PDF Oxu

Siyasət

  • 28

Bölgələr inkişafın yeni mərhələsində

Prezident İlham Əliyevin Saatlı rayonuna növbəti səfəri həmişə olduğu kimi, bu dəfə də, sakinlərə xoş anlar bəxş edib

Bölgələr inkişafın yeni mərhələsində

Müasir dövrümüzdə iqtisadiyyatın dayanıqlı inkişafının təmin edilməsi və əhalinin sosial həyat səviyyəsinin yüksəldilməsi dövlətimizin qarşısında vacib vəzifə kimi durur. Azərbaycan Respublikası regionlarının inkişafında müşahidə olunan vəziyyət mövcud potensialdan səmərəli istifadə etməklə regionların sosial-iqtisadi inkişaf səviyyəsinin yüksəldilməsini və onlar arasında fərqin minimuma çatdırılmasını tələb edir. Bu baxımdan 2004-2008 və 2009-2013-ci illəri əhatə edən regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramları qəbul olunub.

Dövlət Proqramları çərçivəsində bir çox tədbirlər həyata keçirilib və davam etməkdədir. Bunların sırasında kənd təsərrüfatı məhsullarının emalı, müəssisələrin istehsal fəaliyyətinin bərpa edilməsi, yeni istehsal müəssisələrinin qurulması, regionlarda sahibkarlara kömək məqsədilə müxtəlif servis mərkəzlərinin yaradılması, infrastrukturun qurulması, əhalinin işlə təmin edilməsi və digər tədbirlər aiddir.

Görülən bütün işlər yüksək standartlara cavab verməlidir

Dövlət proqramlarından bəhrələnən bölgələrimizdən biri də Saatlı rayonudur. Bu günlərdə dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda rayon üzrə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsinin sürətləndirilməsi məqsədilə Prezidentin ehtiyat fondundan 2 milyon manat ayrılıb.

Ölkə başçısı İlham Əliyev verdiyi tapşırıqları, göstərişləri, dövlət proqramlarının icrasının necə həyata keçirildiyini görmək üçün şəxsən bölgələrə səfərlər edir, aparılan işlərlə yerindəcə tanış olur. Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 27-də Saatlı rayonuna səfəri də deyilənləri bir daha təsdiqləyir.

Saatlı rayon Mərkəzi Xəstəxanasının əsaslı təmirdən sonra açılışında iştirak edən dövlətimizin başçısı İlham Əliyev rayonda aparılan quruculuq-abadlıq işlərini çox yüksək qiymətləndirib: "Gözəl, əlamətdar hadisədir. İndi mən xəstəxana ilə tanış olarkən, bir daha gördüm ki, doğrudan da, bütün işlər yüksək səviyyədə görülmüşdür. İndi bu xəstəxana ən yüksək standartlara cavab verir. Bu da təbiidir, çünki Azərbaycanda görülən bütün işlər yüksək standartlara cavab verməlidir. Biz səhiyyə sisteminin təkmilləşdirilməsi işində bu məsələyə xüsusi önəm veririk".

Sosialyönümlü tədbirlər geniş vüsət alıb

Ölkəmizdə sosialyönümlü digər tədbirlərin də geniş vüsət aldığını diqqətə çatdıran dövlət başçısı Saatlıda da bu istiqamətdə böyük işlər görüldüyünü, digər sosial obyektlərin, sosial infrastrukturun yaradılması məsələləri də uğurla öz həllini tapdığını deyib: "Beləliklə, ölkəmiz hərtərəfli inkişaf edir, ölkəmizin bütün bölgələri inkişaf edir. Vaxtilə qəbul edilmiş "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nı uğurla icra edilir. İkinci Dövlət Proqramı gələn ilin sonunda başa çatacaqdır. Beləliklə, nəzərdə tutduğumuz bütün məsələlər, bölgələrin inkişafı ilə bağlı bütün məsələlər öz həllini tapacaqdır".

Saatlı gənclərinə diqqət artırılır

Ölkəmizdə Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olan dövlət-gənclər siyasəti bu gün Azərbaycan Prezidenti tərəfindən uğurla davam etdirilir. 2003-cü ildən bu sahədə kompleks tədbirlər reallaşdırılır. 2005-2009-cu illəri əhatə edən Azərbaycan gəncliyi Dövlət Proqramının uğurlu icrası bu baxımdan çox mühüm rol oynamışdır. "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı" indiyədək həyata keçirilən işlərin davamlı xarakter daşıdığını göstərir.

Rayonda Saatlı gənclərinin bilik və bacarıqlarının artırılmasında, onların asudə vaxtlarının daha səmərəli təşkilində mühüm rol oynayacaq yeni Gənclər Mərkəzi fəaliyyətə başlayıb. Mərkəzdə gənclərin asudə vaxtlarını səmərəli keçirmələri üçün yüksək şərait yaradılıb.

Mərkəzdə tikişçilik dərnəyi və kompyuter otaqları vardır. Mərkəzdə qurulan atıcılıq klubu müasir texniki avadanlıqla təchiz olunub. Burada musiqiyə marağı olan gənclər üçün karaoke otaqları da fəaliyyət göstərəcək. Mərkəzdə rəssamlıq dərnəyi və rəqs studiyası yaradılıb. Virtual rinq otağında isə gənclərin bilik və bacarıqlarının nümayişi üçün müasir kompyuter guşəsi qurulub. Mərkəzdə müasir üslubda kafe də fəaliyyət göstərəcəkdir. 200 nəfərlik iclas və konfrans zallarında müxtəlif səviyyəli tədbirlərin keçirilməsi üçün də hər cür şərait vardır. Mərkəzə gələn gənclər elektron kitabxanada və linqvistika otağında informasiya-kommunikasiya texnologiyalarının ən son yenilikləri ilə tanış olacaqlar. Burada 3D formatlı filmlərin nümayişi üçün ayrıca kinozal da yaradılıb. Görülmüş işlərdən razılığını bildirən dövlətimizin başçısı tapşırıq və tövsiyələrini verdi.

Qədim maddi-mədəniyyət abidələri qorunur

Ölkəmizin qədim və zəngin maddi-mədəniyyət abidələrinin qorunub saxlanması və gələcək nəsillərə ötürülməsi mühüm əhəmiyyət kəsb edir. Bu istiqamətdə tarix-diyarşünaslıq muzeylərinin fəaliyyəti xüsusi məna daşıyır. Saatlı Tarix-Diyarşünaslıq Muzeyi də qədim maddi-mədəniyyət abidələrinin qorunmasına xidmət edir. Muzey üçün tikilən yeni ikimərtəbəli bina bəzi xüsusiyyətləri ilə seçilir. Memarlıq üslubu ilə fərqlənən binada, eyni zamanda, Rəsm Qalereyası yaradılıb. Binanın ikinci mərtəbəsindəki qalereya bütün lazımi avadanlıqla təchiz olunub.

Qalereyada müxtəlif janrlarda çəkilmiş rəsm əsərləri nümayiş etdirilir. Əsasən, yerli rəssamların əsərlərinin sərgiləndiyi Rəsm Qalereyasında heykəltəraşlıq nümunələri də yer alıb.

Müasir görkəmi ilə seçilən yeni şahmat məktəbləri

Hazırda ölkəmizdə nəhəng idman infrastrukturunun yaradılması istiqamətində mühüm addımlar atılır. Ölkəmizdə idmanın digər sahələri ilə yanaşı, şahmatın inkişafına da xüsusi diqqət və qayğı göstərilir. Nəinki paytaxt Bakıda, regionlarda da müasir görkəmi ilə seçilən yeni şahmat məktəbləri tikilib istifadəyə verilir. Bunlardan biri də Saatlı rayonunda inşa olunan Şahmat Məktəbidir. Şahmat Məktəbi Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə Saatlı rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair ayrılmış vəsait hesabına inşa olunub.

Yüksək səviyyəli tibbi xidmət üçün yeni imkan yaradılıb

Prezident İlham Əliyevin 2010-cu ildə verdiyi Sərəncamla ayrılmış vəsait hesabına əsaslı təmir edilmiş Saatlı Mərkəzi rayon xəstəxanasında yaradılan şərait diqqətəlayiqdir. Buradakı şərait nəinki Saatlı sakinləri, eləcə də, digər rayonların əhalisinə ən yüksək səviyyədə tibbi xidmət göstərməyə imkan verir.

Xəstəxana üç korpusdan ibarətdir. 58 həkim və 125 orta tibb işçisinin çalışdığı tibb müəssisəsinin əsas binası, poliklinika və yoluxucu xəstəliklər korpusları, eyni zamanda, mətbəxi və camaşırxanası tamamilə yenidən qurulub, istilik, su və kommunikasiya sistemləri müasir tələblər səviyyəsinə çatdırılıb. Xəstəxana yeni avadanlıqla və tibbi ləvazimatlarla təmin edilib. Burada poliklinika, cərrahiyyə, doğum, pediatriya, reanimasiya, terapiya, ginekologiya, təcili yardım, infeksion şöbələr fəaliyyət göstərir.

Böyük sevinc və etimadın kəlmələrə çevrilişi

Ölkə Prezidentinin Saatlı rayonuna növbəti səfəri, həmişə olduğu kimi, bu dəfə də sakinlərə xoş anlar, günlər bəxş edib. Dövlət başçısının xüsusi diqqət və qayğısını rayon sakinləri, böyük sevinc və rəğbətlə qarşılayıblar. Rayonun Azadkənd kəndinin sakinləri onlara göstərilən diqqət və qayğıya görə, Ulu Öndərimiz Heydər Əliyevin ən layiqli varisi, ölkə başçısı İlham Əliyevə minnətdarlıqlarını bildirirlər. Onu da birmənalı şəkildə qeyd edirlər ki, növbəti il keciriləcək prezident seckilərində onların mövqeləri dəyişməz qalacaq. Yəni hamı bir nəfər kimi İlham Əliyevin Prezident secilməsinə dəstək verəcəklər.

Nuhəli Kərimov,

"Azərbaycan Fermeri" qəzetinin baş redaktoru

Digər xəbərlər