PDF Oxu

Siyasət

  • 19

Yeni Azərbaycan Partiyası – Milyonların rəğbətini qazanan möhtəşəm partiya

Yeni Azərbaycan Partiyası – Milyonların rəğbətini qazanan möhtəşəm partiya

Tarixin müxtəlif mərhələlərində elə məqamlar olur ki, bütöv bir millətin, ölkənin, dövlətin gələcək taleyini müəyyən edir. XX əsrin sonu dünya sivilizasiya tarixində özünəməxsus yeri olan Azərbaycan xalqının həyatında epoxial mahiyyəti ilə diqqəti cəlb edən hadisələrlə zəngin olmuşdur. Ən başlıcası isə, Şərq və Qərb sivilizasiyalarını özündə harmonik şəkildə əks etdirən, qədim kökə və zəngin mədəniyyətə, böyük intellektual potensiala malik xalqımız o dövrdə dünyada və keçmiş sovetlər birliyində gedən obyektiv proseslərin, eyni zamanda nəhəng imperiyanın dayaqlarının süqutuna şərait yaradan davamlı bir prosesin məntiqi nəticəsi olaraq azad, müstəqil dövlətə sahiblik haqqı qazanıb.

Müstəqillik qazandıqdan sonra ölkəmizdə hüquqi dövlət ideyasının reallaşmasına zəmin yaradılması, milli-mənəvi dəyərlərə qayıdış, mənəvi intibahın başlanması, xalqın gələcək taleyi ilə bağlı aktual problemlərin həlli zərurəti ön plana çıxmışdı. Bir ictimai-siyasi formasiyadan digərinə keçmiş ölkəmizdə məzmunca yeni olan proseslər cəmiyyətin bütün sferalarını əhatə edərək keçid dövrünün qeyri-müəyyənliyinin aradan qaldırılması üçün zəruri əsaslar formalaşdırıldı.

Demokratiya və azad bazar iqtisadiyyatı prinsiplərini gələcək inkişaf modeli kimi seçmiş Azərbaycanda hakimiyyətin bütün təbii sərvətlərinin xalqa mənsubluğu, mülkiyyətin bütün formalarının bərabərliyi, vətəndaşın seçki hüququnun, çoxpartiyalı sistemin təminatı, habelə insan və vətəndaş hüquq və azadlıqlarının ümumi prinsipləri rəsmən elan edilsə də, fəqət bu sahədə irəliləyiş baş vermədi. Ölkədəki obyektiv və subyektiv proseslər, hakimiyyəti qeyri-qanuni ələ keçirmiş diletant qüvvələrə qarşı ictimai inamsızlığın dərinləşməsi, sosial-iqtisadi tənəzzül, dövrün tələblərinə cavab verən qanunların yoxluğu xalqın müqəddəs istək və arzularının reallaşmasını əlçatmaz, mümkünsüz edirdi. Həmçinin o dövrdə ölkəni idarə edən səriştəsiz rəhbərlərin, meydan ovqatı ilə yaşayan utopik siyasətbazların fanat ideyaları, aparılan küçə təfəkkürlü primitiv siyasət, vəzifə kürsüsü uğrunda ölüm-dirim qarşıdurmaları əldə edilən müstəqilliyin davamlı və təminatlı olacağını sual altına qoyurdu.

Digər tərəfdən, total bir sistemin məngənəsindən xilas olmuş Azərbaycan dünya siyasətinin müəyyənləşməsində xüsusi yeri və çəkisi olan dövlətlərin maraq dairəsindəki geosiyasi və geostrateji məkan olaraq güclü təzyiqlərdən sığortalanmamışdır. Eyni zamanda, o dövrdə ölkədə seperatçılıq meyillərinin güclənməsi, özlərini azadlıq fədailəri sayan siyasətçilərin əsas məqsəddən yayınaraq cılız şəxsi ambisiyalara xidmət etməsi, xalqın ümumilli maraqlarına uyğun siyasi kursun müəyyənləşməməsi, milli təhlükəsizliyimizin təmin olunması üçün strateji əməkdaşlığın düzgün qurulmaması, ölkənin gələcək taleyi ilə bağlı heç bir konsepsiyanın olmaması cəmiyyətdə bu məsələlərin ağırlığını öz üzərinə götürə biləcək güclü liderə və onun xarizması altında fomalaşan, xalqın əksəriyyətini özündə birləşdirən siyasi cərəyana olan ehtiyacı zəruri edirdi.

Fəaliyyətdə olan siyasi təşkilatlar isə demokratik dəyərlərin inkişafından daha çox ayrı-ayrı siyasətçilərin hakimiyyət uğrunda apardığı qeyri-konstruktiv mübarizədə onların şəxsi məqsədlərinə xidmət edən vasitəyə çevrilmişdilər. Qeyri-peşəkar, dağıdıcı siyasətin nəticəsində Azərbaycan torpaqları işğal edilir, iqtisadiyyat tənəzzülə uğrayır, hərc-mərclik, ayrı-ayrı silahlı quldur dəstələrin hegemonluğu, daxili çəkişmələr artır, vətəndaşların taleyinə göstərilən etinasız münasibət, min illər boyu formalaşan milli və tarixi ənənələrimizə, əxlaqi mənəvi dəyərlərimizə vurulan zərbələr güclənirdi. Nəinki dövlət müstəqilliyimizi, hətta ölkənin özünü qeyri-müəyyən müqəddərat qarşısında qoyan bu hallar görkəmli dövlət xadimi və dünya şöhrətli mahir siyasətçi Heydər Əliyev şəxsiyyətinə, onun respublikaya rəhbərliyə qayıdışına olan ümumxalq ehtiyacını və tələbini artırırdı.

Əzilən və varlığını itirmək təhlükəsi ilə üz-üzə qalan xalq total bir rejimdən demokratiyaya keçməli, iqtisadiyyatı tənəzzüldən qurtarmalı, bütövlüyü pozulmuş ərazilərini bərpa etməli, ölkədə davamlı və təminatlı sabitlik, sağlam mənəvi-psixoloji şərait yaratmalı idi. Bu mürəkkəb və son dərəcə çətin məsələlərin ağırlığı altında ictimai şüurda böyük dövlətçilik təcrübəsinə, yenilməz iradəyə, zəngin ideya-nəzəri irsə malik fenomen, müdrik dövlət xadimi Heydər Əliyevin yaradıcı və xilaskar obrazı canlanırdı.

Tariximizin ən dramatik və gərgin dövrü olan o illər sahibsiz qalmış müstəqil Azərbaycanın tarixində son dərəcə məşəqqətli bir zaman kimi yadda qaldı. Hakimiyyətsizliyin, müxtəlif hərbi-siyasi cinayətkarlığın hökm sürdüyü o illər formal müstəqillik dövrü olaraq bütöv bir millət üçün utanc gətirən, təəssüf doğuran reallıqları ilə müşayiət olunurdu.

Azərbaycan öz gerçək milli istiqlalına, milli-siyasi azadlığına Heydər Əliyevin misilsiz xidmətləri və onun yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının qətiyyətli və prinsipial fəaliyyəti sayəsində qovuşub. Azərbaycan xalqı müstəqil dövlətin mövcudluğuna görə ulu öndəri həmişə xüsusi ehtiram mərtəbəsində saxlayacaqdır. Məh bu böyük, müdrik zəka sahibinin qəti iradəsi, bu millətə və dövlətə tükənməz sevgisi, qaranlıqlar içərisində yol axtaran, sabaha ümidsiz xalqın üzünə doğan Heydər Əliyev işığı, millətimizi və dövlətimizi faciələrdən qurtardı, uçurumun bir addımlığından geri qaytardı.

Bütün dövrlərdə siyasi məzmun yükünü dəyişməyən ali həqiqət ondan ibarətdir ki, yalnız və yalnız milli iradənin, irsi və ənənələrin, düşüncə sistemin parlaq təzahürü kimi yaranmış dövlət tarixin sərt sınaqları qarşısında duruş gətirə bilər.

20 il öncə zidiyyətlərlə dolu taleyimizə təhlükə törədən təzahürlərin meydana gəldiyi kimi, daim iri çarpışmaların, təbəddülatların içərisində olan bir məmləkətə Yeni Azərbaycan Partiyası günəş kimi doğdu və ötən 20 ildə tariximizə şərəf gətirən ən şanlı salnamələr yazıldı.

Yeni Azərbaycan Partiyası o dövrdə ölkədə mövcud olan mürəkkəb siyasi durumun nə qədər təhlükəli olduğunu dərk edərək ölkəni düşdüyü böhrandan çıxarmaq üçün bütün resurslarını vahid gücə, qüdrətli enerji mənbəyinə çevirərək açıq və sivil mübarizəyə başladı. 20 il bəlkədə tarix baxımdan o qədər də böyük zaman deyil. Lakin bu zaman kəsiyində Azərbaycanın tarixində və taleyində çox mühüm hadisələr baş verdi. Avropa dəyərlərini özündə əks etdirən demokratik cəmiyyət quruculuğu, rəqabətli iqtisadi yüksəliş Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizinin reallaşması üçün transmilli lahiyələrin gerçəkləşməsi baş verdi. Keçmiş sovetlər birliyindən miras qalmış ictimai fikir və düşüncə tərzi milliləşdi, milli-mənəvi inkişafımız xaotiklikdən sistemləşməyə doğru dəyişdi. Azərbaycanda demokratik dəyərlərin formalaşması və inkişafında əvəzedilməz və qətiyyətli addımlar atıldı, milli şüur dəyişən ictimai-siyasi formasiyanın fonunda eroziyaya uğramadı, əksinə, tərəqqiyə doğru yeni bir mərhələyə qədəm qoydu.

Yeni Azərbaycan Partiyası Heydər Əliyev ətrafında ona sədaqətli olan, onun şəxsiyyətinin Azərbaycanın taleyi üçün xüsusi önəm daşıdığını dərk edən insanların, vətənpərvərlərin, dövlətçi şəxslərin cəmləşdiyi partiya oldu. Məmnunuq ki, YAP-ın ölkənin, dövlətin tərəqqisində fəal rol oynayacağına bəslənən ümidlər keçən 20 il müddətində tamamilə özünü doğrultdu.

Bəli, partiyamız zamanın, tarixin sifarişi ilə meydana gəldi. Bu, Azərbaycanın siyasi həyatına daxil olan təşkilatın ətrafında cəmləşmiş ziyalı təbəqəsinin, intellektual gücün yenicə əldə edilmiş kövrək müstəqilliyin qorunmasına səfərbər edilməsi naminə edilən sifariş idi. Proseslərə fəal müdaxiləsi nəzərdə tutulmuş pronsipləri həyata keçirməkdən ötrü yüksək səviyyədə çevikliyi və ən əsası Heydər Əliyev kimi xarizmatik, güclü lideri ilə partiyamız cəmiyyətdə daim göz önündə oldu. Ən çətin anlarda ərsəyə gələn YAP ulu öndər Heydər Əliyevin müəyyən etdiyi strategiyaya uyğun fəaliyyət göstərərək dövlət müstəqqiliyinin qorunması və inkişafı missiyasını yerinə yetirdi. Təbii ki, taleyüklü anlarda ali hakimiyyət orqanlarına seçkilərdə xalqın partiyamıza və onun liderinə verdiyi dəstək, göstərdiyi etimad bu missiyanın qiymətləndirilməsi demək oldu.

Xalqın arzularının təzahürü kimi meydana gələn YAP ötən 20 ildə bəyan etdiyi prinsiplərə tam sadiqlik nümayiş etdirmiş, öz xalqı qarşısında ləyaqətlə xidmət göstərmiş, üzərinə düşən bütün vəzifələri ümumilli maraqlara uyğun olaraq vicdanla, şərəflə yerinə yetirmiş, son dərəcə ziddiyyətli, mürəkkəb hadisələrdən inamla çıxmış, Azərbaycanın dövlətçiliyinin və istiqlaliyyətinin qorunub saxlanmasında əzmlə mübarizə aparmış, ən həlledici məqamlarda xalqın içərisində olmuşdur. Öz nəhəng və inamlı addımları ilə cəmiyyətdə xüsusi çəkiyə və nüfuza malik partiyamız monolit siyasi güc olaraq heç zaman qərar vermək anında tərəddüd etməmiş, öz seçimini dəqiq müəyyənləşdirmişdir.

Partiyamızın ictimai həyatımıza bəxş etdiyi fikir müxtəlifliyi, söz azadlığı liberallıq kimi qiymətli töhvələr indi cəmiyyətimizin vacib atributuna çevrilmişdir. Həmin atributların mövcudluğu isə əslində günümüzün aparıcı kursu olan demokratiyanın və demokratik cəmiyyətin özünün tərkib hissəsi kimi çıxış etməkdədir.

Məhz partiyamızın məqsədyönlü konstruktiv fəaliyyəti sayəsində ölkədə sağlam mənəvi mühit yaradıldı, dövlət və demokratik institutların fəaliyyətinə yenilik gətirildi, dövlət quruculuğunda aparılan siyasət, milli tarixi ənənələrin qorunub saxlanmasına, inkişafına, sivilizasiyaların bəhrələrindən istifadəyə, sivil vətəndaş cəmiyyəti quruculuğuna yönəldi, Avropa təsisatlarına inteqrasiyanı şərtləndirdi, ölkəmiz demokratik, müasir, bəşəri dəyərlərə sadiq bir dövlət kimi tanındı və beləliklə, ölkənin həyatında yeni bir mərhələ başlandı.

Yeni Azərbaycan Partiyası təlatümlü, ziddiyyətli, ictimai-siyasi gərginliklərlə səciyyələnən o illərdə heyrətamiz fədakarlıqla üzərinə düşən missiyanı şərəflə, ləyaqətlə yerinə yetirərək, ölkəni sürətlə fəlakətə sürükləyən təhlükəli proseslərin qarşısını almağa qadir bir qüvvə kimi özünü təsdiqlədi. Danılmaz həqiqətdir ki, məhz bu illərdə partiyamızın ardıcıl və prinsipial mövqeyi dövlət müstəqilliyimizin möhkəmləndirilməsi və dönməz xarakter alması, bütövlüyü pozulmuş ərazilərimizə olan təcavüzün qarşısının alınması baxımından əhəmiyyətli rol oynamışdır. Digər tərəfdən yaradılan sabit siyasi durum, sağlam mənəvi mühit şəraitində Azərbaycanın gələcək milli inkişaf strategiyası müəyyənləşdirildi və onun reallaşmasına nail olundu. Cəsarətlə söyləmək olar ki, partiyamız o zaman ölkədəki ictimai-siyasi kataklizm şəraitində birləşdirici amil oldu, aparıcı qüvvə rolunu oynadı.

Tariximizə ən şərəfli dövr kimi həkk olunmuş ötən 20 ildə milli dövlət quruculuğu və milli dövlətin inkişafında görülən işlər nəhəngliyinə görə ölçüyəgəlməz, məzmunca tükənməz olmuşdur. Ölkəni güclü, qüdrətli dövlətə çevirməyi, möhtəşəm siyasi-iqtisadi layihələr həyata keçirməyi fəaliyyət strategiyasının əsas prinsipi sayan Yeni Azərbaycan Partiyası milli istiqlalımızın qorunması üçün milli dövlətçilik məfkurəsinin genişlənməsini, qanunçuluğun, sosial ədalətinin bərpa edilməsini, vətəndaş həmrəyliyinin yaradılmasını, demokratik cəmiyyət quruculuğunun əsas şərti olan insan hüquq və azadlıqlarının təmin olunmasını önə çəkdi. Partiya ölkədə beynəlxalq standartlara uyğun milli qanunvericilik bazasının formalaşmasını, bütün sahələrdə, köklü islahatların aparılmasını, sağlam mənəvi-psixoloji atmosferin yaradılmasını, ölkədaxili, geosiyasi və regional çətinliklərə baxmayaraq, Azərbaycanın dünyanın siyasi arenasının fəal subyektlərdən birinə çevrilməsini prioritet kimi müəyyən etdi. Məhz aparılan bu siyasət ölkəni gələcəyə doğru demokratik inkişaf yolu ilə, qətiyyətlə addımlayan bir məmləkətə çevirdi.

Yeni Azərbaycan Partiyası siyasətimizə, cəmiyyətimizə bir əxlaq, sivil mübarizə nümunəsi gətirdi, dövlətçilik maraqlarının qrup mənafelərindən və ambisiya buxovundan azad edilməsi prinsipini önə çəkdi, cəmiyyətdə total sovet rejimindən qalmış ayrı-ayrı təzahürləri aradan qaldırmaqla bəşər sivilizasiyasının keçdiyi inkişaf mərhələsindən yararlanaraq, demokratik islahatlar yolu keçmiş ölkələrin təcrübələrindən bəhrələnərək ölkənin inkişafa doğru istiqamətlənməsində mühüm rol oynadı, ümumbəşəri dəyərlərin üstünlüyünü qəbul edib hüquqi, sivil, dünyəvi dövlət quruculuğu yolunda inamlı addımlar atdı. YAP ən qısa müddətdə milyonların rəğbətini qazanaraq möhtəşəm bir partiyaya çevrildi.

Azərbaycanın yüksək inkişafa nail olmasını dünya heyranlıqla izləyir. İftixar doğuran hal odur ki, ümumilli liderin adı ilə bağlı olan Yeni Azərbaycan Partiyası son illər dahada mətinləşmiş, sıraları genişlənmiş, naxələf üzvlərdən, riyakar və satqınlardan təmizlənmiş və partiya ölkəni xoşbəxt gələcəyə aparan möhtərəm sədri, dövlətimizin başçısı cənab İlham Əliyevin ətrafında sıx birləşərək monolit bir qüvvəyə çevrilmişdir. Cəmiyyətin yüz minlərlə üzvü öz siyasi taleyini bu partiyaya bağlayır və dövlətçiliyə uzanan qara əllərə, qara niyyətli qüvvələrə qarşı qətiyyətlə mübarizə aparır. Məhz bunun nəticəsidir ki, ümumilli lider Heydər Əliyevin ideyaları gerçəkləşir, arzu və istəkləri həyata keçir. Qazandığımız uğurlar, əldə etdiyimiz böyük nailiyyətlər bizə onu deməyi əsas verir ki, Yeni Azərbaycan Partiyası hələ uzun illər Azərbaycanın ictimai-siyasi həyatında öz mötəbər mövqeyini, inam və etibarını qoruyun saxlayacaqdır.

İsgəndər Mustafazadə

YAP Siyasi Şurasının üzvü

yap.org.az

Digər xəbərlər