Oqtay Əsədov: "Azərbaycana heç kim təzyiq edə bilməz"
Dünən Milli Məclisin növbəti plenar iclası keçirilib. Gündəlikdə olan 12 məsələnin müzakirəsindən öncə cari məsələlər ətrafında müzakirələr olub. BQP sədri, millət vəkili Fazil Mustafa "Diffamasiya haqqında" qanunun qəbulunun vacibliyinə toxunub. O, bildirib ki, mətbuatda hələ də təhqirlər, böhtanlar yer alır: "Xüsusilə, "Azadlıq" qəzetini qeyd etmək istəyirəm. Mən bu qəzetlə bağlı Mətbuat Şurasına yox, ABŞ-ın Azərbaycandakı səfirliyinə müraciət etmişəm. Müraciət etdim ki, yetişdirdiyiniz uşaqlara tərbiyə verin. Axı bir deputata görə bütün Milli Məclisi hədəfə almaq olmaz..."
MM-in sədri Oqtay Əsədov F.Mustafanın dediklərində həqiqət olduğunu bildirib. O deyib ki, bəzi KİV-lər böhtan yağdırmaqla məşğuldur. MM-in sədri Oqtay Əsədov bununla bağlı parlamentin mətbuat xidmətinə göstəriş verəcəyini deyib. O.Əsədov deyib ki, Azərbaycana təzyiq etmək istəyən qüvvələr var: "Amma Azərbaycana heç kim təzyiq edə bilməz".
Deputat Zahid Oruc və Etibar Hüseynov da F.Mustafa və MM sədrinin dediklərini dəstəkləyib.
Siyavuş Novruzov: "Müxalifətin aksiyasını nə təbiət, nə cəmiyyət, nə də Allah istəmir"
YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bu gün özünü müxalifət adlandıran bir qrup dağıdıcı dəstənin bəzi dövlətlərin təhriki ilə hərəkət etdiyini bildirdi: "Azərbaycanın qüdrəti artdıqca təzyiqlər də artır. Həmin adamlar yatıb-yatıb ayılırlar ki, onların sərbəst toplaşmaq hüququ var. Bunun başında duranlar, əslində, bir çoxu vaxtilə bu parlamentdə üzv olmuş və buradan bəhrələnmiş insanlardır. Görünür, bu adamlar parlament üçün darıxıblar və heç olmasa bu binanın yanıdan keçmək istəyirlər".
Millət vəkili Siyavuş Novruzov hazırda yağan yağışa işarə edərək bildirdi ki, müxalifətin aksiyasını cəmiyyət kimi Allah da istəmir. O deyib ki, parlamentin əleyhinə yazan KİV-in müxbirlərinin MM-də akkreditasiyası ləğv olunmalıdır: "Nə vaxt düzələrlər, onda da yenidən akkreditasiya olunanlar".
Sonra gündəlikdə olan birinci məsələ ilə bağlı - insan alverinə qarşı mübarizə üzrə milli koordinatorun illik məlumatı dinlənildi. Milli koordinator, Azərbaycan Respublikası daxili işlər nazirinin müavini, general-leytenant Vilayət Eyvazov ötən dövrdə Azərbaycanda insan alveri ilə mübarizə sahəsində görülən işlər barədə məlumat verdi. Bildirdi ki, insan alverinə qarşı mübarizədə mütərəqqi və məqsədyönlü siyasəti reallaşdıran ölkəmizdə sözügedən cinayətlərin qarşısının alınması, zərərçəkənlərin müdafiəsi, hüquqlarının bərpası, sosial reabilitasiyası və təhlükəsiz repatriasiyasını təmin etmək istiqamətində böyük bir fəaliyyət ortaya qoyulmuşdur. İcrası məqsədyönlü şəkildə davam etdirilən Milli Fəaliyyət Planına uyğun olaraq, hesabat ilində, Cinayət Məcəlləsinə hüquqi şəxslərin məsuliyyətini, uşaq pornoqrafiyasının dövriyyəsini cinayət tərkibi kimi müəyyən edən normalar əlavə edilmiş, habelə, insan alverinin və məcburi əməyin qurbanları da daxil olmaqla, çətin həyat şəraitində yaşayan şəxslərə dövlət qayğısının hüquqi, iqtisadi və təşkilati əsaslarını tənzimləyən "Sosial xidmət haqqında" Qanun qəbul olunmuşdur. Diqqət çəkən məsələlərdən biri də hökumətin qərarı ilə, insan alverinin qurbanlarına reinteqrasiya dövründə ödənilən müavinətin məbləğinin iki dəfə artırılaraq 400 manat müəyyən edilməsi olmuşdur.
V.Eyvazovun sözlərinə görə, insan alveri qurbanlarına təxirəsalınmaz tibbi, psixoloji, sosial və hüquqi yardımların göstərilməsində, məşğulluqlarının təmin edilməsində, maarifləndirmə və təbliğat işlərinin aparılmasında qeyri-hökumət təşkilatlarının fəaliyyəti də effektli olmuşdur. Səmərəli fəaliyyətlərinə görə Daxili İşlər Nazirliyi tərəfindən 15 qeyri-hökumət təşkilatı mükafatlandırılmış, habelə, onların insan alverinə qarşı mübarizəyə dair təqdim etdikləri beş layihənin icrası üçün Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 33.500 manat qrant ayırmışdır (2011-ci ildə 40.500). Həyata keçirilən profilaktik tədbirlərdə işçi qrupun üzvü olan dövlət orqanlarının əhəmiyyətli rolu da qeyd edilməlidir. Gənclər və İdman Nazirliyi ilə birgə, cari ilin aprel ayında Saatlı, Salyan, Neftçala, Ağcabədi və Beyləqan rayonlarında mədəni-kütləvi aksiyalar keçirilmiş, tədbirin iştirakçılarına maarifləndirici materiallar paylanmışdır. Uşaqların baxımsızlığına şərait yaradan səbəblərin aşkar edilib aradan qaldırılması yollarına dair sosial, hüquqi, pedaqoji və digər tədbirlər toplusu hazırlanıb yayımlanmışdır. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatının nümayəndələri insan alveri qurbanları üçün sığınacaqda monitorinqlər keçirərək, oradakı şəxslərin problemləri ilə yerində tanış olmuşlar. Hesabat dövründə digər dövlətlərin hüquq-mühafizə orqanları və beynəlxalq təşkilatlar ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə də önəm verilmişdir. Ayrı-ayrı vaxtlarda ABŞ-ın Azərbaycandakı səfirliyinin, Beynəlxalq Miqrasiya Təşkilatının və ATƏT-in Bakı ofisi nümayəndələrinin iştirakı ilə görülmüş işlərin müzakirəsi, fikir mübadiləsi aparılmışdır. ATƏT-in ekspertləri insan alverinin qurbanları üçün Sığınacağın, "Qaynar xətt" telefon xidmətinin fəaliyyəti ilə yerində tanış olmuşlar. V.Eyvazov daha sonra bildirdi ki, cari ilin ötən 10 ayında həyata keçirilmiş əməliyyat-profilaktik tədbirlərlə 85 insan alveri faktı aşkar edilmiş, 2 mütəşəkkil dəstə və 6 cinayətkar qrup zərərsizləşdirilmişdir. Bu növ hüquqazidd əməllərə görə 20 nəfər tutulmuşdur ki, onlardan da 10-u məhkəmələr tərəfindən 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrum olunmuşdur. Beynəlxalq axtarışa elan edilmiş təqsirləndirilən şəxslərdən 3-nün yeri İnterpol xətti ilə müəyyən olunaraq istintaq orqanlarına təhvil verilmiş və hazırda 22 nəfərin axtarışı davam etdirilir. Müəyyən edilmiş 53 qurbandan 19-u Türkiyəyə, 12-si İrana, 2-i Birləşmiş Ərəb Əmirliklərinə, 14-ü Rusiya Federasiyasına aparılmış, 6-sı ölkə daxilində istismara cəlb olunmuşdur. Sığınacağa yerləşdirilmiş 43 qurbanın hər birinə zəruri yardımlar göstərilmişdir. Cinayətlərdən zərər çəkmiş 35 nəfərə birdəfəlik, 18-nə isə Kömək Fondundan müvafiq müavinətlər verilmişdir. İbtidai istintaq və məhkəmə prosesləri dövründə bütün qurbanlar müdafiəçilər ilə təmin olunmuşdur. İnsan alveri cinayətlərinin profilaktikası çərçivəsində ictimai mənəviyyat əleyhinə olan 115 cinayət aşkarlanaraq 85 nəfər məsuliyyətə cəlb edilmişdir. Bu hüquqpozmalarla bağlı barəsində inzibati tənbeh tədbiri görülmüş 450-dək qadının hər biri müvafiq indikatorlar əsasında sorğulara cəlb edilmiş, lakin onların insan alverinin qurbanı olması təsdiqlənməmişdir. Keçirilmiş reydlər zamanı risk qrupuna aid 267 nəfər müəyyən edilərək 89-u insan alverinin qurbanları üçün Yardım Mərkəzinə, Təhsil, Səhiyyə və Ədliyyə nazirliklərinə, digərləri qeyri-hökumət təşkilatlarına istiqamətləndirilmişdir. Potensial qurbanlardan 67-nə tibbi, 151-nə hüquqi, 112-nə psixoloji yardımlar göstərilmiş, 50-si işlə təmin edilmişdir. Dövlət Miqrasiya Xidmətinin 484 obyektdə apardığı yoxlamalarla iki mindən çox əcnəbinin və vətəndaşlığı olmayan şəxsin işə cəlb edilməsi qaydalarını pozmuş 235 hüquqi və fiziki şəxs barəsində müvafiq tədbirlər görülmüşdür. Bununla bərabər, polis tərəfindən keçirilən reydlər zamanı küçə həyatına məruz qalan, o cümlədən, dilənçilik edən və qeyri-qanuni qulluğa cəlb olunan 455 azyaşlı müəyyən edilmişdir. Müvafiq yoxlamalarla həmin uşaqların insan alverinin qurbanı olması təsdiqlənməmişdir. Lakin övladlarının təlim-tərbiyəsi ilə bağlı vəzifələri yerinə yetirməyən, onları hüquqazidd əməllərə təhrik edən 200-ə yaxın valideyn barəsində qanunauyğun tədbirlər görülmüşdür. Nərimanov, Nizami və Xətai rayonlarında yaradılmış icma əsaslı "Uşaq polisi otaqları"nda qeydiyyatda olan 27 azyaşlı hüquqi yardım tədbirləri ilə əhatə olunmuş, habelə, insan alverinin qurbanı və potensial qurban olan 19 yetkinlik yaşına çatmayan - şəxsiyyəti təsdiq edən sənədlərlə təmin edilmişdir.
İnsan alverinə qarşı mübarizə üzrə milli koordinator onu da qeyd etdi ki, ölkəmizdə insan alverinin bütün formalarının aradan qaldırılması istiqamətində mövcud olan yüksək siyasi iradə, Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam edən inkişaf və iqtisadi tərəqqi prosesləri - Milli Fəaliyyət Planından irəli gələn tədbirlərin məqsədyönlü şəkildə həyata keçirilməsinin əsas təminatıdır. Qarşıya qoyulmuş vəzifələr aidiyyəti dövlət orqanları və vətəndaş cəmiyyəti ilə birgə ardıcıllıqla yerinə yetirilir. Eyni zamanda, beynəlxalq qurumların insan alverinə qarşı mübarizə tədbirlərinin təkmilləşməsinə yönəlmiş təklif və tövsiyələri diqqətlə öyrənilərək əlaqədar perspektiv planlara lazımi korrektələr edilir. Sözsüz ki, həyata keçirilən bu və digər tədbirlər hansısa bir dövlətin və ya beynəlxalq qurumun təqdirini qazanmaq naminə deyil, respublikada hüquq qaydasının, qanunçuluğun, insan hüquq və azadlıqlarının, bütövlükdə, milli maraqların etibarlı təmin edilməsi sahəsində ölkə Prezidentinin müəyyən etdiyi strateji vəzifələrin tam yerinə yetirilməsinə, o cümlədən, insan alveri kimi təhlükəli sosial təzahürə qarşı mübarizə standartlarının yüksəlməsinə yönəlmişdir.
Müzakirələr zamanı deputatlardan Aydın Mirzəzadə, Azay Quliyev, Əli Hüseynli və başqaları çıxış edərək, hesabatla bağlı fikilərini bildirdilər. Hesabatı təqdir edən deputatalar xüsusilə insan alverinə qarşı mübarizədə vətəndaş cəmiyyətinin rolunu yüksək qiymətləndirdilər. İnsan alverinə qarşı mübarizə üzrə milli koordinator Vilayət Eyvazov deputatları maraqlandıran məsələlərə münasibət bildirdikdən sonra hesabat səsə qoyuldu və nəzərə alındı.
Plenar iclasda növbəti - "Mərkəzi Asiya və Qafqazda balıqçılıq təsərrüfatı və akvakultura sahəsində Regional Komissiyaya dair" Sazişin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Eldar İbrahimov məlumat verdi. Qeyd etdi ki, Saziş 2012-ci il martın 19-da imzalanmışdır. Qanun layihəsi təsdiq olundu.
Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynli isə "Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə" "Miqrasiya orqanları ilə səmərəli əməkdaşlığa görə" və "Miqrasiya orqanlarında qüsursuz qulluğa görə" Azərbaycan Respublikası medallarının təsis edilməsi ilə əlaqədar" Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında məlumat verdi. Qısa müzakirədən sonra qanun layihəsi təsdiq olundu. Həmçinin, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsi də diqqətə çatdırıldı. Millət vəkillərinin maüzakirələrindən sonra qanun layihəsi təsdiq olundu.
İclasda parlamentin Regional Məsələlər Komitəsinin üzvü Tahir Rzayev "Azərbaycan Respublikasının bəzi şəhər və rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında" və "Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında" qanun layihələrini diqqətə çatdırdı. Hər iki məsələ təsdiq olundu.
Sonra iclasda "Sərbəst toplaşmaq azadlığı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarıldı. Məsələ ilə bağlı məlumat verən Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin üzvü Rafael Cəbrayılov, həmçinin, bununla əlaqədar olaraq Azərbaycan Respublikasının Cinayət və İnzibati Xətalar məcəllələrinə təklif olunan dəyişiklikləri diqqətə çatdırdı.
RƏFİQƏ KAMALQIZI