına diqqət bu sahədə çalışan insanlara göstərilən qayğıda öz təzahürünü tapır. Bakı ilə yanaşı, bölgələrdə də mədəniyyət ocaqlarının əsaslı təmir olunması, müasir tipli yeni infrastrukturun yaradılması bu sahənin hərtərəfli inkişafına stimul verir. Beyləqanda əsaslı şəkildə yenidən qurulan və təmir olunan Mədəniyyət Sarayı onların sırasındadır. Təmir zamanı işlərin yüksək səviyyədə görülməsinə xüsusi diqqət yetirilmişdir. Binanın foyesində ümummilli lider Heydər Əliyevin büstü qoyulmuşdur.
Burada ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə mədəniyyətə və incəsənətə göstərdikləri qayğını əks etdirən fotolardan ibarət guşələr yaradılmışdır. Binanın ətrafında geniş abadlıq və yaşıllaşdırma işləri görülmüşdür. Qeyd olundu ki, uzun müddət təmir edilmədiyindən bina yararsız vəziyyətə düşmüşdü. Mədəniyyət Sarayında əsaslı təmir və yenidənqurma işlərinə bu ilin aprelində başlanılmışdır. Sarayın inzibati binasının fasad hissəsi tamamilə yenilənmişdir. Zal, foye və otaqlar yenidən qurulmuş, giriş hissəsi müasir memarlıq üslubunda inşa edilmiş, işıqlandırma sistemi, zəruri inventar və avadanlıqla təchiz olunmuşdur. Prezident İlham Əliyev Mədəniyyət Sarayının böyük zalı ilə tanış oldu. Bildirildi ki, 500 nəfərlik zalda müxtəlif mədəni-kütləvi tədbirlərin keçirilməsi üçün əlverişli şərait yaradılmışdır. Akt zalında müasir işıqlandırma, akustika və istilik sistemi quraşdırılmışdır. Binada yaradılan şəraitlə tanış olan Prezident İlham Əliyev kollektivə uğurlar arzuladı. Daha sonra Prezident İlham Əliyev Beyləqan-Kəbirli-Baharabad avtomobil yolunun açılışında iştirak edib. Dövlətimizin başçısı avtomobil yolunun sxematik planını əks etdirən stendə baxdı.
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev Azərbaycan Prezidentinə məlumat verdi ki, son on ildə ölkəmizin yol-nəqliyyat strukturunda əsaslı dəyişikliklər baş verib. Ölkə ərazisindən keçən beynəlxalq əhəmiyyətli magistrallar müasir standartlar səviyyəsində tamamilə yenidən qurulmuşdur. Paytaxtın və rayon mərkəzlərinin küçə və yolları tamamilə abadlaşdırılır. Dövlətimizin başçısının Sərəncam və göstərişlərinə əsasən indi əsas diqqət regionlarda kənd və qəsəbələri birləşdirən avtomobil yollarının təmirinə yönəldilmişdir. Bu tədbirlər iqtisadiyyatımızın gündən-günə güclənməsini nümayiş etdirməklə yanaşı, dövlətimizin ölkənin istənilən yerində yaşayan vətəndaşlara göstərdiyi qayğı və diqqəti əks etdirir. Bu proses Beyləqan rayonunda da geniş vüsət almışdır. Rayondakı Beyləqan-Kəbirli-Baharabad avtomobil yolu tamamilə yenidən qurulmuşdur. Beyləqan rayonunun on kəndini və Xocavənddən olan məcburi köçkünlərin məskunlaşdıqları yaşayış məntəqəsini birləşdirən həmin yoldan 34 minə yaxın sakin istifadə edəcəkdir. Bu günədək yolun 20,2 kilometrlik hissəsində əsaslı təmir işləri başa çatdırılmışdır. Hazırda yolun qalan hissəsində əsaslı təmir işlərinin yekunlaşdırılması işləri davam etdirilir. Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi. Yol ilə tanışlıqdan sonra dövlətimizin başçısı kənd sakinləri ilə görüşdü. Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beyləqan şəhərinin su və kanalizasiya sistemləri kompleksinin təməlqoyma mərasimində iştirak edib. İnşaatçılar dövlətimizin başçısını hərarətlə qarşıladılar. Prezident İlham Əliyev kompleksin idarəetmə mərkəzi, şəhərin su və kanalizasiya sisteminin yenidən qurulması və situasiya planı layihələrini əks etdirən stendlərə baxdı. "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov bildirdi ki, təmsil etdiyi qurum yalnız Beyləqan şəhərinin bir hissəsinə xidmət göstərir. Hazırda Beyləqan şəhərində yaşayan 15,5 min sakinin 7,6 mini və ya 49 faizi mərkəzləşdirilmiş şəbəkədən su alır. Qalan əhali isə öz tələbatını fərdi qaydada ödəyir. Şəhərdə mərkəzləşdirilmiş içməli su şəbəkəsi 1981-ci ildə yaradılmışdır. Mənbə kimi on subartezian quyusundan istifadə olunur. Şəhərin bir hissəsində 50 kilometr uzunluğunda su şəbəkəsi, 11,4 kilometr uzunluğunda kanalizasiya şəbəkəsi, tutumu iki min kubmetr olan iki su anbarı və iki nasos stansiyası mövcuddur. Şəhərin çirkab suları təmizlənmədən rayon mərkəzinin kənarındakı şor kollektora axıdılır. Beyləqan şəhərində mövcud su və kanalizasiya şəbəkəsi istismara yararsızdır. Diqqətə çatdırıldı ki, Beyləqan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi Asiya İnkişaf Bankının maliyyə dəstəyi ilə reallaşdırılır. Layihə çərçivəsində rayon mərkəzinin su və kanalizasiya şəbəkəsi tamamilə yenidən qurulacaq, şəhərin yaxınlığındakı Şəfəq və Əlinəzərli kəndlərinə içməli su veriləcəkdir. Dövlətimizin başçısı kompleksin təməlini qoydu. Prezident İlham Əliyev inşaatçılara uğurlar arzuladı.
Oktyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İmişli rayonuna səfərə gəlib. Dövlətimizin başçısı İmişli şəhərinin mərkəzində ulu öndər Heydər Əliyevin xatirəsini yad etdi, abidəsi önünə gül dəstəsi qoydu. İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev Prezident İlham Əliyevə abidənin ətrafında və rayonda görülmüş abadlıq-quruculuq işləri barədə məlumat verdi.
Oktyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İmişli rayonuna səfəri çərçivəsində Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib. Dövlətimizin başçısı yeni mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi.
Məlumat verildi ki, ulu öndərin adını daşıyan mərkəzin tikintisinə bu ilin mayında başlanılmış və qısa müddətdə yekunlaşdırılmışdır. Mərkəzin ikimərtəbəli binası orijinal layihəsi və möhtəşəmliyi ilə diqqəti cəlb edir. Binanın ümumi sahəsi iki min kvadratmetrdir. Ətrafda əsaslı yenidənqurma, abadlıq və yaşıllaşdırma işləri həyata keçirilmişdir.
Mərkəzin birinci mərtəbəsində ümummilli lider Heydər Əliyevin abidəsi qoyulmuşdur. Burada ulu öndərin və Prezident İlham Əliyevin müxtəlif illərdə ölkəmizin regionlarına səfərlərini və bölgələrdə həyata keçirilən kompleks dövlət tədbirlərini əks etdirən fotoguşələr yaradılmışdır. Mərkəzdə internet kitabxana fəaliyyət göstərəcəkdir. Arzu edənlər burada kompyuter kurslarında hərtərəfli hazırlıq keçəcəklər. Buradakı virtual sinif otağı informasiya-kommunikasiya texnologiyalarının bölgələrdə də geniş tətbiqinin diqqət mərkəzində saxlanıldığını göstərir. İmişli rayonunda xarici dillərin öyrənilməsinə maraq böyük olduğundan mərkəzdə xarici dil kursları fəaliyyət göstərəcəkdir. Foto sənətinin sirlərinə yiyələnmək üçün buradakı fotostudiyada, eləcə də internet kafedə gənclərin asudə vaxtlarını maraqlı keçirmələri üçün hər cür şərait yaradılmışdır. Mərkəzdə vaxtaşırı müxtəlif sərgilər təşkil olunacaqdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də İmişlidə Heydər Əliyev Parkında aparılmış yenidənqurma işləri ilə tanış olub.
İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev Prezident İlham Əliyevə parkda görülmüş işlərlə bağlı məlumat verdi. Bildirildi ki, parkda yenidənqurma işlərinə dövlətimizin başçısının Sərəncamına əsasən, Prezidentin ehtiyat fondundan ayrılan 1,4 milyon manat vəsait hesabına başlanılmışdır. Ümumi sahəsi 6,5 hektar olan parkın orijinal memarlıq üslubu ilə seçilən iki giriş qapısı vardır. Burada quraşdırılan fəvvarələr kompleksi parkın gözəlliyini daha da artırır. Dövlətimizin başçısına Heydər Əliyev Parkında tikilməkdə olan Gənclər Mərkəzinin planı təqdim olundu. Məlumat verildi ki, 1,8 min kvadratmetr ərazidə inşa olunan üçmərtəbəli binanın inşasına bu ilin iyununda başlanılmışdır. Tikinti işləri 2013-cü ilin mayında başa çatdırılacaqdır. Burada rayon gənclərinin istirahəti və ilkin peşə vərdişlərinə yiyələnmələri üçün hər cür şərait yaradılacaqdır. Prezident İlham Əliyev İmişli rayonunda yeni yaradılan Bayraq Meydanı ilə də tanış oldu. Əzəməti ilə seçilən Bayraq Meydanının ümumi sahəsi 8,3 min kvadratmetrdir. Bayraq dirəyinin hündürlüyü isə 100 metrdir. Bildirildi ki, meydanın ətrafında böyük abadlıq və yaşıllaşdırma işləri görülmüşdür. Vağzal meydanı da tamamilə yeni görkəm almışdır. Dövlətimizin başçısı görülmüş işləri yüksək qiymətləndirdi, tapşırıq və tövsiyələrini verdi.
Oktyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İmişli şəhərində Şahmat Məktəbinin açılış mərasimində iştirak etmişdir. Məlumat verildi ki, şahmat məktəbinin tikinti sahəsi 570 kvadratmetrdir. Məktəbin ətrafında əsaslı abadlıq işləri aparılmışdır. Dövlətimizin başçısı şahmat məktəbinin rəmzi açılışını bildirən lenti kəsdi.
Məktəbdə geniş salonla yanaşı, daha 7 otaqda yeniyetmə və gənclərə şahmatın sirləri öyrədilir. Burada ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizin regionlarına səfərlərinin, eləcə də respublikamızda idmanın hərtərəfli inkişafı üçün həyata keçirilən kompleks tədbirlərin əks olunduğu fotoguşələr yaradılmışdır. Məktəbin orijinal dizaynı burada şahmatın sirlərini öyrənənləri daha da ruhlandırır. Təhsil ocağında yeniyetmə və gənclərin şahmat kompozisiyalarını daha dərindən öyrənmələri üçün müxtəlif əyani vəsaitlərdən və informasiya-kommunikasiya texnologiyalarının imkanlarından geniş istifadə olunur. Bu cür sosial təyinatlı təhsil ocaqlarında məşğul olanlar həm asudə vaxtlarını maraqlı keçirir, həm də vacib bilik və bacarıqlara yiyələnirlər. Respublikamızın bütün bölgələrində fəaliyyətə başlayan və müasir tələblərə cavab verən belə şahmat məktəblərində zəngin təcrübə toplayan məktəblilər beynəlxalq səviyyəli yarışlara qatılaraq ölkəmizi yüksək səviyyədə təmsil edirlər. Dövlətimizin başçısı şahmat məktəbində yaradılmış şəraitdən razılığını bildirdi, kollektivə uğurlar arzuladı.
Oktyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İmişli rayonuna səfəri çərçivəsində "Araz" damazlıq quşçuluq fabrikinin açılışında iştirak etmişdir. İqtisadi inkişaf naziri Şahin Mustafayev məlumat verdi ki, "Araz" damazlıq quşçuluq fabriki regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarına uyğun olaraq İmişli rayonunun Qaragüvənli kəndində ən müasir standartlar səviyyəsində qurulmuşdur. Bildirildi ki, Azərbaycan Prezidentinin təsdiq etdiyi regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları çərçivəsində ölkənin müxtəlif regionlarında ayrı-ayrı istehsal sahələri istifadəyə verilir, rayon və kəndlərdə əhalinin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. "Araz" damazlıq quşçuluq fabriki də belə müəssisələrdən biridir. Fabrikin ümumi dəyəri 7,3 milyon manatdır. Bu layihənin də inşasında dövlətin güzəştli kreditlərindən istifadə olunmuşdur. İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən kompleksin inşasına 5 milyon manat güzəştli kredit verilmişdir. Damazlıq yumurta istehsal edəcək fabrikin ümumi sahəsi 24 hektardır.
Hazır məhsullara baxan Azərbaycan Prezidentinə məlumat verildi ki, fabrikdə illik 10 milyon damazlıq yumurta istehsalı nəzərdə tutulur. Müəssisədə istehsal gücü saatda 10 ton olan yem istehsalı sexi və tutumu 3,5 min ton olan yem anbarı fəaliyyət göstərir. Fabrikdə laboratoriya, inzibati və digər köməkçi binalar inşa edilmişdir. Layihənin icrası nəticəsində 80 nəfər yeni iş yeri ilə təmin olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də İmişlidə "Kraun KO" taxıl anbarı kompleksinin açılışında iştirak etmişdir. İqtisadi inkişaf naziri Şahin Mustafayev məlumat verdi ki, "Kraun KO" taxıl anbarı kompleksi regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarına uyğun olaraq İmişli rayonunun Şahverdili kəndi ərazisində inşa olunmuşdur. Anbar ən müasir avadanlıqla təchiz edilmişdir. Kompleksin ümumi dəyəri 7,3 milyon manatdır. Bu layihənin də icrasında dövlətin güzəştli kreditlərindən istifadə olunmuşdur. İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən kompleksin inşasına 4 milyon manat güzəştli kredit verilmişdir. Kompleksin tikintisinə ötən ilin aprelində başlanılmış, bu ilin oktyabrında başa çatdırılmışdır.
Müasir texnologiyanın tətbiqi yolu ilə kompleksdə taxıl məhsullarını uzun müddət ərzində itkisiz saxlamaq mümkündür. Buraya ayrıca dəmir yolu xətti də çəkilmişdir. Müəssisə tərəfindən kompleksin xammal bazasının təmin edilməsi məqsədi ilə 43,5 min hektar ərazidə əkin işləri aparılır. Prezident İlham Əliyev müəssisəni işə saldı. Anbardan ilk məhsul maşınlara yükləndi. Dövlətimizin başçısı taxıl anbarı kompleksində yaradılmış şəraiti yüksək qiymətləndirdi, tapşırıq və tövsiyələrini verdi.
Oktyabrın 28-də Prezident İlham Əliyev İmişli şəhər su anbarları kompleksinin istifadəyə verilməsi mərasimində iştirak etmişdir.
İmişli rayon ictimaiyyətinin nümayəndələri dövlətimizin başçısını hərarətlə qarşıladılar. Azərbaycan Prezidenti İmişli şəhərinin su və kanalizasiya sisteminin yenidən qurulması layihəsinin situasiya planını və İmişli şəhər su anbarları kompleksinin baş planını əks etdirən stendlərə baxdı.
"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov Prezident İlham Əliyevə məlumat verdi ki, "Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq bölgələrdə su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində genişmiqyaslı işlər həyata keçirilir. Belə bir böyük layihə İmişli rayonunda da həyata keçirilir. Şəhərdə mərkəzləşdirilmiş içməli su şəbəkəsi 1978-ci ildə yaradılmışdır. Mənbə kimi Bəhrəmtəpə qəsəbəsinin yaxınlığında qazılan 4 subartezian quyusundan istifadə olunur. Uzun müddətdir istismar olunan bu mənbənin su ehtiyatlarının keyfiyyətinin getdikcə aşağı düşməsi və qrunt sularının qarışması ilə duzlaşma ehtimalının artması şəhərin içməli su təsərrüfatının yenidən qurulması zərurətini yaratmışdır. Buna görə də İmişlidə yeni su anbarları kompleksi yaradılmışdır. Dövlətimizin başçısı rəmzi olaraq suyun şəhərə verilməsini təmin edən qurğunu işə salan düyməni basdı.
Sonra Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü. Prezident İlham Əliyev mərasim iştirakçılarını salamlayaraq bildirdi ki, insan sağlamlığı dövlət üçün ən əsas məsələdir: "Bu gün İmişlidə yenicə əsaslı təmirdən çıxmış Mərkəzi Rayon Xəstəxanasının açılışını qeyd etdik. Bu xəstəxana ən yüksək standartlara cavab verir. Bu gün, eyni zamanda, içməli su layihəsinin açılışını qeyd edirik. Mən əminəm ki, bu layihələr, görülən işlər mütləq öz müsbət təsirini insanların sağlamlığında göstərəcəkdir. Çünki insan amili bizim üçün əsas sosial məsələdir. Bu gün bölgə sahibkarları ilə görüşdə də bu məsələyə toxundum. Çünki biz, əlbəttə, iqtisadi islahatları uğurla icra edirik, bölgələr inkişaf edir, gözəlləşir, abadlaşır, yeni iş yerləri açılır. Ancaq bütün bu işlərin təməlində və mərkəzində Azərbaycan vətəndaşı dayanır. Azərbaycan vətəndaşı sağlam olmalıdır. Azərbaycan vətəndaşı yaxşı şəraitdə gözəl şəhərlərdə yaşamalıdır. Bütün infrastruktur layihələri icra edilməlidir ki, biz dünyanın inkişaf etmiş ölkələrinin səviyyəsindən geri qalmayaq. Biz bunu edirik, edəcəyik. Ölkəmizdə gedən quruculuq, abadlıq işləri hər bir rayonda öz bəhrəsini verir.
Xüsusilə İmişli rayonunun son bir neçə ay ərzində uğurlu inkişafı məni ürəkdən sevindirir. Mən dəfələrlə İmişlidə olmuşam. Keçən il də olmuşam. İmişlinin inkişafı üçün lazımi tədbirlər görülmüşdür. Kənd yollarının tikintisinə vəsait ayrılmışdır. Ancaq mən bilirdim və siz də bilirdiniz ki, işlər daha da sürətlə gedə bilər. Son bir neçə ayın təcrübəsi mənim sözlərimi təsdiqləyir. Əminəm ki, bu reallıqları sizdən yaxşı bilən heç kim tapılmaz. Son bir neçə ay ərzində İmişli rayonunun inkişafı üçün çox böyük, tarixi işlər görülmüşdür. İmişlini tanımaq mümkün deyil. Buraya gələrkən çox təəccüb edirdim ki, mən indi İmişlidəyəm, yoxsa hansısa başqa şəhərdəyəm. Doğrudan da, tarixi dəyişikliklər baş vermişdir. Gözəllik, abadlıq, yeni meydan, Bayraq meydanı, yeni parklar, Heydər Əliyev Mərkəzi, Gənclər Mərkəzinin tikintisi, binaların bərpası, küçələrin salınması, yeni işıq dirəklərinin qurulması. Görülən bütün işləri sadalamaq üçün yəqin ki, çox vaxt lazım olacaq, ancaq bir sözlə, siz İmişli sakinləri bunu yaxşı bilirsiniz və bütün bu quruculuq, abadlıq işlərində fəal iştirak edirsiniz. Bu, sizin ümumi zəhmətinizin bəhrəsidir. Əminəm ki, gələn səfərdə yeni gözəl binaları, yeni açılan obyektləri görəcəyəm və beləliklə, İmişlinin uzunmüddətli inkişafı təmin ediləcəkdir."