PDF Oxu

Siyasət

  • 23

İlham Əliyev: “Bu gün Azərbaycanda işsizlərin sayı 5,3 faizdir. Dünya miqyasında bu, ən aşağı göstəricilərdən biridir”

İlham Əliyev: “Bu gün Azərbaycanda işsizlərin sayı 5,3 faizdir. Dünya miqyasında bu, ən aşağı göstəricilərdən biridir”

Xəbər verdiyimiz kimi, oktyabrın 28-də Beyləqanda Aran və Yuxarı Qarabağ bölgələrində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görüşdə iştirak edib. Azərbaycan Prezidenti əvvəlcə Ağcabədi və Beyləqan rayonlarında yaradılan özəl pilot taxılçılıq təsərrüfatlarının layihəsini və İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə verilmiş güzəştli kreditlərə dair məlumatları əks etdirən stendlərlə tanış oldu.

İqtisadi inkişaf naziri Şahin Mustafayev Aran iqtisadi rayonunun iqtisadi potensialı, göstəriciləri, sosial və infrastruktur layihələri, istehsal və emal müəssisələri və görülmüş digər işlər, Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə verilmiş güzəştli kreditlərin dinamikası, yaradılmış yeni iş yerləri, maliyyələşdirilmiş müasir texnologiyaların tətbiqinə əsaslanan layihələr barədə məlumat verdi. Bildirildi ki, Fond tərəfindən indiyədək 14 min 600-dən çox sahibkara 910 milyon manatdan artıq güzəştli kredit verilmişdir. Bu kreditlər hesabına 103 mindən çox iş yerinin yaradılması nəzərdə tutulur. Verilmiş kreditlərin 63 faizi aqrar sektorun, 33 faizi sənayenin, 4 faizi isə turizmin payına düşür. Bildirildi ki, Fond vasitəsilə müasir texnologiyaların tətbiqinə əsaslanan 236 layihənin maliyyələşdirilməsinə 460 milyon manat kredit verilmişdir. Dövlətin güzəştli kreditləri hesabına rəqabətqabiliyyətli və ixrac yönümlü məhsullar istehsal edən kiçik və orta həcmli qeyri-neft sənaye müəssisələrinin yaradılması respublikanın müxtəlif yeyinti və digər sənaye məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsi ilə yanaşı, ölkənin ixrac potensialının artırılmasında mühüm əhəmiyyətə malikdir.

Şahin Mustafayev dövlətimizin başçısının tapşırığı ilə özəl pilot taxılçılıq təsərrüfatlarının yaradılması ilə bağlı görülən işlər barədə də Prezident İlham Əliyevə məlumat verdi.

Sonra Prezident İlham Əliyevin sahibkarlarla görüşü keçirildi.

Dövlətimizin başçısı görüşdə giriş nitqi söylədi. Prezident İlham Əliyevin giriş nitqində bildirdi ki, son illərdə Azərbaycanın regionlarında böyük quruculuq işləri aparılır. İki Dövlət proqramı qəbul edilmişdir. 2004-2008-ci illəri və 2009-2013-cü illəri əhatə edən Dövlət proqramları uğurla icra edilir. Böyük həcmdə investisiyalar qoyulmuşdur və bu proses davam etdirilir. 2004-cü ildən bu günə qədər 90 milyard dollardan çox vəsait qoyulmuşdur. Ölkə Prezidenti qeyd etdi ki, təkcə bu ilin doqquz ayında bu məbləğ 16 milyard dollara çatmışdır. Bu, çox böyük rəqəmdir. Nəzərə alsaq ki, son illər ərzində hər il təxminən eyni məbləğdə investisiya qoyulur, təsəvvür etmək çətin deyil ki, bu, nə qədər böyük əhəmiyyətə malik olan məsələdir:

"Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı hesab edirəm ki, son illər ərzində ölkəmizi hərtərəfli inkişaf etdirən əsas alət olmuşdur. Bu proqram qəbul olunanda hədəflər də müəyyən edilmişdi və hədəflər müxtəlif istiqamətləri əhatə edirdi. Ancaq bir sözlə demək mümkündür ki, əsas hədəf ölkə iqtisadiyyatını şaxələndirmək idi və neft-qaz amilindən asılılığı azaltmaq məqsədləri daşıyırdı. Hesab edirəm ki, biz bu hədəflərə çatmışıq, bütün bölgələrdə quruculuq, abadlıq, infrastruktur işləri aparılır. Bölgələrlə şəhərlər arasında, yəni paytaxt arasında fərq azalır. Bu gözəl nəticələri biz gündəlik həyatda, statistik göstəricilərdə də müşahidə edirik.

Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 900 milyon manatdan çox vəsait ayrılmışdır. Təkcə bu il bu məbləğ 200 milyon manatdır. Gələn il 300 milyon manat olacaqdır. Bu, bölgələrin inkişafına verilən ən böyük töhfələrdən biridir. Çünki hər bir layihə ölkə iqtisadiyyatının şaxələndirilməsinə xidmət göstərir. Hər bir layihə iqtisadiyyatımızın real sektoruna qoyulan investisiyalardır. Bu investisiyaların mahiyyəti ondan ibarətdir ki, investisiyalar ilk növbədə dövlət siyasətinə uyğun şəkildə qoyulur, digər tərəfdən dövlətlə özəl sektor arasında yeni, çox sağlam münasibətlər formalaşır. Çünki Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə həyata keçirilən layihələrin demək olar ki, hamısı həm dövlətin, həm özəl sektorun kapitalı hesabına həyata keçirilir. Verilən güzəştli kreditlər və eyni zamanda, sahibkarların öz vəsaiti artıq bu tərəfdaşlığı möhkəmləndirir. Hesab edirəm ki, bizim təcrübəmiz dünya miqyasında çox dəyərlidir, çox uğurludur. Bu təcrübə onu göstərir ki, dövlətlə özəl sektor arasında birlik var və mən dəfələrlə qeyd etmişəm, bir daha demək istəyirəm ki, ölkənin gələcək inkişafı sahibkarlığın uğurlu inkişafından asılı olacaqdır. Əlbəttə, bizim böyük enerji resurslarımız vardır və biz bu resurslardan səmərəli şəkildə istifadə edirik. Yenə də deyə bilərəm ki, dünya miqyasında ən səmərəli üsul və yanaşma məhz Azərbaycandadır. Bizim təcrübəmiz öyrənilir. Xarici tərəfdaşlarla enerji sahəsində əməkdaşlığımız nümunəvi xarakter daşıyır. Çünki bir tərəfdən biz investorların investisiyalarını lazımi şəraitdə, lazımi səviyyədə qoruyuruq. Digər tərəfdən, dövlət maraqlarını maksimum dərəcədə müdafiə edirik. Bu sahədə əldə edilmiş təcrübə əlbəttə ki, başqa sahələrdə də tətbiq edilir. Son illər ərzində Azərbaycanda qoyulan böyük həcmdə xarici sərmayələr daxili biznes mühitini də böyük dərəcədə yaxşılaşdırmışdır. Xarici sərmayələr nəticəsində icra edilən kontraktlarda iştirak etmiş şirkətlər gücləndi, böyüdü, öz vəsaitini əldə etdilər və öz növbəsində ölkəmizin qeyri-neft sektorunun inkişafına maliyyə dəstəyini göstərmiş oldular. Yəni, bu, vacib məsələlərdən biridir və gələcəkdə vacib məsələ kimi qalacaqdır. Ancaq bununla bərabər, qeyri-neft sektorunun inkişafı bizim üçün prioritetdir və regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının qəbul olunması və icra edilməsi məhz bu məqsədi daşıyır. Deyə bilərəm ki, bu ilin statistik göstəriciləri bir daha nümayiş etdirir ki, biz bu sahədə böyük uğurlara nail ola bilmişik. Doqquz ayda qeyri-neft sektorumuz 10 faizdən çox artmışdır. Qeyri-neft sənayemiz 7 faizdən çox artmışdır. Beləliklə, ölkə iqtisadiyyatının şaxələndirilməsi prosesi davam etdirilir. Biz gələcək illər üçün yeni proqramlar hazırlayırıq. Bu da təbiidir. Çünki həyat yerində durmur. Deyə bilərəm ki, 2004-2013-cü illəri əhatə edən iki Dövlət Proqramının uğurlu icrası nəticəsində bölgələrdə mövcud olan əsas infrastruktur layihələri başa çatacaqdır. Bu layihələrin böyük əksəriyyəti artıq başa çatmışdır. Əvvəlki illərdə müxtəlif sahələr üzrə mövcud olan problemlər artıq yoxdur. Bu problemlər artıq aradan qaldırılıb. Vaxtilə elektrik enerjisi ilə təchizat narahatlıq yaradırdı. Artıq bu problem aradan qaldırılmışdır və beləliklə sahibkarların fəaliyyəti, yeni müəssisələrin yaradılması üçün gözəl şərait vardır. Son illər ərzində regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası nəticəsində ölkəmizdə bir milyon yüz min yeni iş yeri açılmışdır ki, onların mütləq əksəriyyəti bölgələrdə açılan iş yerləridir.

Beləliklə, işsizlik probleminin aradan qaldırılması istiqamətində çox böyük addım atılmışdır. Bu gün Azərbaycanda işsizlərin sayı 5,3 faizdir. Dünya miqyasında bu, ən aşağı göstəricilərdən biridir. İnkişaf etmiş ölkələrin bəzilərində işsizliyin səviyyəsi 25 faizə çatmışdır. İşsizlik kimi böyük bəlanı aradan qaldırmaq, insanlara yeni şərait yaratmaq, yəni, işlə təmin etmək siyasəti deyə bilərəm ki, uğurla nəticələndi. İşsizliyin aradan qaldırılması bilavasitə yoxsulluğun azaldılmasına da xidmət göstərir. Bu sahədə də deyə bilərəm ki, tarixi nailiyyətlər əldə edilibdir. On ildən az bir müddətdə yoxsulluğun səviyyəsi 5 dəfə aşağı düşmüşdür, hazırda 7 faizdən bir qədər çoxdur. Əminəm ki, görüləcək tədbirlər nəticəsində biz yoxsulluq kimi böyük bəlanı ümumiyyətlə aradan götürəcəyik. İşləmək istəyən hər bir insan işlə təmin edilməlidir. Əlbəttə, yeni iş yerlərinin açılması bundan sonra yalnız sahibkarlığın inkişafı hesabına mümkün olacaqdır. Çünki dövlət qurumlarında artıq bütün struktur islahatları demək olar ki, başa çatmışdır və dövlət sahəsində yeni iş yerlərinin açılması o qədər də geniş vüsət ala bilməz, buna ehtiyac da yoxdur. Yəni, əsas iş yerləri özəl sektorda yaranacaqdır. Nəzərə almalıyıq ki, Azərbaycanda demoqrafik vəziyyət çox müsbətdir. Bəzi başqa ölkələrdən fərqli olaraq, əhalimizin sayı artır, bu da çox müsbət haldır. Daha da sürətlə artmalıdır. Bu, öz növbəsində onu göstərir ki, gələcəkdə iş yerlərinin açılması prosesi davam etdirilməlidir. Yenə də deyirəm, dövlət bu istiqamətdə öz səylərini göstərəcəkdir. Gələcəkdə sahibkarların fəaliyyəti üçün bütün lazımi tədbirlər görüləcəkdir. Bayaq qeyd etdiyim kimi, gələn il Sahibkarlığa Dəstək Fondunun xətti ilə 300 milyon manat kreditin verilməsi rekord həddir. Bu günə qədər heç vaxt bu məbləğdə vəsait ayrılmamışdır. Hesab edirəm ki, növbəti bir neçə il ərzində biz bu xətti saxlamalıyıq ki, 4-5 ildən sonra artıq verilən kreditlərin qaytarılması hesabına yeni sahibkarlara yeni kreditlərin verilməsi mümkün olsun. Sahibkarlığın inkişafı həm bölgələrdə, həm şəhərlərdə gedir. Ölkəmizin sənaye potensialının gücləndirilməsi sahəsində böyük işlər görülür, böyük planlarımız vardır. Artıq bu planlar həyata keçirilir. Yeni texnologiya parklarının yaradılması, yeni stimullaşdırma tədbirlərinin görülməsi prosesi başlamışdır. Yaxın gələcəkdə ölkə sənayesinin uğurlu və sürətli inkişafını daha da gücləndirmək üçün yeni stimullaşdırıcı tədbirlər nəzərdə tutulubdur.

Yaxın gələcəkdə ictimaiyyət bu məsələlərlə bağlı məlumat əldə edəcəkdir. Biz sözlə, demək istəyirəm ki, sahibkarlığın inkişafı dövlət siyasətidir və dövlət siyasəti kimi qalacaqdır. Sahibkarlar üçün Azərbaycanda analoqu olmayan şərait yaradılmışdır. Həm dövlət dəstəyi, maliyyə dəstəyi, texniki və intellektual dəstək göstərilir. Sahibkarlar da sadəcə olaraq, bir daha demək istəyirəm ki, bu imkanlardan səmərəli şəkildə istifadə etməlidirlər."

Daha sonra toplantıda İqtisadi inkişaf naziri Şahin Mustafayev çıxış edərək bildirdi ki, həyata keçirilən iqtisadi siyasətin prioritet istiqamətləri olan qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi, regionların tarazlı inkişafı, əlverişli biznes və investisiya mühitinin formalaşdırılması nəticəsində əhalinin rifahı daha da yaxşılaşmış, ölkənin davamlı sosial-iqtisadi tərəqqisinə nail olunmuş, son 8 ildə qeyri-neft sektoru 2,2 dəfə, bu ilin doqquz ayında isə 10,3 faiz artmışdır. Nazir vurğuladı ki, əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsi məqsədi ilə regionlarda infrastrukturun, o cümlədən elektrik enerjisi, qaz, su ilə təminatın yaxşılaşdırılması, yolların, körpülərin, su kanallarının tikintisi, meliorativ tədbirlərin görülməsi üçün ikinci Dövlət Proqramının qəbulundan ötən dövr ərzində bütün maliyyə mənbələrindən əsas kapitala 11 milyard manat, o cümlədən Aran iqtisadi rayonu üzrə 2,5 milyard manat, Yuxarı Qarabağ iqtisadi rayonu üzrə 173,4 milyon manat investisiya yönəldilmişdir. Sonra çıxış edən "Qarabağ Taxıl" müəssisəsinin rəhbəri Rəcəb Orucov ölkə iqtisadiyyatının sürətlə inkişafı, dünyanın qabaqcıl texnologiyalarının Azərbaycanda tətbiqinə şərait yaradılması, müasir istehsal, emal müəssisələrinin, iş yerlərinin açılması, ölkə əhalisinin rifahının yaxşılaşdırılması istiqamətində əldə olunan bütün nailiyyətlərin Prezident İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsi olduğunu bildirdi. Müasir texnologiyaların tətbiqi ilə təsərrüfatda ildə 25 min tondan artıq taxıl istehsalı gözlənildiyini bildirən Rəcəb Orucov dedi ki, istehsal olunacaq taxıl məhsullarının itkisiz və uzun müddət keyfiyyətli saxlanılması üçün layihə çərçivəsində ümumi tutumu 30 min ton olan müasir taxıl anbarının, eləcə də min başlıq müasir heyvandarlıq kompleksinin, bitki yağları istehsalı zavodunun inşası, özəl "Aqrotexservis"in yaradılması nəzərdə tutulur. "Araz" damazlıq quşçuluq fabrikinin rəhbəri Əlif Heydərov dövlətin sahibkarlar göstərdiyi yüksək diqqət və qayğının özəl bölmədə çalışanlara əlavə stimul verdiyini söylədi. O qeyd etdi ki, respublikamızda damazlıq yumurta istehsalı fabriklərinin yaradılması damazlıq yumurta idxalının azalmasına və növbəti illərdə bu məhsula olan tələbatın bütövlükdə daxili istehsal hesabına ödənilməsinə imkan verəcəkdir. Bunun isə öz növbəsində quş ətinin maya dəyərinin 8-10 faiz aşağı düşməsinə şərait yaradacaq. Füzuli soyuducu anbarının rəhbəri Aydın Hüseynov isə, hazırda respublikada istehsal olunan meyvə-tərəvəzin tədarükü və saxlanması məqsədilə müasir soyuducu anbarların yaradılması işlərinə dövlət tərəfindən göstərilən dəstəyi yüksək qiymətləndirdi. Aydın Hüseynov bildirdi ki, hazırda soyuducu anbara Füzulidə və ətraf rayonlarda məskunlaşmış məcburi köçkünlər tərəfindən istehsal edilən iki min tonadək soğan tədarük olunmuşdur. Soyuducu anbara əlavə olaraq üç min ton meyvə-tərəvəz tədarük ediləcəyini bildirən Aydın Hüseynov dedi ki, belə bir müəssisənin tikilib istifadəyə verilməsi, dövlətimizin cəbhə bölgəsində çalışan sahibkarlara və yerli əhaliyə göstərdiyi diqqətin bariz nümunəsi olmaqla, 23 yerli sakinin işlə təmin edilməsinə şərait yaratmışdır. Daha sonra Prezident İlham Əliyev yekun nitqi ilə çıxış edərək bildirdi ki, son illərdə, xüsusilə son iki il ərzində qeyri-neft sektoru daha da sürətlə inkişaf etməyə başlamışdır. Bu, təsadüfi deyil, təbiidir. Çünki qeyri-neft sektorunun inkişafı üçün müəyyən qədər vaxt lazım idi:

"Biz 2004-cü ildə birinci regional proqramı qəbul etdikdə məhz bu reallıqları nəzərə alırdıq və bilirdik ki, niyyətimizi ifadə etmək, konkret layihələrə çevirmək üçün vaxt lazımdır. Biz çox fəal işləmişik və düşünülmüş iqtisadi islahatlar artıq öz gözəl nəticələrini verməkdədir. Ölkə iqtisadiyyatı artıq dünya miqyasında rəqabət qabiliyyətli iqtisadiyyatlar arasındadır. Yaxşı xatırlayıram ki, neft strategiyamızın ilkin illərində bəzi xarici təhlilçilər, müşahidəçilər belə fərziyyələr irəli sürürdülər ki, Azərbaycan neftdən asılı ölkəyə çevriləcəkdir, Azərbaycanda "holland sindromu" olacaqdır, yəni iqtisadiyyat birtərəfli inkişaf edəcəkdir. Mən çox şadam ki, artıq bu söhbətlərdən əsər-əlamət qalmayıbdır. Çünki bizim düşünülmüş iqtisadi siyasətimiz artıq bütün dünyaya Azərbaycanın imkanlarını təqdim etdi. Davos İqtisadi Forumunun hesablamalarına əsasən, - bu da dünya miqyasında ən mötəbər iqtisadi qurumlardan biridir, - Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətliliyinə görə 46-cı yerdə, MDB məkanında birinci yerdədir. Bu, real iqtisadi islahatların nəticəsidir. Ölkə iqtisadiyyatının şaxələndirilməsi, sadəcə olaraq, bir xoş niyyət deyil, bu, artıq reallıqdır. Gələcək illərlə bağlı bizim çox konkret, dəqiq düşünülmüş konsepsiyamız, strategiyamız və konkret layihələrimiz vardır. Hazırda yaranmaqda olan yeni, böyük sənaye mərkəzləri, böyük sənaye müəssisələri, texnologiya parkları artıq bir neçə ildən sonra Azərbaycanın sənaye potensialını yüksək dərəcədə artıracaq və bundan sonrakı illərdə iqtisadiyyatımız qeyri-neft sektorunun hesabına inkişaf etməlidir. Əminəm ki, dövlət siyasəti bir tərəfdən, sahibkarların vətənpərvərliyi, məsuliyyəti və işgüzarlığı digər tərəfdən ölkəmizin uğurlu inkişafını təmin edəcəkdir. Bütün bölgə sahibkarlarına yeni uğurlar və yeni gözəl layihələr arzulayıram."

Digər xəbərlər