PDF Oxu

Siyasət

  • 16

İlham Əliyev: “Biz Azərbaycanda elə bir mühit yaratmışıq ki, idmançı olmaq hazırda çox şərəfli bir peşə və şərəfli bir işdir” Noyabrın 7-də Buta sarayında Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) 20 illik yubileyi münasibətilə təntənəli mərasim keçirilib

İlham Əliyev: “Biz Azərbaycanda elə bir mühit yaratmışıq ki, idmançı olmaq hazırda çox şərəfli bir peşə və şərəfli bir işdir” Noyabrın 7-də Buta sarayında Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) 20 illik yubileyi münasibətilə təntənəli mərasim keçirilib

Azərbaycan dövlətinin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

Mərasimin iştirakçıları dövlətimizin başçısı İlham Əliyevi və xanımı Mehriban Əliyevanı hərarətlə qarşıladılar.

Mərasimdə çıxış edən Prezident İlham Əliyev Azərbaycanda idmanın inkişafının ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu dedi və bildirdi ki, Milli Olimpiya Komitəsinin tarixi müstəqilliyimizin tarixi ilə üst-üstə düşür. 1990-cı illərin ortalarından başlayaraq bu günə qədər Olimpiya hərəkatı sahəsində böyük işlər görülüb, idmanın müxtəlif növlərinin inkişafı üçün uğurlu addımlar atılıb. Bu illər ərzində idman uğurlarımız artıb, eyni zamanda, beynəlxalq əlaqələrimiz genişlənib. Milli Olimpiya Komitəsinin yubiley mərasimində iştirak etmək üçün müxtəlif ölkələrdən Azərbaycana çoxsaylı qonaqların gəlişi də əlaqələrimizin nə qədər geniş olduğunu nümayiş etdirir.

Dövlətimizin başçısı bu gün ölkəmizdə beynəlxalq Olimpiya federasiyalarının dəstəyi ilə müxtəlif idman növləri üzrə çempionatların keçirildiyini söylədi. Prezident İlham Əliyev vurğuladı ki, qonaqpərvərliyimiz və yüksək səviyyədə təşkilatçılığımız bu idman yarışları üçün nadir şərait yaradır. Dövlətimizin başçısı onu da bildirdi ki, Azərbaycanda idmanın inkişafına geniş prizmadan yanaşılır, kompleks tədbirlər görülür və ilk növbədə, bu istiqamətdə çox uğurlu dövlət siyasəti aparılır. Bütün idman qurumları vahid şəkildə fəaliyyət göstərir: "Dövlət siyasəti idmanın təbliği, idmanla məşğul olmaq üçün şəraitin yaradılması, maarifləndirmə, gənc nəslin yetişdirilməsi kimi mühüm sahələri əhatə edir. Onların arasında yeni idman infrastrukturunun yaradılması xüsusi yer tutur. Mən çox şadam ki, vaxtilə Milli Olimpiya Komitəsinin təşəbbüsü kimi yaranmış bu proqram artıq ölkə üzrə geniş vüsət almışdır. Birinci olimpiya idman kompleksi Milli Olimpiya Komitəsi tərəfindən 2000-ci ildə Bakıda ucaldılmışdır. Ondan sonra Azərbaycanda 35 regional olimpiya kompleksi tikilib istifadəyə verilib, 8 kompleksin tikintisi davam edir. Beləliklə, yaxın gələcəkdə elə bir şəhər qalmayacaqdır ki, orada müasir, ən yüksək standartlara cavab verən Olimpiya İdman Mərkəzi olmasın. Bu mərkəzlərdə həm peşəkar idmançılar məşq edirlər, eyni zamanda, bölgə gəncləri, uşaqlar, yeniyetmələr idman bölmələrinə gələrək öz peşəkarlığını artırırlar. Mən çox şadam ki, gözəl gənc nəsil yetişir. Gənclərimiz bizi sevindirir. Yeniyetmələr arasında birinci Ümumdünya Olimpiya Oyunlarında Azərbaycan gəncləri çox yüksək nəticə göstərmişlər və dünya miqyasında 11-ci yerə layiq olmuşlar. Bu, doğrudan da böyük və tarixi nailiyyətdir. Çünki bu, onu göstərir ki, idman sahəsində ardıcıllıq vardır. Gənc nəsil yetişir, tanınmış idmançıların uğurlu çıxışları, onların nümunələri gənclər üçün, uşaqlar üçün bir örnəkdir və onlar da çempionlara oxşamaq istəyirlər. Bu da çox önəmli amildir. Biz Azərbaycanda elə bir mühit yaratmışıq ki, idmançı olmaq hazırda çox şərəfli bir peşə və şərəfli bir işdir. Olimpiya, dünya, Avropa çempionlarımız, sözün əsl mənasında, bizim qəhrəmanlarımızdır və cəmiyyətdə onlara olan sevgi, məhəbbət və hörmət çox yüksək səviyyədədir. Bu, dövlət siyasəti olaraq, eyni zamanda, cəmiyyətdə idmana, idmançılara olan müsbət münasibətin təzahürüdür. Bu gün idmançılarımız cəmiyyətimizin çox dəyərli üzvləridir. Mən çox şadam ki, bizim görkəmli idmançılarımız - Olimpiya, dünya, Avropa çempionlarımız həyatda nümunədirlər. Bu, belə də olmalıdır. Çünki onların hərəkətləri, fəaliyyəti, Vətənə olan bağlılığı, eyni zamanda, gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsinə xidmət göstərir.

Regional Olimpiya komplekslərinin fəaliyyəti çox uğurludur, genişdir və bu, kadr potensialının əsas mənbəyidir. Bölgələrimizdə çox istedadlı gənclər, uşaqlar vardır. İndi onlara idmanla məşğul olmaq üçün şərait yaradılıbdır. Onlar bu şəraitdən səmərəli şəkildə istifadə edirlər və etməlidirlər. Bizim idmanla, Olimpiya hərəkatı ilə bağlı siyasətimiz çox məqsədyönlüdür. Azərbaycan Olimpiya hərəkatının fəal üzvüdür, Olimpiya hərəkatının ideallarını bölüşür. Olimpiya Oyunları dünyanın ən böyük beynəlxalq tədbiridir. Ölkələrin orada iştirakının sayına görə, eyni zamanda, Olimpiya Oyunları zamanı hökm sürən dostluq, qardaşlıq, qarşılıqlı anlaşma mühiti nadir xarakter daşıyır. Dünyada ikinci belə beynəlxalq tədbir, beynəlxalq yığıncaq yoxdur ki, bu dərəcədə xeyirxahlıq, mərhəmət, sülh, dostluq ideyalarını özündə ehtiva etsin. Olimpiya Oyunları dünya miqyasında nadir və təkrarolunmaz bir formatdır. Mən çox şadam ki, Azərbaycan Olimpiya Oyunlarında uğurla iştirak edir və idman şöhrətini daim yüksəklərdə saxlayır.

Bizim müstəqil dövlət kimi Yay Olimpiya Oyunlarında iştirakımız 1996-cı ildən başlanmışdır və əgər dinamikaya nəzər salsaq görərik ki, hər dəfə uğurlarımızı artırmışıq. Bizim komandamız 1996-cı ildə bir, 2000-ci ildə üç, 2004-cü ildə beş, 2008-ci ildə yeddi, 2012-ci ildə isə, 10 medal - onlardan 2-si qızıl, 2-si gümüş və 6-sı bürüncdür,- qazanmışdır. Ölkələrin cədvəlində Azərbaycan London Yay Olimpiya Oyunlarında 30-cu yerə layiq görülmüşdür, medalların sayına görə 24-cü, Avropa ölkələri arasında 15-ci, müsəlman ölkələri arasında isə 3-cü yeri tutmuşdur. Bu, doğrudan da böyük və tarixi nailiyyətdir. Bu, Azərbaycanda idman və Olimpiya hərəkatı sahəsində görülmüş işlərin bariz nümunəsi, ölkəmizin uğurlu inkişafının göstəricisidir. Mən Milli Olimpiya Komitəsinin prezidenti və ölkə Prezidenti kimi çox istəyirəm ki, Azərbaycanda idmanla məşğulolma prosesi kütləvi xarakter alsın. Artıq kütləvilik artır, ancaq istənilən səviyyədə deyildir. Hər bir vətəndaş, hər bir gənc mütləq idmanla məşğul olmalıdır. Çünki ilk növbədə, idman sağlamlıq, sağlam həyat tərzi deməkdir. İdmançıların mütləq əksəriyyəti yüksək insani keyfiyyətlərə malikdir. Eyni zamanda, idman mədəniyyətdir və idmanla məşğul olan insan özünü rahat, çox əmin hiss edir. Biz çalışmalıyıq ki, sağlam gənclər yetişsin. Sağlamlıq məsələlərinin həllində idmanın çox böyük rolu vardır."

Prezident İlham Əliyev bütün idman ictimaiyyəti və Azərbaycan xalqını Milli Olimpiya Komitəsinin 20 illik yubileyi münasibətilə təbrik etdi, idmançılara yeni uğurlar arzuladı. Sonra Avropa Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü, Sloveniya Olimpiya Komitəsinin prezidenti Janez Koçijançiç çıxış edərək Avropa Olimpiya Komitəsinin prezidentinin və İcraiyyə Komitəsinin üzvlərinin təbriklərini çatdırdı. "Təbrik edirəm, siz idman sahəsində böyük uğurlar, fantastik nailiyyətlər əldə edirsiniz", - deyən qonaq London Olimpiya Oyunlarında Azərbaycanın qazandığı uğurların bunu bir daha təsdiqlədiyini söylədi. Azərbaycanı gələcəyə nəzər salan idman ölkəsi adlandıran Janez Koçijançiç Milli Olimpiya Komitəsinin 20 illik yubileyi münasibətilə Avropa Olimpiya Komitəsinin xatirə hədiyyəsini Prezident İlham Əliyevə təqdim etdi.

Beynəlxalq Güləş Federasiyasının prezidenti Rafael Martinetti rəhbərlik etdiyi qurumun Azərbaycanın Milli Olimpiya Komitəsi ilə sıx əməkdaşlığından danışdı və Azərbaycanda idmanın, xüsusilə də güləşin inkişafına verilən dəstəyə görə dünyanın bütün güləşçiləri adından minnətdarlığın bildirdi. Sonra Azərbaycanın tanınmış incəsənət ustaları geniş konsert proqramı ilə çıxış etdilər.

Digər xəbərlər