PDF Oxu

Siyasət

  • 22

"Bakıya uçuş: Müasir Azərbaycan incəsənəti" sərgisi Berlində

"Bakıya uçuş: Müasir Azərbaycan incəsənəti" sərgisi Berlində

Leyla Əliyeva: "İncəsənət Azərbaycan həyatının və mədəniyyətinin əhəmiyyətli bir hissəsidir"

Azərbaycan milli mədəniyyətinin, dəyərlərinin qorunması və dünyanın müxtəlif qitələrində layiqincə təmsili dövlətin mədəniyyət siyasətini əsas istiqamətlərindən biridir. Bu istiqamətdə Heydər Əliyev Fondunun həyata keçiridiyi layihələr də önəmlidir.

Heydər Əliyev Fondunun Azərbaycanı dünyaya daha yaxından tanıdılması istiqamətində həyata keçirdiyi tədbirlər sırasında əhəmiyyəti olan sərgilərin təşkilini xüsusi vurğulamaq vacibdir. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın və Heydər Əliyev Fondunun viste-prezidenti Leyla xanım Əliyevanın dəstəyi ilə keçirilən sərgilər Şərq ilə Qərb mədəniyyətlərinin qovuşmasında bir körpü rolunu oynayır. "Bakıya uçuş: Müasir Azərbaycan incəsənəti" mövzusunda təşkil olunan sərgi də bu qəbildəndir. Sərgilərdə nümayiş olunan əsərlərdəki dinamizm və yaradıcılıq ruhu bu gün Azərbaycanda baş verənlərin böyük bir hissəsini əks etdirir. Misli görünməmiş inkişaf dövrü yaşayan Azərbaycanın qədim tarixi də əsərlərdə əksini tapır. Orijinal sərgilərdə nümayiş olunan əsərlər bir daha sübut etdi ki, incəsənətin imkanları sonsuzdur və o, heç bir məhdudiyyət tanımır. Avanqard çalarlar ilə zəngin olan sərgilər onu da təsdiqləyir ki, Azərbaycanda mədəniyyətə və sənətə hər zaman böyük diqqət yetirilib. Ölkəmizdə mədəniyyətin inkişafı üçün daha münbit şəraitin yaradılması, mədəniyyət və incəsənət nümayəndələrinin azad yaradıcılıq imkanlarının təmin edilməsi yolunda müntəzəm tədbirlər həyata keçirilir.

Azərbaycan mədəniyyətinin və milli bənzərsizliyimizin nümayişi üçün daha bir məqam "Bakıya uçuş: Müasir Azərbaycan incəsənəti" sərgisidir. Yüzlərlə xarici vətəndaş mədəniyyətimizin zəngin və sehrli aləminə tamaşa etmək imkanında olub. Bu gün deyə bilərik ki, dünyanın bir sıra ölkələrində sənətsevərlərə təqdim olunan sərginin coğrafiyası günü-gündən genişlənir. Belə ki, bu mövzuda keçirilən növbəti tədbir - "Bakıya uçuş: Müasir Azərbaycan incəsənəti" sərgisinin Berlində təntənəli açılışı olub.

Almaniya paytaxtının məşhur "Collectors room" sərgi mərkəzində Heydər Əliyev Fondunun, Azərbaycanın Almaniyadakı səfirliyinin və "Baku international" jurnalının birgə təşkilatçılığı ilə "Bakıya uçuş: Müasir Azərbaycan incəsənət sərgisi"nin açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.

Sərginin açılışına Almaniyanın nüfuzlu şəxsləri, ictimai xadimləri, incəsənət adamları, dünyanın müxtəlif ölkələrindən qonaqlar təşrif buyurublar.

Açılış mərasimində çıxış edən Heydər Əliyev Fondunun vitse-prezidenti, "Baku" jurnalının baş redaktoru Leyla xanım Əliyeva sərgi haqqında qonaqlara məlumat verib. Fondun vitse-prezidenti bildirib ki, indiyədək bu sərgi dünyanın müxtəlif paytaxtlarında, o cümlədən Londonda və Parisdə keçirilib, böyük maraqla qarşılanıb. Budəfəki sərgi çox zəngindir. Burada Azərbaycanın müasir incəsənətinin faktiki olaraq bütün istiqamətləri öz əksini tapıb. Sərgidə 21 sənət adamının 94 işi nümayiş etdirilir.

Leyla xanım Əliyeva bu gün bütün dünyanı sürətli inkişafı və çiçəklənməsi ilə heyran qoyan Azərbaycanın qədim və zəngin tarixə malik ölkə olduğunu bildirib. Azərbaycanlıların bütün müsəlman Şərqində ilk demokratik respublika qurduqlarını, Şərqdə ilk baleti, operanı yaratdıqlarını və bu cür bir sıra böyük nailiyyətlərə imza atdıqlarını iştirakçıların diqqətinə çatdırıb: "Azərbaycan elə bir ölkədir ki, burada müxtəlif mədəniyyətlər, millətlər və dinlər sülh şəraitində vahid bir ailə kimi yaşayırlar. Biz bu faktdan çox qürur duyuruq. Şübhəsiz ki, incəsənət Azərbaycan həyatının və mədəniyyətinin əhəmiyyətli bir hissəsidir. Sizin hər birinizi Azərbaycana dəvət edirəm. Gəlin ölkəmizi özünüz üçün kəşf edin".

Tədbirdə iştirak edn sərginin kuratoru Erve Mikaeloff, uzun illər Almaniya Tarix Muzeyinə rəhbərlik etmiş tanınmış mədəniyyət xadimi, hazırda Vaymar Ali Musiqi Məktəbinin prezidenti professor dr.Kristof Stolzel dünyanın müxtəlif ölkələrində keçirilmiş "Bakıya uçuş: Müasir Azərbaycan İncəsənəti" sərgisinin Berlində də təşkil olunmasının Azərbaycanı dünyaya müasir, inkişaf edən və zəngin mədəni irsə malik ölkə kimi tanıtdığını bildiriblər.

Sərgidə Azərbaycan rəssamlarının universal dəyərlərə malik olması da diqqətdən yayınmayıb. Azərbaycan rəssamlarının mənəvi mühitləri çox zəngindir və dünyəvi dəyərləri bölüşürlər. Zəngin musiqisi, poeziyası olan Azərbaycan müasir incəsənət ölkəsi kimi də kəşf edilib.

Onu da qeyd edək ki, digər ölkələrdə təşkil olunan sərgilərdə olduğu kimi bu sərgidə də Leyla xanım Əliyevanın müəllifi olduğu əsərlər də iştirakçılar tərəfindən xüsusi diqqətlə izlənilib və yüksək qiymətləndirilib.

Noyabrın 17-dək davam edəcək sərgi dünyanın digər şəhərlərində olduğu kimi, Almaniya paytaxtında da Azərbaycanın mənzərəsini layiqincə təmsil edərək, onun zəngin tarixi ənənələri üzərində yaranan müasir sənəti ilə tanış edəcək.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər