PDF Oxu

Siyasət

  • 16

Milli Məclisin növbəti plenar iclası keçirilib

İclasda 2013-ci il dövlət büdcəsi zərfinə daxil olan məsələlər müzakirəyə çıxarılıb

Milli Məclisin növbəti plenar iclası keçirilib

Dünən Milli Məclisin növbəti iclası keçirilib. Milli Məclisin sədri Oqtay Əsədov iclası açaraq ölkəmizdə həyata keçirilən iqtisadi siyasətin uğurlarından danışmış, gələn ilin əsas maliyyə sənədinin parlamentə qanunda nəzərdə tutulduğu vaxtda təqdim olunduğunu bildirmişdir. Müzakirələrdə Baş nazir Artur Rasizadə iştirak etmişdir.

İclasda Azərbaycanın 2013-ci il dövlət büdcəsi zərfinə daxil olan məsələlər müzakirəyə çıxarılıb. İclası açan Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, 2013-cü il üzrə dövlət büdcəsinin və Dövlət Sosial-Müdafiə Fondunun büdcəsinin layihələri, 2013-cü il üçün yaşayış minimumu və ehtiyac meyarının həddi haqqında qanun layihələri, habelə, 2013-cü və növbəti üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyasının proqnoz göstəriciləri, dövlət investisiya proqramının əsas istiqamətləri, növbəti ildə büdcə-vergi siyasətinin əsas istiqamətləri ölkəmizdə həyata keçirilən sosial-iqtisadi strategiyaya əsasən tərtib edilib. Bu sənədlərdə ölkəmizin sosial-iqtisadi inkişafının göstəriciləri və yaxın gələcəyi əhatə edən proqnozlar ətraflı əks olunub. Gələn ilin dövlət büdcəsinin layihəsi haqqında Hesablama Palatasının rəyi deputatlara təqdim olunub, büdcə zərfinə daxil olan məsələlər Milli Məclisin bütün komitələri tərəfindən müzakirə edilib və parlamentin plenar iclasına çıxarılması tövsiyə edilib.

Ziyad Səmədzadə: "Büdcə gəlirlərinin formalaşması ilə bağlı Azərbaycan iqtisadiyyatında heç bir problem yaranmır"

Daha sonra Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri Ziyad Səmədzadə çıxış edərək bildirib ki, ölkənin iqtisadi siyasətini əhatə edən ən mühüm sənədlərdən biri dövlət büdcəsidir: "Respublikamızda hər il uğurla tətbiq olunan dövlət büdcəsi, sözün əsil mənasında, ölkəmizin milli maraqlarına və iqtisadi təhlükəsizliyinə cavab verir. Gələn ilin dövlət büdcəsi haqqında qanun layihəsi "Büdcə sistemi haqqında" Qanunun tələblərinə uyğundur. Büdcə zərfinə daxil olan sənədlərdə xüsusi olaraq vurğulanır ki, Azərbaycan iqtisadiyyatı cari ildə də dinamik inkişaf tempini saxlayıb və davamlılığı təmin etmək üçün dövlətimizin başçısı tərəfindən həyata keçirilən tədbirlər öz səmərəsini verir. Qlobal maliyyə böhranının təsirinə baxmayaraq, Azərbaycan öz iqtisadiyyatının inkişafını davam edirir və regionda lider dövlət olduğnu sübut edir. Azərbaycan dövlətinin büdcəsi iqtisadiyyatdakı pozitiv meyilləri nəzərə alır, eyni zamanda, büdcənin tərtibi zamanı dünya maliyyə bazarında baş verən neqativ meyillər də diqqətlə təhlil edilir. Büdcə gəlirlərinin formalaşması ilə bağlı Azərbaycan iqtisadiyyatında heç bir problem yaranmır".

Samir Şərifov: "2013-cü il dövlət büdcəsinin gəlirləri ÜDM-in 34,2 faizini təşkil etməklə 19 milyard 154 milyon manat proqnozlaşdırılır"

Maliyyə naziri Samir Şərifov respublikamızın 2013-cü il dövlət büdcəsinin layihəsi barədə ətraflı məlumat verib. Nazirin sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizin inkişafı üçün müəyyən etdiyi strateji xəttə və pioritet vəzifələrə uyğun olaraq 2013-cü ilin dövlət büdcəsinin xərcləri ölkənin iqtisadi qüdrətnin daha da artırılmasına, iqtsadiyyatın stimullaşdırılmasına maliyyə təminatı yaradacaq. 2013-cü ildə ölkə üzrə real iqtisadi artım 5,3 faiz, qeyri-neft sektoru üzrə ümumi daxili məhsulun 11,7 faiz real artımı proqnozlaşdırılır ki, bu da növbəti ildə qeyri-neft sektorunun inkişafının yüksələn xətlə davam edəcəyi deməkdir. Dövlət büdcəsinin gəlirlərinin əhəmiyyətli hissəsini təşkil edən neft gəlirlərinin hesablanmasında bir barrel neftin satış qiyməti isə 100 dollar səviyyəsində qəbul edilib. S.Şərifov bildirib ki, 2013-cü il dövlət büdcəsinin gəlirləri ÜDM-in 34,2 faizini təşkil etməklə 19 milyard 154 milyon manat proqnozlaşdırılır ki, bu da 2012-ci illə müqayisədə 2 milyard 116 milyon manat və ya 12,4 faiz çoxdur. Bu göstərici 2011-ci ilin faktiki icrasına nisbətən 3 milyard 453,3 milyon manat və ya 22 faiz çoxdur. 2013-cü il dövlət büdcəsinin gəlirlərinin 11,4 milyard manatını Dövlət Neft Fondundan transfertlər, 6,4 milyard manatını Vergilər Nazirliyi, 1,4 milyard manatını Gömrük Komitəsinin xətti ilə, 0,1 faizini isə digər daxilolmalar təşkil edəcək. Sosial yönümlü xərclərin büdcədəki xüsusi çəkisi 25,4 faiz təşkil edir. Ünvanlı dövlət sosial yardımın təyin olunması üçün istifadə olunan ehtiyac meyarının həddinin və ya əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun artımı da 2013-cü ildə dövlət büdcəsində öz əksini tapıb. 2013-cü ildə elm, təhsil, səhiyyə, sosial-müdafiə və sosial təminat, mədəniyyət, bədən tərbiyəsi xərclərinin də artırılacaq. Bu sahələrin xərcləri üçün 4 milyard 427,4 milyon manat vəsait nəzərdə tutulur. Bu, 2012-ci illə müqayisədə 2,1 faiz, 2011-ci ilin faktiki icrası ilə müqayisədə isə 24,5 faiz çoxdur. Bu sahələr üzrə nəzərdə tutulmuş xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisinin 22,3 faiz təşkil edəcəyi gözlənilir. İpoteka kreditləri üçün ayrılan vəsait də 40 milyon manata çatdırılıb.

Şahin Mustafayev: "2013-cü ildə iqtisadi artım 5,3 faiz, sonrakı üç ildə isə orta illik iqtisadi artım 5,3 faiz həcmində proqnozlaşdırılır"

İqtisadi inkişaf naziri Şahin Mustafayev ölkəmizin 2013-cü il və növbəti üç il üçün İnkişaf Konsepsiyası və proqnoz göstəriciləri barədə məlumat verib. Onun sözlərinə görə, Ulu Öndər Heydər Əliyevin inkişaf strategiyasının və Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sosial-iqtisadi inkişaf konsepsiyasının əsas məqsədləri kimi ölkədə makroiqtisadi sabitliyin qorunub saxlanılması, iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunda regionların dinamik inkişafı, ətraf mühitin qorunması və nəticədə, dayanıqlı iqtisadi inkişafın təmin olunması, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılması müəyyənləşdirilib: "Dünya iqtisadiyyatında qeyd olunan problemlərə baxmayaraq, Azərbaycanın dayanıqlı iqtisadi inkişafı davam edib, əldə olunmuş nailiyyətlər nüfuzlu beynəlxalq iqtisadi qurumlar tərəfindən yüksək qiymətləndirilib. "Qlobal rəqabət qabiliyyət indeksi"nə görə, Azərbaycan artıq üç ildir ki, MDB ölkələri arasında birinciliyi qoruyub saxlayıb, cari ildə dünya ölkələri arasında isə 55-ci yerdən 46-cı yerə yüksəlib. Ş.Mustafayev bildirib ki, proqnozlara əsasən, 2013-2016-cı illər ərzində əhalinin gəlirlərinin orta hesabla illik 6,6 faiz artımı, eyni zamanda, əsas kapitala qoyulan böyük həcmli investisiyalar və ixrac ÜDM-in tələb komponentlərinin iqtisadi artıma müsbət töhfəsini təmin edəcək. Onun sözlərinə görə, 2013-cü ildə iqtisadi artım 5,3 faiz, sonrakı üç ildə isə orta illik iqtisadi artım 5,3 faiz həcmində proqnozlaşdırılır ki, bunu da əsasən daha dinamik qeyri-neft sektoru təmin edəcək. Belə ki, qeyri-neft sektorunun 2013-cü ildə 11,7 faiz, növbəti üç ildə isə orta hesabla 7 faiz artacağı gözlənilir. Nəticədə, ortamüddətli dövrdə qeyri-neft sektorunun ÜDM-də payı 47,6 faizdən 70,6 faizə qədər artacaq, neft sektorunun payı isə 52,4 faizdən 29,4 faizə qədər azalacaq".

İclasda Hesablama Palatasının sədri Heydər Əsədov çıxış edərək rəhbərlik etdiyi qurumun rəyini millət vəkilərinin diqqətinə çatdırıb.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər