Prezident İlham Əliyev: "Əgər o vaxt Yeni Azərbaycan Partiyası yaranmasaydı və Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevi hakimiyyətə dəvət etməsəydi, ölkəmizin inkişafı tam başqa istiqamətdə gedə bilərdi"
İyirmi il öncə Azərbaycanın siyasət tarixində baş verən çox önəmli hadisə bu gün xalqımız, millətimiz tərəfindən böyük qürur və fərəh hissi ilə xatırlanmaqdadır. Ötən əsrin son onilliyi dövründə, 1992-ci ilin 21 noyabr tarixində - ölkəmizdə cərəyan edən siyasi burulğanlar, təlatümlər zamanı zərurətdən, xalqın tələbindən doğaraq yaranmış Yeni Azərbaycan Partiyası artıq, 20-ci ildönümünü böyük təntənə ilə qeyd etməkdədir.
Təsadüfi deyil ki, noyabrın 16-da Buta sarayında Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev partiyanın 20 illik yubileyi münasibəti ilə etdiyi təbrik çıxışında da vurğulamışdır ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi və Sədrliyi ilə Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi doğrudan da tarixi hadisə idi: "Deyə bilərəm ki, gənc dövlətimiz üçün dönüş nöqtəsi idi. Çünki müstəqilliyimizin ilk ayları, ilk illəri hamımızın yaxşı xatirindədir. Çox ağır, faciəvi illər idi. O vaxtkı iqtidarın müstəqilliyi saxlamaq üçün gücü çatmırdı. Eyni zamanda, biz müharibə şəraitində yaşayırdıq və cəbhədə hərbi uğursuzluqlar, əlbəttə ki, cəmiyyətimizi böyük dərəcədə sarsıtmışdı".
Söz yox ki, həmin ərəfələrdə Qarabağda da ciddi təlatümlər yaşanmaqda idi və o zamankı hakimiyyətin səriştəsizliyi nəticəsində 1992-ci ilin mayında Şuşa və Laçın işğala məruz qaldı. Prezident İlham Əliyevin məhz bu məsələ üzərində dayanaraq, həmin illərdəki hadisələri təhlil etməsindən də bəlli olur ki, yaşanan faciələrdə AXC-Müsavat iqtidarının xəyanətləri danılmazdır. Həmin ərəfələrdə cəmiyyətin Ulu Öndər Heydər Əliyev ətrafında birləşməsi isə Azərbaycanı mövcud vəziyyətdən xilas etdi: "...1992-ci ilin ortalarında hakimiyyətə gəlmiş yeni iqtidar ölkəmizi daha da bərbad vəziyyətə qoymuşdu. O vaxtkı iqtidarın bacarıqsızlığı, peşəkarsızlığı, xəyanəti nəticəsində demək olar ki, müstəqilliyimiz əldən gedirdi. Ölkədə gedən xoşagəlməz proseslər, böhran, iqtisadi tənəzzül, siyasi sabitsizlik demək olar ki, müstəqilliyimizə böyük zərbələr vurmuşdu. Belə bir şəraitdə cəmiyyətimizin parlaq simaları, ziyalılar, cəmiyyətimizdə böyük hörmətə malik olan insanlar Ulu Öndər Heydər Əliyevin ətrafında birləşərək, Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərara gəlmişlər". Qısa müddət ərzində Yeni Azərbaycan Partiyasının ümumxalq partiyasına çevrildiyini qeyd edən ölkə başçısı təşkilat sıralarında cəmiyyətimizin bütün təbəqələrinin yer aldığını vurğulamışdır: "Yarandıqdan bu günə qədər partiyamız çox böyük, şərəfli və uğurlu yol keçmişdir. Bu gün sıralarımızda 600 minə yaxın üzv vardır. Partiyamızın xarici əlaqələri çox genişdir və bu əlaqələr gündən-günə genişlənir".
Bu isə, həm də o deməkdir ki, hakim partiya olaraq, YAP ölkə daxilində mövqelərini daha da çox möhkəmləndirir. Partiya demək olar ki, cəmiyyətimizin bütün təbəqələrini, bütün yaş qruplarını birləşdirir. Çünki YAP bütövlükdə ümumxalq partiyasıdır: "Yeni Azərbaycan Partiyası, sözün əsil mənasında, ümumxalq partiyasıdır. Əminəm ki, növbəti illərdə də partiyamız liderlik qabiliyyətini özündə saxlayacaqdır. Bu gün partiyamız Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir".
"Partiyamızın iqtidara gəlməsi zəruri və labüd idi"
1990-cı illərin əvvəllərində siyasi vəziyyətin çox ağır bir dövründə müxalifət partiyası olaraq yaradılmış Yeni Azərbaycan Partiyasının iqtidara gəlməsi zərurəti isə özünü gündən-günə daha da labüdləşdirirdi. Bu baxımdan, hazırkı müxalifət partiyalarından fərqli olaraq, YAP iqtidara gəlmək ambisiyalarını sivil və demokratik qaydalarda reallaşdırmağa başladı. Prezident İlham Əliyev həmin zamanları bu cür qiymətləndirirb: "Partiyamızın iqtidara gəlməsi zəruri və labüd idi. Ancaq biz onu da yaxşı xatırlayırıq ki, Yeni Azərbaycan Partiyası müxalifət partiyası kimi yaradılmışdı. Ancaq özünü müxalifət adlandıran indiki qüvvələrdən fərqli olaraq heç vaxt öz dövlətinə, xalqına müxalifətdə olmamışdır. Bizim partiyamız və onun üzvləri bütün dövrlərdə dövlətçiliyə sadiq olmuşdur".
Partiyanın yarandıqdan sonra atılan ilk addımlarının da Azərbaycanda siyasi sabitliyin bərpasına yönəltməsini şərh edən dövlət başçısı qeyd edib ki, 1993-cü ilin yayında - Azərbaycanda vətəndaş müharibəsi başlanan dövrdə cəmiyyətimizin bütün ümidləri yenə də Heydər Əliyevin dühası ilə bağlı idi: "O vaxt xalqın tələbi ilə hakimiyyətə gələn Ulu Öndər qısa müddət ərzində vəziyyəti sabitləşdirdi və bu, imkan verdi ki, ölkəmiz inkişaf yoluna qədəm qoysun. O ildən bu günə qədər Azərbaycan yalnız və yalnız inkişaf yolu ilə gedir.Ölkəmizdə çox ciddi islahatlar aparıldı. Bütün xoşagəlməz halların qarşısı alındı, sabitlik bərpa edildi, vətəndaş müharibəsinə son qoyuldu. Azərbaycan dünya birliyinə inteqrasiya etməyə başladı. Bizim xarici siyasətimiz nəhayət ki, məqsədyönlü siyasətə çevrildi və bu gün bu siyasət davam etdirilir. O illərdə vacib olan islahatlar bu gün də ölkəmizin inkişafına xidmət göstərir. Həm demokratik, siyasi islahatların dərinləşməsi, eyni zamanda, iqtisadi sahədə islahatlar demək olar ki, bugünkü Azərbaycan reallıqlarını şərtləndirir".
"Yeni Azərbaycan Partiyası və onun nümayəndələri bütün prezident, parlament və bələdiyyə seçkilərində böyük üstünlüklə qələbə qazanmışlar"
Bu baxımdan,Yeni Azərbaycan Partiyasının yaradılmasını həm də Azərbaycanda yeni siyasi sistemin yaradılması kimi dəyərləndirən Prezident İlham Əliyev bu amili belə əlaqələndirib ki, YAP yaranana qədər Azərbaycanın mühitində siyasi sistem mövcud deyildi: "Yeni Azərbaycan Partiyasının siyasi mədəniyyəti, siyasi mübarizə qaydalarının təbliği, ümumiyyətlə, siyasətin sivil yollarla aparılması ideyaları da cəmiyyətdə böyük əks-səda yaratdı və cəmiyyət tərəfindən dərhal dəstəkləndi. Biz bu ideyalara bu gün də sadiqik. Bütün siyasi mübarizələri sivil qaydalarla aparırıq və bütün siyasi məsələlərdə daim qələbə qazanırıq. Yeni Azərbaycan Partiyası və onun nümayəndələri bütün prezident, parlament və bələdiyyə seçkilərində böyük üstünlüklə qələbə qazanmışlar. Bu, partiyamızın ümummilli partiya olduğunu bir daha sübut edir".
Bu kimi uğurlarda YAP üzvlərinin, xüsuslə də, gənclərin böyük zəhmət və rollarının olduğunu deyən ölkə başçısı qeyd edib ki, hər bir istiqamət üzrə möhkəm əsaslar qoyulmuş və bu gün həmin əsaslar üzərində inkişaf gedir: "Əlbəttə, Yeni Azərbaycan Partiyasının və onun üzvlərinin bu işlərdə çox böyük zəhməti, rolu olmuşdur. Mən çox şadam ki, partiyamız bu gün də inkişafdadır. Əlbəttə, mən çox sevinirəm ki, partiyamızın sıraları genişlənir. Eyni zamanda, gənc nəslin partiyamıza axını məni çox sevindirir. Yəni, partiyamızın ideyaları, partiya üzvlərinin hərəkətləri, bizim ciddi siyasi məsələlərin həllində rolumuz, eyni zamanda, beynəlxalq nüfuzumuz, əlbəttə ki, cəmiyyətimizin üzvlərini partiyaya daxil olmaq üçün həvəsləndirir. Biz hesab edirik ki, bu proses bundan sonra da getməlidir. Əlbəttə, partiyamızın çox möhkəm dayaqları, çox güclü əsasları vardır. Ancaq həyat inkişaf edir, həyat yerində durmur və biz, əlbəttə ki, partiya daxilində dünyada gedən prosesləri izləyirik və partiyamızın fəaliyyətinin yeni formalarının axtarışındayıq, onları tətbiq edirik. Bu, bizə imkan verəcək ki, Yeni Azərbaycan Partiyası Azərbaycanın siyasi arenasında daim üstünlük təşkil etsin".
"Ölkəmizin uğurlu inkişafını təmin etmək üçün partiyanın hər bir üzvü öz fəal işi ilə töhfəsini verməlidir"
Bu gün siyasi müstəvidə Yeni Azərbaycan Partiyasına rəqib ola biləcək siyasi qüvvənin olmadığını deyən Prezident İlham Əliyev partiya üzvlərinin bununla arxayınlaşmamalarını da vurğulayıb: "Ancaq bu, o demək deyil ki, biz arxayınlaşmalıyıq və yeni iş metodları haqqında fikirləşməməliyik. Biz daim axtarışda olmalıyıq, daim yenilikləri tətbiq etməliyik. Ölkəmizin uğurlu inkişafını təmin etmək üçün partiyanın hər bir üzvü öz fəal işi ilə töhfəsini verməlidir".
Hazırda yürüdülən xarici siyasət konsepsiyasının Ulu Öndər Heydər Əliyev tərəfindən qurulduğunu xatırladan ölkə başçısı həmin konsepsiyanın bu gün uğurla icra edildiyini bildirib. Belə ki, nəticədə Azərbaycan dünya miqyasında böyük hörmətə malik olan ölkəyə çevrilibdir: "Bunun əyani sübutu keçən il BMT Təhlükəsizlik Şurasına seçilməyimizdir. Böyük rəqabət şəraitində, eyni zamanda, böyük dəstəklə biz bu yerə layiq olmuşuq. Bir il ərzində Azərbaycan dünyada gedən qlobal məsələlərin həllində fəal rol oynayıb. Bu rol dünya birliyi tərəfindən qiymətləndirilir. Təhlükəsizlik Şurasına üzv olarkən bəyan etdiyim yanaşmamız, - yəni, biz ədaləti və beynəlxalq hüququ müdafiə edəcəyik, - həyatda öz əksini tapır".
Ölkədə yürüdülən xarici siyasətin digər istiqamətləri ilə bağlı məsələlərə də toxunan dövlət başçısı qeyd edib ki, həmin çərçivədə də məsələlər öz həllini tapmaqdadır. Belə ki, Bakıda keçirilən bütün beynəlxalq tədbirlər, beynəlxalq forumlar, Humanitar Forum, İnternet İdarəçilik Forumu, digər mədəni tədbirlər ölkəmizi və paytaxtımızı regional mərkəzə çeviriməklə yanaşı, həm də qlobal dünya xəritəsində ciddi mərkəzə çeviribdir: "Çünki hər şey müqayisədə ölçülür. Biz görürük ki, inkişaf etmiş ölkələrin bəziləri hansı ağır vəziyyətdədir. O ölkələrdə gedən prosesləri, kütləvi iğtişaşları gündə televiziya vasitəsilə izləyirik. On minlərlə nümayişçi küçələrə axışır. On minlərlə insan öz etirazını bildirir. Düzdür, onlar çox böyük kobudluq və qəddarlıqla döyülür və əzilir. Bunu da biz televiziya kanalları ilə görürük. Əlbəttə ki, buna dözmək olmaz. Biz inkişaf etmiş ölkələri çağırırıq ki, onlar bu məsələdə daha da təmkinli olsunlar. İnsanlara bu qədər əzab, işgəncə vermək olmaz. İnsanlar küçələrə öz etirazını bildirmək üçün çıxırlar. Ancaq bunun qarşısında onları dəyənəklə vurmaq, qazla zəhərləmək, necə deyərlər, əzmək yolverilməzdir. Bu, demokratik normalara zidd olan hərəkətlərdir. Özünü demokratik və demokratiyanın beşiyi adlandıran ölkələri belə görəndə, doğrudan da biz təəccüb edirik. Azərbaycan bu baxımdan nümunə ola bilər. Hər bir başqa sahədə olduğu kimi, bu sahədə də nümunə ola bilər. Azərbaycanda bütün bu məsələlər sivil, mədəni qaydalarla həllini tapır".
"Heydər Əliyev siyasətinin gücü, eyni zamanda, ondan ibarətdir ki, ondan sonrakı dövrdə - doqquz il ərzində bu siyasət yaşayır"
Seçilən yolun düzgün yol olduğunu vurğulayan dövlət rəhbəri bu yolun məhz 1992-ci ilin noyabrında başlandığını deyib. O, eyni zamanda, Azərbaycan xalqının müdrik qərar verdiyini bildirib və vurğulayıb ki, əgər o zamankı hakimiyyət iqtidarda qalsaydı, ölkəmiz tamamilə öz müstəqilliyini itirərək, məhv olmaq təhlükəsindən qurtara bilməyəcəkdi: "Əgər o vaxt Yeni Azərbaycan Partiyası yaranmasaydı və Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevi hakimiyyətə dəvət etməsəydi, ölkəmizin inkişafı tam başqa istiqamətdə gedə bilərdi. Hansı istiqamətdə gedə bilərdi? Bunu bu gün biz özünü müxalifət adlandıran elementlərin hərəkətlərində görə bilərik. Əgər onlar iqtidarda qalsaydı, bəlkə də Azərbaycan dünya xəritəsindən çoxdan silinmişdi. Çünki onların cəmi bir il ərzində talançı, rüsvayçı, biabırçı hərəkətləri artıq Azərbaycan xalqını o həddə çatdırmışdı ki, bir il də dözə bilməyərək onları süpürüb tarixin arxivinə göndərmişdir.1992-ci ildə, əslində, bugünkü reallıqların əsasları qoyulmuşdur və biz bunu unutmamalıyıq, bunu daim xatırlamalıyıq. Heydər Əliyev siyasətinin gücü, eyni zamanda, ondan ibarətdir ki, ondan sonrakı dövrdə - doqquz il ərzində bu siyasət yaşayır. Azərbaycan xalqının qəlbində onun xatirəsinə olan hörmət və məhəbbət yaşayır. Azərbaycanın hər bir bölgəsində onun tərəfindən başlanmış islahatlar özünü büruzə verir. Əlbəttə, Yeni Azərbaycan Partiyasının üzvləri - biz hamımız Ulu Öndərin siyasi xəttinə sadiq qalaraq onun siyasətini müasir dünyada aparmaq üçün öz səylərimizi qoymuşuq. Bu, təbiidir, bu elə də olmalıdır. Ancaq əsas məsələ ondan ibarətdir ki, biz bu siyasətdən kənara çıxmamışıq. Baxmayaraq ki, bizə qarşı təzyiqlər də, təxribatlar da oldu. Biz o illəri yaxşı xatırlayırıq. 2003-2005-ci illərdə, əslində, qanuni seçilmiş hakimiyyəti devirmək cəhdləri olmuşdur. O cəhdlərin bir ucu xarici anti-Azərbaycan dairələrinə gedib çıxır. Biz o tarixi yaxşı bilirik. Ancaq Azərbaycan cəmiyyəti və Azərbaycan iqtidarı o vaxt böyük müdriklik, təmkin və qətiyyət göstərərək, müstəqil Azərbaycanın uğurlu inkişafını qorudu, müdafiə etdi".
"Əgər kiminsə xəstə beyninə yenə də gücümüzü sınamaq fikri gələrsə, biz hər zaman layiqli cavab verməyə hazırıq"
Prezident İlham Əliyev xüsusilə vurğulayıb ki, Azərbaycan dövləti və hakimiyyəti ona qarşı çıxa biləcək istənilən qüvvənin layiqli cavabını verməyə hazırdır: "Əgər kiminsə xəstə beyninə yenə də gücümüzü sınamaq fikri gələrsə, biz hər zaman layiqli cavab verməyə hazırıq. Biz, yenə də deyirəm, Azərbaycan xalqının iradəsinə əsaslanaraq öz siyasətimizi aparırıq və bu siyasət nəticə etibarilə konkret rəqəmlərlə, konkret işlərlə ölçülür. Bizim işlərimizin böyüklüyü o qədərdir ki, onları gizlətmək mümkün deyildir".
Yeni Azərbaycan Partiyasının növbəti 20 ildə də öz işlərini uğurla aparacağını vurğulayan Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyev tövsiyə edib ki, partiya üzvləri bundan sonra da öz uğurlu işlərini tarixi və ideoloji əsaslar üzərində qurmalıdır: "Yeni Azərbaycan Partiyası növbəti 20 il ərzində, əlbəttə ki, öz işini uğurla aparmalıdır, müasir qaydalarla, müasir üsullarla! Ancaq biz öz işimizi möhkəm tarixi və ideoloji əsaslar üzərində qurmalıyıq".
RÖVŞƏN NURƏDDİNOĞLU