PDF Oxu

Siyasət

  • 15

Ölkəmizi tərəqqiyə aparan Konstitusiya

Heydər Əliyev: "Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır və bu prinsiplər Konstitusiyamızın əsasını təşkil etməlidir"

Ölkəmizi tərəqqiyə aparan Konstitusiya

Konstitusiya - dövlətin ali qanunudur, ali hüquqi qüvvəyə malikdir. Dövlətin əsaslarını, əsas insan və vətəndaş hüquqlarını, vəzifələrini, qanunvericilik, icra və məhkəmə hakimiyyətini, dövlət quruluşunu, mülkiyyət formalarını və dövlət həyatının digər bu kimi məsələlərini müəyyənləşdirən Konstitusiyanın qəbul edilməsi hər bir dövlətin həyatında mühüm ictimai-siyasi hadisədir.

Müstəqil Azərbaycanın ilk Konstitusiyası

Düz 17 il bundan öncə, 1995-ci il noyabrın 12-də dövlətimizin ana yasası - Azərbaycan Respublikasının Konstitusiyası qəbul olunub. Və artıq həmin tarixdən etibarən hər il ölkəmizdə noyabrın 12-si Konstitusiya Günü kimi qeyd edilir.

28 may 1918-ci ildə qəbul edilən və Azərbaycan Xalq Cümhuriyyətinin yarandığını elan edən 6 bənddən ibarət İstiqlal bəyannaməsi Azərbaycanın tarixində ilk konstitusiya aktı olub. Ancaq 28 aprel 1920-ci ildə XI qırmızı ordunun Bakını işğal etməsi nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti süqut edib. Məhz bu səbəbdən Azərbaycanın Konstitusiya quruluşunun tarixi SSRİ dövrünə təsadüf edir və ilk konstitusiyamız 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul olunub. Azərbaycan SSR Konstitusiyasının 1921-ci il SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. Azərbaycan SSR-in 1978-ci il aprelin 21-də qəbul edilmiş son Konstitusiyası da əvvəlki konstitusiyalar kimi SSRİ Konstitusiyasına uyğunlaşdırılıb.

1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanın ilk, ümumilikdə isə, respublikanın dördüncü Konstitusiyasıdır. İyirminci yüzilliyin sonlarında müstəqillik əldə edən Azərbaycanda yeni Konstitusiyanın hazırlanması zərurəti ortaya çıxıb. Bunun üçün Prezident Heydər Əliyevin rəhbərliyi ilə xüsusi komissiya yaradılıb, Konstitusiya layihəsi ümumxalq müzakirəsinə çıxarılıb. 1995-ci il noyabrın 12-də referendumla müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olunub.

Dövlətçilik tariximizdə yeni bir mərhələ

Müstəqil Azərbaycanın dövlət quruculuğunun əsasını təşkil edən ilk Konstitusiya 5 bölmə, 12 fəsil, 158 maddədən ibarətdir. 2002-ci ilin avqustunda və 2009-cu ilin martında referendum yolu ilə Konstitusiyaya əlavə və dəyişikliklər edilib. Azərbaycanda ilk konstitusiya məhkəmə nəzarəti orqanı olan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi isə 1998-ci il iyul ayının 14-də yaranıb.

Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə işlənib hazırlanmış ilk milli Konstitusiyanın dövlətçilik tariximizdə yeni bir mərhələ açıb, dövlət quruculuğunda, iqtisadiyyatda və ictimai-siyasi həyatda dinamik inkişafa güclü təkan verib. Bu mühüm tarixi hadisə Ümummilli Liderin gərgin və fədakar əməyinin bəhrəsidir.

Əhəmiyyətli dəyişikliklər

Konstitusiyanın qəbulundan sonra ölkədə bir çox sahələrdə, xüsusən, hüquqi dövlət quruculuğu və insan haqları sahəsində əhəmiyyətli dəyişikliklər baş verib. Hakimiyyətin bölgüsü prinsipinin daha ardıcıl həyata keçirilməsi üçün məhkəmə-hüquq islahatları aparılıb, Azərbaycan Respublikası insan hüquqları sahəsində bir çox konvensiyalara qoşulub, vətəndaşların hüquq və azadlıqlarının qorunması üçün ölkə daxilində yeni mexanizmlər yaradılıb.

Ötən dövr ərzində respublikada beynəlxalq standartlara cavab verən qanunvericilik bazası formalaşıb. Azərbaycanda genişmiqyaslı məhkəmə-hüquq islahatları həyata keçirilib, hüquqi dövlət üçün zəruri olan yeni demokratik təsisatlar (Ombudsman, Konstitusiya Məhkəməsi) yaradılıb, nüfuzlu beynəlxalq təşkilatlara inteqrasiya istiqamətində mühüm addımlar atılıb. ?

Hakimiyyətlə xalqın arasında

Qürurla deyə bilərik ki, Ulu Öndərimizin banisi, memarı və müəllifi olduğu Azərbaycan Respublikasının ilk demokratik Konstitusiyası yaşayır və ölkəmizi tərəqqiyə aparır. Dövlətimizin başçısı İlham Əliyev öz gündəlik fəaliyyətində daim bu Konstitusiyaya istinad edərək dövlətçiliyimizi, iqtisadiyyatımızı və cəmiyyətimizi daha yüksək inkişafa aparır. Bunu hazırda ölkəmizdə həyata keçirilən genişmiqyaslı dövlət proqramlarının reallaşması, iqtisadi, sosial və mədəni siyasətin nəticələri təsdiq edir.

Ulu Öndərin söylədiyi kimi, "Konstitusiya birinci növbədə dövlətlə, hakimiyyətlə xalqın arasında olan münasibətləri özündə əks etdirməlidir. Hakimiyyət bölgüsü, qanunvericilik, ali icra, məhkəmə hakimiyyətləri - bunların hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır. Dövlət xalqın işi olmalıdır. Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır və bu prinsiplər Konstitusiyamızın əsasını təşkil etməlidir".

Cabir

Digər xəbərlər