PDF Oxu

Siyasət

  • 14

Dövlət Bayrağımız qürur mənbəyimizdir

İlham Əliyev: "Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır"

Dövlət Bayrağımız qürur mənbəyimizdir

Bu gün 9 Noyabr tarixi Azərbaycanda Dövlət Bayrağı günüdür. Azərbaycan dövlət atributlarından, dövlətçilik rəmzlərindən biri onun Milli Bayraq - Dövlət bayrağıdır. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir.

Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrildi. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir.

Tarixdən bəllidir ki, Azərbaycan Respublikasının Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilmiş və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olmuşdur. Həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilmişdir. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti "Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında" Qanun qəbul edərək, onu Dövlət bayrağı elan etdi.

1991-ci il oktyabrın 18-də "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət bayrağını bərpa etdi. 2004-cü il iyunun 8-də "Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında" Azərbaycan Respublikasının Qanunu ilə bu sahədə qanunvericilik bazası təkmilləşdirilmişdir.

Azərbaycan Respublikasının Dövlət bayrağının ilk dəfə rəsmi surətdə 1918-ci il noyabrın 9-da qəbul edilməsini nəzərə alaraq, dövlət rəmzlərinə hörmət və ehtiramı təmin etmək məqsədi ilə Azərbaycan Prezidenti İlham Əliyev ilə hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilməsi ilə bağlı Sərəncam imzaladı. Bu günü hər bir Azərbaycanlı sevərək qeyd edir.

Azərbaycan bayrağının üzərində məna daşıyan hər rəng və simvol bizim milli varlığımızı, dəyərlərimizi yaşadır. Üç üfüqi zolaqdan ibarət olan Azərbaycan Respublikasının dövlət bayrağının göy, qırmızı, yaşıl rəngdə olması təsadüfi deyildi. Mavi Azərbaycan xalqının türk mənşəli olmasını bildirir. Belə ki, mavi rəng türkçülük ideyası ilə bağlıdır. Türklərin göy rəngə üstünlük verməsi ilə bağlı müxtəlif izahlar da mövcuddur. Orta əsrlərdə islam dinində olan türkdilli xalqların yaşadığı ərazilərdə saysız-hesabsız qədim abidələr də tikilib və bu abidələrin əksəriyyəti göy rəngdə olub. Bu baxımdan göy rəng, həm də simvolik məna daşıyır. Qırmızı rəng - müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək, bir sözlə müasirləşməni, inkişafa istəyi ifadə edir. Yaşıl rəng - İslam sivilizasiyasına, islam dininə mənsubluğu ifadə edir. Azərbaycan bayrağının üç rəngi: türk milli mədəniyyətinin, müsəlman sivilizasiyasının və müasir Avropa demokratik əsaslarının simvoludur.

Qırmızı rəngin üzərində ortada aypara və səkkizguşəli ulduzun təsviri verilib. Tarixçilərin bildirdiklərinə görə, Xalq Cümhuriyyəti tərəfindən üçrəngli bayraq dövlət bayrağı kimi qəbul olunanda orada rənglərin nəyi ehtiva etdiyi göstərilsə də, aypara və səkkizguşəli ulduzun mənaları açıqlanmayıb. Bayrağın üzərindəki aypara və səkkizguşəli ulduzun mənaları barədə müxtəlif fikirlər var.

Dövlət bayrağı respublikamızın dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin binaları üzərində ucalır, mühüm beynəlxalq tədbirlər, mötəbər mərasimlər və məclislərlə yanaşı, irimiqyaslı ictimai-siyasi toplantılarda, mədəni tədbirlərdə və idman yarışlarında qaldırılaraq milli birliyi təcəssüm etdirir. Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dövlət bayrağı meydanının yaradılması haqqında" 2007-ci il 17 noyabr tarixli Sərəncamı Dövlət bayrağının dövlət rəmzləri sırasında xüsusi yerini müəyyən edir.

Bu gün dünyanın ən uca bayrağı Bakıda Dövlət Bayrağı Meydanında dalğalanan Azərbaycan bayrağıdır. İnşa olunmuş dayağın hündürlüyü 162, bünövrəsinin diametri 3,2, bünövrənin üst hissəsinin diametri 1,09 metrdir. Qurğunun ümumi kütləsi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, kütləsi isə təqribən 350 kiloqramdır.

Belə bir Dövlət Bayrağı Meydanı açılışı və Dövlət Bayrağının təntənəli qaldırılması Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilmişdir. Prezident İlham Əliyevin həmin mərasimdəki çıxışında bayrağımıza olan sevgini bu şəkildə ifadə etmişdir: "Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli dövlət bayrağımız hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndində, Şuşada dalğalanacaqdır. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq. Eşq olsun, Azərbaycan bayrağına! Yaşasın, Azərbaycan!"

NƏZAKƏT

Digər xəbərlər