12 noyabr Azərbaycanda Konstitusiya Günüdür. Müasir və müstəqil Azərbaycanın 1995-ci il noyabrın 12-də qəbul olunmuş Konstitusiyası Azərbaycanı demokratik prezident respublikası elan etmişdir. Bununla da Azərbaycanda 1920-ci ildən sonra qurulmuş hüquqi-siyasi sistem, rəsmi olaraq öz mövcudluğuna son qoymuşdur.
Məlum olduğu kimi, 1918-1920-ci illərdə 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas Qanununu qəbul edə bilməmişdi. Azərbaycan Respublikasının Konstitusiya quruluşunun tarixi əsasən SSRİ-nin tərkibində olduğu dövrə təsadüf edir.
Azərbaycanın ilk Konstitusiyası 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilmişdir. Azərbaycan SSR Konstitusiyasının 1921-ci il SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər Qurultayında qəbul olunmuşdur. Azərbaycan SSR-in 1978-ci il aprelin 21-də qəbul edilmiş son Konstitusiyası da əvvəlki konstitusiyalar kimi SSRİ Konstitusiyasına uyğunlaşdırılmış şəkildə olub.
9 oktyabr 1993-cü ildə "Azərbaycan Respublikasının Konstitusiyasına (Əsas Qanununa) dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Bu qanun 1995-ci il noyabrın 27-dən qüvvədən düşmüşdür.
Azərbaycanın müstəqilliyini bərpa etdiyi dövrdən etibarən ictimai-siyasi, sosial-iqtisadi və hüquqi həyatda baş verən sürətli dəyişikliklər, eyni zamanda 1991-ci il il Konstitusiya Aktının yekun müddəalarının tələbləri yeni Konstitusiyanın tez bir zamanda qəbul olunmasını zəruri edirdi. Yeni Konstitusiyanın hazırlanması məqsədilə 1991-ci və 1993-cü illərdə komissiyalar təşkil edilsə də, onların əməli fəaliyyəti nəzərə çarpmamışdı. Yalnız 1995-ci il mayın 2-də Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə komissiya yaradılmışdı. Konstitusiya layihəsi ümumxalq müzakirəsinə verilmişdi. 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olunmuşdur. Müstəqil Azərbaycanın ilk Konstitusiyası Azərbaycan Respublikasının dövlət quruculuğunun əsaslarını qoymuşdur.
Azərbaycanın yeni Konstitusiyası 5 bölmədən, 12 fəsildən və 158 maddədən ibarətdir. Ana qanunumuzda Azərbaycanın fəaliyyətinin əsas prinsipləri, demokratik dövlət quruculuğu prosesinin başlıca istiqamətləri, vətəndaşların fundamental hüquq və vəzifələri müəyyən edilmişdir. Konstitusiyanın qəbulundan sonra ölkəmizdə bir çox sahələrdə, xüsusən də hüquqi dövlət quruculuğu və insan haqlarının təmini sahəsində əhəmiyyətli dəyişikliklər baş vermişdir. Hakimiyyət bölgüsü prinsipinin daha ardıcıl həyata keçirilməsi üçün məhkəmə-hüquq islahatları aparılmış, respublikamız insan hüquqları sahəsində bir çox konvensiyalara qoşulmuş, vətəndaşların hüquq və azadlıqlarının qorunması üçün ölkə daxilində yeni mexanizmlər yaradılmışdır.
2002-ci il avqustunda ümumxalq səsverməsi yolu ilə Konstitusiyanın 24 maddəsinə əlavə və dəyişikliklər edilmişdir. Bu əlavələr və dəyişikliklər, Azərbaycanın Avropa Şurasına qəbul edilərkən üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi ilə bağlı idi.
Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi ilə bağlı 2009-cu ildə də ümumxalq referendumu keçirilmişdir.
Konstitusiya hökumət qanunlarının külliyyatı deməkdir, hansı ki, hökumətin fəaliyyətini nizama salır, insanların cəmiyyətdə və bir-birinə əxlaqi davranışlarını qaydaya salır. Cəmiyyətin demokratik institutlarını qoruyan çox ciddi və tələbkar sənəd olan Konstitusiya dövlətin ərazi bütövlüyünü, müstəqilliyini, xarici və daxili siyasətin özünün qurmasını elan edən əsas Qanundur.
NƏZAKƏT