Səbail rayonunuda Yeni Azərbaycan Partiyasının yubileyi ilə bağlı tədbirlər davam edir
Dünən YAP Səbail rayon təşkilatının Dövlət Dəniz Administrasiyası "Dənizçilər" ərazi ilk təşkilatının iclası keçirilıb. YAP Səbail rayon təşkilatı DDA-nın aparat rəhbəri Əhməd İsmayılov "Yeni Azərbaycan Partiyası yeni inkişaf mərhələsində" mövzusunda məruzə edib. Ə.İsmayılov qeyd edib ki, YAP ötən əsrin 90-cı illərinin əvvəlində Azərbaycan xalqının arzu və istəklərinin ifadəçisi kimi yaranan partiyadır. Yarandığı gündən YAP Ümummilli Lider Heydər Əliyevin siyasi kursu ətrafında sıx birləşərək Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılmasında və möhkəmləndirilməsində, demokratik, hüquqi, dünyəvi dövlət qurulmasında əhəmiyyətli rol oynamışdır. Partiyanın ötən 20 ildəki əsas fəaliyyət istiqamətləri Ulu Öndər Heydər Əliyevin yaratdığı əmin-amanlıq, ictimai-siyasi sabitliyi, milli həmrəyliyi qoruyub saxlamaqdan, güclü və sosial yönümlü iqtisadiyyatı gücləndirməkdən ibarət olmuşdur".
YAP Səbail rayon təşkilatının sədr müavini Muxtar Nağıyev 1992-ci ilin noyabr ayında Naxçıvanda ağır şəraitdə, böyük təzyiqlər altında yaranan partiyanın çox qısa müddətdə ümumxalq partiyasına çevrildiyini diqqətə çatdırıb: "YAP o zamankı hakimiyyətə müxalif siyasi qüvvə kimi yaranmasa da, Heydər Əliyevin siyasi nüfuzu sayəsində xalqın dəstəyi ilə təkmilləşmiş, sıraları genişlənmiş və tez bir zamanda iqtidar partiyası olmuşdur".
DDA-nın mətbuat katibi Ərsalan Əliyev Yeni Azərbaycan Partiyasının milli dövlətçiliyin inkişafındakı xidmətlərindən danışaraq vurğulayıb ki, bu gün YAP ölkəmizdə ən mütəşəkkil və kütləvi siyasi təşkilatdır: "Cəmiyyətin ən müxtəlif sosial təbəqələrini sıralarında birləşdirən partiyanın ictimai-siyasi proseslərə təsir imkanları ildən-ilə genişlənir, beynəlxalq nüfuzu artır. Partiya üzvlərinin təxminən 40 faizinin gənclərdən ibarət olması onun böyük siyasi gələcəyindən və inkişaf potensialından xəbər verir".
DDA-nın sektor müdirləri Tofiq Mədətov, Fuad Mərdiyev çıxış edərək, ölkəmizdə ən güclü siyasi qüvvəyə çevrilmiş YAP-ın fəaliyyətindən danışaraq bildiriblər ki, bu gün əldə edilən iqtisadi uğurlar onu deməyə əsas verir ki, Ümummilli Liderimiz müstəqil Azərbaycana rəhbərlik etdiyi illərdə ölkəmizin inkişafını möhkəm təməllər üzərində qurmuşdur. Azərbaycan xaosdan sabitliyə, inkişafa qədəm qoymuş və bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyev ölkəmizi bölgənin lider dövlətinə çevirməklə rifaha doğru inamla aparmaqdadır. Azərbaycanın yenilməz dövlətə çevrilməsi bu gün hakimiyyətlə xalqın vəhdətinin nəticəsidir.
Sonda partiya sıralarına yeni qəbul olunanlara üzvlük vəsiqələri təqdim edilib.
A.Səmədova